Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1776/2023 21.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2, Cavabdeh “X9” MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil Boris oğlunun iştirakı ilə İddiaçı cavabdeh “X9” MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “X9” MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «X9» MMC tərəfindən İddiaçı dəyən 750 (yeddi yüz əlli) manat maddi zərərin, 1500 (min beş yüz) manat mənəvi zərərin, 42,5 (qırx iki manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun, cəmi 2292,5 (iki min iki yüz doxsan iki manat əlli qəpik) manat pulun alınıb İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 31 may 2022-ci il tarixdə həkim X1 əvvəlcədən təyin etdiyi, tsiklin 12-ci günündə ünvan 1 ünvanında yerləşən «X9» də Ultrasəs müayinə otağında həkim qəbulunda olmuş və Transvaginal müayinə olunmuşdur. 3 ədəd adenomatoz polip müəyyən edilmiş və USM cavabı, poliplərin yerləşmə yerlərinin şəkilləri çəkilərək rəsmi qaydada ona verilmişdir. Cavabdeh «X9»nin verdiyi nəticə ilə bir neçə ginekoloq həkimin qəbulunda olmuşdur. Onlar ona adenomatoz polipin ən riskli və ən tez onkoloji xəstəliyə çevrilmə ehtimalı olduğunu bildirmişlər. Bundan sonra sağlamlığını itirəcək dərəcədə stres, əsəb, mənəvi iztirab keçirmişdir. Ana ola bilməyəcəyini və həyatının sonu olduğunu düşünmüş, hətta onkoloji xəstəliyə tutulacağı halda özünü necə öldürəcəyini fikirləşmişdir. İşə getməmiş, sosial şəbəkədə tort hazırlamaq fəaliyyəti ilə əlaqədar səhifəni belə bağlamışdır. Yaxınlarının təkidi ilə əməliyyat olunmaq üçün "xxxx"a müraciət etmişdir. X4 əvvəlcədən təyin etdiyi vaxtda - xx.xx.2022-ci il tarixdə lazım olan bütün analizlərdən keçdikdən sonra anesteziya altında «Diaqnostik Histereskopiya» əməliyyatı olunmuşdur. Əməliyyat zamanı heç bir polip aşkarlanmamışdır. Bütün bu müayinə və müalicə gedişatında ona aydın olmuşdur ki, həkim M.Mahmudlu əgər polipi düzgün aşkarlasa belə, onun növünü göstərməyə haqlı olmamışdır. Polipin adenomatoz olduğunu yalnız analizlər vasitəsi ilə müəyyən edilməli idi. Hesab edir, cavabdehin səhv diaqnozu və olmayan polip haqqında verdiyi yanlış məlumatlar nəticəsində ona dəymiş maddi və mənəvi ziyan cavabdeh tərəfindən ona ödənilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Müşfiq həkim polip növü, həmçinin onun bədxassəli və ya xoşxassəli olduğunu müəyyən edə bilməzdi. O, Səhiyyə Nazirliyinə müraciət etmiş və nəticədə cavabdehə məsələ ilə bağlı araşdırma aparılması tapşırılmışdır. Lakin heç bir lazımı araşdırma aparılmamış, məsələ ilə bağlı həkimin izahatı ilə tanış olmaq istədikdə buna şərait yaradılmamış, aylarla izahat onlardan gizlədilmişdir. Dəfələrlə müraciət etdikdən sonra izahat ona təqdim edilmişdir. Həkim öz izahatında tamamilə başqa şeylər izah edib, izahat ərizəsində ümumiyyətlə qoyduğu diaqnoz, yəni adenomatoz polip haqqında heç bir söz deməmişdir. Bildirir ki, Müşfiq həkim öz peşəsinə uyğun olmayan hərəkətlər edir. Xəstə ilə həkim arasında olan olan söhbət protokollaşdırılmalıdır, lakin hesab edir ki, həkim qanunun tələblərini pozmuş, həmin söhbəti protokollaşdırmamışdır. Belə ki, söhbət zamanı həkim yoldaşına bir daha ana ola bilməyəcəyini demiş, hətta verdiyi uzi kağızının arxasında poliplərin olduğu yeri çəkməklə qeyd etmişdir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, bu hadisələrdən öncə yoldaşı tort hazırlanması kurslarına yazılmış, ailənin maddi ehtiyaclarını ödəməyə çalışırdı, lakin bu məsələ ilə əlaqədar kursunu yarımçıq qoymuş və uzun müddət depressiyada olmuşdur. Hətta həmin ərəfədə bülletenə də çıxmış, bununla əlaqədar da pul itirmişdir. Lakin onlar iddia tələblərində həmin məbləği qeyd etməyiblər. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “X9” MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil Boris oğlu iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, ekspert rəyi tam aydın deyil. Bəzi məsələlərə tam aydınlıq gətirilməyib. Qeyd edir ki, bəzi ədəbiyyatlarda poliplərin özünə özünə sorula biləcəyi, bəzilərində isə bu halın mümkün olmadığı qeyd edilir. Əslində ekspert verdiyi rəyi əsaslandırılmalıdır, lakin ekspert verdiyi rəyi əsaslandırmamışdır. Bu səbəbdən hesab edir ki, iddia tələbi tamamilə əsassızdır, heç bir hüquqi bazası yoxdur. İddiaçı tərəfin dedikləri ilə bağlı hər hansı mötəbər sübut yoxdur. Radioloq həkim müayinə zamanı nə görürsə qeyd edə bilər, Müşfiq həkim də gördüklərini qeyd edib. İddiaçı Müşfiq həkimin yanından çıxdıqdan sonra onunla məsləhətləşməmiş, başqa ginekoloqun tövsiyəsi ilə əməliyyata girmişdir. Bundan başqa iddiaçı əməliyyatdan sonra da başqa bir xəstəxanada USM müayinədən keçmiş, Rza həkim də iddiaçıda poliplərin olduğunu müəyyən etmişdir. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, keçən il may ayının 31-də xəstəxanaya müraciət etmişdir. Müşfiq həkim radioloq idi, onu həmin tarixə müayinəyə çağırmışdır. İkinci dəfə ana ola bilməyində problem olub-olmayacağını bilmək üçün yoxlanışa getmişdir. Yəni, sadəcə müayinə məqsədli getmişdir. Müşfiq həkim müayinədən sonra ona bir daha ana ola bilməyəcəyimi, olsa belə başa çatdıra bilməyəcəyini demişdir. Halbuki, hazırda ikinci övladına hamilədir. Müşfiq həkim ona möhürlə təsdiqlənmiş uzinin cavabını vermişdir. Onun təqdim etdiyi möhürlü sənəddə qeyd olunan xəstəlik isə öz təsdiqini tapmamışdır. O, baş həkimə müraciət edən zaman öyrənmişdir ki, radioloq qəti şəkildə diaqnoz qoya bilməz, sadəcə belə bir diaqnoz “düşünülür” deyə bilər və ya “?” qoya bilər. Ona 3 ay vaxt verilmişdi, aşkarlanmış poliplərin onkoloji hala çevriləcəyi bildirilmişdi. Həmin dövrlərdə çox stress keçirtmiş, bununla bağlı heç kimə məlumat verməmişdir. Hətta yoldaşına belə deməmişdir. Anasının belə əməliyyata getdiyi gün xəbəri olmuşdur. Çox çətin günlər keçirmişdir, çoxlu çəki itirmişdir. İşdə nahar fasiləsində hər gün ağlamışdır. Ona bir şey olsa övladı necə olacaq deyə düşünmüşdür. Müşfiq həkimi hamı tanıyır, onun belə səhv edəcəyini heç vaxt düşünməmişdir. Maddi və mənəvi olaraq ona çox ziyan dəymişdir. Belə ki, səhhəti ilə əlaqədar uzun müddət işə getməmişdir. 750 manat əməliyyat və analizlərin xərcidir. Başqa xərclər də çəkilmişdir, lakin sübutları olmadığına görə o tələbləri yoxdur. Baş verənlərdən sonra Müşfiq həkimin yanında olduqda isə o, yalnız uzinin xərcini, yəni 25 manat məbləğində pulu ödəməyə razı olduğunu bildirmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan “X9” MMC-nin xx.xx.2022-ci il tarixli ultrasəs müayinəsinin həkimi Müşfiq Mahmudlu tərəfindən təsdiq edilmiş nəticəsindən görünür ki, İddiaçı endometriya 8 mm olub, proliferativ fazaya uyğun strukturludur, ön divarda 6 mm, dib-arxa divarda 4 mm adenomatoz poliplər qeyd olunur. Uşaqlı boynu 36*27 mm, servikal kanal sol-ön divarda boylama şəkildə 8*3 mm diametrində adenomatoz polip qeyd olunur. Sağ yumurtalıq: 37*24 mm, tərkibində 24 mm diametrində dominant follikul qeyd olunur. Sol yumurtalıq: 32*14 mm. İşdə olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü tarixli ödəniş qəbzlərindən görünür ki, "xxxx" MMC-yə ümumilikdə 790 manat pul ödənilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarış epikrizindən görünür ki, İddiaçı xx.xx.2022 tarixdə venadaxili anesteziya altında “Diaqnostik Histereskopiya” ə məliyyatı olunmuşdur. Əməliyyat zamanı uşaqlıq boşluğunda polip izlənilməmişdir”. İşdə olan Loğman-87 Tibbi Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, endometriya 7,2 mm qalınlıqda, fazaya uyğun exo-görünüşə malikdir, strukturunda exo-patologiya izlənmədi. P.S. Ön divarda dibəyaxın 3,7*4,8 mm ölçülü təqribi oval formalı, dəqiq konturlu, CD-da qidalandırıcı damarı olan incə exogen süngərvari bir əlavə izlənilir- endometriyanın polipi olduğu düşünülür. Uşaqlıq boynunun uzunluğu 37,2 mm, strukturu exo-patologiyasızdır. Sağ yumurtalıq ölçüsü 27*21 mm, tərkibində 14,4*10,9 mm ölçülü DF təyin edilir. Sol yumurtalıq ölçüsü 28*19 mm, exostrukturu adi. Arxa Duqlas sərbəstdir. Ətraf toxumalar exo-patologiyasızdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və patoloji X5 Hüquqi Şəxsin 330/KEŞ saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən 1-ci sual üzrə: Radioloji müayinə zamanı uşaqlıq daxilində polip mövcud olduğu halda, polipin növü (xoşxassəli və ya bədxassəli) müəyyən oluna bilinmir. Bu kimi məlumatlar yalnız patoloji obyektdən götürülmüş biopsiya materialının patohistoloji müayinəsi ilə müəyyənləşdirilir. 2ci və 3-cü suallar üzrə poliplərin xarakterinə görə tsiklin günündən asılı olaraq ölçülərində (kiçilib və ya böyüməsi) dəyişikliklər baş verə bilər. Lakin poliplərin öz-özünə tamamilə sorulması tibbi praktikada rast gəlinmir. 4-cü sual üzrə: Uşaqlıq daxilində poliplər mövcud olduğu halda, diaqnostik histeroskopiya zamanı poliplər götürülməli, poliplərin növü və xarakteri patohistoloji müayinə əsasında qiymətləndirilməlidir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1099.1-ci maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı onun vurduğu zərərin əvəzini ödəməlidir. İşçi dedikdə isə əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinin məzmununa əsasən işəgötürənin sözügedən maddə ilə nəzərdə tutulmuş məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlər məcmu şəkildə mövcud olmalıdır: mülki hüquq pozuntusu törədən şəxs hüquqi şəxsin işçisi olmalıdır; hüquqi şəxsin işçisi mülki hüquq pozuntusunu əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı törətməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X3 "xxxx" Mərkəzi MMC-də radioloq həkim vəzifəsində işləyir. Cavabdeh tərəf də bu halı mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı "xxxx" Mərkəzi MMC-yə qarşı iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin işçisi, həkim X3 İddiaçı radioloji müayinə zamanı “adenomatoz polip” diaqnozu qoymuş, İddiaçı həmin polipin xaric edilməsi üçün əməliyyat olunmuş, lakin əməliyyat zamanı onda uşaqlıq boşluğunda polip izlənilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin işçisi, həkim X3 İddiaçı radioloji müayinə zamanı polipin növünü müəyyən etməklə səhvə yol vermişdir. Belə ki, ekspert rəyindən də görünür ki, radioloji müayinə zamanı uşaqlıq daxilində polip mövcud olduğu halda, polipin növü (xoşxassəli və ya bədxassəli) müəyyən oluna bilinmir. Bu kimi məlumatlar yalnız patoloji obyektdən götürülmüş biopsiya materialının patohistoloji müayinəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, rus və türkdilli müstəqil internet informasiya mənbələrində “Polip” haqqında olan məlumatlardan görünür ki, bir sıra ədəbiyyatlarda polipin müalicə nəticəsində sorulduğu qeyd edilsə də, bəzi ədəbiyyatlarda polipin müalicə nəticəsində tamamilə sağalmasının (yoxa çıxmasının) mümkün olmadığı, yalnız ölçüsünün kifayət qədər azala bildiyi (kiçildiyi) qeyd edilmişdir (acıbadem.com.tr, memorial.com.tr, dryusufcan.com, onclinic.ru, meddynasty.ru və s. saytlar). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda cavabdehin işçisi olan həkim radioloji müayinə nəticəsində xəstədə polip olması barədə qeyd etməklə deyil, polipin növünü dəqiq göstərməklə iddiaçıya maddi ziyan dəyməsinə gətirib çıxaran hərəkətlərə yol vermişdir. Belə ki, yuxarıda qeyd edilən mənbələrin hamısında, o cümlədən iş üzrə keçirilmiş tibb ekspertizasının rəyində polipin növünün, xüsusilə onun xoşxassəli və ya bədxassəli olduğunun müəyyən edilməsinin yalnız polipdən götürülmüş nümunə (biopsiya materialı) əsasında müəyyən edilə biləcəyi qeyd edilmişdir. Məhkəmə ekspert rəyinin məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inamın kifayət qədər yüksək olduğunu, o cümlədən ekspert rəyində qeyd edilənlərin əksinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, cavabdehin işçisinin hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Bu səbəbdən iddia tələbi maddi ziyan hissəsində təmin edilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü tarixli ödəniş qəbzlərinə əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə əməliyyat olunması ilə bağlı ümumilikdə 790 manat pul ödənilmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya dəymiş maddi ziyanın əvəzi olaraq 750 manat məbləğində pul cavabdeh “X9” MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər şəxsi qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər)” hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddiaçıya qoyulmuş “adenomatoz polip” diaqnozunun cəmiyyət arasında bədxassəli polip kimi tanınması və tibb sahəsində də xərçəng xəstəliyinin yaranma səbəbləri arasında ən geniş yayılmış bir polip növü olduğunu nərəzə alaraq hesab edir ki, növbəti dəfə ana olmaq istəyən qadın iddiaçının belə bir diaqnoz nəticəsində stres, mənəvi sarsıntı və iztirab keçirməməsi mümkün deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul cavabdeh “X9” MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən (təxminən 80 faiz hissədə) təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 42,5 manat dövlət rüsumunun 34 manat hissəsi cavadehdən tutularaq iddiaçıya ödənilməli, 8,50 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “X9” MMC-dən maddi ziyana görə 750 (yeddi yüz əlli) manat, mənəvi ziyana görə 1000 (bir min) manat olmaqla, ümumilikdə 1750 (bir min yeddi yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun 34 (otuz dörd) manat hissəsi tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-1776/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1776/2023
21.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver