Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1736/2021 23.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, “İsuzu Ecobus markalı, 50 AE-076 dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 360 (üç yüz altmış) manat sığorta ödənişini və məhkəmənin hesabına köçürülmüş 20 (iyirmi) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq “xxxx” ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Ford Tranzit” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil X4 tərəfindən “xxxx” ASC-də AA 919444 nömrəli şəhadətnamə ilə 19.10.2012-ci il tarixdən 18.10.2013-cü il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh idarə etdiyi “Ford Tranzit” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilə 05.08.2013-cü il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsi ilə hərəkət edərkən yol nəqliyyat hadisəsi törədərək “İsuzu Ecobus” markalı, ** AE *** markalı avtomobillə toqquşaraq, həmin avtomobilə maddi ziyan vurmuşdur. Cavabdeh hadisə baş verəndən sonra hadisə yerini tərk etmişdir. Hadisə ilə bağlı Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən araşdırma aparılmış, cavabdehin barəsində AR İXM-nin 151.1 və 115.2-ci maddələri ilə inzibati xəta haqqında AYP 943742 nömrəli protokol tərtib edilmişdir. “xxxx” ASC tərəfindən “İsuzu Ecobus” markalı, ** EA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulmuş ziyan 360 manat məbləğində müəyyən edilərək, həmin məbləğdə sığorta ödənişi avtomobilin sahibinə ödənilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına, avtomobilə vurulmuş zərərə görə sığorta həcmində, 360 manat məbləğində ödəniş edildiyinə görə “xxxx” ASC-nin cavabdehdən həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranır. Odur ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, ünvan düzgün olmadığına görə poçt müəssisəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27.12.2013-cü il tarixli “Sığorta aktı”nın surətindən görünür ki, “xxxx” ASC tərəfindən 4421/CML-4322/2013 saylı işə dair sığorta aktına əsasən 27.12.2013-cü il tarixli ödəniş tapşırığı ilə “xxxx” MMC-yə 360 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən tərtib olunmuş 10 dekabr 2013-cü il tarixli “dəymiş zərərin hesabat”ın surətindən görünür ki, “İsuzu Ecobus” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər: arxa stop-60 manat, arxa bufer-150 manat, rəngsaz işi-80 manat, çilingər işi-40 manat, elektrik işi-30 manat, yekun məbləğ- 360 manat təşkil edir. İşə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin İcbari Sığorta şəhadətnaməsi”nin surətindən müəyyən edilir ki, X5 mülkiyyətində olan “Ford Transit” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilini 19.10.2012-ci il tarixdən 18.10.2013-cü il tarixə qədər sığorta etdirmişdir. İş materiallarında olan AD seriyalı 927364 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Transit” mikroavtobus markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. İş materiallarında olan 05.04.2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, X5 mülkiyyətində olan “Ford Transit” mikroavtobus markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomaşını 1 il müddətə, yəni 05.04.2014-cü il tarixədək baş etibarnamə əsasında Cavabdeh etibar etmişdir. İş materiallarında olan AB seriyalı № 768026 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “İsuzu Ecobus” avtobus markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi “xxxx” MMC-dir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi İnzibati xəta haqqında AYP № 943742 saylı, 17.08.2013-cü il tarixli Protokolun surətindən görünür ki, Cavabdeh idarə etdiyi “Ford Transit” markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobillə 17.08.2013-ci il tarixdə saat 12:30 radələrində hərəkətdə olarkən qarşıdakı avtomaşınla düzgün ara məsafəsi saxlamayaraq qarşıdakı avtomaşınla toqquşaraq hadisə yerini tərk etmişdir. Qeyd olunan protokol üzrə qəbul olunmuş qərardan görünür ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1 və 151.3-cü maddələri təqsirli bilinərək, 80 manat cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 02.11.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 20, mənzil 36-da qeydiyyatdadır. Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, “Subroqasiya hüququ Mülki Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, “Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçı subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.” Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məssuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət (nəqliyyat vasitələrindən, mexanizmlərdən və ya istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusunu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və ya) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.3-cü maddəsinə görə yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri ( nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzini ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 360 (üç yüz altmış) manat məbləğində sığorta ödənişinin əvəzi və 20 (iyirmi) manat 40 (qırx) qəpik dövlət rüsumu iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 360 (üç yüz altmış) manat məbləğində sığorta ödənişinin əvəzi və 20 (iyirmi) manat 40 (qırx) qəpik dövlət rüsumu iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1736/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1736/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver