Məhkəmə qərarları › İş №2(060)-1974/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1974/2024

16.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1974/2024 16.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 16 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İşin halları: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlar tərəfindən real zərərin əvəzi qismində cavabdeh "xxxx" MMC-yə Laboratoriya Xidmətləri (daban testi) üçün ödənilmiş 169 AZN (bir yüz altmış doqquz manat) pul vəsaitinin, həmçinin onlara vurulmuş mənəvi zərərin əvəzi olaraq 5 000 AZN (beş min manat) pul vəsaitinin, həmçinin ödənilmiş 72 AZN (yetmiş iki manat) dövlət rüsumunun, toplam 5241 (beş min iki yüz qırx bir manat) pul vəsaitinin cavabdehdən tutularaq, onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində onun cavabdehə məxsus olan tibb müəssisəsində övladı dünyaya gəlmişdir. Həmçinin, müvafiq tibb mərkəzində övladı X6 xx.xx.2023-cü il tarixində “daban testi” analizi götürülmüşdür. Məhkəmə üçün müvafiq nüansın daha aydın olması üçün qeyd edir ki, “daban testi” uşağın doğulmasının ilk həftəsində verilən və onun hərhansı irsi və ya potensial bir çox digər növ xəstəliklərin daşıyıcısı olub-olmadığını müəyyənləşdirən analiz növüdür. Ancaq təəsfülə qeyd edir ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş analiz nəticələri onları məyus etmişdir. Belə ki, təqdim olunan nəticələr analizin mahiyyətinə uyğun olmamaqla, bir sıra xəstəliklərlə bağlı təfərrüatlı detalları özündə əks etdirmir. Daha aydın deyilsə, övladının “daban testi” nəticələrində analizin mahiyyətinin ziddinə olaraq onun bir sıra irsi xəstəliklərin daşıyıcısı olub-olmaması ilə bağlı nüanslara ümumiyyətlə toxunulmamışdır. Müvafiq test növünun yuxarıda da qeyd etdiyi kimi, yalnız və yalnız uşağın doğulmasının ilk həftəsində götürülməsi zərurəti artıq onları yeni bir “daban testi” vermək və nəticələrlə tanış olmaq imkanından məhrum edir. Onlar müvafiq test nəticələrinin tələblərə uyğun olmamasına dair həm qeyri-rəsmi, həm də rəsmi qaydada "xxxx" MMC-yə müraciət etsələr də, müraciətləri etinasızlıqla qarşılanmış və ya ümummiyətlə cavablandırılmamışdır. O, özü də tibb işçisi-həkim olduğundan müvafiq tibb müəssisəsi tərəfindən yol verilən kobud tibbi-xəta, həmçinin müvafiq məsələ ilə bağlı cavabdehə olan müraciətlərinin laqeyd şəkildə qarşılanması və ümummiyətlə cavablandırılmaması onu müvafiq məsələ ilə bağlı hüquqi ölçü götürülməsi üçün məhkəmə instansiyasına müraciət etməyə vadar etmişdir. Düşünür ki, müvafiq “daban testi” ilə bağlı nəticələrin dolğun və dəqiq təqdim olunmaması tibb müəssisəsinin kobud xətası olmaqla onları övladlarının hər hansı potensial xəstəliklərin daşıyıcısı olub-olmadığını qabaqcadan müəyyən etmək hüquqlarından məhrum etmişdir ki, belə olan halda "xxxx" MMC onlara vurduğu maddi və mənəvi zərərin əvəzini ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, ekspert rəyində uyğun olmayan məlumatlar vardır. Bir bənddə qeyd edir ki, müəyyən parametrlərə uyğun analiz aparılmışdır. Digər bənddə isə qeyd edir ki, standartlara uyğun analiz nəticəsi verilmişdir. Hansı standartdan söhbət getdiyini isə başa düşmək olmur. Onlar tərəfindən digər bir nümunə də təqdim olunmuş, lakin bununla bağlı hər hansı bir hal şərh olunmamışdır. Sadəcə qeyd olunmuşdur ki, iki klinikadan da standartlara uyğun analiz nəticəsi verilmişdir. Bəzi hissələrdə 3-14 gün, bəzi hissələrdə isə 10 gün ərzində analizin götürülməsi yazılmışdır. Bunları etiraz ərizəsində də qeyd etmişlər. Ekspertin özü standartı qeyd etməlidir. Uşaqda heç bir problem və qarşı tərəf ilə hər hansı ədavət yoxdur. Uşağın doğumu da "xxxx" MMC-də olmuş, bununla bağlı da hər hansı narazçılıq və yaxud şikayət də yoxdur. İddiaçı "xxxx" MMC-də deyil, Bakı şəhərində işləmişdir. Qarşı tərəf vətəndaşın bilməməsindən sui-istifadə edərək, ona bilmədiyi analizin nəticəsini vermişdir. Daban testinin mahiyyəti ondan ibarətdir ki, uşaqdan təzə doğulan zaman analiz götürülür. Bunu isə bir daha götürmək mümkün deyildir. Analiz verdikdən sonra səhv verildiyini demişdirlər. Düz şəkildə verilməsini istəmiş, qarşı tərəf də təqsirini boynuna almışdır. Bir müddət keçmiş, cavab verməmişlər. Daha sonra isə pulun qaytarılmasını demişdirlər. Onlar getdikdə isə heç bir məbləğin qaytarılmayacağını bildirmişlər. Hər şeyin qaydasında olduğunu demişdirlər. Artıq burada problemlər yaranmağa başlamışdır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, bir işləri olmuş, o iş isə Ali Məhkəmənin icraatında olmuşdur. Qərar isə ondan ibarət olmuşdur ki, iddia əsaslandırılmalıdır. Buna baxmayaraq orada tələb uğursuz cərrahi əməliyyat olmuşdur. Ali Məhkəmənin mövqeyi ondan ibarətdir ki, hər bir vətəndaşın məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəməyə müraciət edəndə isə onu əsaslandırmaq lazımdır. Demək kifayət etmir. Tibbi ekspertizanın rəyinin təsviriəsaslandırıcı hissəsində isə qeyd edilir ki, həmin test müxtəlif ölkələrdə müxtəlif cür həyata keçirilir. Hər müəssisənin özünün də neonatal skrininqin müxtəlif məzmunu olur. İddiaçı tərəf müəyyən səs yazılarının olduğunu bildirmiş, lakin onları təqdim etməmişlər. Özləri də qeyd edir ki, uşağın doğumu "xxxx" MMC-də baş vermişdir. Sadəcə analizi xanım seçmişdir. Daha sonra da inkar edərək digərini qeyd edirlər. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməməsini xahiş etdi. Mülki iş materiallarında olan: 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 avqust 2023-cü il tarixli, AZ-İ seriyalı, 901101 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2023-cü ilin avqust ayının 01-ci günündə 1534 nömrə ilə qeyd edilmişdir. X1, anası isə İddiaçıdır. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. İddiaçı tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixində onun tabeliyində olan tibb müəssisəsində övladı dünyaya gəlmişdir. Müvafiq tibb mərkəzində övladı X6 xx.xx.2023-cü il tarixində “daban testi” götürülmüşdür. Ancaq təəsüflə qeyd etməlidir ki, onun tərəfindən təqdim olunmuş test nəticələri onları məyus etmişdir. Belə ki, təqdim olunan nəticələr testin mahiyyətinə uyğun olmamaqla, bir sıra xəstəliklərlə bağlı təfərrüatlı detalları özündə əks etdirmir. Daha aydın deyilsə, övladının “daban testi” nəticələrində testin mahiyyətinin ziddinə olaraq onun bır sıra irsi xəstəliklərin daşıyıcısı olub-olmaması ilə bağlı nüanslara ümumiyyətlə toxunulmamışdır ki, bu isə müvafiq xəstəliklərin diaqnozu və profilaktik müalicəsi ilə bağlı onların imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Müvafiq test növünün yalnız və yalnız uşağın doğulmasının ilk həftəsində götürülməsi zərurəti artıq onları yeni bir “daban testi” vermək və nəticələrlə tanış olmaq imkanından məhrum edir. Onlardan yol verdikləri kobud xidməti nöqsanla əlaqədar müvafiq test üçün ödənilmiş vəsaiti, əlavə olaraq mənəvi zərərin əvəzi qismində 5000 (beş min) manat məbləğində vəsaiti 1 (bir) ay ərzində ona ödənilməsini tələb etmişdir. Əks təqdirdə qeyd olunan məbləğlərin onlardan alınması üçün aidiyyatı üzrə müvafiq məhkəməyə instansiyasına müraciət olunmaqla, qeyd olunan məbləğlərin, həmçinin məhkəmə müraciəti ilə əlaqədar çəkilmiş xərclərin (dövlət rüsumu, vəkil xərcləri və s.) ondan alınması ilə bağlı hüquqi addımlar atılacaqdır. X5 aid tıbbi laboratuvar raporundan görünür ki, tandem ms (kütlə spektrometri) üsuli ilə, aminoasit metabolizması hastalıkları, üre siklüsü defektləri, organik asidemilər və yağ asidi oksidasyon defektləri yoxlanılmışdır. Bu xəstəliklərə aid patolojik patern müşahidə olunmamış, aminoasit və açilkarnitin dəyərləri yoxlanılan metabolik xəstəliklərin bir göstəricisi olaraq dəyərləndirilməmişdir. Test çərçivəsində yoxlanılan xəstləkilərin siyahısı hesabat formasında göstərilmişdir. xx.xx.2023-cü il tarixli, 46963 nömrəli çekdən görünür ki, laboratoriya xidmətləri üçün 169 manat məbləğində vəsait yüklənmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış 115 nömrəli, 27 noyabr 2023-cü il tarixli məktuba cavabdan görünür ki, icra olunan geniş topuq tarama testinin tərkibinə 30-a yaxın irsi metabolik xəstəliyi özündə əks etdirən analiz nəticələri daxildir. Bu testə nələr daxil olması klinika tərəfindən onlara bildirilmiş və bundan sonra icra edilmişdir. Bununıla əlaqədar olaraq, onların uşaqdan götürülən geniş topuq tarama testinin tərkibi dolğun bir şəkildə vaxtında laboratoriya tərəfindən təqdim edilmişdir. Topuq testi skrininq test olaraq – xəstəliklərin erkıən aşkarlanması üçün əhali arasında aparılan ön testdir. Skrininq testlərdən şübhəli və ya pozitiv çıxan nəticələr biokimyəvi, radioloji və genetik analizlərlə təsdiq olunmalıdır. Bu səbəblə övladının hansı ayda/yaşda olmasında asılı olmayaraq qanın biokimyəvi və genetik analizi ilə aşklarlanmaq istədiyi xəstəliyin müəyyən edilməsi mümkündür. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 554/KEŞ nömrəli rəyindən görünür ki, 2023-cü il təvəllüdlü X3 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulmuş suallara uyğun ekspert komissiyası aşağıdakı nəticələrə gəlmişdir. Neonatal skrininq zamanı aparılan topuğ testi yenidoğulmuşun həyatının artıq ilk günlərində ağır irsi-genetik patologiyaların aşkarlanması üçün tətbiq olunan müayinə üsuludur. Kütləvi şəkildə ən çox rast gəlinən xəstəliklərdən 5 irsi xəstəlik skrininq olunur. Mukovissidoz, qalatozemiya, adrenogenital sindrom, anadangəlmə hipotireoz və fenilketonuriyadır. Bəzi ölkələrdə bu siyahı 11 xəstəliyi əhatə edir. Digər 6 xəstəliyə çox nadir rast gəlinən qrup xəstəliklər – orqanik asidouriya, aminoasidopatiya və yağ turşularının mübadilə pozğunluğu aiddir. Analiz tez zamanda hazırlanır, qaydalara əsasən müayinə zamanı hər hansı irsi-genetik patologiya aşkarlanarsa ailə mütəxəssis tərəfindən məlumatlandırılır. Genişləndirilmiş neonatal metabolik skrininq zamanı 59 müxtəlif genetik xəstəliklər müəyyən olunur (16 baza və 43 mübadilə xəstlikləri). Cavabdeh "xxxx" MMC tərəfindən icra olunan geniş topuğ tarama testinin genişləndirilmiş neonatal metabolik skrininq daxildir. Neonatal metabolik skrininq testi uşağın həyatının erkən mərhələsində ikinci günündən 14-cü gününə kimi icra olunmuş, erkən mərhlədə aşkarlanmış irsi-genetik xəstəliklərin yaratdığı ağırlaşmaların məhdudlaşdırılmasına yönəldirilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş yenidoğulmuşların metabolik skrininqi beynəlxalq standrtlara uyğun tərtib edilmişdir. Neonatal metabolik xəstəliklərin diaqnozu və tədbirlərin görülməsi yenidoğulmuşun həyatının ilk aylarında əhəmiyyət kəsb etdiyi üçün doğulandan ilk 10 gün ərzində götürülüb buna müvafiq tövsiyyələr verilməlidir. Hər iki müəssidə aparılan neonatal skrininq testində genişləndirilmiş metabolik xəstəliklər paneli əhatə olunmuşdur. Uşağın yaşından asılı olmayaraq, istənilən yaşda biokimyəvi analiz verməklə irsi-genetik patologiyaların aşkarlanması mümkün deyildir. İddiaçı ekspert rəyi ilə bağlı etiraz təqdim edərək bildirmişdir ki, ekspertiza rəyində analizlərin beynəlxalq standartlara uyğunluğun təmin edildiyi iddia edilsə də, bu uyğunluğun konkret sübutları təqdim edilməmişdir. Beynəlxalq standarlara uyğunluq, müvafiq sertifikatlar və ya digər təsdiqedici məlumatlarla dəstəklənməlidir. Bu sübutların olmaması, iddianın həqiqiliyini şübhə altına alır. Qeyd edilməlidir ki, ekspert rəyinin 3.5.6-cı maddəsində qeyd olunur ki, hər iki müəssisədə aparılan analizlər beynəlxalq standardlara uyğundur, ancaq onlar tərəfindən təqdim edilmiş ikinci nümunənin təqdim olummasında, eləcə də ekspert qarşısında qaldırılan məsələdə testlərin standartlara uyğunluğu yox, bu iki test nümunəsində eyni meyarlar və dəyərlər üzrə nəticələrin müəyyən olunubolunmamasıdır. Ekspertiza rəyində metabolik skrininq testlərinin həyata keçirilməsi üçün müxtəlif vaxt çərçivələrinin göstərilməsi rəyin dəqiqliyinə və elmi əsaslandırılmasına ziddir. Bir hissədə 2-ci gündən 14-cü günə kimi, digər hissədə isə doğulandan ilk 10 gün ərzində keçirilməsi təklif olunmuşdur. Bu uyğunsuzluq rəyin təhlilindəki səhvləri göstərir. Ekspertiza rəyinin 1-ci bəndində neonatal skrininq zamanı 5 irsi xəstəliyin skrininq edilməyi olduğu qeyd edilmişdir. Lakin test nəticələri göstərir ki, bu xəstəliklərdən heç biri üzrə skrininq həyata keçirilməmişdir. Bu səbəblərə əsaslanaraq, yeni ekspertiza təyin edilməsini və ya mövcud ekspertiza rəyinin yenidən qiymətləndirilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu: 1-ci maddəsinə əsasən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərindən biridir. 51-ci maddəsinin 5-ci cümləsinə əsasən peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. 24-cü maddəsinin, 10-cu bəndinə əsasən pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 57-ci maddəsinin, 1-ci bəndinə əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Həmin Qanunun 59-cu maddəsinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmənin mövqeyi: Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin (mənəvi zərərlə bağlı) araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı maddi ziyana düşməsinin əsasını onun övladı xx.xx.2023-cü il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-də neonatal skrininq zamanı aparılan geniş topuğ testində təqdim olunmuş nəticələrin analizin mahiyyətinə uyğun olmaması, bəzi xəstəliklərin təfərrüatlı detallarını özündə əks etdirməməsi və bununla əlaqədar analizlər verilməsi nəticəsində maddi ziyana düşməsi ilə əlaqələndirmişdir. Beləliklə də, Mülki Məcəllənin 21-ci, 1096-cı və 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də, delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərəin əvəzini tam həcmdə ödəməlidir. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün bir qayda olaraq mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Lakin məlumdur ki, mülki hüquqda məsuliyyət bir sıra hallarda şəxsin təqsiri olmadığı hallarda da yarana bilər. Məhkəmə iş materiallarına əlavə edilmiş analiz nəticələrini, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X4” X11 554/KEŞ nömrəli ekspert rəyini nəzərə alaraq hesab edir ki, İddiaçı övladı xx.xx.2023-cü il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-də neonatal skrininq zamanı aparılan geniş topuğ testinin alınması və nəticələrin təqdim olunması işin mübahisəsiz halıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il təvəllüdlü X10 neonatal skrininq zamanı aparılan geniş topuğ testi məqsədi ilə yeni doğulan zaman müalicəyə təqdim olunmuş, iddiaçı tərəfdən bu analizin keçirilməsinin məqsədi yenidoğulmuşun həyatının artıq ilk günlərində ağır irsi-genetik patologiyaların aşkarlanması olmuşdur. Keçirilən analizin nəticələrindən narazı qalan iddiaçı öncə ərizə ilə "xxxx" MMC-nə, daha sonra isə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia edir ki, təqdim olunan nəticələr analizin mahiyyətinə uyğun deyil və bir sıra xəstəliklərlə bağlı təfərrüatlı detalları özündə əks etdirmir. Onu da iddia edir ki, uşağın irsi xəstəliklərin daşıyıcısı olub-olmaması ilə bağlı nüanslara ümummiyətlə toxunulmamışdır. Həmçinin məhkəmə tərəfindən ekspertiza təyin olunmuş və həmin rəy ilə müəyyən edilmişdir ki, neonatal skrininq zamanı aparılan topuğ testi yenidoğulmuşun həyatının artıq ilk günlərində ağır irsi-genetik patologiyaların aşkarlanması üçün tətbiq olunan müayinə üsuludur. Kütləvi şəkildə ən çox rast gəlinən xəstəliklərdən 5 irsi xəstəlik skrininq olunur. Mukovissidoz, qalatozemiya, adrenogenital sindrom, anadangəlmə hipotireoz və fenilketonuriyadır. Bəzi ölkələrdə bu siyahı 11 xəstəliyi əhatə edir. Digər 6 xəstəliyə çox nadir rast gəlinən qrup xəstəliklər – orqanik asidouriya, aminoasidopatiya və yağ turşularının mübadilə pozğunluğu aiddir. Analiz tez zamanda hazırlanır, qaydalara əsasən müayinə zamanı hər hansı irsi-genetik patologiya aşkarlanarsa ailə mütəxəssis tərəfindən məlumatlandırılır. Genişləndirilmiş neonatal metabolik skrininq zamanı 59 müxtəlif genetik xəstəliklər müəyyən olunur (16 baza və 43 mübadilə xəstlikləri). Cavabdeh "xxxx" MMC tərəfindən icra olunan geniş topuğ tarama testinin genişləndirilmiş neonatal metabolik skrininq daxildir. Neonatal metabolik skrininq testi uşağın həyatının erkən mərhələsində ikinci günündən 14-cü gününə kimi icra olunmuş, erkən mərhlədə aşkarlanmış irsi-genetik xəstəliklərin yaratdığı ağırlaşmaların məhdudlaşdırılmasına yönəldirilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş yenidoğulmuşların metabolik skrininqi beynəlxalq standrtlara uyğun tərtib edilmişdir. Neonatal metabolik xəstəliklərin diaqnozu və tədbirlərin görülməsi yenidoğulmuşun həyatının ilk aylarında əhəmiyyət kəsb etdiyi üçün doğulandan ilk 10 gün ərzində götürülüb buna müvafiq tövsiyyələr verilməlidir. Hər iki müəssidə aparılan neonatal skrininq testində genişləndirilmiş metabolik xəstəliklər paneli əhatə olunmuşdur. Neonatal metabolik skrininq testi uşağın həyatının erkən mərhələsində ikinci günündən 14-cü gününə kimi icra olunub, erkən mərhələdə aşkarlanmış irsi-genetik xəstəliklərin yaratdığı ağırlaşmaların məhdudlaşdırılmasına yönəldirilmişdir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış 115 nömrəli, 27 noyabr 2023-cü il tarixli məktuba cavabda göstərilmişdir ki, övladın hansı ayda/yaşda olmasından asılı olmayaraq qanın biokimyəvi və genetik analizi aşkarlanmaq istənilən xəstəliyin müəyyən edilməsi mümkündür. Bununla bərabər ekspert rəyində qeyd edilir ki, uşağın yaşından asılı olmayaraq, istənilən yaşda biokimyəvi analiz verməklə irsi-genetik patologiyaların aşkarlanması mümkün deyildir. Məhkəmə mübahisəli məqamla bağlı qeyd edir ki, göstərilən bu hal belə iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, məhkəmə tərəfindən iki nümunə göndərilmiş (iddiaçının nümayəndəsinin sonuncu məhkəmə baxış iclasında ikinci nümunə haqqında toxunulmaması barədə münasibət bildirməsinə baxmayaraq), rəy də qeyd olunmuşdur ki, "xxxx" MMC tərəfindən icra olunan geniş topuğ tarama testinin tərkibinə genişləndirilmiş neonatal metabolik skrininq daxildir. Həmin skrininq beynəlxalq standartlara uyğun tərtib edilməklə bərabər, hər iki müəssisədə aparılan neonatal skrininq testində genişləndirilmiş metabolik xəstəliklər paneli əhatə olunmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, hər hansı iddia tələbi ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı istinadla analizin nəticələrinin uyğunsuz olması barədə məhkəməyə izahat verərək, ekspert rəyi ilə də razı olmadığını qeyd etmişdir. Lakin bütün bunlarla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əlavə olaraq ekspert rəyi ilə analizin nəticələrinin qənaətbəxş olduğu müəyyən edilmişdir. Ona görə də məhkəmə ekspert rəyini mötəbər sübut növü kimi qəbul edir. Qeyd edilənlərə də əsaslanaraq, iddia tələbini təsdiq edən sübutların təqdim edilməməsi səbəbindən iddianı əsassız hesab edərək, onun təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə mülki hüquq pozuntusunu müəyyən edən normalara əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin maddi ziyanla bağlı iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin 5000 manat mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də, əsassız olduğundan təmin edilməməlidir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunduğu kimi, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Qeyd edilən xüsusatlardan da aydın olur ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə vurğulayır ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Məhkəmə insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri- əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının bilavasitə zərər vuran şəxs tərəfindən pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirə bilməsini, hazırki işdə isə cavabdeh tərəfindən iddiaçının hər hansı bir şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulmasına yönələn hərəkətlər edilməsinin müəyyən edilməməsini nəzərə alaraq, iddiaçının iddia tələbində bununla bağlı istinad etdiyi halların əsassız olması qənaətinə gəlir və belə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində də əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. İş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar