Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1410/2024 30.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyytində olan əmlakın satılması, satışdan əldə olunan pulun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli çıxarışına əsasən Cavabdeh ilə paylı mülkiyyətində olan əmlakın satılması, satışdan əldə olunan pulun 75000 manatının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli çıxarışına əsasən ünvan 1 ünvanında bağ evi və torpaq sahəsi onunla cavabdehin birgə mülkiyyətindədir. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Lakin cavabdehlə aralarında şifahi olaraq bu barədə razılaşmaya gələ bilməmişdirlər. Ona görə də 26 dekabr 2023-cü il tarixdə cavabdehə məktubla müraciət edərək, yuxarıda qeyd etdiyi çıxarış üzrə paylı mülkiyyətində olan əmlakın ona aid hissəsini satmaq istədiyini və bu təklifini dəyərləndirməsini, əgər razı olmadığı təqdirdə qanuna uyğun şəkildə məhkəməyə müraciət olunacağını bildirmişdir. Həmin təklif xarakterli müraciətindən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh heç bir münasibət bildirməmişdir. Mülkiyyətçi olaraq öz payının naturada ayrılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququnun olmasına baxmayaraq bu naturada əmlaka tənasübsüz zərər vurmadan mümkün deyildir. Ona görə də öz payının dəyərini cavabdehdən tələb edir. Hazırki iddia üzrə onun tələbi mübahisə predmeti olan əmlakın satılması və satışdan əldə olunan pulun yarısının ona ödənilməsidir. Hazırda həmin əmlakın bazar qiyməti 150000 manatdır. Onun cavabdehdən tələb etdiyi məbləğ isə 75000 manatdır. Cavabdeh Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 778 ünvanında qeydiyyatda olduğu üçün hazırki iddiaya Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı oğlu iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdeh Rusiyada yaşayır. Əvvəl cavabdehlə qohumluq münasibətləri olumuşdur. Onunla razılıq əldə olunmamışdır. 1 il ərzində hər ay 250 manat məbləğində pul göndərmişdir. Bununla bağlı sübutları da vardır. Pulunu tələb etdiyi zaman isə pullarının olmadığını bildirmişdirlər. 135000 manat məbləğində pul vermişdir. 75000 manat məbləğində pulun ödənilməsini istəyir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən xarici vətəndaş olduğu üçün öz adına yalnız evi ala bilərdi. Torpaq sahəsini öz adına ala bilməyəcəyi üçün onu keçmiş kürəkəninin adına rəsmiləşdirmişdir. İddiaçı ona hər kəsin dələduz olduğunu, heç kimə inanmaq lazım olmadığını demişdir. Bu səbəbdən torpaq sahəsini başqasının yox, onun adına rəsmiləşdirməyi məsləhət görmüşdür. O, həmin torpaq sahəsi və evi Moskva şəhərindəki evini sataraq aldığını sübut edə bilər. Daha sonra burada azərbaycanlı qonşularla çox yaxşı münasibət qurmuş, torpaq sahəsini iddiaçının adına rəsmiləşdirməyə peşman olmuşdur. İddiaçı həmin müddət ərzində işləməmiş, onun pulu olmamışdır. Həmin göndərilən pullar onların pulu olmuşdur. Sözügedən torpaq sahəsi və evi pulunu yığaraq və evini sataraq almışdır. İddiaçı Moskva şəhərində kreditlər götürmüş, lakin ödəməmişdir. Onun götürdüyü kreditlə bağlı evinə məktublar gəlir. İddiaçının maddi imkanı elə yaxşıdırsa, niyə kredit götürmüş və ödəyə bilməmişdir? O, azərbaycanlı kişilərin boşanan zamanı evi və hər şeyi həyat yoldaşına bağışladığını bildirmişdir. İddiaçı isə hər şeyi əlindən almaq istəyir, öz övladını da heçnəsiz buraxmağa çalışır. İddiaçı gəlirinin olmasını sübut etməlidir. Təqaüdçü olmasına baxmayaraq yenə də işləyir. Müəyyən bir gəliri vardır, nəvəsinin bütün xərclərini ödəməyə çalışır. İddiaçı isə öz övladına bir qəpik belə göndərmir, maddi olaraq heç yardım etmir. İddiaçı 16 ildir ki, Moskva şəhərində onların hesabına onların evində yaşamışdır. Bu illər ərzində heç bir maddi yardım etməmişdir. Həmin torpaq sahəsi ilə bağlı ekspertiza keçirmişdirlər. Ekspert rəyinə əsasən həmin ev 75000 manata deyil, 16000 manatadır. İddiaçı onlardan 75000 manat tələb etməsinə baxmayaraq sözügedən evin dəyəri 16000 mantdır. Həmin ev alınan zaman qızı iddiaçı ilə rəsmi nikahda olmuşdur.
Tədqiq olunan sübutlar:
5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 1 saylı bağ evi xx.xx.2022-ci il tarixdən Cavabdeh, həmin evin yerləşdiyi 0,04 hektar torpaq sahəsi isə həmin tarixdən İddiaçı xüsusi mülkiyyətindədir.
6. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 132,6 kv.metr olan bağ evinin hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2022-ci il tarixinə bazar dəyəri 65000 manat təşkil edir.
7. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, hazırda o, çıxarış üzrə mülkiyyətində olan hissəni satmaq istədiyini bildirmiş, ona görə də ona aid hissəni almaq üçün ona təklif etmiş, təklifinin dəyərləndirilməsi üçün ona 10 gün ərzində rəsmi məlumat verməyini xahiş etmiş, əks təqdirdə qanuna uyğun şəkildə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir.
8. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanmış nikah 25 aprel 2023-cü il tarixdə pozulmuşdur.
Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikasının Konstitusiyası
13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. 29-cu maddəsinin 2-ci hissəsinə görə mnülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. -213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. - 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. - 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. -220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasına məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. -220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. -220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. -221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.
13. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 saylı bağ evi Cavabdeh, həmin evin yerləşdiyi 0,04 hektar torpaq sahəsi isə İddiaçı paylı mülkiyyətindədir. Hal-hazırda iddiaçı həmin əmlakın satılıb, 75000 manat məbləğində pul vəsaitinin ona ödənilməsini məhkəmədən xahiş edir.
14. Tərəflər arasında yaranmış mübahisənin maddi hüquqi əsasını Mülki Məcəllənin 220-ci maddəsi təşkil edir. Mülki Məcəllənin qeyd edilən maddəsi əmlakın bölünməsi və ayrılması üzrə müxtəlif hallarda tənzimləməni müəyyən edir.
15. Həmin normaya görə ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi.
16. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir.
17. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarındakı mövqedən çıxış edərək qeyd edir ki, mənzilin açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.
18. Beləliklə göründüyü kimi mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır.
19. Hazırki işdə isə iddiaçı paylı mülkiyyətin bölünməsi ilə bağlı qanunvericiliyin tələb etdiyi şərtlərə riayət etmədən, yəni əmlakın naturada bölünməsi ilə bağlı iddia irəli sürmədən, bu mümkün olmadıqda isə kompensasiya ödənilməsi yolu ilə öz payının ödənilməsini tələb etmədən əmlakın birbaşa açıq hərracda satılmasını məhkəmədən xahiş edir. Eyni zamanda iddiaçı tərəfindən bundan əvvəl sözügedən əmlakın yerinin naturada müəyyən edilməsinə dair məhkəmə iddia qaldırıldığı və buna dair məhkəmə qətnaməsinin qəbul edildiyi müəyyən edilməmişdir.
20. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara riayət etmədən iddiaçının ilk tələbi ilə əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi qanunvericiliyin tələblərinə uyğun deyildir.
21. İddiaçıya izah olunsun ki, paylı mülkiyyətdə olan payının bölünməsini və ya dəyərinin ona ödənilməsini istəyirsə ilk növbədə öz payının naturada ayrılması ilə bağlı, bu mümkün olmadıqda isə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsinə dair iddia irəli sürə bilər.
22. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətində olan əmlakın satılması, satışdan əldə olunan pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdeh qarşı “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli çıxarışına əsasən Cavabdeh ilə paylı mülkiyyətində olan əmlakın satılması, satışdan əldə olunan pulun 75000 manatının ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva