Məhkəmə qərarları › İş №2(060)-182/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-182/2022

06.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-182/2022 06.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Cavabdeh, onun vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pəncərinin bağlanması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – cavabdeh tərəfindən Corat qəsəbəsi, 2-ci məhəllə, Liman küçəsi 60 ünvanında tikilmiş evin onun evinə baxan pəncərələrinin cavabdehin hesabına bağlanması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 62.4 kv.metr olan 229C saylı ev mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Sözügedən ev 2012-ci ildə tikilib istifadəyə verilmiş, həmin vaxtdan da iddiaçı orda yaşayır. Bir müddət əvvəl Cavabdeh qonşunun həyətinin iddiaçının evinin önünə düşən hissəsini alaraq orada ev tikməyə başlamışdır. Tikinti öncə tikinti normalarına uyğun görünsə də, daha sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh iddiaçının evi ilə üzbəüz hasardan təxmini 1-1,5 metr məsafə saxlamaqla 3 mərtəbəli ev ucaldır. Bununla yanaşı, cavabdeh öncə mətbəxinin pəncərəsini iddiaçının qonaq otağının pəncərəsi ilə üzbəüz tikmişdir. Bu barədə iddiaçı ona dəfələrlə etiraz etmiş, lakin cavabdeh buna heç bir məhəl qoymamışdır. Daha sonra cavabdeh ikinci mərtəbəni ucaldaraq bir müddət orada pəncərə bağlı saxlayaraq bununla iddiaçıda arxayınçılıq yaratmışdır. Sonradan isə ikinci mərtəbədən də yenidən iddiaçının evinin içini görəcək şəkildə pəncərə açmışdır. Cavabdeh heç bir şəkildə iddiaçının etirazlarını nəzərə almır, tikintisi isə hələ də davam etməkdədir. Belə ki, o, evinin digər tərəflərinə rahatlıqla pəncərə aça biləcəyi halda, aradakı kiçik məsafəni nəzərə almadan pəncərələri düz iddiaçının evinin pəncərəsi ilə üzbəüz tikmişdir. Cavabdeh bu özbaşına hərəkətləri ilə iddiaçının mülkiyyət hüququnu pozur. Belə ki, iddiaçı nə evin içində, nə də həyətdə cavabdehin evini bu qədər yaxın tikməsinə və eyni zamanda iddiaçının evinə baxacaq şəkildə pəncərə qoymasına görə rahat hərəkət edə bilmir. Cavabdehin evi və pəncərələri o qədər yaxın məsafədədir ki, qonaq otağında və həyətdə oturarkən onun və uşaqlarının səsi iddiaçıya rahatçılıq vermir. Bundan əlavə, iddiaçının həyətinin və evinin içini bütövləkdə görə biləcək pəncərələrin olması iddiaçının evinin satışına da maneə yaradır, qiymətinin aşağı düşməsinə səbəb olur. Buna görə də iddiaçı hesab edir ki, cavabdehin evinin iddiaçının həyətinə baxan pəncərələri iddiaçının mülkiyyət hüququnu sərbəst şəkildə həyat keçirməyinə mane olur, mülkiyyət hüququnu pozur və eyni zamanda iddiaçıya ziyan vurur. Odur ki, həmin pəncərələr cavabdehin öz hesabına bağlanmalıdır. İddiaçı məhkəmə bildirişi və SMS bildiriş göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh və onun vəkili Vəkil məhkəmə iclasında iştirak edərək mülki işə iddiaçının iştirakı olmadan baxılmasını tələb edərək iddiaya etiraz etdiklərini və verilmiş rəyə uyğun olaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan notarial qaydada təsdiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2ci məhəllə, 229C saylı evin üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, ev 235 AZ5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Liman küçəsi 80 saylı evin üzərində X3 və X1 xüsusi paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6563 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış evinin 1-ci və 2-ci mərtəbələrində yerləşən pəncərələrin həmin mərtəbələrdə yerləşən otaqların təbii işıqla təmin olunması üçün nəzərdə tutulduğunu, həmçinin həmin pəncərələrin tədqiq olunan yaşayış evinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli texniki pasporta əks olunduğunu nəzərə alaraq, Cavabdeh məxsus yaşayış evinə iddiaçının evinə baxan pəncərələrin qoyulmasının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olduğu müəyyən edilir. Məhkəmə mülki iş üzrə iş materiallarını araşdıraraq qənaətə gəlir ki, verilmiş tələbin hüquqi əsası sübut olunmadığı üçün iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Məhkəmənin iddianın təmin edilməməsi qənaətinə gəlməsinə əsas, işin məhkəmə araşdırması zamanı müəyyən edilən hallar və aşağıda qeyd olunan qanunvericilikdə nəzərdə tutulmuş normalardır. Belə ki, məhkəmə tərəfindən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin pəncərələrinin qoyulması İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, ev 229C saylı evə iddiaçının hüquqlarını pozmasının müəyyən edilməsi üçün məhkəmə ekspertizası təyin edilmiş, verilmiş ekpert rəyi ilə Cavabdeh məxsus yaşayış evinə iddiaçının evinə baxan pəncərələrin qoyulmasının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olması müəyyən edilmişdir.Həmin pəncərələrin qoyulması iddiaçının hüquqlarını pozub-pozmamasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid olmaması qeyd olunmuşdur. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, əşyaya mülkiyyət hüququnun başqa şəxsə keçdiyi hallarda, mülkiyyətçinin dəyişməsinə baxmayaraq əşya öz yüklülüyünü saxlayır və özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququ olan şəxs həmin hüquqdan istifadə etməkdə davam edir. Bunun hüquqi əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsi təşkil edir. Həmin maddəyə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququnun mülkiyyət hüququ ilə eyni üsulla müdafiə olunmasını da həmin hüquqa aid səciyyəvi xüsusiyyət kimi qeyd etmək olar. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 140-cı maddəsindən görünür ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci və 170.2-ci maddələrinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Göstərilənlərə əsasən, məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddia rədd edilməli olduğundan, məhkəmə hesab edir ki, ekpertiza xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142593, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yenə həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı – cavabdeh tərəfindən Corat qəsəbəsi, 2-ci məhəllə, Liman küçəsi 60 ünvanında tikilmiş evin onun evinə baxan pəncərələrinin cavabdehin hesabına bağlanması barədə iddiası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142593, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar