Məhkəmə qərarları › İş №2(060)-1784/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1784/2020

12.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1784/2020 12.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin notariusu Əbülfəz Bünyatova qarşı “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin notariusu Əbülfəz Bünyatova qarşı “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu ildə vəfat etmiş mərhum X2ndan ona miras qalmış Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində 6 kv.m torpaq sahəsində yerləşən kommersiya köşkünün-miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzlü sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2000-ci il tarixli 483 nömrəli sərəncamı ilə X2nın adına Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində komersiya köşkü qoyulması məqsədilə 6 kv.m torpaq sahəsi ayrılmışdır. O, təyinatı üzrə həmin torpaq sahəsində kommersiya köşkü qoydurmuşdur. X2 xx.xx.2009-cu ildə vəfat etmişdir. xx.xx.2019-cu il tarixində o, anasından miras qalmış əmlakın qəbulu üçün AR Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Notariat ofisinin notariusu Əbülfəz Bünyatova ərizə ilə müraciət etmiş, ordan verilən imtina məktubu ilə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. O, miras əmlakını faktiki olaraq qəbul etmişdir. Hazırda həmin torpaq sahəsində yerləşən kommersiya köşkü onun istifadəsində və sahibliyindədir. Lakin qanunun tələbini bilmədiyi üçün vaxtında notariat kontoruna müraciət etməmişdir. Buna görə də hesab edir ki, mirasn qəbul edilmə müddətini ötürməsi üzrlü hesab edilməli və mirasın qəbulu müddəti uzadılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, miras əmlak faktiki olaraq onun tərəfindən qəbul edilmişdir və əmlaka o, sahiblik edir. X4 xx.xx.1996-cı il tarixdə ölmüşdür. Anasının ölmündən sonra miras əmlakın qəbul edilməsi ilə bağlı müraciət etməmişdir. Belə ki, bu barədə müraciət etməli olduğunu bilməmiş, bu səbəbdən müddəti ötürmüşdür. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, İddiaçı onun qardaşıdır, Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində 6 kv.m torpaq sahəsində yerləşən kommersiya köşkü analarına məxsus olmuşdur. Həmin köşk iddiaçının istifadəsi və sahibliyindədir. Köşkə dair heç bir iddiası yoxdur. Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan : Sumqayıt şəhər 1 saylı notariat ofisinin 1169 nömrəli xx xxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı miras açıldığı gündən altı ay keçdikdən mirasın qəbuluna yol verilməməsi əsası ilə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İ-ZJ seriyalı 010403 saylı doğum haqqında şəhadətnamənin Azərbaycan dilinə tərcümə olunmuş notariat təsdiqindən görünür ki, İddiaçı xx xxxxxx 1949-cu ildə anadan olmuş, atası X10, X2dır. AZ-İ seryalı 382497 saylı «Ölüm haqqında Şəhadətnamən»nin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İV-JQ seriyalı 451616 saylı «Ölüm haqqında Şəhadətnamən»nin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1996-cı il tarixdə ölmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1784/2020 saylı, xx.xx.2020-ci il tarixli sorğusuna AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Əİ-nin xx xxxxxxxx 2020-ci il tarixli məktubuna əsasən Sumqayıt şəhəri, 45-ci məhəllə ünvanında yerləşən qeyriyaşayış binası X5 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. İşin araşdırılan hallarından müəyyən olunur ki, miras qoyan X7 öldükdən sonra onun vərəsəsi İddiaçı miras əmlakı qəbul edərək faktiki sahiblik etsə də üzürlü səbəbdən vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməmişdir. Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsinə görə Dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X1 miras qalmış Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən qeyri-yaşayış binasının İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılmalı, miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X1 miras qalmış Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən qeyri-yaşayış binasının İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılsın və miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar