Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1331/2021 31.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi tələbinə» dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi tələbinə» iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 4000 manat, eləcə də mənəvi əziyyət cəkdiyinə görə 5000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Cavabdeh onun qonşusudur və son yaşanan hadisələrə qədər aralarında heç bir mənfi hadisə yaşanmamışdır, normal qonşuluq münasibətləri olmuşdur. xx.xx.2020-ci il tarixdə, axşam saat 22 radələrində qonşuları ilə evin qarşısında çay içdikdən sonra ona məxsus balaca köhnə radiosunu yanına qoyaraq ağacları sulayıb. Bu zaman evinin qabağından keçən qonşusu Pərviz ona yaxınlaşaraq salam vermədən “onun səsini aşağı sal ə“ deyərək radionun səsini azaltmağını demişdir. Radionun səsi aşağı olduğundan elecə də Pərviz kimi uşağın ona kobudcasına söz deməsindən əsəbiləşərək, Pərvizə evinin uzaq olduğunu və səsin heç ora getmədiyini deyərək cıxıb getməsini söyləmişdir. Pərviz isə getmək əvəzinə, əksinə, ona nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman o, əsəbləşərək Pərvizə yaxınlaşmış və onun sol qulağından şillə vuraraq cıxıb getməsini bildirmişdir. Geriyə dönərək uzaqlaşmaq istədikdə Pərviz bilmədiyi alətlə başına endirmiş və o huşunu itirərək yerə yıxılmışdır. Daha sonra Pərviz üzərində oturaraq onu tərpənməyə qoymayaraq başına və sifətinə yumruq zərbələri endirmişdir. Zərbələrin təsirindən taqəti qalmadığından ona müqavimət göstərə bilməmişdir. Bir müddət yerdə huşsuz halda uzandıqdan sonra özunə gəldiyi zaman küçədə uzandığını və yanında heç kimin olmadığını görmüşdür. Ayağa qalxaraq evin həyətinə daxil olduqda həyat yoldaşı X1 onu gördükdə nələr baş verdiyini soruşduqda, o olanları ona danışmışdır. O, tibbi yardım almağa etiraz etsə də həyat yoldaşı üzunün pis vəziyyətdə olduğunu deyərək onu həkimə getməyə məcbur etmişdir. Əvvəlcə Sumqayıt şəhərində yerləşən TTY stansiyasına getsələr də, sifəti pis gündə olduğundan onu TTYS-nin avtomobili ilə TTYX-a aparmışlar. Orada ona tibbi yardım göstərərək sifətinin sağ almacıq nahiyəsinin, sağ gicgah nahiyəsinin xəsarət aldığını və əməliyyata ehtiyac olduğunu demişdirlər. Lakin səhərisi gun vəziyyəti pisləşdiyi üçün həyat yoldaşı onu Sumqayıt şəhərində yerləşən “Qəlb“ klinikasına aparmışdır. Əvvəlcə 12 gun evdə müalicə olunduqdan sonra mütləq şəkildə əməliyyat olunmağı lazım olduğundan xx.xx.2020-ci il tarixdə “Qəlb“ klinikasında sifətinin sağ almacıq nahiyəsindən, sağ gözundən əməliyyat olmuşdur. Bu hadisə onun həyatına mənfi təsir göstərmiş, maddi və mənəvi cəhətdən əziyyət cəkməyinə səbəb olmuşdur. Bildirmək istəyir ki, bu hadisə nəticəsində tək cərrahi əməliyyatına 3000 manat xərc cəkmişdir. Ümumulikdə isə ona 4000 manatdan çox maddi ziyan dəymişdir. Artıq 4 aydır ki, işləyə bilmir və ailəsini dolandıra bilmir. Həmçinin qeyd etmək istəyir ki, müalicəsi üçün çəkdiyi xərcləri dost-tanışdan borc edərək çəkmişdir. Ard-arda baş verən hadisələr onu stresə salmış, mənəvi cəhətdən iztirab çəkməyinə səbəb olmuşdur. Qeyd edir ki, hal-hazırda müalicəsi davam edir və heç bir yerdə işləmədiyi üçün müalicə xərclərini qarşılaya bilmir. İndiyəcən də cavabdeh səbəb olduqlarına görə ona maddi və mənəvi cəhətdən də heç bir dəstək olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlıgında başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 1(060)-427/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ona görə təqsirli bilinmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə, saat 22 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 79-cu məhəllə ərazisində qonşusu İddiaçı öz evinin qarşısında uca səslə musiqiyə qulaq asdığına görə ona etiraz etdiyindən İddiaçı onun ünvanına nalayiq sözlər deyərək bir dəfə sillə ilə onun sifətinə vurması səbəbindən aralarında yaranmış mübahisə zamanı yumruqla İddiaçı başına və sifətinə bir neçə dəfə zərbə endirərək sağ almacıq sümüyünün yerini dəyişmiş travmatik qəlpəli sınığı xəsarəti yetirib zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. İş materiallarında olan “İmplant” X4 tərəfindən verilmiş 022 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixində “Sağ almacıq sümüyünün travmatik yerinidəyişmiş qəlpəli, burun cəpərinin əyriliyi” diaqnozu ilə “İmplant” X2 müraciət etmiş, xəstə xx.xx.2020-ci il tarixində “Qəlb” klinikasında “Almacıq orbital kompleksinin bərpası və osteosintezi, Septoplastika” cərrsahi müdaxiləsi olnumuş, xəstə edilən cərrahi müdaxiləyə görə 3000 manat ödəniş etmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı müalicə üçün dərman pereparatlarının alınması üçün 506.99 manat məbləğində xərc çəkmişdir. Beləliklə də, göründüyü kimi iddiaçı maddi ziyanla bağlı iddianı qismən sübut edə bilmişdir. Belə ki, o, cavabdehdən 4000 manat maddi ziyan tələb etsə də, müalicəyə çəkdiyi 3506.99 manat barədə məhkəməyə sübut təqdim etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin maddi ziyan hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin 5000 manat mənəvi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə gəldikdə isə hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “03” noyabr 2008-ci il tarixli, 7 nömrəli qərarına əsasən plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Yuxarıda qeyd edilənlərə və qanunvericiliyin tələblərinə əsasən məhkəmə cavabdeh Cavabdeh 500 manat məbləğində mənəvi ziyanın İddiaçı xeyrinı tutulmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən alınaraq müvafiq olaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Cavabdeh dəymiş maddi ziyana görə 3506.99 manat, mənəvi zərərə görə 500 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh maddi ziyana görə 3506.99 manat, mənəvi zərərə görə 500 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-1331/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1331/2021
31.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver