Məhkəmə qərarları › İş №2(060)-2118/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2118/2025

29.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2118/2025 29.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirlimiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilə istifadə hüququnun itirilməsi (qətnamə cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır) və iddia ərizəsinin verilməsi üçün məhkəməyə ödədiyi 100 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında olan nikahları pozulmuş, nikah pozulduqdan sonra 24 dekabr 2010-cu il təvəllüdlü X2 oğlunun və 02 may 2012-ci il təvəllüdlü X1 oğlunun onun yanında qalmaları qət edilmişdir. Bundan sonra, Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(060)- 4517/2020 saylı əlavə qətnaməsi ilə 24 dekabr 2010-cu il təvəllüdlü X3 oğlunun və 02 may 2012-ci il təvəllüdlü X1 oğlunun yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. 16 dekabr 2021-ci il tarixli, AZ-İ № 404744 saylı nikahın pozulması haqqında şəhadətnamə ilə onunla Cavabdeh arasında olan nikahları 21 dekabr 2021-ci il tarixdə pozulmuşdur. Cavabdehlə birgə yaşadıqları müddətdə ünvan 1 ünvanında yerləşən 13 saylı mənzili almış və orada yaşamışdırlar. 2020-ci ilin axırlarından cavabdehlə faktiki olaraq ailə münasibətləri kəsilmişdir. 21 dekabr 2021-ci il tarixdə nikahları pozulmuş və bundan sonra Cavabdeh Naxçıvan rayonuna getmiş və hal-hazırda da orda yaşayır. 2021-ci ildən cavabdeh həmin evdə yaşamır. ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil əvvəl Cavabdeh adına olsa da, onların birgə mülkiyyətlərində olmuşdur. Cavabdehlə razılaşaraq Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış 04 oktyabr 2020-ci il tarixli, AN-İ ******* nömrəli bağışlama müqaviləsi əsasında hədiyyə verən Cavabdeh iki otaqlı mənzilin ona məxsus hissəsini onun mülkiyyətinə vermişdir. Bundan sonra həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən mülkiyyət hüququ haqqında 06 oktyabr 2020-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarış ilə onun mülkiyyətinə keçmişdir və hazırda da onun mülkiyyətindədir. Cavabdeh sözügedən mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Sonradan isə cavabdeh bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasından gələ bilmədiyi və evi olmadığı üçün qeydiyyatdan çıxa bilmir. Yaşayış yeri üzrə xx.xx.2024-cü il tarixli, 104 saylı arayışdan da görünür ki, mülkiyyətində olan həmin evdə Cavabdeh qeydiyyatda qalmışdır. Həmçinin həmin arayışdan aydın olur ki, Cavabdeh 2021-ci ildən həmin evdə yaşamır. Cavabdehin qeyd edilən mənzildə qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını pozur.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

5. AZ-İ 404744 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə Sumqayıt şəhər qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 631 nömrə ilə qeydiyyat aparılmışdır.

6. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 40,9 kv.m, yaşayış sahəsi 28.1 kv.m, yardımçı sahəsi 12,8 kv.m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsini arvadı İddiaçı bağışlamışdır.

7. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 2 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 06 oktyabr 2020-ci ildə qeydiyyata alınmışdır.

8. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 4 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 104 nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 2-də yaşayır və xx.xx.2011-ci ildən qeydiyyatdadır, lakin göstərilən ünvanda 2021-ci ildən yaşamır.

Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Konstitusiyasının:

-13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. - 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. -228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. -228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. -228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

12. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: -30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. -30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

14. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 40,9 kv.m, yaşayış sahəsi 28.1 kv.m, yardımçı sahəsi 12,8 kv.m olan 2 otaqlı mənzili arvadı İddiaçı bağışlamışdır. Hal-hazırda Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 15A, 13 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. İddiaçı həmin mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 06 oktyabr 2020-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzildə İddiaçı ilə yanaşı iddiaçının keçmiş həyat yoldaşı Cavabdeh da qeydiyyatdadır. Hal-hazırda İddiaçı Cavabdeh sözügedən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.

15. Sözügedən mənzil xx.xx.2011-ci il tarixdən cavabdehin mülkiyyətində olmuş, daha sonra 04 oktyabr 2020-ci ildə həmin mənzili arvadı İddiaçı bağışlamışdır. 29 sentyabr 2021-ci il tarixdə isə tərəflər arasında mövcud olan nikah pozulmuşdur.

16. Beləliklə Cavabdeh xx.xx.2011-ci ildə həmin mənzil üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin həmin mənzil üzərində istifadə hüququ mülkiyyət hüququ (mülkiyyət hüququnun elemntlərindən biri kimi) əsasında yaranmışdır.

17. Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.

18. Belə olan halda isə məhkəmə hesab edir ki, hazırki mübahisə Cavabdeh mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı olduğundan bu mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi tətbiq edilməlidir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

20. Qeyd olunan normanın mənasından göründüyü kimi yaşayış sahəsindən istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsasdır.

21. Hazırki işdə də işin faktiki hallarından göründüyü kimi Cavabdeh 04 oktyabr 2020-ci il tarixli müqavilə əsasında ona məxsus olan əmlakı bağışlama müqaviləsi əsasında İddiaçı bağışlamışdır. Bununla da onun həmin mənzil üzərində mülkiyyət hüququnun əsas elementlərindən olan istifadə hüququ da itirilmişdir. Belə olan halda İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdehin isə həmin mənzilə dair hər hansı hüquqları qalmadığından, hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur.

22. Mənzili arvadına bağışladıqdan sonra cavabdehlə iddiaçı arasındakı nikah münasibətlərinə xitam verilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından da cavabdehin həmin mənzilə hər hansı istifadə hüququ qalmamışdır. Belə ki, indiki halda həmin mənzilin mülkiyyətçisi iddiaçı olmaqla, cavabdeh iddiaçının keçmiş əri olmaqla, ailə üzvü hesab edilmədiyindən, habelə onunla iddiaçı arasında istifadə hüququnun yaranması halına dair hər hansı notarial qaydada təsdiq edilmiş razılaşma və bu hüququn dövlət qeydiyyatına alınması halı müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməlidir.

23. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, qeyd olunan halları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

24. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 15A saylı evin 13 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməlidir.

Nəticə:

25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 15A saylı evin 13 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar