Məhkəmə qərarları › İş №2(060)-1985/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1985/2021

19.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1985/2021 19.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi ilə, X1 və İddiaçı1 cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı icraata başlama haqqında qərarın müvəqqəti dayandırılması barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: X2 və İddiaçı1 (bundan sonra - iddiaçılar) Sumqayıt şəhəri üzrə İcra İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin icraata başlama haqqında xx.xx.2019-cu il tarixli qərarının müvəqqəti dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, İcra “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində icra sənədi üzrə icraatın dayandırılmasının məcburi halları, 18-ci maddəsində isə icra sənədi üzrə icraatın dayandırılmasının mümkün olduğu hallar göstərilmişdir. Həmçinin həmin Qanunun 21-ci maddəsində göstərilmişdir ki, bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır (21.1.). Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir (21.2.). Məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır (21.3.). İcraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər (21.4.). İcra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir (21.5.). Tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər (21.6.). İddia ərizəsində iddiaçılar göstərmişlər ki, Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli icraata başlama haqqında qərarın ləğv edilməsi məsələsinə baxılanadək icra sənədi üzrə icraat dayandırılmalıdır. “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Göründüyü kimi iddiaçıların icra icraatının dayandırılması üçün istinad etdikləri hal icraatın dayandırılmasının məcburi olduğu hallara aiddir ki, bu halda icraatın dayandırılması səlahiyyəti icra qurumuna aiddir. Belə olan halda iddiaçılar əvvəlcə icraatın dayandırılması tələbi ilə müvafiq icra qurumuna müraciət etməli, icra qurumu tərəfindən imtina cavabı aldıqları və ya onların tələbinə hər hansı cavab verilmədiyi təqdirdə icra məmurunun qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) məhkəməyə şikayət etməli idilər. Lakin, iddia ərizəsində iddiaçıların həmin tələblə icra qurumuna müraciət etdiklərini təsdiq edən hər hansı sənəd əlavə edilməmiş, iddiaçılar icra məmurunun qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) şikayət verməli olduqları halda iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qeyd edilən hallar isə işə məhkəmədə baxılmasını qeyri-mümkün edir. Məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçılara aidiyyəti üzrə səlahiyyətli orqana müraciət etmək hüququ izah olunmalıdır. Eyni zamanda iddia ərizəsində bəzi texniki səhvlərə yol verilərək cavabdehin adı “Sumqayıt şəhəri üzrə İcra İdarəsi” əvəzinə “Sumqayıt şəhər İcra və Probasiya şöbəsi” kimi, qeyd edilmiş, iddiaçıların hər ikisinin adı “İddiaçı1” kimi göstərilmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : X1 və İddiaçı1 cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı icraata başlamaq haqqında qərarın müvəqqəti dayandırılması barədə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara qaytarılsın. İddiaçılara izah edilsin ki, hazırkı tələblə müvafiq icra qurumuna müraciət edə bilərlər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar