Məhkəmə qərarları › İş №2(060)-2059/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2059/2021

27.05.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2059/2021 27.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir ölkənin vətəndaşı olmaması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası ərazisində daimi yaşama faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun 30.09.1982-ci ildən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Əzizbəyov rayonunda anadan olmuşdur. 10.07.1985-ci ildə X2 ilə nikaha girmişdir. Birgə nkahdan 4 övladları vardır. Övladlarının hamısı və həyat yoldaşı Azərbaycan Respublikasının vətəndaşlarıdır. Ona 01.06.1978-ci ildə Ermənistan SSPRİ-nin Əzizbəyov rayon İH-nin X6 tərəfindən İİİ-СЛ seriyalı 675032 saylı SSRİ pasportu verilmişdir. Pasport qeydiyyatına 15.07.1978-ci ildə götürülmüşdür. 15.09.1982-ci ildə pasport qeydiyyatından çıxmış və 30.09.1982-ci ildə Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən 1 saylı evin 76-cı mənzilinə müvəqqəti pasport qeydiyyatına götürülmüşdür. Sonradan o, 22.10.1991-ci ildə ünvan 2 ünvanına qeydiyyata alınmışdır. 08.07.2004-cü ildə həmin ev satıldığı üçün pasport qeydiyyatından çıxarılmışdır. Bundan sonra pasport qeydiyyatına götürülməmişdir. Sumqayıt şəhərində fəaliyyət göstərən 60 №-li mağazada, Sumqayıt İstehsalat Kombinatında Tikinti materialları mağazasında işləmişdir. Bunu ona məxsus olan 03.10.1978-ci ildə verilmiş əmək kitabçası təsdiq edir. Sumqayıt şəhərində yaşadığı 38 il ərzində heç bir digər yerdə yaşamamış və Azərbaycan Respublikasını şəxsiyyətini təsdiq edən sənəd olmadığından tərk etməmişdir. Bunu AR Dövlət Miqrasiya Xidmətinin 02.07.2020-ci il tarixli arayışı təsdiq edir. Hal-hazıradək heç bir dövlətin vətəndaşlığını almamış və heç bir dövlətin vətəndaşlığına mənsub olmamışdır. Azərbaycan Respublikasında SSRİ pasportu ilə hərəkət etimşdir. Qeyd olunanlara əsasən ərizəçi məhkəməyə verdiyi ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X2 izahat verərək, Ərizəçi ilə 1984-cü ildə evləndiyini, bir yerdə işlədiklərini bildirdi. Məhkəmə iclasında şahid X3 izahat verərək, Ərizəçi 1986-1987-ci illərdən tanıdığını, əvvəllər bir işlədiklərini bildirdi. Ailəvi gedişgəlişləri olmuşdur. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarına əlavə edilmiş: - AZ-İV № 230480 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixində Ermənistan Respublikasında anadan olmuşdur. Atası Hümbətov Mehman İsaxan oğlu, anası X1r. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 6 saylı Mənzil Kommunal Səhəsinin 706 nömrəli arayışından görünür ki, Ərizəçi Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 19/23 saylı evin, 27 saylı mənzilində yaşayır və həmin mənzilə 22.10.1991-ci ildə qeydiyyata düşmüşdür. 08.07.2004-cü ildə ev satıldığı üçün qeydiyyatdan çıxmışdır. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 02 iyul 2020-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, xx xxxxxx 1961-ci il təvəllüdlü Ərizəçi 241242/m nömrəli, 25 iyun 2020-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1988-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Sumqayıt şəhər Bələdiyyəsi 16-cı məhəllələr üzrə 1 saylı Məhəllə Komitəsinin 48 saylı arayışından görünür ki, Ərizəçi Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 28/27, mənzil 2-də qeydiyyatsız kirayədə yaşayır. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 10.05.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 27.04.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi şəxsiyyət vəsiqəsinin verilməsinə dair hər hansı məlumat yoxdur. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 07.05.2021-ci il tarixli 05/2449 nömrəli məktubundan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 20.05.2021-ci il tarixli 05/2761 nömrəli məktubundan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 25.05.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi şəxsiyyət vəsiqəsi almadığı üçün, şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Ərizəçi 30.09.1982-ci ildən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı araşdırılan sübutlarla təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311, 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 30.09.1982-ci ildən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar