Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1939/2021 02.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən satmış olduğu qızıl-zinət əşyalarına görə 1700 manat borcun, mənəvi zərərə görə 2000 manat məbləğində təzminatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi Sumqayıt şəhəri, “Karvan” ticarət mərkəzində işləyən zərgər kimi tanımışdır. İlk dəfə onunla 2019-cu ilin oktyabr ayında Sumqayıt şəhəri “Sülh Plaza”da tanış olmuşdur. İddiaçı qızıl alqı-satqısı ilə məşğul olduğundan və sosial şəbəkələrdə öz satdığı qızılların şəklini qoyduğu üçün cavabdeh həmin qızıllardan nisyə almaq istədiyini bildirmişdir. İddiaçı 2020-ci ilin mart ayında Sumqayıt şəhər “Karvan” TM-nin qarşısında cavabdehlə görüşərək ona ümumi çəkisi təxminən 20,0 qram olan komplekt dəst (1 cüt sırğa, bir ədəd üzük, bir ədəd klon, bir ədəd bilərzik) vermiş və həmin vaxt cavabdeh ona 100 manat pul ödəmişdir. Ümumilikdə həmin qızılların alqı-satqısına görə cavabdeh 1800 manat pul ödəməli idi. Cavabdeh qızılları götürərkən 2020-ci ilin aprel ayında qalan pulu, yəni 1700 manatı ödəyəcəyini bildirmişdir. Lakin xeyli müddət keçsə də pulu ödəməmişdir. Bu səbəbdən iddiaçı Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə şikayət etmiş, bölmədə araşdırma aparılan vaxt cavabdeh oraya dəvət olunmuş, 1800 manat dəyərində qızıl-zinət əşyaları aldığını, 100 manat pul ödədiyini və 1700 manat borclu olduğunu etiraf etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş, iddiaçıya izah olunmuşdur ki, pozulmuş hüquqlarının bərpası üçün mülki mühakimə icraaatı qaydasında məhkəməyə müraciət etməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, həqiqətən iddiaçıdan 1800 manat dəyərində qızıl-zinət əşyaları almış və 100 manat ödəniş edərək 1700 manat borclu qalmışdır. Maddi imkanı olmadığından pulu ödəyə bilməmişdir. Qızıl-zinət əşyalarını özü üçün deyil başqa şəxs üçün almışdır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahiszəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1991-ci il tarixində, ünvan 1 ünvanında yaşayır və həmin ünvanda qeydiyyatdadır. Cavabdehin son qeydiyyat yeri Sumqayıt şəhəri, 6-cı məhəllə, Nizami küçəsi 19C ünvanıdır. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis bölməsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, cavabdeh həmin polis bölməsində verdiyi izahatında həqiqətən iddiaçıya 1700 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədə iddiaçıya həqiqətən 1700 manat borcu olduğunu bildirmiş və həmin hissədə iddia tələbini etiraf etmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcu olduğunu yazılı şəkildə etiraf etmişdir. Eyni zamanda təhqiqat orqanına verdiyi izahatında da cavabdeh iddiaçıdan 1700 manat məbləğində qızıl-zinət əşyaları aldığını və həmin pulu qaytarmadığını qeyd etmişdir. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (52.2.). İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (52.5.). İşdən göründüyü kimi iddiaçı cavabdehə 1800 manat dəyərində qızıl-zinət əşyaları vermiş, lakin cavabdeh öhdəliklərini yerinə yetirməyərək, həmin əşyaların əvəzi olaraq 100 manat ödəmiş, 1700 manat pulun ödənilməsini isə gecikdirmişdir. Buna görə də iddia həmin hissədə təmin edilməli, 1700 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Mənəvi ziyanla bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1). “Mənəvi zərərin ödənilməsi haqqında qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə hesab edir ki, iddiaçı mənəvi zərərin ödənilməsi tələbi irəli sürsə də cavabdehin qanunsuz hərəkətləri nəticəsində hansı mənəvi iztirab və ya sarsıntılara məruz qaldığını əsaslandıra bilməmişdir. Bu səbəbdən iddia mənəvi zərərin tutulması hissəsində də təmin edilə bilməz. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1700 (min yeddi yüz) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 (on beş) manatı Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1939/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1939/2021
02.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver