Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-183/2022 14.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, iddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsinin ləğvi və digər tələblərinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Bank "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X1 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 16.09.2015-ci il tarixli, 053-9000-15 saylı kredit müqaviləsinin ləğv olunması, həmin kredit müqaviləsindən irəli gələn 02.09.2021-ci il tarixinə olan 43851,34 manat əsas borc, 1457,91 manat faiz borcu, ümumilikdə, 45309,25 manat məbləğində borcun, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının, həmçinin, 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun Cavabdeh1 iddiaçının xeyrinə tutulması, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1 ünvanındakı 22 saylı mənzilə (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58,5 kvadrat metrdən ibarət mənzil) tutumanın yönəldilməsi, açıq hərracda satılması, borcun həmin satışdan əldə edilən vəsait hesabına ödənilməsi, həmin vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, həmin mənzildə qeydiyyatda olan cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X4” ASC-nin ilə Cavabdeh1 arasında bağlanmış 16.09.2015-ci il tarixli, 053-9000-15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1 ünvanındakı 22 saylı mənzilin alınması məqsədilə 300 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 48000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərtilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh1 16.09.2015-ci il tarixdə “X4” ASC ilə və satıcı Cavabdeh2 Mövlüd oğlu ilə alqısatqı və ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş və kredit öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Cavabdehin 02.09.2021-ci il tarixinə 43851,34 manat əsas borc, 1457,91 manat faiz borcu olmaqla, ümumilikdə, 45309,25 manat məbləğində borcu vardır. 22.07.2016-cı il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən “X4” ASC-nin lisenziyası ləğv edilmiş və "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 23.05.2011-ci il tarixli xidmət müqaviləsinə əsasən “X4” ASC-nin "xxxx" ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri iddiaçıya təhkim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 19.10.2021-ci il tarixli qərardadları ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və iş üzrə icraat ekspert rəyləri alınanadək dayandırılmışdır. 07.12.2021-ci il və 16.12.2021-ci il tarixlərində iş üzrə ekspertlərin rəyləri məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin və (və ya) onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 xx.xx.1988-ci ildə, Sumqayıt şəhərində, Cavabdeh2 xx.xx.1953-cü ildə, Quba rayonu, Tumkrən kəndində Cavabdeh3 xx.xx.1955-ci ildə, Dəvəçi rayonu, Güləmli kəndində Cavabdeh4 xx.xx.1982-ci ildə, Sumqayıt şəhərində, Cavabdeh5 isə xx.xx.1989-cu ildə, Sumqayıt şəhərində anadan olmuşlar. Cavabdehlər hazırda ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materialları ilə müəyyən edilir ki, “X4” ASC ilə Cavabdeh1 arasında bağlanmış 16.09.2015-ci il tarixli, 053-9000-15 saylı kredit müqaviləsinə əsasən cavabdehə 300 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 48000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərtilə kredit verilmişdir. Qeyd edilən kreditin verilməsini işdə olan qəbzlər də təsdiq edir. “X4” ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmış Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1-də yerləşən 22 saylı mənzil (bundan sonra – ipoteka predmeti olan mənzil) Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq “X4” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ödəniş cədvəlinə əsasən İmran Məmmədov həmin kredit müqaviləsi üzrə 300 ay müddətində 2-ci aydan başlayaraq hər ay 370,47 manat, sonuncu ay isə 372,08 manat ödəməli idi. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* saylı çıxarışa əsasən ipoteka predmeti olan mənzil “X4” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 20.07.2017-ci il tarixli bildirişdən görünür ki, “X4” ASC tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ("xxxx" ASC) vəsaiti hesabına verilmiş ipoteka, o cümlədən, güzəştli ipoteka kreditləri üzrə tələb hüquqları müvafiq ipoteka kağızlarına edilmiş indossament qeydinə əsasən "xxxx" ASC-yə ötürülmüşdür. Lisenziyası ləğv olunmuş bankların "xxxx" ASC-nin vəsaiti hesabına verilmiş ipoteka kreditlərinə xidmət olunması iddiaçıya həvalə edilmişdir. İşdə olan maliyyə arayışına əsasən cavabdehin 02.09.2021-ci il tarixinə 43851,34 manat əsas borc, 1457,91 manat faiz borcu olmaqla, ümumilikdə, 45309,25 manat məbləğində borcu vardır. İşdən göründüyü kimi iddiaçı tərəfindən göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində 21.01.2021-ci ildə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İşdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehlərə borcun qaytarılması haqqında pretenziya məktubları (xəbərdarlıqlar) göndərilmişdir. İşin məhkəmə baxışı zamanı məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09.03.2022-ci il tarixli, 9/8754 nömrəli ekspert rəyində göstərilmişdir ki, cavabdehin 07.09.2021-ci il tarixinə iddiaçıya olan borcu əsas borc üzrə 44125,77 manat, faiz borcu üzrə 1341,53 manat təşkil edir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında "xxxx" MMC-nin 18.11.2021-ci il tarixli qiymətləndirmə hesabatında ipoteka predmeti olan mənzilin bazar dəyəri 60000 manat, likvid dəyəri isə 51000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi “X4” ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 300 ay müddətinə 48000 manat məbləğində kredit verilmişdir. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun banka borcu qalmışdır. İş üzrə verilmiş ekspert rəyində Cavabdeh1 əsas borcu iddia ərizəsində göstərilən məbləğdən bir qədər artıq, faiz borcu isə iddia ərizəsində göstəriləndən bir qədər az göstərilmişdir. Bu səbəbdən iddia ərizəsində göstərilən məbləğdə əsas borc və ekspert rəyində götərilən faiz borcu Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəllədə göstərilmişdir ki, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1.).Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir (269.2.). İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (269.4.). Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır (319.1.). İşdən göründüyü kimi Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1 ünvanındakı 22 nömrəli mənzil “X4” ASC qarşısında kredit öhdəliklərinin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh1 kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi hissəsində də təmin edilməli, cavabdeh Cavabdeh1 kredit borcu üzrə tələb həmin ipoteka predmetinə yönəldilməli, mənzil açıq hərracda satılmalı və əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir (1.0.9.). İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir (10.5). Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (39.3.3.) Göründüyü kimi "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətinin mənzilin qiymətləndirilməsi barədə 18.11.2021-ci il tarixli hesabatında ipoteka predmetinin likvid qiyməti 51000 manat məbləğdə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, mənzilin qiyməti həmin məbləğdə müəyyən edilməlidir. Mülki Məcəllənin 319.6-cı maddəsində göstərilmişdir ki, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə edilmiş vəsait Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcundan az olduğu təqdirdə qalan borc məbləği cavabdehdən tutulmalıdır. Həmin məbləğ kredit borcundan çox olduqda isə artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır. Eyni zamanda iddiaçının ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı çəkdiyi xərclər də cavabdehdən tutulmalıdır. Mənzilin boşaldılması tələbinə gəldikdə isə qeyd edilməlidir ki, həmin məsələlər ipoteka predmetinin satışından sonra həll edilməli olan məsələlərdir. Eyni zamanda mənzilin boşaldılması tələbi qeyri-müəyyən tələb olmaqla, mənzilin boşaldılaraq kimə təhvil verilməsi iddia ərizəsində qeyd edilməmişdir. İddiaçı iddia ərizəsində mənzilin ona təhvil verilməsini nəzərdə tutursa, qeyd edilməlidir ki, iddiaçı hal-hazırda ipoteka predmeti olan mənzilin mülkiyyətçisi olmadığı üçün mənzilin ona verilməsi tələbini irəli sürə bilməz. Bu səbəbdən iddia həmin hissədə təmin edilə bilməz. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı və 0,40 manat bank xidmət haqqı, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum cavabdehə aid edilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 manat cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “X4” ASC ilə Cavabdeh1 arasında bağlanmış 16.09.2015-ci il tarixli, 053-9000-15 saylı kredit müqaviləsi ləğv edilsin. 43851,34 manat əsas borc, 1341,53 manat faiz borcu olmaqla, ümumilikdə 45192 (qırx beş min yüz doxsan iki) manat 87 (səksən yeddi) qəpik məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı, 0,40 manat bank xidmət haqqı, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum Cavabdeh1 tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Tutma Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1-də yerləşən 22 nömrəli mənzilə (yeni qaydalarla ünvan 1) yönəldilsin və mənzil açıq hərracda satılsın. Mənzilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1 iddiaçıya olan borcu ödənilsin. Mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ Cavabdeh1 ümumi qaydada tutularaq iddiaçıya ödənilsin. İddiaçıya olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ Cavabdeh1 qaytarılsın. Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1-də yerləşən 22 nömrəli mənzilin ilkin satış qiyməti 51000 (əlli bir min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 200 (iki yüz) manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. 400 (dörd yüz) manat qiymətləndirmə xərci Cavabdeh1 tutularaq Bank "xxxx" ASCyə ödənilsin. Hazırkı qətnamə Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1-də yerləşən 22 nömrəli mənzilə tutma yönəldildikdən və mənzil satıldıqdan sonra yaşayış sahəsində qeydiyyatda olan şəxslərin yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməklə onların mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-183/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-183/2022
14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - İpoteka borcunun ödənilməsinin
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver