Məhkəmə qərarları › İş №2(060)-1791/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1791/2022

01.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1791/2022 01.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs X2 qarşı bağ sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı bağ sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmiryol stansiyası, 1/105 saylı bağ evində həyat yoldaşı ilə yaşayır. Əvvəllər oğlunun yoldaşı olmuş Cavabdeh dəfələrlə yaşadıqları ünvana gələrək onu və həyat yoldaşını təhqir etmiş, vurmuşdur. Demək olar ki, bu hallar hər gün təkrarlanır. Dəfələrlə 102 zəng xidməti vasitəsilə Daxili İşlər Nazirliyinə zəng etmişdir. Polis əməkdaşları yaxınlaşıb cavabdehi uzaqlaşdırsa da, bu hallar yenidən təkrarlanmışdır. Bu da onun və həyat yoldaşının mənəvi və fiziki sarsılmalarına, zorakılığa məruz qalmalarına səbəb olmuşdur. Qeyd edilən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmiryol stansiyası, 1/105 saylı bağ evində yaşadığını və həmin bağ evinin onun tərəfimdən 2008ci il tarixdə öz vəsaiti hesabına tikildiyini Hacı Zeynalabdin qəsəbə icra nümayəndəliyinin tərtib etdiyi 18 yanvar 2022-ci il tarixli akt da təsdiq edir. Öz vəsaiti hesabına tikdiyi evə daxil olan cavabdehin çıxarılması qeyri-mümkün hala gəlmişdir. Ona görə də məhkəmə qətnaməsi əsasında cavabdehin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmiryol stansiyası, 1/105 saylı bağ evindən çıxarılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh qanunsuz əməllərinin qarşısının alınması və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmiryol stansiyası, 1/105 saylı bağ sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 18.03.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsinə dəyişikliklə müraciət edərək Cavabdeh ona aid əmlaklarla – 1 ədəd divan, 1 ədəd stol, 1 ədəd kreslo, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan və 1 ədəd paltar dolabı (şifoner) ilə birlikdə ona məxsus Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmiryol stansiyası ünvanında yerləşən 1/105 saylı fərdi yaşayış evindən çıxarılması, Cavabdeh ona və həyat yoldaşına qarşı qanunsuz əməllərinə son qoyulması və cavabdehə fərdi yaşayış evindən istifadələrinə maneələrin yaradılmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində siyahıya alınmış əmlaklardan 1 ədəd künc divanını yalnışlıqla 1 ədəd divan və 1 ədəd kreslo şəklində qeyd etdiyindən dəqiqləşmə verərək, iddia ərizəsinin “xahiş edirəm” hissəsində “Cavabdeh ona aid əmlaklarla – 1 ədəd divan, 1 ədəd stol, 1 ədəd kreslo, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan və 1 ədəd paltar dolabı (şifoner) ilə birlikdə” sözlərinin “Cavabdeh ona aid əmlaklarla – 1 ədəd künc divanı, 1 ədəd stol, 1 ədəd “İndesit” markalı soyuducu, 1 ədəd “LG” markalı paltaryuyan maşın və 1 ədəd paltar dolabı ilə birlikdə” kimi oxunmasını xahiş etmişdir. 20.04.2022-ci il tarixdə Cavabdeh tərəfindən məhkəməyə qarşılıqlı iddia ərizəsi daxil olmuşdur, Sumqayıt Şəhər Məhkəməsinin 25.04.2022-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. 27.05.2022-ci il tarixdə Cavabdeh məhkəməyə etirazla müraciət edərək mənzil özbaşına tikili olduğundan İddiaçı hazırki iddia ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığını bildirərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, cavabdeh onun oğlunun keçmiş həyat yoldaşıdır. Mübahisəli evi öz vəsati hesabına 2008-ci il tarixdə tikmiş, həyat yoldaşı ilə birlikdə yaşamağa başlamışdır. Oğlu ailə həyatı qurduqdan sonra ayrı yaşasalar da, özü təsərrüfat işləri ilə əlaqədar olaraq rayona getdiyi zaman həmin evdə oğlu və gəlini yaşamağa başlamışdır. Daha sonra oğlu ilə gəlini arasındakı nikah pozulmuş, lakin gəlninin bəzi əşyaları evində qalmışdır. Cavabdeh tez-tez evə gələrək dava-dalaş salır, onu və həyat yoldaşına qarşı zorakılıq törədir. Bununla bağlı İcra Hakimiyyəti tərəfindən qərar da qəbul edilmişdir. Ona görə də iddia tələbinin təmin olunaraq cavabdehin əşyaları ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmiryol stansiyası, 1/105 saylı bağ evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Cavabdeh etirazda evin özbaşına tikili olmasına əsaslansa da, ev İddiaçı tərəfindən tikilmişdir. İddiaçı kirayədə yaşayan oğlu və gəlninə kömək etmək üçün həmin evdə qalmasına razı olmuş, sonra aralarındakı münasibətlər pozulmuş, onlar evdən çıxmışdır. Cavabdehə qarşı İcra Hakimiyyəti tərəfindən məişət zorakılığına qarşı qərar qəbul olunmuşdur. İddiaçı məhkəməyə müraciət etdikdən sonra ilk dəfə 17.03.2022-ci ildə mübahisə yaranmışdır. Məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim etdiyini bildirərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X4 izahatında bildirdi ki, o, gəlininə öz övladı kimi baxsa da, gəlini tez-tez onların evinə gələrək dava-dalaş salmış, ona və həyat yoldaşı İddiaçı qarşı zorakılıq törətmişdir. Cavabdeh məhkəmə bildirişi göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X1 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən şahid X9 izahatında göstərdi ki, iddiaçını İddiaçı uzun illərdir tanıyır. Şahmurad evini özü tikmiş, ustası olmuşdur. Kürsülü və birmərtəbəli olan evdə Şahmurad yoldaşı ilə birlikdə yaşayıb. Məhkəmə iclasında iştirak edən şahid X5 izahatında göstərdi ki, Şahmuradı da, Ayseli də tanıyır. 20 ildir İddiaçı qonşuluğundakı evdə yaşayır. İddiaçı təxminən 18 ildir ki, o mənzildə yaşayır. Həmin vaxt orada işıq, su xətləri olmamış, iddiaçı evinə həmin xətləri onun evindən götürmüşdür. Ev Şahmurad tərəfindən tikilib. Tikintisində 2 nəfər usta işləyirdi. Şahmurad orada yoldaşı Nənəxanımla qalır. Ev hazır olandan bir müddət sonra Aysel gəlib orada qalmağa başlamışdır. Son vaxtlar Aysel tez-tez evə gəlir, hər gələndə də dava salıb gedir. Son dövrlərdə gəlib qaldığı da olub. Qayınanasına zülm edir. İş materiallarında olan 18.01.2022-ci il tarixli aktdan görünür ki, Beyləqan rayon, 2-ci Şahvsevən kəndində qeydiyyatda olan xx.xx.1957-ci il təvəllüdlü İddiaçı 2008-ci ildə öz vəsaiti hesabına Sumqayıt şəhər, Hacı Zeynalabdin qəsəbəsi, Dəmiryol stansiyasında 1/105 saylı bağ evini tikdirmiş və bu günə qədər həyat yoldaşı 01.07.1961-ci il təvəllüdlü X4 ilə birlikdə orada qeydiyyatsız yaşayır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 28.10.2021-ci il tarixli, 2(060)- 7764/2021 saylı qətnaməsi ilə iddiaçı Piriyeva (Həsənova) Aysel Təvəkkül qızının cavabdeh İddiaçı qarşı fərdi evdən məcburi çıxarılma tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının 15.03.2022-ci il tarixli “Məişət zorakılığı haqqında iş üzrə” qərarı ilə Cavabdeh məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi, İddiaçı və X2 30 gün olmaqla (15.03.2022-ci il-15.04.2022-ci il) qısamüddətli mühafizə orderi verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Eyni zamanda, İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İşin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə ev üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, 28.11.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 157.8-ci maddəsinin tələbinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 27.1 və 27.3-cü maddələrindən görünür ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 6.1.7-ci maddəsinin tələbinə əsasən mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin prinsiplərindən biri kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. İşin məhkəmə iclasında araşdırılan hallarına və iş materiallarında olan sənədlərə əsasən müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmiryol stansiyası, 1/105 saylı bağ sahəsi İddiaçı tərəfindən öz vəsaiti hesabına tikilmişdir. İddiaçı orada həyat yoldaşı X4 ilə birlikdə yaşayır. Cavabdeh onların keçmiş gəlinidir. O, tez-tez evə gələrək dava-dalaş salaraq, iddiaçı və onun həyat yoldaşına qarşı zorakılıq törədməsi mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilərək, Konvensiyanın president qərarlara və Konstitusiyan prinsipləri əsasında qorunan hüquqlarına müdaxilə hesab olunmaqla mülkiyyətdən manesiz istifadə hüquqlarını məhdudlaşdırır. Bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı və onun həyat yoldaşı X2 qısa müddətli mühafizə orderi verilmişdir. Hazırda iddiaçı və onun həyat yoldaşı bağ sahəsindən istifadə etmək hüququndan qanunsuz olaraq məhrum edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh ona aid əmlaklarla – 1 ədəd künc divanı, 1 ədəd stol, 1 ədəd “İndesit” markalı soyuducu, 1 ədəd “LG” markalı paltaryuyan maşın və 1 ədəd paltar dolabı ilə birlikdə İddiaçı məxsus Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmiryol stansiyası ünvanında yerləşən 1/105 saylı fərdi yaşayış evindən çıxarılmalı, Cavabdeh İddiaçı və üçüncü şəxs X2 qarşı qanunsuz əməllərinə son qoyulmalı və ona İddiaçı və üçüncü şəxs X1 fərdi yaşayış evindən istifadələrinə maneələrin yaradılması qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ona aid əmlaklarla – 1 ədəd künc divanı, 1 ədəd stol, 1 ədəd “İndesit” markalı soyuducu, 1 ədəd “LG” markalı paltaryuyan maşın və 1 ədəd paltar dolabı ilə birlikdə İddiaçı məxsus Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmiryol stansiyası ünvanında yerləşən 1/105 saylı fərdi yaşayış evindən çıxarılsın. Cavabdeh İddiaçı və üçüncü şəxs X2 qarşı qanunsuz əməllərinə son qoyulsun. Cavabdeh İddiaçı və üçüncü şəxs X1 fərdi yaşayış evindən istifadələrinə maneələrin yaradılması qadağan edilsin. Cavabdeh 100 (yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar