Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2100/2023 15.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X24 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X12 Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «qərarın ləğvi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 02 saylı 10 fevral 2023-cü il tarixli qərarın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onun mərhum həyat yoldaşı X9 ilə nikahlarından övladları olmadığından, qaynı X13 və onun yoldaşı Babayeva Rozanın ümumi övladları 13 avqust 2014-cü il tarixdə doğulmuş oğlan uşağını onların razılığı ilə övladlığa götürmüşlər. Bununla bağlı tərəfindən ərizə ilə Yardımlı Rayon Məhkəməsinə müraciət edilmiş və həmin məhkəmənin 14 iyul 2015-ci il tarixli, 2(038)-191/2015 saylı qətnaməsi ilə ərizəsi təmin edilmiş, 13 avqust 2014-cü il tarixdə doğulmuş X15 İddiaçı və X9 tərəfindən övladlığa götürülmüş hesab olunmuş, doğumun qeydi kitabında və veriləcək doğum haqqında şəhadətnamədə X2 Məmmədov, adının Mehdi, atasının adının İddiaçı, anasının adının X3 yazılması qət edilmişdir. Adı çəkilən məhkəmə qətnaməsi əsasında uşağın övladlığa götürülməsi barədə şəhadətnamə və doğum haqqında şəhadətnamə hazırlanmış və X5 Mehdi Sərvər oğlu olaraq rəsmən tərəflərindən övladlığa götürülmüşdür. 2022-ci ilədək də övladının fizioloji valideynləri ilə də hər hansı problemləri olmadan uşaqları böyütmüşdülər. Lakin 01 may 2022-ci il tarixdə həyat yoldaşı X9 beyin infarktı səbəbindən rəhmətə getdikdən sonra hər şey dəyişmişdir. Uşağının atası övladını geri qaytarmağı tələb etməyə başlamışdır. O, bununla razılaşmadıqda isə hədə-qorxu gəlməyə, barəsində müxtəlif qurumlara böhtan xarakterli ərizələr ünvanlamağa başlamışlar. Əvvəlcə uşağın atası öz adından barəsində şikayətlər etmiş, bunun bir nəticə vermədiyini gördükdə isə qaynanası X7 irəli verərək onun adından uşaqla ünsiyyət hüququ tələb etməyə başlamışdır. Belə ki, Yardımlı şəhərində yaşayan 1946-cı il təvəllüdlü X6 adından Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissisyasına müraciət edilərək guya onun övladının nənəsi ilə ünsiyyətinə maneçilik etdiyi iddia olunaraq uşaqla ünsiyyət müddətinin müəyyən edilməsi tələb olunmuşdur. O, adı çəkilən quruma dəvət edilmiş, orada da bildirmişdir ki, uşağının nənəsi ilə hər hansı şəkildə ünsiyyətinə maneçilik törətməmiş, sadəcə olaraq həyat yoldaşının qohumları ünsiyyət adı ilə uşağını Yardımlı rayonuna aparıb əlindən almağa çalışırlar. Cavabdehin işçiləri tərəfindən ona oxumadan sənədlərə imza atdırılaraq məsələnin aydın olduğu və hər hansı problemin olmadığı bildirilmişdir. Lakin 17 fevral 2023-cü il tarixdə yaşadığı mənzilə məktub gəlmişdir ki, həmin məktubla Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissisyasının 02 saylı 10 fevral 2023-cü il tarixli qərarı ona ünvanlanmışdır. Adı çəkilən qərarla tamamilə qanunsuz şəkildə X8 oğlu ilə hər ayın ilk həftəsinin bazar günü saat 12.00-dan saat 18.00-dək, həmçinin payız, qış, yaz tətillərində 2 gün, yay tətilində isə 1 həftə ünsiyyətdə olma müddəti müəyyən edilmişdir. O, sözügedən qərarı qanunsuz saymaqla yanaşı, uşağımın mənafeyinə zidd və övladlığa götürmənin sirrinin qorunması prinsipinin pozulması kimi qiymətləndirir. Nəzərə alınsa ki, X1 rayon sakinidir və həmin rayonda daimi olaraq yaşayır, onun bir nənə kimi Sumqayıt şəhərinə gələrək oğlu ilə ünsiyyətdə olmasına etirazı yoxdur. Lakin bu məsələdə övladının fizioloji valideynləri maraqlıdırlar və bu qərarı çıxartmaqla məqsədləri oğlunu ünsiyyət adı ilə Yardımlıya aparmaqdır. Oğlunun fiziolioji valideynlərinin də Yardımlıda yaşadıqlarını nəzərə alınsa, oğlunun övladlığa götürülməsinin bir sirr olaraq saxlanılmasının mümkün olmayacağı aydındır. Buna baxmayaraq Sumqayıt Şəhər icra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissisyası bütün bu halları nəzərə almadan və övladının mənafeyini heçə sayaraq 02 saylı 10 fevral 2023-cü il tarixli qərar qəbul etməklə qanunsuz şəkildə X8 oğlu ilə hər ayın ilk həftəsinin bazar günü saat 12.00-dan saat 18.00-dək, həmçinin payız, qış, yaz tətillərində 2 gün, yay tətilində isə 1 həftə ünsiyyətdə olma müddətini müəyyən etmişdir. Halbuki, qanunvericiliklə adı çəkilən quruma uşağın yaxın qohumu ilə ünsiyyət müddətini müəyyən etmək səlahiyyəti verilməmişdir. Həmin qurumun səlahiyyəti uşağın yaxın qohumu ilə ünsiyyət saxlamasına mane olmamağı tələb etməkdən ibarətdir ki, o, da Sumqayıt şəhərində belə ünsiyyət qurulmasına heç vaxt mane olmamışdır. Hesab edir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissisyasının 02 saylı 10 fevral 2023-cü il tarixli qərarı ilə onun və övladının hüquqları və mənafeləri kobud şəkildə pozulduğundan, həmin qərar ləğv edilməlidir. Buna görə də belə bir şəraitdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmə tərəfindən sözügedən qərarın ləğv edilməsini xahiş etməyi qərara almışdır. İddiaçı məhkəmədə iştirak edən zaman iddia tələbini müdafiə edərək, eyni məzmunlu izahat verdi və təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Q.M.Məlikova iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı onun kürəkənidir. O, oğlunun övladını qızına vermişdir. Qızı rəhmətə getdikdən sonra iddiaçı və onun bacısı ona nəvəsi ilə görüşməyə imkan vermədilər. O, dəfələrlə zəng etmiş, qapılarını gedib nəvəsini görmək istəmişdir. Lakin onlar onu qapıdan buraxmamışlar. Ona demişdilər ki, hara müraciət etsə də uşaqla görüşməyə icazə verməyəcəklər. O, 1 ildən artıqdır ki, nəvəsini görə bilmir. Onun necə olduğu, necə yaşadığı haqqında heç nə bilmir. O, nəvəsi ilə görüşmək onun qayğısına qalmaq istəyir. İstəyir ki, bayramlarda, yay tətilində nəvəsi onunda yanında olsun. Bu səbəbdən hazırki iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ərizəçi X6 nəvəsi, xx.xx.2014-cü il təvəllüdlü X21 ilə hər ayın ilk həftəsinin bazar günü saat 12:00dan saat 18:00-dək, həmçinin payız, qış, yay tətillərinədə 2 gün, yay tətilində isə 1 həftə ünsiyyətdə olma müddəti müəyyən edilməsi qərara alınmışdır. İşdə olan Yardımlı Rayon Məhkəməsinin 2(038)-191/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, ərizə təmin edilərək, 13 avqust 2014-cü ildə doğulmuş X5 Sərvər Mirzəli oğlu və X9 tərəfindən övladlığa götürülmüş hesab edilməsi və doğumun qeydi kitabında və veriləcək doğum haqqında şəhadətnamədə X4 Məmmədov, adı Mehdi, atasının adı İddiaçı, anasının adı X9 yazılması, doğulduğu tarix və doğulduğu yer olduğu kimi saxlanılması qət edilmişdir. İşə əlavə olan AZ-İ № 010127 saylı, 20.08.201-ci il tarixli “Övladlığa götürmə haqqında şəhadətnamə”sinin surətindən görünür ki, 13 avqust 2014-cü ildə X9 tərəfindən doğulmuş X5 Sərvər Mirzəli oğlu və X9 tərəfindən övladlığa götürülmüş və uşağa X26 adı verilmişdir. İşdə olan AZ-İİİ № 600263 saylı, xx.xx.2015-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X21 xx.xx.2014-cü il tarixdə Yardımlı rayonunda dogulmuş və ata qrafasında İddiaçı, ana qrafasında X9 qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Qeyd olunan Məcəllənin 62.3-cü maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Həmin Məcəllənin 62.4-cü maddəsinə əsasən məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6/2011 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların qayğı obyektidir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Qanunun 17-18-ci maddələrinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Bundan başqa, “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müəyyən hüquq və azadlıqların səmərəli istifadəsi ilə bağlı olduqda dövlətlərin üzərinə pozitiv öhdəliklər qoyur. Pozitiv öhdəliklərin yerinə yetirilməsi bəzən milli hakimdən həmçinin mövcud olan sosial konsensusu qabaqlamağı tələb edir, lakin bu cəmiyyətin özünün tərəqqisi naminə edilir ki, bu da nəticədə onun hər bir üzvünün hüquq və azadlıqlarının müdafiəsi işinin daha etibarlı və tam olmasına səbəb olur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Yohansen Norveçə qarşı” 07 avqust 1996-cı il tarixli qərarında da qeyd olunmuşdur ki, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasını təmin etmək üzrə pozitiv öhdəlik qoyur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli qərarının 1-ci bəndinin izahına görə uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Məhkəmə uşagın azyaşlı oldugunu, onun və nənənin mənafeyini nəzərə alaraq, hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X21 nənəsi ilə ayda bir dəfə görüşməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 6.8-ci bəndində göstərilmişdir ki, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə qeyd olunan normalardan çıxış edərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 02 saylı 10 fevral 2023-cü il tarixli qərarı qismən ləğv edilərək, X10 nəvəsi-xx.xx.2014-cü il təvəllüdlü X21 ilə ayda bir dəfə bazar günü saat 12:00-dan 18:00-dək görüş vaxtı müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 02 saylı 10 fevral 2023-cü il tarixli qərarı qismən ləğv edilsin. X10 nəvəsi-xx.xx.2014-cü il təvəllüdlü X21 ilə ayda bir dəfə ilk həftənin bazar günü saat 12:00-dan 18:00-dək görüş vaxtı müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-2100/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2100/2023
15.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver