Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-196/2023 24.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi və pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlərdən müştərək qaydada, onlara ödədiyi 11759 manat məbləğində pulun, həmin torpaq sahəsində gördüyü beton qazma işlərinin dəyəri olaraq 2000 manat məbləğində pulun və ona dəyən mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun, həmçinin ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə xx.xx.2014-cü il tarixdə Cavabdeh1 məxsus torpaq sahəsini, onun həyat yoldaşı və qanuni nümayəndəsi olan Cavabdeh2 11759 manata almışdır. Bir müddət sonra yəni 2019-cu ilin fevral ayında ona məxsus olan torpaq sahəsində ev tikmək məqsədi ilə həmin evin beton bünövrəsini tökmüş, maddi sıxıntı səbəbindən həmin il tikinti işləri apara bilməmişdir. Daha sonra 2000-ci ilin noyabr ayında isə mənzilin tikintisini davam etdirmək məqsədi ilə torpaq sahəsinə getdikdə məlum olmuşdur ki, ona aid torpaq sahəsinə gedən maşın yolu qonşu X6 tərəfindən zəbt edilərək hasara alınmışdır. X4 öz etirazını bildirdikdə, ona rəsmi sənəd təqdim edərək həmin torpaq sahəsini Cavabdeh1 xx.xx.2013-ci il tarixində aldığını bildirmişdir. Göründüyü kimi Cavabdeh1 hal-hazırda ona məxsus olan torpaq sahəsini xx.xx.2014-cü il tarixində ona rəsmi qaydada satmışdır. Ona torpaq sahəsini satmamışdan öncə də xx.xx.2013-ci il tarixində, yəni torpaq sahəsini satmamışdan 8 ay əvvəl mübahisələndirilən yolu X1. X6 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında X4 verilmiş torpaq sahəsi üzrə çıxarışın ləğv edilməsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etsə də məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizəsi mümkün sayılmamış və bu mübahisə ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək hüququ ona izah olunmuşdur. Bütün bu olanlardan sonra cavabdeh şəxslər ondan həyətyanı sahəyə gedən yolun açılması ilə bağlı möhlət istəyərək yolun açılmasını təmin edəcəklərini söz vermiş, lakin hal-hazırki günə qədər yolun açılmasını təmin etməmişdilər. Bununla da Cavabdeh1 və Cavabdeh2 əlbir olaraq həyətə girişi olmayan torpaq sahəsini onu aldadaraq 11759 manata satmışlar. Həmin torpaq sahəsinə giriş yolunun açılması ilə bağlı dəfələrlə cavabdeh şəxslərə müraciət etsə də bu günə qədər heç bir nəticəsi olmamışdır. Göründüyü kimi cavabdeh şəxslər torpaq sahəsini xx.xx.2014-cü il tarixində ona satarkən həmin torpaq sahəsinə gedən yolu xx.xx.2013-ci il tarixində X2 bildirməmişdirlər. Bununla da ona həm maddi, həm mənəvi ziyan vurmuşdurlar. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehlərinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədiyini, iddiaçının ona qarşı olan iddiasının əsassız olduğunu bildirdi. Məhkəmə, iddiaçının və Cavabdeh2 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - ******* №-li, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 nümayəndəsi Cavabdeh2 Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2286E ünvanında yerləşən ümumi sahəsi 0.026 ha olan torpaq sahəsini İddiaçı 11759 manata satmışdır. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyinə dair üzərinə öhdəlik götürmüşdür. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2286E ünvanında yerləşən ümumi sahəsi 0.026 ha olan torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2286D ünvanında yerləşən ümumi sahəsi 0.019 ha olan torpaq sahəsinin mülkiyyətçisi X5r və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5379/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X4 qarşı mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2286E saylı 0,026 ha olan torpaq sahəsinə münasibətdə onun mülkiyyətinə maneənin aradan qaldırılması, cavabdehin üzərinə ona yol verilməsi vəzifəsinin qoyulması, cavabdeh tərəfindən tikilmiş daş hasarın cavabdehin hesabına iddiaçıya verilmiş yol ölçüsündə sökülərək boşaldılması, həmçinin iddia ərizəsinin tərtib edilməsinə ödənilən 50 manatın, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilən 30,40 manatın və sənəd təsdiqinə görə ödənilən 17 manatın cavabdehdən tutularaq ona verilməsi barədə iddiası təmin edilməmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-4134/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5379/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6596/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı mübahisəli torpaq sahəsini xx.xx.2014-cü il tarixdə Cavabdeh1 11759 manat müqabilində almışdır. Yol kimi istifadə etmək istədiyi ərazinin bir hissəsi X3 mülkiyyətindədir və o, həmin ərazini xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. İddiaçının həmin şəxsə qarşı yol verilməsi, mülkiyyətinə maneələrin aradan qaldırılması barədə iddiası qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təmin edilməmişdir. Həmin qətnamələrdən görünür ki, həm birinci, həm də apellyasiya məhkəməsi belə nəticəyə gəlmişlər ki, ümumi yola çıxan ərazinin ona yol kimi satıldığını bildirsə də, bununla əlaqədar sübut təqdim etməyindən, habelə həmin ərazi Aynur Cavadovanın mülkiyyətində olduğundan İddiaçı sözügedən tələblə bağlı məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Bundan əlavə, birinci instansiya məhkəməsində iş araşdırılarkən mübahisəli əraziyə yerli baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iddiaçının torpaq sahəsindən ümumi yola tərəf təxminən 15 metr uzunluğunda və 2 metr enində yol vardır. Azərbaycan Respublikası MPM-nin 823-cü maddəsinə əsasən göstərilən faktlar sözügedən məhkəmə qətnamələri ilə müəyyən edildiyindən onlar mübahisələndirilə və yenidən sübut edilə bilməz. İddiaçı hazırda sözügedən torpaq sahəsinin alqı-satqısının ləğvini həmin əraziyə yolun olmaması əsası ilə tələb edir. Bu yol qismində qeyd olunan məhkəmə araşdırmalarının predmetini təşkil etmiş başqa şəxsin mülkiyyətindəki, lakin ona keçid üçün imkan verilmiş (15 metr uzunluğunda, 2 metr enində) ərazini görür. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Bu Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia əsassızdır. Mülki qanunvericilik, müqavilənin tərəflərdən birinin tələbi ilə müqavilə əhəmiyyətli dərəcədə pozulması, müqavilədə nəzərdə tutulması, şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi əsaslarını nəzərdə tutmuşdur. Həmin əsaslardan hər hansı birinin mövcudluğu məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Belə ki, mübahisəli alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş torpaq sahəsi iddiaçının mülkiyyətindədir, müqavilədə onun faktiki istifadəsində verildiyindən artıq torpaq sahəsinin ayrılması göstərilməmiş, həmin ərazidən istifadə üçün ona yol ayrılmış, bu keçidin genişləndirilməsi üçün o, başqa şəxsin mülkiyyətindəki sahədən yararlanmaq istəyindədir, bu hissə isə digərinə iddiaçı öz torpağını almamışdan əvvəl satılmışdır. İşin sadalanan faktiki halları iddiaçıya sözügedən yolun daha böyük ölçüdə olacağına ümid etməyə haqq verməmiş, eləcə də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməsinə əsas olmamışdır. Müqavilədə də onun ləğvinin hər hansı əsası nəzərdə tutulmamışdır. Məhkəmə, eyni zamanda, hesab edir ki, iddia digər Cavabdeh2 qarşı hissədə, həmçinin sonuncunun bu tələbə cavab verməli şəxs olmadığından əsassızdır. Belə ki, mübahisələndirilən müqavilənin tərəfi Cavabdeh2 olmamış, o, etibarnamə ilə digər Cavabdeh1 təmsil etmişdir. Odur ki, Cavabdeh2 iddiaçı qarşısında hazırki tələb üzrə öhdəlik daşımır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi və pul tələbinə dair iddiası təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi və pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-196/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-196/2023
24.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver