Məhkəmə qərarları › İş №2(060)-2065/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2065/2022

21.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2065/2022 21.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxs – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) çıxarış və çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin ləğv edilməsi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oğlu (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsi müraciət edərək, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllədə yerləşən 87 saylı fərdi yaşayış evinin cavabdehin mülkiyyətinə verilməsinə dair 10.07.2018-ci il tarixli, ********** nömrəli dövlət reyestrli çıxarışın və çıxarışın verilməsinə əsas olmuş sənədlərin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır (25.1.). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. İddia ərizəsi ilə müəyyən edilir ki, iddiaçı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evinin cavabdehin mülkiyyətinə verilməsinə dair 10.07.2018-ci il tarixli, ********** nömrəli dövlət reyestrli çıxarışın və çıxarışın verilməsinə əsas olmuş sənədlərin ləğv olunmasını xahiş edir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, qeyd edilən çıxarışa əsasən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllədə yerləşən 87 saylı fərdi yaşayış evi üzərində X1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Həmin çıxarışın verilməsinə əsas isə Cavabdeh2 ilə X2 arasında bağlanmış bağışlama müqaviləsi olmuşdur. İddiaçı həmin çıxarışın (daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın) ləğvini onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədin, yəni Cavabdeh2 ilə X2 arasında bağlanmış bağışlama müqaviləsinin mübahisələndirilməsi ilə birlikdə irəli sürməli idi. İddiaçı çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin ləğv olunması tələbini irəli sürsə də, çıxarışın verilməsinə əsas olmuş sənədlərin nədən ibarət olmasını iddia ərizəsinin sonunda göstərilməmişdir. Yəni, iddiaçı yalnız daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatı mübahisələndirirsə, bu halda müvafiq inzibati orqanı cavabdeh kimi göstərərək müvafiq inzibati məhkəməyə müraciət etməli idi. Hazırkı vəziyyət isə işə ümumi məhkəmədə baxılmasını qeyri-mümkün edir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən Qərarında həmçinin göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya yalnız müvafiq çıxarışı mübahisələndirdiyi halda aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çıxarış və çıxarış üzrə verilmiş sənədlərin ləğv edilməsi barədə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar