Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1380/2024 01.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışa əsasən, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 1/61 ünvanında yerləşən ümumi sahəsi 43,62 m2, 3 otaqdan ibarət olan 39 saylı mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdehlərdən Cavabdeh1 iddiaçının qızı, Cavabdeh2 isə iddiaçının nəvəsidir. Cavabdehlər uzun müddətdir iddiaçı ilə yaşamırlar. Belə ki, cavabdehlərdən qızı Cavabdeh1 Türkiyə Respublikasında türk vətəndaşı ilə ailə həyatı qurub, elə orada da yaşayır. Nəvəsi Cavabdeh2 ailə həyatı qurduqdan sonra Rusiya Federasiyasına köçmüşdür. Cavabdehlər mənzilə dair heç bir hüquq vəzifə yerinə yetirmirlər. Mənzil ilə onların heç bir əlaqələri yoxdur. Göstərilənlərə əsasən cavabdehlər qızı Cavabdeh1, nəvəsi Cavabdeh2 Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 1/61 ünvanında yerləşən, ümumi sahəsi 43,62 m2- dən ibarət olan 39 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilmələri barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı öz izahatında iddia tələbini müdafiə edərək bildirmişdir ki, qızı Cavabdeh1 30 ilə yaxındır Türkiyədə, nəvəsi Cavabdeh2 isə Moskva şəhərində yaşayır. Hazırda borcları var. Bu səbəbdən də, cavabdehləri qeydiyyatdan çıxarıb evi satmaq istəyir. Qızı ilə əlaqəsi var. Məhkəməyə müraciət etməyi ilə bağlı məktubu ona göndərmişdir. Qızı məsələni özü həll edəcəyini bildirdi. Belə ki, borc qızının borcudur və iddiaçı onu müdafiə etmək istəyir. Nəvəsi Mədinənin 20 yaşı vardır və o, əvvəllər sözügedən ünvanda yaşamışdır. Hər iki cavabdeh doğulduğu vaxtdan həmin ünvanda yaşamışlar. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayonda istifadədə olan 0,10 ha torpaq sahəsində yerləşən 1/61 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 2-ci mərtəbəsində yerləşən 58,97 kv.m ümumi, 43,62 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 39 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 66 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır.
8. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, İddiaçı xx.xx.2002-ci ildən etibarən X1, X4, X5, X6, Cavabdeh1, Cavabdeh2, X2, X7 və X12 ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 1/61, 39 saylı mənzildə qeydiyyatdadırlar.
9. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2023-cü il tarixli, 36 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, İddiaçı arvadı X4, qızı X3, oğlu X5, qızları X1, Cavabdeh1, nəvələri X7, X12, X14 və Cavabdeh2 ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 1/61, 39 saylı mənzildə qeydiyyatdadırlar.
10. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, 7 saylı Mənzil Kommunal Sahəsinin sahə ustası Ağayeva R.S., qonşulardan X8, X9 bildirirlər ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 bu günkü tarixə qədər bu ünvanda yaşamırlar. Aktın doğruluğunu imzaları ilə təsdiqləmişlər.
11. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2024-cü il tarixli, 241 nömrəli arayışından görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri, 5-ci mikrororayon, ev 1/61, 39 saylı mənzildə qeydiyyatdadır, lakin bu günkü tarixə qədər yaşamır.
12. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2024-cü il tarixli, 242 nömrəli arayışından görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, 5-ci mikrororayon, ev 1/61, 39 saylı mənzildə qeydiyyatdadır, lakin bu günkü tarixə qədər yaşamır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 1/61, 39 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh1 İddiaçı qızı, Cavabdeh2 isə İddiaçı nəvəsidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sözügedən mənzildə qeydiyyatdadırlar. Hazırda iddiaçı cavabdehlər olan qızının və nəvəsinin sözügedən mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
15. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur.
16. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən мülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur.
20. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
21. Habelə həmin qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Qeyd olunmalıdır ki, müraciətdə qaldırılan məsələnin həlli zamanı məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Həmin qərardan görünür ki, məhkəmənin gəlmiş olduğu qənaətə əsasən, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.
22. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
23. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.
24. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 İddiaçı mülkiyyətində olan ünvan 1-a istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı məsələ həll edilərkən, əvvəlcə cavabdehin qeyd olunan mənzildən istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir. Çünki, mövcud olmayan hüququn itirilməsi mümkün deyil, hüququn itirilməsi üçün əvvəlcə hüquq əmələ gəlməlidir.
25. İşin tərəflər arasında mübahisələndirilməyən halı ondan ibarətdir ki, Cavabdeh1 iddiaçının qızıdır və 1980-ci il tarixdə anadan olduqdan sonra ünvan 1-da ailə qurana kimi yaşamışdır.
26. Məhkəmə qeyd edir ki, əgər yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə bağlı hüquq münasibətləri 01 sentyabr 2000-ci ilədək, yəni hazırkı Mülki Məcəllə qüvvəyə minənədək yaranmışdırsa, onda belə münasibətlərdən irəli gələn mübahisələrə 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53 və ya 123cü maddələrinin tələblərinə görə baxılır.
27. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə Cavabdeh1 münasibətdə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır.
28. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.
29. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Qeyd edilən Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər.
30. Məhkəmə cavabdehin mübahisəli mənzildə yaşamamasının səbəblərini araşdıraraq hesab edir ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, işin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdeh mübahisəli mənzildən köçüb getmiş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Odur ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz.
31. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda – həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzində müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır.
32. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
33. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
34. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir.
35. Sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 mübahisəli mənzildə yaşamaması və bu müddət ərzində mübahisəli mənzilə daimi yaşamaq üçün gəlməməsi, yalnız onun başqa yaşayış sahəsinə köçməsi ilə izah oluna bilər. Buna görə də Cavabdeh1 mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir.
36. Məhkəmə “Cavabdeh2 mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi” ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. Məhkəmə qeyd edir ki, əgər yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə bağlı hüquq münasibətləri 01 sentyabr 2000-ci ildən, yəni hazırkı Mülki Məcəllə qüvvəyə minəndən sonra yaranmışdırsa, onda belə münasibətlərdən irəli gələn mübahisələrə Mülki Məcəllənin 228.1, 228.2 və 228.5-ci maddələrinin tələblərinə uyğun baxılır.
38. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçı ilə Cavabdeh2 arasında yaranmış hüquq münasibətləri 2004-cü ildə, yəni, iddiaçının iddia ərizəsində göstərdiyi kimi cavabdehin mübahisəli mənzilə qeydiyyata alındığı tarixdə yarandığından, hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir.
39. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
40. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir
41. Qeyd edilən Məcəllənin 228.5-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx.xx.2008-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.
43. İşin halları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 mülkiyyətçi İddiaçı qanunvericiliklə dairəsi konkret olaraq müəyyən edilmiş ailə üzvləri sırasına daxil olan şəxs deyildir.
44. Qeyd edilən hüquq normalarından da göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən digər ailə üzvünün istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur.
45. Məhkəmə araşdırmaları ilə də müəyyən olundu ki, Cavabdeh2 sözügedən mənzildən istifadə hüququnun yaranması üçün onunla mülkiyyətçi İddiaçı arasında notarial qaydada təsdiqlənmiş yazılı razılaşma olmamışdır.
46. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi əsaslıdır və təmin olunmalıdır.
47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
Nəticə hissəsi:
49. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1-a olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva