Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1525/2025 22.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 9500 (doqquz min beş yüz) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabden Cavabdeh və onun övladı X1 xx.xx.2022-ci il tarixli etibarnamə əsasında Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 200 kv/m həyatyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 1 otaqlı evi və yarımtikilini 9500 (doqquz min beş yüz) manata satmışdır. Cavabdeh torpaq sahəsini ona satarkən sənədlərinin qaydasında olduğunu bildirmişdir. Lakin sonradan öyrənmişdir ki, sənədlər saxtadır və eyni zamanda ona məlum olmuşdur ki, cavabdeh ona satdığı torpaq sahəsinin bir hissəsini başqa şəxslərə satmışdır. Qeyd edir ki, bununla bağlı polis orqanlarına şikayət etsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, ödədiyi 9500 (doqquz min beş yüz) manat məbləğində pulun cavabdehdən tutularaq ona geriödənilməsinə zərurət vardır. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd ki, o, mübahisəli torpağı cavabdehin oğlundan 9500 manata alıb. Daha sonradan isə o, həmin evi təmir edib. O, 3 ay həmin evdə yaşadıqdan sonra evin sənədinin olmadığını öyrənib. Hazırda isə o, kirayədə yaşayır. Cavabdeh ona qarşı dələduzluq edib. Qeyd edir ki, hadisə 2022-ci ildə olmuşdur. O, cavabdehin oğlu ilə 2 sotun içində ev almağı danışmışdır. Sonradan isə evə gəldikdə evin həyətinin bölündüyünü və evin dağıldığını görmüşdür. Qeyd edir ki, torpağa cavabdehlə gedib baxıblar. Cavabdeh 4.30 sot torpağın 2 sotunu ona verib və 1 sotunda da özünə ev tikib. Həmin torpağın 1 sot yarımı da kiməsə satılıb və həmin şəxs məlum deyil. Onu da məhkəmənin nəzərinə çatdırır ki, o, Əmlak Xidmətindən çıxarış almayıb. Lakin çıxarış almaq üçün müraciət etmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia iddia tələbinə dair izahat verərərk bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı ilə aralarada razılaşma olub. O, qarşı tərəfə 2 sot torpaq satıb və bu satış da notariusda rəsmiləşdirilib. Qeyd edir ki, torpaq ümumilikdə 4,5 sot idi. Qarşı tərəflə aralarında sonradan heç bir narazılıq olmamışdır. O, öz torpağına vaxtında çıxarış almışdır. Onun hazırkı məsələdə heç bir günahı yoxdur. İddiaçı özü sənədini vaxtında almayıb. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, NK-1/1281 saylı yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir. 7.İşdə olan AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh Abşeron rayonu, Qonbu qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.045 ha olan torpaq sahəsinin 200 kv.m hissəsini 9500 manata almışdır. 8.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Respublika ərazisində mövcud olan arxiv materiallarına əsasən İddiaçı adına Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh Abşeron rayonu, Qonbu qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 200 kv.m olan torpaq sahəsini 9500 manata almışdır. Hazırda iddiaçı həmin müqavilə üzrə ödədiyi 9500 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Məhkəmə ilk növbədə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
11. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
12. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.
13. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.
14. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir.
15. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı cavabdeh tərəfindən aldadıldığını bildirərək tərəflər arasında bağlanmış AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödədiyi pul məbləğinin geri qaytarılmasını xahiş etsə də, həmin müqaviləni bu və ya digər qaydada mübahisələndirməmişdir.
16. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi qüvvədə olduğu təqdirdə həmin müqavilə üzrə ödənilmiş pul məbləğinin qaytarılması barədə hazırkı iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur.
17. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı sözügedən müqavilə bağlanılarkən aldadıldığını bildirsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bu hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
18. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 19.Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.
20. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.
21. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin edilməməlidir. 22.Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. 23.Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi: 24.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva