Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1445/2024 15.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə 15 aprel 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzildə bacısı Cavabdeh1, onun övladları Cavabdeh2, X2 və onun azyaşlı uşaqlarının istifadə hüquqlarına xitam verilməsi və onların bu mənzildən qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini və qətnamənin nəticə hissəsində bu qətnamənin cavabdehlərin və onların uşaqlarının bu ünvandan qeydiyyatdan çıxarılmaları üçün əsas olmasının göstərilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin qeydiyyatdan çıxarılmaya dair hissəsinə münasibətdə iş üzrə icraata xitam verilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzili mərhum atası 1990-cı ildə almış və atası, anası, bacısı Rəna və o - 4 nəfərlik ailə tərkibi ilə həmin mənzilə köçərək pasport qeydiyyatına alınmışdırlar. Evə köçdükdən az sonra, yəni elə 1990-cı ildə bacısı Rəna ailə quraraq evdən ona məxsus olan bütün əşyalarını da götürüb çıxmış və ər evinə gəlin köçmüşdür. Bundan sonra həmin mənzildə o, ata-anası ilə birlikdə yaşamağa davam etmişdir. Bir müddət sonra atası bacısı Rənadan onların mənzilindən qeydiyyatdan çıxmasını tələb etdikdə Rəna atasına bildirdi ki, Bakıdan ev almaq fikri var, yeni ev alanda qeydiyyatdan çıxıb, yeni evə qeydiyyata düşəcək. Atası ona inanaraq ölənə qədər gözləsə də, o, qeydiyyatdan çıxmamışdır. O, 2003-cü ildə evlənmiş və rəsmi nikah əsasında həyata yoldaşı Sevdanı da yaşadığı mənzilə qeydiyyata aldırmışdır. 2007-ci ildə atası, bir müddət sonra isə anası vəfat etmişdir. Anasının hüzr məclisinə gələn bacısı Rənadan xahiş etmişdir ki, evdən qeydiyyatdan çıxsın. Cavabında demişdir ki, ev alıblar, guya sənədi yoxdur deyə qeydiyyata düşə bilmirlər, sənəd düzəldib, həmin evə qeydiyyata düşər, onun evindən çıxar. Lakin o evi haradan aldıqlarını, evlərinin ünvanını ona deməmişdir. 2014-cü ildə o, həmin mənzili öz adına keçirərək özəlləşdirmək istərkən bacısı Rənanın razılığı tələb olunmuş və o, bacısı Rəna ilə telefon əlaqəsi saxlayaraq onun razılıq verməsini və qeydiyyatdan çıxmalarını xahiş etmişdir. O, buna bir şərtlə razılıq verəcəyini bildirmişdir ki, ona 5 min manat halallıq haqqı versin. Onun bu məbləğdə pulunun olmadığını bildirdikdə, bankdan kreditə pul götürüb verə bilərsən-cavabını vermişdir. O, məcbur olub 2014 cü ildə “Dəmir Bankdan” 6 min ABŞ dolları məbləğində kredit götürüb , bacısı Rənaya vermişdir ki, həm evin adına özəlləşməsinə razılıq versin, həm də qeydiyyatdan çıxın. Lakin bacısı pulu götürüb, evin onun adına özəlləşməsinə razılıq versə də, ona qarşı da nankorluq edərək onu aldatmış və bu günədək də qeydiyyatdan çıxmamışdır. Nə bacısı özü, nə də uşaqları ilə əlaqə saxlaya bilmirlər, telefon nömrələrini dəyişdirib, yoxa çıxıblar, onları tapa bilmir, özü isə nə gəlmir, nə də zəng etmir. 2014-cü ildən bu mənzil onun xüsusi mülkiyyətindədir və burada o, 3 nəfərdən ibarət ailə tərkibi ilə özü, həyat yoldaşı Sevda və qızı Rəhilə ilə yaşayırlar. Lakin 1990-cu ildən etibarən nə bacısı Rəna, nə onun uşaqları bu mənzildə yaşamamışlar və hazırda da yaşamırlar, harada yaşadıqlarını da bilmir, əlaqələri 2014-cü ildən sonra tam kəsilmişdir. Bacısı Rəna vədinə əməl etməyərək nə qeydiyyatdan çıxmamış, nə də kreditə götürüb ona verdiyi 6 min dolları qaytarmamışdır, həmin krediti qəpiyinə qədər tam olaraq ailəsinin dolanışığından kəsərək özü bu yaxınlarda ödəyib qurtara bilmişdir. Bacısı Rənanın və onun uşaqlarının və nəvələrinin 1990-cı ildən bəri, yəni 33 il ərzində bir gün də olsa onların evində yaşamadıqlarını bütün qonşular (binanın sakinləri), aidiyyatı Mənzil-İstismar Sahəsinin əməkdaşları təsdiq edə bilərlər. Hesab edir ki, onlar bu mənzildən istifadə hüquqlarını çoxdan itiriblər və onların istifadə hüquqlarına xitam verilməlidir. Bildirir ki, onun və həyat yoldaşının səhhətində ciddi problemlər var, hər ikisi əməliyyat olunmuşdurlar və bununla bağlı xeyli borcları var, evini satıb borcunu bağlamaq istəyir, lakin bacısının və onun digər ailə üzvlərinin onun evində qeydiyyatda qalmaları səbəbindən mülkiyyətində olan mənzil üzərində sərəncam verə bilmir, bu isə mülkiyyət hüquqlarını məhdudlaşdırır, eyni zamanda, onlara görə hər ay əlavə kommunal haqqı ödəyir. Onların qeydiyyatdan çıxarılmaları ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə ərizə ilə müraciət etmiş, cavabında bildirmişlər ki, məhkəməyə müraciət etməlidir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil Mahama oğlu məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 və X3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Qeyd etmək istəyir ki, təmsil etdiyi şəxs - iş üzrə Cavabdeh1 verilmiş iddia tələbini qəbul etmir. İddia ərizəsi və ona əlavə olunmuş çıxarış əldə olunandan sonra ona məlum olmuşdur ki, qardaşı olan İddiaçı 2014-cü ildə valideynlərinə məxsus Sumqayıt şəhəri, 17-ci mkr, ev 46, 13 nömrəli mənzili həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq onun razılığı olmadan özəlləşdirərək tək öz adına Seriya RX ******* nömrəli çıxarış almışdır. Halbuki, Azərbaycan Respublikası Mənzil Fondunun özəlləşdirilməsi haqqında qanunun 5-ci maddəsinə görə mənzillər özəlləşdirilən zaman müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktıki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi mülkiyyətinə verilə bilər. İddiaçı iddia ərizəsində təmsil etdiyi şəxsə evin onun adına özəlləşdirilməsi üçün halallıq kimi 6000 ABŞ dolları məbləğində pulun verilməsi tamamilə yalandır. Həmin ev onun valideynlərinə məxsus olmuş və onun özü də orada 1990-cı ildən qeydiyyatdadır. Odur ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 və X3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair məhkəməyə təqdim etdiyi iddia ərizəsi tamamilə əsassız olduğundan irəli sürülmüş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, ev hal-hazırda onun adınadır. Evi atası almışdır. Atası vəfat etdikdən sonra evi öz adına özəlləşdirib. Özəlləşdirmə zamanı cavabdeh olan bacısı və digər şəxslər özəllşdirməyə razılıq verib. Hazırda cavabdeh şəxsləri evdən qeydiyyatdan çıxarmaq istəyir. Lakin onlar könüllü olaraq qeydiyyatdan çıxmırlar. Cavabdehlərin özlərinə məxsus yaşayış sahələri var. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlərin hər biri özəlləşmədə iştirak etmiş və evin iddiaçının adına keçməsinə razılıq vermişdir. Cavabdehlərin Asan Xidmət Mərkəzində verdikləri razılıq ərizələrin əsilləri və surətləri onda var. Hətta iddiaçının atası da evin özəlləşdirilməsində iştirak etmişdir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil Mahama oğlu ərizə ilə məhkəməyə müraciət edərək başqa məhkəmə iclasında iştirakı əlaqədar hazırkı məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmişdir. İş üzrə digər cavabdehlər Cavabdeh2, X5 isə məhkəmə iclasına gəlməməsinini səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Evi atası deyil, anası vəfat etdikdən sonra qardaşının adına keçiriblər. Anası xəstə olanda evin qardaşının adına keçirilməsini xahiş etmişdir. O, 1992-ci ilə qədər mübahisəli evdə yaşayıb və həmin evdən gəlin köçmüşdür. O, 30 ildən çoxdur ki, həmin evdə yaşamır. Hazırda evin yarıya bölünüb onun da payının verilməsini tələb edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh X5 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Hal hazırda Bakı şəhərində kirayədə yaşayır. Məhkəmə prosesinə qədər tərəflə heç bir danışıqları olmayıb, iddiaçı hər hansı bir razılaşma üçün onlara müraciət etməyib. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində bildirmişdir ki, o, Teymurun qonşusudur. Rənanın rayonda evləri var, mübahisəli evdə yaşamır. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, o iddiaçının qonşusudur. Rəna mübahisə predmeti olan evdə yaşamır. Rəna toyu olduqdan sonra evdən gedib. Hazırda həmin evdə Teymur yaşayır. Məhkəmə iclasında dindirilmiş şahid X9 ifadəsində bildirmişdir ki, Teymur onun qonşusudur. Qeyd edilən evdə Rəna yaşamır. O toyu olduqdan sonra həmin evdən köçüb. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 46, 13 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, X5 və azyaşlılar-xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü Cəniyeva Rəna Seymur oğlu Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 46, 13 saylı mənzildə qeydiyyatdadırlar. İşdə olan 61 nömrəli, xx.xx.2021-ci tarixli aktdan görünür ki, Cavabdeh1, Cavabdeh2, X5, X1 Rəna Seymur oğlu 1990-cı ildən 2021-ci ilə kimi qeydiyyatda olduqları Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 46, 13 saylı mənzildə yaşamırlar. İşdə olan Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırkı məsələ ilə bağlı İddiaçı məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 46, 13 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 mübahisəli mənzildə qeydiyyatda olsalar da, uzun müddətdir ki, həmin mənzildə yaşamırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasənqətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək yarandığından hazırki mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları əsasında həll edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsinə görə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ-ci hissəsini məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisənin həlli, yəni cavabdehlərin mübahisəli mənzildən olan istifadə hüququnun itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onların bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir. Belə ki, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt icarəçi və ya qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə uzun müddət (30 ildən çox) yaşamaması tərəflərin məhkəmə iclasında verdiyi izahatları və işdə olan digər sübutlarla öz təsdiqini tapmışdır. Digər tərəfdən cavabdehlər mübahisəli mənzili məcburi olaraq deyil, könüllü olaraq tərk etmişdirlər. Belə ki, cavabdehlər bu müddət ərzində mənzilə köçürülmə barədə iddia qaldırmamış və ya mənzildən istifadəyə maneə törədilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdir. Bu isə, cavabdehlərin müvəqqəti deyil, məhz daimi əsaslarla mübahisəli mənzildən köçməsi faktını təsdiq edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və onun azyaşlı övladları xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü Cəniyeva Rəna Seymur oğlunun Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 46, 13 saylı mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və onun azyaşlı övladları xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü Cəniyeva Rəna Seymur qızının Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 46, 13 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-1445/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1445/2024
15.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver