Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-141/2024 01.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı inzibati xəta nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə 01 fevral 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı inzibati xəta nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz hərəkəti nəticəsində yəni Azərbaycan Respublikasının İ.X.M.-nin 327.1, 332.2 və 339.1-ci maddələrin tələblərini pozması nəticəsində idarə etdiyi “Mercedes Benz S350” markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılması nəticəsində avtomaşına dəymiş 640 manat məbləğində maddi ziyan, əldən çıxmış faydaya görə (taksi xidmətindən istifadə) 65 manat, habelə cavabdehin inzibati xəta törətməsi nəticəsində ona vurulmuş 300 (üç yüz) manat məbləğində mənəvi zərərin və ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 20:15 radələrində idarə etdiyi “Mercedes Benz S350” markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri Bulvar küçəsi ilə P.Həşimov küçəsi ilə kəsişməsi istiqamətində yolun soldan birinci zolağı ilə aşağı sürətdə hərəkətdə olarkən yerdə üfuqi şəkildə nişanlanmış qoşa xətti ayıran və ona geriyə dönmə manevri etmək üçün 1.11 xəttində saxlamışdır. Qarşıdan gələn nəqliyyat vasitələrini buraxdıqdan sonra geriyə dönmə manevri etdiyi zaman arxadan onunla eyni istiqamətdə lakin əks hərəkət zolağı ilə yüksək sürətlə hərəkət edən motosikletçi Cavabdeh gəldiyi sürətlə də motosikletin ön hissəsi ilə avtomobilimin qabaq sol qanadı, qabaq sol qapısmı əzərək yararsız vəziyyətə gətirmiş və bununla da ona maddi və mənəvi ziyan vurmuşdur. Hadisə zamanı o, ayıq vəziyyətdə olmuş, spirtli içki və narkotik vasitələrin təsiri altında olmamışdır. Eyni zamanda bildirmək istəyir ki, qəza baş verən yolda səlahiyyətli orqan tərəfındən 40 km/saat sürət həddi təyin olunmuşdur. Aparılmış 8/1751 saylı avtotexniki ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh idarə etdiyi Minsk motosikletinin mühərrik həcmi 50kub/sm-dən yüksək olduğu halda dövlət qeydiyyat nömrəsi və sürücülük vəsiqəsi olmadan istismar edir. Bütün bu faktlara əsasən “Minsk” motosikletinin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İ.X.M.-in 327.1, 332.2 və 339.1-ci maddələrinə əsasən inzibati tənbeh tətbiq olunmuşdur. Avtomobilin təmiri zamanı servisdə 640 manat xərci çıxmışdır. Təmir 5 gün çəkdiyinə görə taksi xidmətindən istifadə etməyə məcbur qalmışdır və bu müddət ərzində 65 manat vəsait xərcləmişdir. İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, maşınına ümumilikdə 640 manat ziyan dəyib. Əgər cavabdeh vaxtında ona dəymiş ziyanı ödəsəydi, hazırda ondan əlavə xərclərin tutulmasını tələb etməzdi. Onu da bildirir ki, maşını üçün istifadə olunmuş detalların heç biri təzə deyil. Bundan başqa o, adi servis şirkətindən təmirin qiyməti barədə akt almışdır. Maşının ehtiyat hissələrini əldə etmək çətin olmuşdur, belə ki, bütün sərhdlər bağlı idi. Bu müddət ərzində taksi xidmətindən istifadə etmişdir. Cavabdeh hər şeyə etiraz edir, detallar həqiqətən də dəyişdirilib. Belə ki, həmin detallar istifadəyə yararsız idi. Hətta cavabdehlə telefon vasitəsilə danışdığı zaman o, heç törətdiyi əməli xatırlamamışdır. Qəza zamanı ailə üzvləri maşında olmuş, uşaqları sarsıntı keçirmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini, cavabdeh tərəfindən dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, onun özünə hadisə nəticəsində 3000 manatdan artıq ziyan dəyib. Belə ki, ayağı sınıb, eyni zamanda telefonu yararsız vəziyyətə düşdüyündən ucuz qiymətə satmışdır. Səhhəti ilə əlaqədar 2 ay işləyə bilməyib. Yol nəqliyyat hadisəsi ilə əlaqədar şəkilləri iddiaçı özü çəkib, məsələni öz xeyrinə həll edib. Halbuki şəkilləri yol polisi çəkməli idi. Onu da qeyd edir ki, baş vermiş hadisə ilə əlaqədar o, cərimə olunmuş və cəriməni ödəmişdir. Bundan başqa iddiaçı ona xəbərdarlıq etmədən maşını üçün yeni detallar alıb. Onu da qeyd edir ki, ekspert rəyi ilə razı deyil. İş üzrə ekspertiza təyin olunubsa, baxış da keçirilməli idi. Belə olduğu halda da ekspert maşının vəziyyətini görərdi. Belə ki, sınan detal təmirlə bərpa oluna bilərdi. Eyni rəngdə olan yeni qapının dəyəri 130 manatdır. Lakin ekspert rəyində 170 manat qeyd olunub. Rəngləmə prosedurunun məbləği 50-60 manatdır. Həmçinin bufer də sökülməyib. Qırılan düyməcikləri usta qırıbsa, dəyərini də o ödəməlidir. Əlavə olaraq bildirir ki, maşının qapısı da düzələ bilər. Dəmirçi 50-60 manata təmir edə bilər, lap yenisi isə 130 manatdır. İddiaçı maşını Sumqayıt şəhərində təmir etdirib, amma ekspert rəyi Bakı şəhərində verilib, burada ziddiyyət var. Bundan əlavə düzələn əşyalar və edilən ödənişlərlə bağlı çeklər verilməlidir. Maşın yeni deyil. Detal düzəldilə bilərsə, yenisinin verilməsinə ehtiyac yoxdur. Hadisədən əvvəl iddiaçı ondan 640 manat məbləğində pul istəmiş, lakin maddi imkanı olmadığı üçün həmin pulu ödəyə bilməmişdir. Himayəsində iki övladı var, həyat yoldaşı da hamilədir. Gündəlik 10 manata motoskilet üçün kirayə haqqı ödəyir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan Avtotəmir MMC-nin 31 may 2023-cü il tarixli, 319 nömrəli qüsur aktından görünür ki, “Mercedes Benz S350” markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilə 640 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan 21 iyul 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərar ilə HK-1/659 saylı yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Minsk motosikletinin sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.2 və 339.1-ci maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə Sumqayıt DYPŞ-yə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 noyabr 2023-cü il tarixli, 9/7996 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş 31 may 2023-cü il tarixli 319 nömrəli qüsur aktına əsasən 2003-cü il buraxılışlı “Mercedes Benz S350” markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 640 manat müəyyən edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20:15 radələrində Cavabdeh idarə etdiyi Minsk motosikleti ilə “Mercedes Benz S350” markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, şəxs törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi zərərçəkmişə dəymiş zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə ya mülkiyyət hüququ iləsahiblik edən şəxsin, ya da nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İş materiallarında olan 21 iyul 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı idarə etdiyi **-SV-*** dövlət qeydiyyat nişanlı Mersedes Benz 350 markalı avtomobillə Sumqayıt şəhəri Bulvar küçəsi ilə P.Həşimov küçəsinin kəsişməsi istiqamətində yolun soldan 1-ci hərəkət zolağı ilə aşağı sürətlə yolun orta qoşa xəttin kənarı ilə düzünə hərəkətdə olduqdan sonra yolun 1.11 nişanı nəzərdə tutulmuş hissəsindən sol istiqamət üzrə geriyə dönmə manevri edərək hərəkətini davam etdirən zaman (dayanmadan), Cavabdeh idarə etdiyi “Minsk” markalı dövlət qeydiyyat nişanı olmayan motosikletlə həmin yolda eyni istiqamət üzrə eyni hərəkət zolağında hərəkət edib, sonradan Mersedes Benz 350 markalı avtomobil dönməmişdən əvvəl qarşı əks hərəkət yoluna çıxaraq düzünə hərəkətini davam etdirərək qarşı əks hərəkət yolunda qabaq hissəsi ilə minik avtomobilinin qabaq sol qapısından və qabaq sol qanadından toqquşmaqla özünün sağlamlığına az ağır zərərvurmaya aid bədən xəsarəti alması və maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirkar olması öz təsdiqini tapdığından həmin hadisə nəticəsində “Mercedes Benz S350” markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan Cavabdeh tutularaq avtomaşının mülkiyyətçisi olan İddiaçı ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar məhkəməyə təqdim edilməsə də, cavabdeh məhkəmə iclasında verdiyi izahatında baş vermiş hadisəyə görə inzibati qaydada cərimə edildiyini və cəriməni ödədiyini etiraf etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi iddiaçıya məxsus avtomobilə dəymiş zərərin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə tərəfindən iddiaçıya məxsus “Mercedes Benz S350” markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtomaşının təmir-bərpa xərci ilə bağlı ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 noyabr 2023-cü il tarixli, 9/7996 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş 31 may 2023-cü il tarixli 319 nömrəli qüsur aktına əsasən 2003-cü il buraxılışlı “Mercedes Benz S350” markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 640 manat müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus avtomobilə dəymiş zərərə görə 640 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın mənəvi ziyanla bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər şəxsi qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər)” hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində cavabdehdən mənəvi ziyan tutulmasını xahiş etsə də, ərizəsində bu halları əsaslandırmamış, o cümlədən məhkəmə iclasında məhkəməyə təqdim etməmişdir. Hadisə baş verən vaxt iddiaçının uşaqlarının maşında olması və qorxması halı isə onun xeyrinə mənəvi ziyan tutulması üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, 300 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi əldən çıxmış faydaya görə (taksi xidmətindən istifadə) 65 manat pulun cavabdehdən tutulması hissəsində də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı həmin hissədə iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı isə hesab edir ki, iddia qismən (təxminən 64 % hissədə) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumunun 19 manat hissəsi cavabdehə, 11 manat hissəsi isə iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 100 manat təşkil etmişdir. İddia qismən (təxminən 64% hissədə) təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərcinin 64 manat hissəsi cavabdehə, 36 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus avtomobilə dəymiş zərərə görə 640 (altı yüz qırx) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 19 (on doqquz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olaraq Cavabdeh 64 (altmış dörd) manat, İddiaçı isə 36 (otuz altı) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-141/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-141/2024
01.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver