Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1708/2023 02.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X18 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 uşaqları 2006-cı il təvəllüdlü X11 və 2011-ci il təvəllüdlü X22 oğlu ilə birlikdə, həmçinin Cavabdeh3 Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 2, 46 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1977-ci il tarixli, 04/2330 nömrəli order əsasında Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 2, 46 saylı mənzil iddiaçıya məxsusdur. Cavabdehlərdən Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 gəlini, Cavabdeh3 isə qızıdır. Cavabdehlər uzun müddətdir iddiaçı ilə yaşamırlar. Belə ki, cavabdehlərdən Cavabdeh1 ünvan 1 ünvanında özünə məxsus fərdi yaşayış evi inşa etmiş və həmin ünvanda da yaşayır. Fərdi yaşayış evi yüksək səviyyədə inşa edilmiş və bütün kommunal xidmət sahələri ilə təchiz edilmişdir. X20 Bələdiyəsində vergi ödəyicisidir. Cavabdehlər mənzilə dair heç bir hüquq, vəzifə yerinə yetirmirlər. Mənzildə onlara dair heç bir əmlak mövcud deyildir, əksinə oğlunun ayrıca evi olmasına baxmayaraq, iddiaçının da öz evində rahat yaşamağına imkan vermir. Qızı isə 10 ildən çoxdur ailə həyatı qurub və daimi yaşamaq üçün həyat yoldaşının Bakı şəhərində yerləşən mənzilinə köçüb. Mənzil ilə onun heç bir əlaqəsi yoxdur. Ona görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi, Vəkil1 məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, Sumqayıt Bələdiyyəsinin məktubu ilə Cavabdeh1 məxsus fərdi ev mövcuddur və o, həmin evdə yaşayır. Qonşular tərəfindən tərtib edilmiş akt da onun və ailə üzvlərinin mübahisəli mənzildə yaşamırlar. Cavabdehlər iddiaçını mənzildən məhrum etmək üçün hüquqlarından sui-istifadə edirlər. Cavabdeh3 isə mənzillə ümumiyyətlə əlaqəsi yoxdur. O, ailə qurmuş və ailəsi ilə birlikdə yaşayır. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, o həyat yoldaşı Cavabdeh2 və uşaqları birlikdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai, ev 2, 46 saylı mənzildə yaşayır. Onların həmin mənzillə bağlı mənmzilə istifadə hüququnun tanınması tələbi ilə bağlı Ali Məhkəməyə qədər gedən mülki işləri olub. Həmin işin hallarından da müəyyən edilib ki, onlar həqiqətən də mübahisəli mənzildə yaşayırlar. ünvan 1 ünvanında fərdi yaşayış evində isə qaynı öz ailəsi ilə yaşayır. Həmin evlə onların heç bir bağlılıqları yoxdur və orada onlara aid heç bir əşya yoxdur. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, o 2005-ci ildən bəri Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai, ev 2-də, yerləşən 46 saylı mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Sadəcə olaraq iddiaçının digər oğlu onun yaşlı olmasından istifadə edərək ona təsir göstərir. ünvan 1 ünvanındakı fərdi yaşayış evində qardaşı yaşayır. Həmin evin onlara heç bir aidiyyəti yoxdur. Məhkəməyə təqdim edilmiş videoçəkilişlər də onların həmin evdə yaşadıqlarını təsdiq edir. O, onların mənzildə yaşamadıqları barədə tərtib edilmiş akta imza edən qonşularla görüşmüş və qonşular ona bildiriblər ki, iddiaçının xahişi ilə həmin akta imza ediblər. Cavabdeh3 həmin mənzildə yaşamır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil2 məhkəmə iclasında bildirdi ki, iddia əsassızdır. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırda Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai, ev 2 ünvanında yerləşən 46 saylı mənzildə yaşayırlar və əşyaları həmin mənzildə yerləşir. Bunu məhkəməyə təqdim edilən video-diskdəki görüntülər təsdiq edir. Qaz və işıq kartı Cavabdeh2dır və kommunal xərcləri özü mütəmadi olaraq kart vasitəsi ilə ödəyir. Bunu təsdiq edən müvafiq qəbzləri və sübutları məhkəməyə təqdim etmişlər. Əlavə olaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6592/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai, ev 2 ünvanında yerləşən 46 saylı mənzilə istifadə hüququ tanınıb. Digər bir mülki işlə bağlı Ali Məhkəmənin qərarı var, hansı ki, o da məhkəməyə təqdim edilmişdir. Cavabdeh1 və Cavabdeh2 sözügedən mənzildə yaşaması həmin qərarda da öz əksini tapmışdır. Qeyd edilənlərə əsasən cavabdehlərin vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 56186225 nömrəli arayışına əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1951-ci ildə, Abşeron rayonu, Şurabad kəndində anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdehlərdən Cavabdeh3 xx.xx.1982-ci ildə, Cavabdeh1 xx.xx.1973-cü ildə, Cavabdeh2 isə xx.xx.1983-cü ildə anadan olmuşlar və onlar ünvan 3 ünvanında (bundan sonra – mübahisəli mənzil) qeydiyyatdadırlar. Mənzildə həmçinin xx.xx.2006-cı il təvəllüdlü Gülnaz Hüseynli, xx.xx.2011-ci il təvəllüdlü Rəsul Hüseynli də qeydiyyatdadır. Sumqayıt şəhər zəhmətkeş deputatları soveti icraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin xx.xx.1977-ci il tarixli, 04/2330 nömrəli orderinə əsasən mübahisəli mənzil iddiaçıya verilmişdir. Orderdə iddiaçının ailə üzvləri kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 göstərilmişdir. 21 saylı Mənzil-Kommunal Sahəsinin 257 saylı, xx.xx.2023-cü il tarixli arayışına əsasən mübahisəli mənzildə iddiaçı 9 nəfərdən ibarət ailə üzvləri ilə qeydiyyatdadır. 21 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş və ünvan 4 ünvanında yaşayan X4, ünvan 5 ünvanında yaşayan X13, ünvan 6anında yaşayan X5 tərəfindən tərtib edilərək imzalanmış aktda göstərilmişdir ki, cavabdehlər mübahisəli mənzildə yaşamırlar. Sumqayıt şəhəri X9 vəkil sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubda bildirmişdir ki, Cavabdeh1 Ağoğlan Rzayev küçəsi, ev 9 A ünvanında ona məxsus sənədsiz, faktiki istifadəsində olan 300 kvadrat metr torpaq sahəsi və 80 kvadrat metr fərdi yaşayış evi mövcuddur. Cavabdeh1 2021-ci ildə X2 torpaq və əmlak vergisi ödəyicisi kimi qeydiyyata alınmışdır. Sumqayıt şəhər Qeydiyyat Şöbəsi məhkəmə sorğusuna cavab olaraq xx.xx.2023cü il tarixli məktubda bildirmişdir ki, “ Vətəndaşlıq Vəziyyəti aktları” X1 Sistemində vətəndaş Cavabdeh3 ilə X7 birgə nikah aktı xx.xx.2013-cü ildə 2186 saylı akt qeydi ilə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Cavabdehin nümayəndəsinə ünvanlanmış Sumqayıt şəhər X3 xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Cavabdeh1 adına Sumqayıt şəhər X9 tərəfindən torpaq sahəsinin ayrılması barədə rəsmi qərarı mövcud deyildir. Lakin qəsəbənin Ağoğlan Rzayev küçəsi, ev 9 A ünvanında ona məxsus sənədsiz, faktiki ifadəsində olan 300 kvadrat metr torpaq sahəsi və 80 kvadrat metr fərdi yaşayış evi mövcuddur. Cavabdeh1 2021-ci ildə X2 torpaq və əmlak vergisi ödəyicisi kimi qeydiyyata alınmışdır. İddiaçının adına Sumqayıt şəhər X2 hər hansı bir sənədli və sənədsiz torpaq sahəsi və ya əmlak qeydiyyata alınmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6592/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 cavabdehlər İddiaçı, X14 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququ tanınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2275/2021 saylı qətnaməsinə əsasən iddiaçı X6 cavabdehlər İddiaçı, Cavabdeh1 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun tanınmaqla köçürülməsinə dair iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3726/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2275/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək bildirmişdir ki, cavabdeh Mədinə onun bacısı, Elçin isə bacısının həyat yoldaşıdır. Cavabdehlər hazırda mübahisəli mənzildə yaşayırlar. Fərdi yaşayış evini onunla qardaşı almışlar. Onlar Xızı rayonunda qeydiyyatda olduqlarından sənədləşmənin problemsiz baş tutması üçün kommunalları Cavabdeh1 adına keçiriblər. Torpaq sahəsini alarkən orada yarımtikili kimi bir şey vardı. Əsaslı tikinti işlərini o həyata keçirib. Bacısı və həyat yoldaşı Cavabdeh1 mübahisəli mənzildə yaşayırlar. Onlar sadəcə A.Rzayev küçəsindəki fərdi yaşayış evinə nəzarət etmək üçün bəzən gəlib gedirlər. Çünki o və qardaşı Xızıda yaşayırlar və evə daim nəzarət edə bilmirlər. Həmin sahəni Elvin adlı şəxsdən 30000 manata alıb. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadə verərək bildirmişdir ki, cavabdeh Elçinlə ailəvi dostluqları var. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uşaqları ilə birlikdə mübahisəli mənzildə yaşayırlar. O, səhər Cavabdeh1 uşaqlarını öz uşaqları ilə birlikdə avtomobili ilə məktəbə aparır. A.Rzayev küçəsindəki evi Yarbala alıb. Yarbala özü rayonda yaşayır. O, həmin evi Elvin adlı şəxsdən alıb. Yarbala evi Elvindən alan vaxt orada ev hazır idi. Elvin özü də həmin evdə yaşayıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi mübahisəli mənzil order əsasında xx.xx.1977-ci il tarixində iddiaçıya ailə üzvləri ilə birlikdə verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçının ailə üzvləri kimi mübahisəli mənzildə yaşamışlar. Cavabdeh2 isə Cavabdeh1la xx.xx.2005-ci ildə nikaha daxil olaraq mübahisəli mənzildə yaşamağa başlamışdır. Mübahisəli mənzil özəlləşdirilməmişdir. Bu səbəbdən hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olmuş və icarə hüquq münasibətlərini tənzimləyən Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin Mənzil Məcəlləsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir (51). İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (53). Göründüyü kimi cavabdehlər iddiaçının ailə üzvü olmaqla mübahisəli mənzildən istifadə hüququ əldə etmişlər. Hazırda iddiaçı həmin hüquqa xitam verilməsini tələb edir. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır (60). İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir (87). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. İddiaçı cavabdehlərin mübahisəli mənzildə yaşamadıqlarına, onların başqa yaşayış yerlərinin olmasına və mübahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyaclarının aradan qalxmasına əsaslanaraq, onların mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş edir. O, öz tələbinin əsası kimi Cavabdeh1 adına fərdi yaşayış evinin olmasına əsaslanır. Qeyd edilməlidir ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Yalnız Cavabdeh1 vergi ödəyicisi kimi həmin torpaq sahəsi və ev üzrə bələdiyyədə qeydə alınmışdır. Bu hal isə həmin ünvanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış yeri olması qənaətinə gəlməyə imkan vermir. İş üzrə məhkəmə iclasında ifadə verən şahidlər öz ifadələrində cavabdehlər ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh2 qardaşı Yarbala Zeynalova məxsus olduğunu, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin ünvanda deyil, mübahisəli mənzildə daimi yaşadıqlarını, həmin fərdi evə isə bəzən nəzarət etmək üçün gedibgəldiklərini bildirmişlər. Eyni zamanda cavabdehlərin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş videodiskdə olan video materialdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sərbəst şəkildə mübahisəli mənzilin qapısını açaraq mənzilə daxil olurlar. Mübahisəli mənzildə onlara məxsus otağın və məişət əşyalarının olduğu həmin videomaterialdan aydın olur. Qeyd edilənlər isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildə yaşadıqlarını təsdiq edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan uşaqlarının mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsi hissəsində təmin edilə bilməz. İddia tələbinin Cavabdeh3 yönəlmiş hissəsinə gəldikdə isə qeyd edilməlidir ki, Cavabdeh3 2013-cü ildə ailə quraraq mübahisəli mənzili tərk etmişdir. O, hazırda mübahisəli mənzildə yaşamır və mənzildə ona aid olan heç bir əmlak yoxdur. Məhkəmə hesab edir ki, Cavabdeh3 mübahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyacı aradan qalxdığı üçün iddia tələbi ona aid hissədə təmin edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 Sumqayıt şhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 2-də yerləşən, 46 saylı mənzilə istifadə hüququ itirilmiş hesab olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1708/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1708/2023
02.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver