Məhkəmə qərarları › İş №2(060)-2099/2023

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-2099/2023

18.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2099/2023 18.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdehlər Cavabdeh2 və digərlərinə qarşı orderin ləğvi və mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (bundan sonra - iddiaçı) Cavabdeh2, Cavabdeh1 Əmiraslan qızı, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Əmiraslan qızının adına X6 tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 667 saylı orderin ləğvi və cavabdehlərin Sumqayıt şəhəri, 4cü mikrorayon, ünvan 2-ya olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, Bakı küçəsi, 7 saylı yataqxananın 136-cı otağı xx.xx.1992-ci il tarixində 967 saylı orderlə X6 İstehsalat Birliyi tərəfindən həmin idarənin işçisi Cavabdeh1 Əmiraslan qızına verilmişdir. O həmin vaxtdan həyat yoldaşı Cavabdeh2, oğlu Cavabdeh3 və qızı Cavabdeh4 ilə həmin otaqda yaşamış və hal-hazırda orda qeydiyyatdadırlar. 7 saylı yataqxanının 136-cı otağı darısqal və yaşayış üçün normal şərait olmadığına görə Cavabdeh2 Sumqayıt şəhəri, “Yaşıldərə” adlanan ərazidə 3 otaqlı fərdi yaşayış evi tikərək 22 iyun 2022-ci ildən ailəsi ilə birlikdə orada yaşayırlar. Sözügedən yataqxana xidməti yataqxanadır və Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 16 sentyabr 2010-cu il tarixli, 153 saylı sərəncamı ilə iddiaçının balansına verilmişdir. Hal-hazırda 136-cı otaq 22 iyun 2022-ci ildə iddiaçıya təhvil verilmişdir. Yataqxana xidməti yataqxanadır və vətəndaşlara işlədiyi və ya təhsil aldığı dövr üçün verilir. Müəssisədə əmək fəaliyyətini dayandırdıqda otaq İcra Hakimiyyətinə təhvil verməlidirlər. Bu öz əksini həmin vətəndaşlara verilmiş orderdə də tapmışdır. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdehlər Cavabdeh3 xx.xx.1996-cı ildə, Cavabdeh2 xx.xx.1964-cü ildə, Cavabdeh1 xx.xx.1967-ci ildə, Cavabdeh4 xx.xx.1992-ci ildə anadan olmuşlar. Cavabdehlər Sumqayıt şəhəri, 4-cü mikrorayon, yataqxana-7, ünvan 1 ünvanında (bundan sonra – mübahisəli mənzil) qeydiyyatdadırlar. xx.xx.1992-ci il tarixli, 967 saylı orderə əsasən mübahisəli mənzil X6 tərəfindən Cavabdeh1 verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyi üzrə xx.xx.2010-cu il tarixli, 12 nömrəli əmrə əsasən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 16 sentyabr 2010-cu il tarixli, 153 saylı sərəncamı icra və rəhbərlik üçün qəbul edilmiş, Sumqayıt şəhəri, 4-cü mikrorayon, Bakı küçəsi, yataqxana 7 və siyahında göstərilmiş digər 25 yataqxana və 9 yaşayış binasının iddiaçının balansına qəbul edilməsi üçün komissiya yaradılmışdır. Sumqayıt Bələdiyyəsi Yeni Yaşayış Massivi 2-ci məhəllə üzrə 1 saylı məhəllə komitəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən Cavabdeh2 Sumqayıt şəhəri “Yaşıldərə” Yeni Yaşayış Massivi 2-ci məhəllə, 1 saylı məhəllə komitəsinin əhətə etdiyi ərazidə ev 234/B ünvanında qeydiyyatsız yaşayır. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ətraflı arayışa əsasən mübahisəli mənzil xx.xx.1992 ci il tarixdə, 967 saylı orderlə Üzvi Sintez tərəfindən Cavabdeh1 Əmiraslan qızına verilmişdir. Həmin gündən xx.xx.2022-ci ilədək həyat yoldaşı Cavabdeh2, qızı X2, oğlu Cavabdeh3 ilə bərabər yaşamışlar. Cavabdehlər xx.xx.2022-ci il tarixdən mənzildə yaşamırlar və həmin gündən otaq iddiaçıya təhvil verilmişdir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi mübahisəli mənzil order əsasında xx.xx.1992-ci il tarixində Cavabdeh1 verilmişdir. Mənzil hal-hazırda özəlləşdirilməmişdir və iddiaçının balansındadır. Bu səbəbdən mübahisəyə icarə münasibətlərinin tənzimləndiyi 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının 2009-cu ilədək qüvvədə olmuş 08 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir (51). İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (53). İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır (60). İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir (87). İşin məhkəmə hazırlıq iclası zamanı Cavabdeh2 məhkəmə iclasında iştirak etmiş, onun və ailə üzvləri olan digər cavabdehlərin mübahisəli mənzildə yaşamadıqlarını və həmin mənzilə ehtiyaclarının qalmadığını bildirmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər (100.3.). Xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir (101.2.). Göründüyü kimi mübahisəli mənzilin mülkiyyətçisi dəyişmiş, həmçinin cavabdehlər mübahisəli mənzili daimi əsaslarla tərk edərək, başqa yaşayış sahəsinə köçmüşlər. Bu səbəbdən iddia təmin edilməli, Cavabdeh1 Əmiraslan qızının adına X6 tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 667 saylı order ləğv edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 Əmiraslan qızının adına X6 tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 667 saylı order ləğv edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 Əmiraslan qızının Sumqayıt şəhəri, 4-cü mikrorayon, ünvan 2 ünvanına olan istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər qiyabi qətnamənin onlara rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilərlər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar