Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1478/2024 16.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüquqlarının itirlimiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, iddia tələbini təmin edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Qarşılıqlı iddia tələbi:
2. İddiaçılar Cavabdeh1, Cavabdeh2 və X7 cavabdeh X4 qarşı iddia qaldıraraq Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 8-də yerləşən 9 saylı mənzilə köçürülmələrini məhkəmədən xahiş etmişlər.
İlkin iddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla ailə üzvləri ilə (həyat yoldaşı X10 və üç uşağı, Şövqətova Yeganə Arif qızı, X8, X12) ilə ünvan 2 ünvanında yerləşən üç otaqlı mənzildə qeydiyyatda olmaqla yaşayır. ünvan 1 ünvanında yerləşən üç otaqlı mənzil Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 17 mart 1995-ci il tarixli, 9/34 №-li order əsasında (SŞİH Başçısının xx.xx.1995-ci il tarixli, 147 nömrəli sərəncamına əsasən) ona məxsusdur. Cavabdehlər X2nun həyat yoldaşı və qızlarıdır. X2 vəfat etmişdir. Qardaşı və ailə üzvləri ona məxsus mənzildə bir gündə olsun yaşamamışlar, yalnız formal qeydiyyatda olmuşdurlar. Göstərdiklərini Sumqayıt şəhər 20 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktları təsdiq edir. Cavabdehlər uzun illər ona məxsus mənzildə yaşamamalarına, formal qeydiyyatda olmalarına baxmayaraq bu günədək mənzilindən qeydiyyatdan çıxmamışdırlar. Hazırda ona məxsus mənzildə o, ailə üzvləri və cavabdehlər daxil olmaqla 8 nəfər pasport qeydiyyatındadırlar. Qohumları vasitəsilə cavabdehlərdən mənzildən qeydiyyatdan çıxmalarını xahiş etməsinə baxmayaraq Cavabdeh1 qeydiyyatdan çıxmamışdır. Qızları ailə qursalar da, mənzilində formal qeydiyyatda qalmış və qeydiyyatdan çıxmamışdırlar. Göründüyü kimi cavabdehlər onun ailə üzvləri deyildir. Onların həmin mənzildə heç bir əmlakı yoxdur və olmamışdır. Cavabdehlər ona məxsus mənzildə bir gün də olsun yaşamamış, formal olaraq qeydiyyatda qalmışdırlar. Ona görə də onun mənzil və yaşayış hüquqları pozulur, mənzilinə istədiyi kimi sərəncam verib, özəlləşdirə və özgəninkiləşdirə bilmir. Bundan başqa cavabdehlər mənzilində formal olaraq qeydiyyatda qaldığından kommunal xərclər (mənzilə dair adambaşına nəzərdə tutulan zibil pulu) ondan tələb olunur və bu onun üçün əlavə xərclərə səbəb olmaqla mənzil hüquqlarını məhdudlaşdırır, mənzilinə istədiyi kimi sərəncam verə bilmir. Cavabdehlər könüllü olaraq mənzilindən qeydiyyatdan çıxmadığından mübahisənin məhkəmədənkənar həlli qeyri-mümkün olduğundan o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəsinə əlavə olunmuş sənədlərdən göründüyü kimi cavabdehlər onun ailə üzvi deyildir, ona məxsus mənzildə yaşamamışdırlar və formal pasport qeydiyyatındadırlar. Bu il ərzində mənzillə bağlı aralarında mübahisə və razılaşma olmamış, inzibati orqanlara məhkəməyə şikayət və müraciət daxil olmamışdır. Bu illər ərzində mənzilə dair kommunal xərclər yalnız onun tərəfindən maddi imkanı daxilində ödənilmişdir. Cavabdeh mənzildə yaşamamış, kommunal xərclərin ödənilməsində iştirak etməmişdir. Yuxarıda sadalananlara əsasən hesab edir ki, məhkəmə tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 4 ünvanında yerləşən ona məxsus mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmalıdır.
Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar:
4. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 8-də yerləşən 9 saylı mənzilə köçürülməkləri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin icraatında iddiaçı A.Şovqatovun onlara qarşı Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 8-də yerləşən 9 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə iddiası üzrə 2(060)-1478/2024 saylı mülki iş vardır. Onlar iddia tələbini qəbul etmir və bildirmək istəyirlər ki, qeyd edilən mənzil daimi yaşayış yerləridir. Bu mənzil 1995-ci ildə ayrılarkən onların da adı mənzilə dair orderə daxil edilmiş və bu səbəbdən də 3 otaqlı mənzil verilmişdir. Cavabdeh onlara bildirmişdir ki, o mənzili satıb onlara düşən payı verəcəkdir. Belə ki, onlar ağır vəziyyətdə, zirzəmidə yaşayırlar və cavabdeh hər dəfə onların bu mənzilə köçürülməklərinə əngəl yaratmış və aralarında belə bir şərtləşmə olmuşdur ki, o mənzili onların razılıqları ilə özəlləşdirməklə satacaq və satışdan əldə olunan payı bərabər şəkildə böləcək, onlara düşən payı almaqla özlərinə başqa yerdən mənzil alacaqdırlar. Bu səbəbdən də onlar bu illəri gözləmiş, lakin cavabdeh bu vəziyyətdən istifadə etməklə onlara qarşı bu iddianı qaldırmışdır. Onlar bu illər ərzində mübahisəli mənzildə qeydiyyatda olmuş və onların bu mənzilə yaşayış hüquqları AR Mənzil Məcəlləsinin həmin vaxt qüvvədə olan 53-54-cü maddələrinə əsasən yaranmışdır,buna görə də onlar bu mənzilə köçürülməlidirlər.
Tərəflərin mövqeləri:
5. İddiaçı teleqram ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini və səhhəti ilə əlaqədar məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Qeyd edilən mənzil onların daimi yaşayış yeridir. Eyni zamanda həmin mənzil şəhid evidir. Bu mənzil 1995-ci ildə ayrılarkən onların da adları mənzilə dair orderə daxil edilmiş və bu səbəbdən də 3 otaqlı mənzil verilmişdir. Həyat yoldaşı və onlar həmin evdə qeydiyyatda olmuşdurlar. Həmin mənzil alınan vaxtdan bəri o evdə yaşamamışdırlar. Cavabdeh onlara bildirmişdir ki, o mənzili satıb onlara düşən payı verəcəkdir. Belə ki, onlar ağır vəziyyətdə, zirzəmidə yaşayırlar və cavabdeh hər dəfə onların bu mənzilə köçürülməklərinə əngəl yaratmış və aralarında belə bir şərtləşmə olmuşdur ki, o mənzili onların razılıqları ilə özəlləşdirməklə satacaq və satışdan əldə olunan payı bərabər şəkildə böləcək, onlara düşən payı almaqla özlərinə başqa yerdən mənzil alacaqdırlar. Bu səbəbdən də onlar bu illəri gözləmiş, lakin cavabdeh bu vəziyyətdən istifadə etməklə onlara qarşı bu iddianı qaldırmışdır. Həmin evə köçürülmələrini istəyir.
7. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Cavabdeh1 izahatı ilə razı olduğunu və aralarında başqa məhkəmə mübahisəsi olmadığını bildirmişdir.
8. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Cavabdeh1 izahatı ilə razı olduğunu və həmin mənzilə köçürülmək istədiklərini bildirmişdir.
Tədqiq olunan sübutlar:
9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, Cavabdeh3, X12, X10, Cavabdeh1, Cavabdeh2, X8, Şövqətova Yeganə Arif qızı ünvan 1 ünvanında qeydiyyatdadırlar.
10. 20 saylı MKS-nin sahə ustası A.Hüseynova, qonşular R.Ağayev, Q.Məmmədov, N.Mərdanlı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktda qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 8, mənzil 9-da qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hal-hazırda qonşuların da dediyinə əsasən yuxarıda göstərilən ünvanda qeydiyyatdadırlar, lakin yaşamırlar.
11. 20 saylı MKS-nin sahə ustası X.Həsənova, 47-ci məhəllə, ev 8, mənzil 3 ünvanında yaşayan X9, 47-ci məhəllə, ev 8, mənzil 15-də yaşayan X13 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan qeyd olunmuşdur ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.1995-ci il tarixdən Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 8, mənzil 9-da yaşamırlar.
12. Azərbaycan Respublikası Sumqayıt şəhər icra hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərfindən verilmiş 17 mart 1995-ci il tarixli, 9/34 nömrəli orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 47-ci məhəllədə yerləşən 8 nömrəli evin 39,6 kv.m sahəsi olan 3 otaqlı ev 5 nəfər ailə üzvü ilə İddiaçı verilmişdir. Həmin orderdə sahəyə ixtiyarı oluborder üzrə evə köçən şəxlərin siyahısında ev sahibi Şovqatov A.İ, qardaşı Şavqatov A.İ, qardaşı arvadı Cavabdeh1F, qardaşı qızları Şavqatova İ.A, Şavqatova V.A göstərilmişdir.
Məhkəmə baxışının hədləri:
13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Konstitusiyasının:
-13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
15. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:
-51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; -54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; -60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. -87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
16. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
17. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir.
18. Belə ki, iş materialları ilə müəyyən olunur ki, 47-ci məhəllədə yerləşən 8 nömrəli evin 39,6 kv.m sahəsi olan 3 otaqlı evə dair İddiaçı Azərbaycan Respublikası Sumqayıt şəhər icra hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən 17 mart 1995-ci il tarixli, 9/34 nömrəli order verilmişdir. Həmin orderdə sahəyə ixtiyarı olub order üzrə evə köçən şəxlərin siyahısında ev sahibi Şovqatov A.İ, qardaşı Şavqatov A.İ, qardaşı arvadı Cavabdeh1F, qardaşı qızları Şavqatova İ.A, Şavqatova V.A göstərilmişdir. Sözügedən mənzildə İddiaçı, Cavabdeh3, X12, X10, Cavabdeh1, Cavabdeh2, X8, Şövqətova Yeganə Arif qızı qeydiyyatdadırlar. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı , Cavabdeh1, Cavabdeh2, X1 mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, qarşılıqlı iddia üzrə iddiaçılar ilkin iddia üzrə cavabdehlər isə həmin mənzilə köçürülmələrinə dair məhkəmədə iddia qaldırmışlar.
Məhkəmə ilkin iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir:
19. Məhkəmə cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması (mövcud olubolmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüquqa xitam verilməsindən söhbət gedə bilməz.
20. İşin hallarından göründüyü kimi Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 8 nömrəli evə dair İddiaçı adına 17 mart 1995-ci il tarixli order verilmişdir. Həmin orderdə cavabdehlərin də adlarının qeyd olunduğunu heç bir tərəf istisna etmir. Ona görə də məhkəmə hesab ki, mübahisəli mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin elə həmin tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır. Bu səbəbdən həmin münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir.
21. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı və onun ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
22. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
23. Mübahisənin həlli, yəni cavabdehlərin mübahisəli mənzildən olan istifadə hüququnun itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onun bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir.
24. Belə ki, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt icarəçi və ya qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir.
25. İlkin iddia üzrə iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 mübahisəli mənzildə yaşamadıqları üçün istifadə hüquqlarının itirilməsini mübahisələndirir və bunun sübutu kimi həmin şəxslərin qeyd olunan ünvanda yaşamamasını təsdiq edən 20 saylı MKS-nin sahə ustasının arayışlarına istinad edir.
26. Cavabdehərin qeyd olunan mənzildə yaşamamaqları onların məhkəmə iclasında verdikləri izahatları ilə də təsdiq olunur. Belə ki, məhkəmə iclasında Cavabdeh1 ümumiyyətlə həmin evdə yaşamadıqlarını bildirmişdir. Lakin o, iddiaçı və onun arvadı tərəfindən mənzilə buraxılmamaları səbəbindən həmin mənzildə yaşamadıqlarını bildirmişlər.
27. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən ilkin və qarşılıqlı iddialar üzrə tələblər bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
28. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.
29. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282)
30. Qarşılıqlı iddiaçılar iddiaçı və onun arvadı tərəfindən mənzilə buraxılmadıqlarını qeyd etsələr də, bu halları təsdiq edən hər hansı sübutu məkəməyə təqdim etməmişlər. Məhkəmə işin hallarına istinadən xüsusilə qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia tələbi üzrə cavabdehlərin mənzilə köçürülmə tələbi bilavasitə onlara qarşı iddiaçının hazırki iddianı qaldırması ilə bağlı olmuşdur. Başqa sözlə, hazırki iddia qaldırılmadığı təqdirdə mövcud vəziyyət davam edəcək idi, yəni cavabdehlər mənzilə köçürülmə tələbini irəli sürmədən başqa ünvanda yaşamaqda davam edəcək idilər.
31. Onlar mənzilə köçürmələrini xahiş etsələr bununla bağlı bu vaxta qədər iddia qaldırmamış və ya mənzildən istifadəyə maneə törədilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdirlər. Bu isə, cavabdehlərin müvəqqəti deyil, məhz daimi əsaslarla mübahisəli mənzildən köçməsi faktını təsdiq edir.
32. Qarşılıqlı iddiaçılar yaşayış yerlərinin olmamasına, zirzəmidə yaşamalarına istinad etsələr də bunu təsdiq edəcək sübutu da məhkəməyə təqdim etməmişlər. Məhkəməyə təqdim etdikləri 147 saylı, 04 oktyabr 2023-cü il tarixli müqavilə isə Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə Cavabdeh2 arasında bağlanmış 40 kv.metr qeyri-yaşayış sahəsi olan zirzəmi-anbarın istismarı ilə bağlı müqavilə olmaqla, cavabdehlərin orada yaşamasının sübutu kimi qəbul edilə bilməz. Belə ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi cavabdehlərin orada yaşamasını sübut etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni zamanda məhz həmin müqavilənin şərti olaraq yaşayış üçün istifadə edilməsinin, daxili və xarici yük götürən divarlarında rekonstruksiya işlərinin aparılmasının qadağan edildiyi qeyd edilmişdir.
33. Belə olan halda məhkəmə qeyd edir ki, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələbləri baxımından ilkin iddia tələbi üzrə cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının yaranmasına baxmayaraq həmin hüquqdan istifadə etməmələri ilə əlaqədar bu hüququ itirmişlər.
34. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək hesab edir ki, bu tələbə ilkin iddianın təmin edilib-edilməməsindən asılı olaraq qiymət verilməlidir.
35. Məhkəmə qeyd edir ki, həm qarşılıqlı iddiaçılar Cavabdeh1, Cavabdeh2, X5 mübahisəli mənzilə münasibətdə istifadə hüquqununun itirilmiş hesab edilməsi nəticəsinə gəlindiyi üçün, həm də məhkəmə tərəfindən qarşılıqlı iddia üzrə ididaçıların bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmaması müəyyən edildiyindən onların qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi əsaslı sayıla bilməz.
36. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, ilkin iddia təmin edilməklə ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 8 saylı evin 9 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməli, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir.
Nəticə:
37. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 8 saylı evin 9 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia üzrə İddiaçı qarşı “mənzilə köçürülmə” tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva