Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1862/2021 13.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə Cavabdeh tərəfindən ödənilməmiş 7727 manat və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 30 manat pulun Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış 12.12.2016-cı il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə administrator vəzifəsinə işə qəbul olunmuşdur. 28.06.2019-cu il tarixdə öz ərizəsi əsasında 269-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 09.10.2018-ci il tarixdə Oba –Köhnə Günəşli 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 09.10.2018-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən 8016 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan keçən dövr ərzində 289 manat güzəşt edilmiş, qalıq borc 7727 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddianı qəbul etmir, iddia tələbinə etiraz edir. Belə ki, o, iddiaçı ilə əmək müqaviləsi bağlayaraq inzibatçı vəzifəsinə işə düzəlmişdir. İnzibatçı əmək funksiyalarını, malın qəbulu, satışın təşkilini həyata keçirməklə məşğul olmuşdur. İddia edilən malların qəbulunda iştirak etsə də, aparılan inventarizasiyada iştirak etməmişdir. İnventarizasıyaların nəticəsinə dair akta imza etməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: İddiaçı MMC tərəfindən verilmiş 12.11.2016-cı il tarixli 016-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə administrator vəzifəsinə işə qəbul olunmuşdur. 01 sentyabr 2020-ci il tarixli arayışdan görünür ki, 09.10.2018-ci il tarixdə Cavabdeh ilə təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 8016 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 8016 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 289 manat güzəşt edilmişdir. Faktiki qalıq borc 7727 manat borcu qalmışdır. Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair 28.06.2019-cu il tarixli Məlumatdan görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsinə 28.06.2019-cu il tarixdə xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən sonuncu cəmiyyətdə administrator vəzifələrinə işə qəbul olunmuşdur. Malların inventarizasıyası aparılması zamanı, 09.10.2018-ci il tarixdə Cəmiyyətə zərər vurulduğu müəyyən olunmuşdur. İddiaçı dəymiş zərərin cavabdehin öz vəzifə funskiyalarını pozması nəticəsində yaranmasına istinad edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.5-ci maddəsinə görə işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İşin hallarından göründüyü kimi cavabdehin hərəkətləri nəticəsində ziyan vurulması iddia edilən hüquq pozuntusu 09.10.2018-ci il tarixdə keçirilən malların inventarizasiya nəticəsində aşkar edilmiş və həmin tarixdən iddiaçı hüquqlarının pozulduğunu bilmişdir. Məhkəmə qanunvericiliyin şərh olunan normalarına istinadən hesab edir ki, iddiaçının subyektiv hüququnun qüvvədə olma müddəti keçmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1862/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1862/2021
13.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver