Məhkəmə qərarları › İş №2(060)-1860/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1860/2023

05.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1860/2023 05.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC-ni cəlb etməklə cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhərinin 4 saylı notariat kontorunun xüsusi notariusu X1 3457 manat 88 qəpik pulun və 25 manat dövlət rüsumunun, cəmi 3482 manat 88 qəpik pulun iddiaçıdan "xxxx" ASC-nin xeyrinə tutulmasına dair icra sənədi (icra qeydini) Sumqayıt şəhəri üzrə İcra idarəsinə təqdim etmişdir. İddiaçının "xxxx" ASCyə borcu qalmamışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanından irəli gələn güzəştlər barəsində tətbiq olmunmamışdır. Bundan əlavə, İddiaçı bankla kredit müqaviləsi bağladıqdan sonra xəstələnmiş, ürəkdən açıq əməliyyat olunmuş, ürəyinə stend qoyulmuş, 2 dəfə gözdən əməliyyat olunmuşdur. Bununla əlaqədar məhkəmədə iddia qaldırmaq niyyətindədir. Göstərilənlərə əsasən, Sumqayıt şəhərinin 4 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının banka 3457 manat borcu mövcuddur.

5. Sonuncu məhkəmə iclası ilə bağlı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

6. Cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat ofisi tərəfindən məhkəməyə məktub göndərilərək, işə onların nümayəndələrinin iştirakları olmadan baxılması məhkəmədən xahiş edilmişdir.

7. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FR/05133/71/11 saylı “güzəştli kredit (restrukturizasiya)” müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən "xxxx" ASC İddiaçı vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə qalıq məbləğini ödəməsi məqsədi ilə 5 il müddətinə, illik 1% faiz dərəcəsi ilə ödəmək şərtilə 5034,45 manat məbləğində güzəştli kredit vermişdir.

10. İş materiallarında olan "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin X4 borclu İddiaçı bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür.

11. İş materiallarında olan Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli, № 8İ/15906 saylı icra qeydindən görünür ki, Sumqayıt qəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X1 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən İddiaçı və X2 FR/05133/71/11 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 3457,88 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 3482,88 manat pul tutulması barədə icra qeydi vermişdir.

12. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" ASC-yə 3421,97 manat əsas borcu, 35,51 manat faiz borcu vardır. xx.xx.2022-ci il tarixində barəsində icra qeydi aparılmasına baxmayaraq bu günə qədər kredit borcu üzrə heç bir ödəniş etməmişdir.

13. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/3833 nömrəli, 19 iyun 2023-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 31 avqust 2019-cu il tarixli, FR/05133/71/11 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh İddiaçı "xxxx" ASC-yə sualda qeyd edilən tarixə yəni xx.xx.2022-ci il tarixə olan borcu 3453,87 manat məbləğində müəyyən edilir, o cümlədən 3419,21 manat əsas borc üzrə, 34,67 manat faiz borcu üzrə borcu vardır. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı "xxxx" ASC ilə xx.xx.2019-cu il tarixdə “güzəştli kredit (restrukturizasiya)” müqaviləsi bağlamışlar. Bu müqavilə əsasında ödənilməyən məbləğlə bağlı Sumqayıt şəhər 4 saylı Notariat ofisinin icra qeydi vardır. Hazırda iddiaçı icra qeydinin ləğv olunmasını tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Hazırki tələblə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

17. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.

18. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

19. Yuxarıda qeyd olunduğu kimi iddiaçı kredit müqaviləsi bağlanarkən göstərilən şərtlərlə razılaşaraq banka ilə həmin müqaviləni bağlamışdır.

20. Göründüyü kimi İddiaçı Bank tərəfindən onun borcunun düzgün hesablanmamasını bildirsə də, həmin halı təsdiq edən mötəbər sübut məhkəmə araşdırması zamanı öz əksini tapmamışdır. Əksinə, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, iddiaçının Banka əsas borc üzrə 3419,21 manat, faiz borcu üzrə 34,67 manat məbləğində borcu mövcuddur.

21. Bundan əlavə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 45ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər.

22. Həmçinin, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin əvvəlki redaksiyasında göstərilmişdir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

23. Bundan əlavə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 77ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkarın adı və ünvanı; 3) borclunun adı və ünvanı; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə; 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü.

24. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat kontoruna daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir.

25. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci bəndində qeyd edilmişdir ki, icra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.

26. Göründüyü kimi 8İ-15906 saylı, xx.xx.2022-ci il tarixli icra qeydi qanunvercilikdə göstərilən qaydada tərtib edildiyindən onun ləğv edilməsinə əsas yoxdur.

27. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC-ni cəlb etməklə cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

30. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

31. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (biryüz) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir.

Nəticə hissəsi:

35. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC-ni cəlb etməklə cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar