Məhkəmə qərarları › İş №2(060)-1479/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1479/2024

02.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1479/2024 02.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İmişli rayonunun Telişli kəndində yaşayır. Onun üç övladı olmuşdur. X2 ailədə onun ikinci övladı olmuşdur. Oğlu İbrahim Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olarkən 2016-cı ildə aprel döyüşlərinin iştirakçısı olmuş, 2016-cı ildə hərbi xidmətini başa vurub yaşadıqları İmişli rayonunun Telişli kəndinə gəlmişdir. Oğlu hərbi xidmət müddətini başa vurduqdan sonra Beyləqan rayonunda hərbi polisdə işləmiş, xidmət müddətini başa vurduqdan sonra işləmək üçün Bakı şəhərinə getmişdir. Oğlu İbrahim evli olmuş, himayəsində bir azyaşlı uşağı var idi. Oğlu İbrahim Bakı şəhərində işlədiyi bazara işləmək üçün gedərkən 13 noyabr 2022-ci il tarixdə saat 02 radələrində onu X6 idarə etdiyi avtomobillə vurmuş, oğlu İbrahim aldığı baş-beyin zədələnməsindən Neyrocərrahiyə xəstənasında ölmüşdür. Oğlu İbrahimin ölümü ilə əlaqədar olan cinayət işi baxılması üçün Bakı Şəhər Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Xəstəxanada Zaurun valideynləri müalicəyə köməklik göstərmişdilər. Oğlu İbrahimin ölümündən sonra Zaurun valideynləri və yaxın qohumları yas mərasimində iştirak etsələr də, yas məsrəflərinin qarşılanmasında lazımi köməklik göstərmədilər, ona görə də iddiaçı məhkəməyə hüquqi varis kimi barışıq ərizəsi vermirdi. Bundan sonra, 16 iyun 2023-cü il tarixdə Zaur Abdullayevin atası Cavabdeh, onun yaxın qohumlarından X1, iddiaçının əri Rüstəmin tələbə yoldaşı X3 iştirakı ilə Yaşar oğlu Zaurun vəkilinin sözləri ilə iddiaçıya qəbz yazıb verdi ki, 4000 manat iddiaçıdan borc pul almış və həmin pulu 2023-cü ilin dekabr ayına kimi qaytarmağı öz öhdəsinə götürdü. Razılaşmaları ondan ibarət idi ki, Yaşar iddiaçıya 4000 manat pul verəcək və iddiaçı oğlu İbrahimin yas mərasiminin ilini yola verəcək və qəbirüstü abidəni götürəcək. Bundan sonra, iddiaçı məhkəməyə Cavabdeh oğlu Zaur Abdullayev tərəfindən ona vurulmuş ziyanın ödəməsini və onunla barışmağı barədə ərizə yazıb verdi. Lakin Cavabdeh verdiyi vədə əməl etmədi, 2023-cü ilin dekabr ayına kimi dəfələrlə ona zəng etdi, oğlunu İbrahimin yasının ilinə kimi qəbirüstü abidənin götürülməsini, öhdəsində qalan azyaşlı uşağının ehtiyaclarını qarşılanmasını, həmçinin yas mərasiminin hazırlığı üçün işlər görəcəyini bildirsə də, Yaşar hər dəfə bir bəhanə gətirdi, oğlu İbrahimin yas mərasiminin ilində nə özü, nə də ailə üzvlərindən heç kim iştirak etmədi. 2024-cü ilin yanvar ayının əvvəlində iddiaçı yenə də ona zəng etdi. Yaşar iddiaçıya dedi ki, pis günə qalmışdır, heç bir imkanı yoxdur, iddiaçıya dediyi pulu verməyəcək. Göstərilənlərə əsasən Cavabdeh 4000 manat pulun və ödənilmiş 60 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Sonuncu iclasla bağlı İddiaçı məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, oğlu iddiaçının oğlunu avtomobillə vurmuşdur. Həmin vaxt iddiaçının oğlu içkili olmuşdur. Oğlu iddiaçının oğlunu xəstəxanaya aparmışdır. O, gecə saatlarında əməliyyat edilmişdir. Onlar səhər tezdən xəstəxanaya getmişlər. Həkimin otağına daxil olmuşlar, hər şey qaydasında idi, lakin iddiaçının oğlu komada idi. İddiaçı bir neçə dəfə gəlib xəstəxanada mübahisə yaratdı. 2 ay müddətində həyat yoldaşı ilə o, iddiaçının oğluna qulluq etmişlər. İddiaçı tərəfdən Hacısurxay adlı ailə böyüyü gəldi. Ona vəziyyəti izah etdi. İddiaçının oğlunun bütün xərclərini qarşılamışdır. Hətta xərcləri qarşılaya bilmək üçün həyətini də satmışdır. Dekabr ayının 30-u iddiaçının oğlu İbrahimin vəfat etdiyini ona bildirmişlər. İbrahimin nəşini götürüb iddiaçının yaşadığı kəndə getmişdir. İbrahimi özü dəfn etmiş və iddiaçının kəndinə qayıtmışlar. Bundan sonra pul məsələsi açıldı. O, xeyli məbləğdə xərcinin çıxdığını və məsələni necə həll edə biləcəyini soruşdu. Hacısurxay adlı ailə böyüyü onu bağışladığını bildirdi. İddiaçının oğlu İbrahimin vəfat etməsinin 3-cü günü idi. Hüzür yerində olan zaman yenidən puldan söhbət açıldı. İddiaçının körpə uşağı olduğu üçün iddiaçıya “süd pulu” verməyini bildirdilər. O, tələb edilən pulu verdi. Bundan sonra ona heç bir şikayətləri olmadığını bildirdilər. 1000 manat iddiaçının oğlunun üç mərasimində, 5000 manat yeddi mərasimində və 5000 manat isə qırx mərasimində iddiaçıya vermişdir. Yoldaşı pulu aparıb iddiaçının körpə uşağının yastığının altına qoymuş, bu isə iddiaçıya pis təsir etdiyi üçün aralarında kiçik mübahisə yaranmışdır. Bundan sonra, iddiaçı yenidən ondan 10.000 manat tələb etdi. O, pulu olmadığını, həyətini satdığını, hətta bankdan borc götürdüyünü də bildirdi. Nizami Rayon Məhkəməsində olan zaman iddiaçı ona 10.000 manat verəcəyi təqdirdə məhkəmədə iştirak edəcəyini dedi. O, isə pulunun olmadığını bildirdi. Həmin vaxt məhkəmənin qarşısında o, oğlunun vəkili və iddiaçı var idi. Bundan sonra məbləği 9000 manata, daha sonra isə 8000 manata endirdi. Son olaraq iddiaçı 5000 manat verilməsə, məhkəməyə daxil olmayacağını bildirdi. İddiaçı məcbur etdiyi üçün 5000 manatla razılaşdılar. O, 2000 manat pulla iddiaçının evinə yaxınlaşdı, bu zaman iddiaçı 6000 manat verməli olduğunu bildirdi. Sonuncu dəfə məhkəmə iclası olan zaman 2000 manat pul verəcəyi zaman 4000 manat da verməli olduğunu qeyd etdi. 2000 manat pulu vəkilin şahidliyi ilə iddiaçıya verdi, qalan 4000 manatı da oğlunun vəfatının bir ili tamam olana qədər toplayacağını dedi. O, şəxsən 4000 manat pulu əlyazmaya qeyd etmişdir. Hazırda sözügedən məbləği ödəməyə maddi imkanı yoxdur.

7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları

8. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzdən (iltizam) görünür ki, Cavabdeh İddiaçı 4000 manat məbləğində borc aldığını etiraf edərək, həmin pulu 2023-cü ilin dekabr ayına qədər qaytaracağını öhdəsinə götürmüşdür.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iş materiallarında olan əlyazma qəbzdən göründüyü kimi tərəflər arasında borc münasibətləri mövcud olmuş, Cavabdeh faktiki olaraq İddiaçı 4000 manat borclu olduğunu etiraf etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

11. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

12. Mülki Məcəllənin 882-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2). Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir (882.4).

13. Nəzərə alınmalıdır ki, mövcud borcun etirafı haqqında müqavilənin bağlanması və həmin tərəflərin müqavilədən irəli gələn hüquq və vəzifələri Mülki Məcəllənin 882-ci maddəsi ilə tənzimlənir. Başqa sözlə belə müqavilədən irəli gələn iddia tələblərinin qanuni əsasını həmin norma təşkil edir.

14. Mülki Məcəllə belə müqavilənin qüvvəsini o halda tanıyır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

15. Bununla yanaşı, Məcəllənin 882.2-ci maddəsi bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadığı halda mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn etirazların irəli sürülməsinə yol vermir. Çünki, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir.

16. Başqa sözlə, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar. Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Odur ki, borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır.

17. Mülki Məcəllənin 882.3 və 881.5-ci maddələrinin mənasına görə mövcud borcun etirafı haqqında müqavilənin o zaman qüvvəsi olmur ki, tərəflər həmin müqavilədən irəli gələn vəzifələrini özlərindən asılı olmayan səbəblərlə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilməsinlər. Belə halların mövcud olduğunu sübut etmək vəzifəsi isə onlara istinad edən tərəfin üzərinə düşür. Qeyd olunan hallardan kənar etiraf edən bu müqavilədən irəli gələn tələblərə başlıca əqddən irəli gələn etirazlar verə bilməz. Bu baxımdan mövcud borcun etirafı haqqında etibarlı müqavilədən irəli gələn mübahisələrə baxan məhkəmə həmin borcun məbləğinin yaranması, müqavilənin bağlanmasından əvvəl baş vermiş hərəkətlər nəticəsində onun məbləğinin artması və ya azalması ilə bağlı müqavilə tərəflərinin sübut və dəlillərini araşdırmaq vəzifəsi daşımır.

18. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən borc müqaviləsi üzrə öhdəliklər vaxtında icra edilmədiyindən və Cavabdeh 4000 manat məbləğində borcun olmasını etiraf etdiyindən, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir.

20. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmalı, Cavabdeh 4000 (dörd min) manat məbləğində pul və ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul və ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar