Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1774/2025 10.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3400 (üç min dörd yüz) manat məbləğində pulun və ödənilmiş 54 manat dövlət rüsumunun ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh etibarından sui istifadə edərək, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən X1 kredit ilə adına rəsmiləşdirilmiş İphone 14 markalı mobil telefonun dəyəri olan 3.596 (üç min beş yüz doxsan altı) manat məbləğində pulu X3 ödəməli olduğu halda ödəməmiş, tələb olunan məbləğ isə tərəfindən ödənilmiş, nəticədə ona ümumilikdə 3.596 (üç min beş yüz doxsan altı) manat miqdarında maddi zərər vurmuşdur. Bununla əlaqdar olaraq Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə etdiyi şikayət əsasında Cavabdeh, bölmədə izahat verərək, qeyd edilən xüsusatları etiraf edərək, tələb olunan məbləği hazırda ödəyə bilmədiyini, lakin 5 ay ərzində ödəyəcəyini bildirmişdir. Bu səbədən də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə dair izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh tək onu deyil, başqa şəxsləri də aldadıb və pullarını mənimsəyib. O, qarşı tərəfə “İphone 14 pro max” markalı telefon alıb vermişdir. Aralarında olan razılaşmaya əsasən cavabdeh telefonun pulunu təxminən 1 il ərizndə ödəyib bitirməli idi. Cavabdeh cəmi 2-3 ay ödəniş etmiş, lakin sonra ödənişləri dayandırmışdır. O, qızıllarını lombarda qoymuş və telefonun pulunu ödəmişdir. Qızılları isə hamısı lombardda qalmışdır. İddiaçı qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İşdə olan Cavabdeh Sumqayıt ŞPİ-nin 4-cü PB-də verdiyi izahat ərizəsindən görünür ki, Cavabdeh İddiaçı adına X2 kreditlə telefon aldığını, 900 manat ödəniş etdiyini, 3400 manat borcu qaldığını və həmin pulu 5 ay ərzində ödəyəcəyini bildirmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı X1 müqavilə bağlamaqla cavabdeh üçün telefon almış, telefonu cavabdehin sahibliyinə vermişdir. Cavabdeh telefonu qəbul etsə də, onun dəyərini iddiaçıya ödəməmişdir. Cavabdeh bu halı Sumqayıt ŞPİ-nin 4cü PB-də verdiyi izahatında da etiraf etmişdir. Hazırda iddiaçı həmin məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092-ci maddəsinə əsasən varlanmış şəxsəldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
9. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 10.Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). 11.Beləliklə məhkəmə hesab edir ki, cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. İddiaçı isə iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. 12.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 13.Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. 14.MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 15.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 3400 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
16. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 54 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir.
17. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
18. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3400 (üç min dörd yüz) manat borc və 54 (əlli dörd) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva