Məhkəmə qərarları › İş №2(060)-2074/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2074/2025

03.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2074/2025 03.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum edilmiş Cavabdeh cinayət nəticəsində vurulmuş maddi ziyana görə 1500 manat, mənəvi ziyana görə 4000 manat, dövlət rüsumu 35 manat, cəmi 5535 manat pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh cinayət nəticəsində vurulmuş maddi ziyana görə 4000 min manat, mənəvi zərərə görə 1500 manat tələb etdiyini bildirmişdir.

3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 6 ay azadlıqdan məhrumetmə cəzası və 8500 cərimə cəzasına məhkum edilmişdir. Cavabdeh barəsində olan cinayət işində zərərçəkən qismində iştirak etmişdir. Özü birinci və ikinci Qarabağ müharibəsinin könüllü iştirakçısıdır. Hazırda sağlamlığında ciddi problemlər var və ikinci qrup əlildir. Belə ki, 2021-ci ilin noyabr ayında təqaüdü dayandırılmışdır. Bu barədə maraqlanandan sənədlərinin yoxlanılacağı, əgər müsbət nəticə olarsa təqaüdünün bərpa ediləcəyi deyilmişdir. 2022-ci ilin dekabr ayında Cavabdeh DSMF-nin daxilində həkim komissiyasında tanışlarının olduğunu və təqaüdünün bərpa edilməsində ona köməklik edə biləcəyini bildirmişdir. Bunun üçün Mübariz ondan 1500 manat pul istəmişdir. 2022-ci ilin dekab ayında Məhəmməd adlı şəxsin maqazinində Mübarizə 1500 manat pul vermişdir. Mübariz bunun qarşılığında təqaüdünün dekabr ayının sonuna qədər düzələcəyi vədini vermişdir. Mübarizin vəd etdiyi vaxtda təqaüdü ilə bağlı Mübarizdən maraqlanan da, o da yaxın günlərdə düzələcəyini bildirsə də, heç bir iş həll etməmiş, sonradan Mübariz tərəfindən aldadıldığını başa düşmüşdür. Ona vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs Cavabdeh törətdiyi cinayət nəticəsində vurulmuş maddi ziyanla yanaşı ona mənəvi ziyan da vurulmuşdur. Həmin cinayət nəticəsində madddi vəziyyəti pisləşmişdir. Özü onkoloji xəstəlikdən əziyyət çəkir, mütəmadi olaraq həkim nəzarəti altında müalicə alır. Həmin cinayət hadisəsi ona pis təsir etmişdir. Bir müddət həmin hadisənin psixoloji təsiri altında olmuş, sarsıntı keçirmiş və əzab çəkmişdir ki, bu da onun xəstəliyinə pis təsir göstərmişdir. Həmin hadisə ilə bağlı vurulmuş mənəvi ziyanı ən azı 4000 manat miqdarında qiymətləndirir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, öz işinə görə 1500 manat, Məhəmmədin işinə görə isə 2500 manat pul vermişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirdi ki, Mübarizi məhkəmədə görmüşdür. Nazimə 2500 manat pul vermişdir. Həmin pulu Nazim ona məhkəmə olan zaman qaytarmışdır.

7. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İşdə olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(002)-28/2024 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və 04 (dörd) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş qalan 05 ay 05 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) ay 17 (on yeddi) gün azadlıqdan məhrumetmə cəzasına hesablanması və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaların qismən birləşdirilərək Cavabdeh qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 8500 (səkkiz min beş yüz) manat cərimə cəzasının təyin edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, həbsetmənin əvvəlinin 06 may 2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir.

9. İşdə olan vəsiqənin surətindən görünür ki, iddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Məhkəmə tərəfindən müəyəyn edilmişdir ki, o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda İddiaçı ləğv olunmuş pensiyasını bərpa etdirəcəyini vəd edərək, 08 dekabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən tikinti malları bazarında sonuncunun 1500 manat məbləğində pul vəsaitini qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda X1 ləğv olunmuş pensiyasını bərpa etdirəcəyini vəd edərək, 08 dekabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən tikinti malları bazarında tanışı İddiaçı vasitəsilə Məhəmməd Həsənovun 2500 manat məbləğində pul vəsaitini qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Hazırda iddiaçı həmin pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. 11.Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Azərbaycan Respublikası CPM-nin 179.2-ci mаddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.

13. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır.

14. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən: 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər.

15. Azərbaycan Respublikası CPM-nin 179.3-cü mаddəsinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2).

17. Həmin Məcəllənin 1096.1-1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Məcəllənin 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. İş materiallarına əlavə edilmiş hökmün məzmunundan görünür ki, Cavabdeh İddiaçı aldadaraq ondan aldığı 4000 manat məbləğində pul vəsaitini ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

20. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

21. Məhkəmə iddia tələbinin mənəvi ziyan hissəsində öz təsdiqi tapmadığından qismən təmin edilməsi qənaətinə gəlir.

17. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).

18. Məhkəmə qeyd edilənləri və məhkəmə hökmünün preyudisiallığını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 4000 manat məbləğində pul tutulub İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

19. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

20. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütınasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia tələbinin təmin edilmiş hissəsinə, yəni 4000 manata uyğun olan 60 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.

22. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.

Nəticə hissəsi:

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 60 (altmış) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar