Məhkəmə qərarları › İş №2(060)-1447/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1447/2025

18.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1447/2025 18.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin mənzil əvvəl order əsasında iddiaçının anasına məxsus olmuş, anasının və mənzildə qeydiyyatda olan şəxslərin razılığı ilə mənzil iddiaçının adına özəlləşdirilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının bacısı uşaqlarıdır. Cavabdehlər iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. Cavabdeh1 1987-ci ildən 2009-cu ilə kimi, digər Cavabdeh2 isə 1987-ci ildən 2017-ci ilə kimi həmin mənzildə yaşamışlar. Cavabdehlərin anası, yəni iddiaçının bacısı Svetlana 1996-cı ildə vəfat etmiş və həmin vaxtdan da cavabdehlər iddiaçının himayəsində olmuş, onlara iddiaçı böyütmüş və iddiaçı evləndirmişdir. 2009-cu ildə Cavabdeh1, 2017-ci ildə isə Cavabdeh2 ailə həyatı qurmuşlar və ailə qurduqdan sonra hazırkı mənzili daimi olaraq tərk etmişlər. Cavabdeh1 iddiaçıya məxsus olan digər mənzilə ünvan 1 ünvanına köçmüş, digər Cavabdeh2 isə ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən evə köçmüşdür. Müvafiq olaraq 2009 və 2017-ci ildən cavabdehlər bir gün də olsun hazırkı qeydiyyatda olduqları mənzildə yaşamamışlar. Həmçinin cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2018-ci il təvəllüdlü X6 oğlu və xx.xx.2011-ci il təvəllüdlü X3 da iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. İddiaçı cavabdehlərə müraciət edərək, iddiaçıya məxsus ünvan 2-dən qeydiyyatdan çıxmalarını xahiş etmişdir. Lakin cavabdehlər iddiaçının xahişini nəzərə almamış və iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxmamışlar. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hesab edir ki, cavabdehlərin və onların yetkinlik yaşına çatmayan uşaqlarının iddiaçıya məxsus mənzildə istifadə hüquqları itirilmiş hesab edilməlidir. İddiaçı cavabdehlərdən Cavabdeh1 hazırda yaşadığı iddiaçıya məxsus olan ünvan 1 ünvanına qeydiyyata düşməsinə razıdır. Lakin, cavabdeh buna da etiraz etmişdir. İddiaçı göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2018-ci il təvəllüdlü X6 oğlu və xx.xx.2011-ci il təvəllüdlü X1 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 2 ünvanına olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini, 5-6 il olar ki, həmin mənzildə yaşamadığını bildirmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayonda istifadədə olan 0.144 ha torpaq sahəsində yerləşən 25 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 5-ci mərtəbəsində yerləşən 49.95 kv.m ümumi, 32.93 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 25 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 166 nömrəli vərəqində 12 iyul 2007-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 136.40 kv/m olan bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə 29 aprel 2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 15 noyabr 2024-cü il tarixli ******* №-li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 4 mart 2025-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 25 ünvanında yerləşən 25 saylı mənzilin hüquqi rejimi, eləcə də daşınmaz əmlakın dövlət reyetsrində aparılmış qeydiyyatlarla bağlı müvafiq sənədlərin təqdim edilməsi barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmış və bildirilmişdir ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 25 ünvanında yerləşən 25 saylı mənzil Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının Mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 14/359 saylı order, Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı X5 13 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 6079 saylı mənzilə hüququ olan şəxslər və mənzilin kommunal- məişət vəziyyəti barədə arayış və mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında İddiaçı adına qeydiyyata alınaraq, xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh1 ərizəsindən görünür ki, o, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 25 ünvanında yerləşən 25 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə razı olmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi 13 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 409 nömrəli 21 aprel 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, tərəflərindən 13 mart 2025-ci il tarixdə 304 saylı X2 verilmiş arayışda səhvlik olmuşdur. Belə ki, qonşuların dediyinə və akta əsasən 17 dekabr 2011-ci il təvəllüdlü X3 həmin ünvanda qeydiyyat olmuş, lakin 2011-ci ildən qeyd olunan ünvanda yaşamamış və hal-hazırda da yaşamır. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi 13 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş qonşuların iştirakı ilə tərtib edilmiş 409 nömrəli 21 aprel 2025-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 2009-cu ildən, Cavabdeh2 2017-ci ildən Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 25 ünvanında yerləşən 25 saylı mənzildə yaşamır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 25, 25 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12 iyul 2007-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdehlər əvvəllər mübahisəli mənzildə yaşasalar da, iş materialları ilə təsdiq edilir ki, Cavabdeh1 2009-cu ildən, Cavabdeh2 2017-ci ildən etibarən həmin mənzildə yaşamamışdır. İddiaçı cavabdehlərdən Cavabdeh1 başqa bir mənzilə qeydiyyata düşməyini təklif etsə də, tərəflər arasında razılıq əldə olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin və yetkinlik yaşına çatmayan uşaqlarının mübahisəli mənzilə istifadə hüququ formal xarakter daşıdığından, cavabdehlər artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşadığından və cavabdehin mübahisəli mənzilə istifadə hüququnun qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı cavabdehə görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən, iddia təmin olunmalı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2018-ci il təvəllüdlü X6 oğlu və xx.xx.2011-ci il təvəllüdlü X1 Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 25, 25 saylı mənzildə yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Məhkəmə cavabdehlərdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2018-ci il təvəllüdlü X6 oğlu və xx.xx.2011-ci il təvəllüdlü X1 Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 25, 25 saylı mənzildə yerləşən yaşayış sahəsinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar