Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1976/2024 13.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsinə qarşı doğum qeydinə düzəliş edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsinə qarşı doğum qeydinə düzəliş edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X1 Sumqayıt 'Asan Xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 144 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydində düzəliş edilərək, ata qrafasında "Cavabdeh1", ana qrafasında "İddiaçı" və soyad qrafasmda "İbrahimxəlilova" yazılması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş işin materiallarını araşdıraraq hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45-ci maddəsinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsiolmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Məcəllənin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X1 doğum haqqında akt qeydində ataya aid məlumatların ləğv olunması və atalığın müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmədən onun hazırki iddia ərizəsinə məhkəmədə baxıla bilməz. Eyni zamanda məhkəmə işlərə məhkəmədə baxılmasının tezliyinin təmin olunması, yəni iddiaçı mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun məhkəməyə müraciət edəcəyi təqdirdə digər əsaslara görə yenidən iddia ərizəsinin geri qaytarılmasının qarşısının alınması məqsədilə onu da qeyd edir ki, iddiaçı doğum haqqında akt qeydinin ataya aid məlumatların ləğv olunması və atalığın müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edəcəyi təqdirdə bundan əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 18 dekabr 2020-ci il tarixli Qanununa əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir Qeyd olunmalıdır ki, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı ərizənin qəbul olunmasından imtina olunmalı və məhkəməyə təqdim olunmuş bütün sənədlər rəsmi qaydada iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 149, 150, 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Sum qayıt regional"ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsinə qarşı doğum qeydinə düzəliş edilməsi tələbinə dair iddia ərizəsinə baxılmasından imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada ərizəçiyə təqdim olunsun. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(060)-1976/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1976/2024
13.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver