Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2191/2023 05.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, "Tansen” MMC-yə, "xxxx" MMC-yə, "Beran” MMC-yə, "Apatin-S” MMC-yə, ”Amedora” MMC-yə və maraqlı tərəf AR Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinə qarşı icra orqanının rəhbəri olması barədə vergi orqanında olan qeydlərin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1,. "Tansen” MMC-yə, "xxxx" MMC-yə, "Beran” MMC-yə, "Apatin-S” MMC –yə, ”Amedora” MMC-yə və maraqlı tərəf AR Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinə qarşı təsis sənədlərinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh3 MMC-də, Cavabdeh4 MMC-də, “Tansen" MMC-də, Cavabdeh5 MMC-də. Cavabdeh6 MMC-də İcra orqanının rəhbəri təyin edilməsi barədə təsisçinin qərarının etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "Tansen” MMC, "xxxx" MMC, "Beran” MMC, "Apatin-S” MMC, ”Amedora” MMC-də icra orqanının rəhbəri olmağı barədə vergi orqanında olan qeydlərin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hüquqi ünvanı AZ 5002, ünvan 1 Cavabdeh2n (VÖEN: **********) rəhbəri kimi 18 oktyabr 2017-ci il tarixində adı dövlət reyetrinə daxil edilmişdir. AR Vergilər Nazirliyinin 29 yanvar 2020-ci il tarixli, **********335800 saylı məktubu ilə ona bildirilmişdir ki, “Hüquqi şəxslərin dövlət reyestrində hazırki tarixə Cəmiyyətin (yəni Cavabdeh2 MMC-nin) rəhbəri kimi İddiaçı (hazırki iddia tələbi üzrə iddiaçının) olması barədə məlumat mövcuddur və rəhbər dəyişilməsi ilə bağlı hal-hazıradək qeydiyyat orqanına müraciət olunmamışdır”. Bildirir ki, o, "xxxx" MMC-nin rəhbəri vəzifəsinə təyin olunmağından xəbərsizdir. Sumqayıt 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən ona məlumat vermişlər ki, “Tansen'' MMC-nin təsisçisi Bakı şəhəri, Nizami rayon Polis İdarəsində pasport qeydiyyatında olan Cavabdeh1dur. Həmçinin Sumqayıt 2 saylı Ərazi Vergilər Departamentinin xx.xx.2020-ci ildə verdiyi məlumata görə Cavabdeh3 MMC-nin (VÖEN 2********), Cavabdeh4 MMC-nin (VÖEN **********), Cavabdeh2 MMC-nin (VÖEN **********), "Apatin-S” MMC-nin (VÖEN **********), və Cavabdeh6 MMC-nin (VÖEN **********) təsisçisi Cavabdeh1dur, həmin Cəmiyyətlərin İcra orqanının rəhbəri isə iddiaçıdır (İddiaçı). Adları çəkilən Cəmiyyətlər 2 saylı Sumqayıt Ərazi Vergilər Departamentində qeydiyyata alınmışlar və həmin Cəmiyyətlərin rəhbəri kimi onun adı dövlət reyestrinə daxil edilmişdir. Həmçinin 2 saylı Sumqayıt Ərazi Vergilər Departamentinin verdiyi məlumata əsasən vergilərə görə ”Vevis“ MMC-nin 1346,93 manat, "xxxx" MMC-nin 415,64 manat, Cavabdeh2 MMC-nin 782,61 manat, Cavabdeh5 MMC-nin 415,64 manat və Cavabdeh6 MMC-nin isə 415,64 manat borcu vardır. Yuxarıda qeyd etdiyi kimi o, Cavabdeh2 MMC-nin və eləcə də adları qeyd edilmiş digər Cəmiyyətlərin rəhbəri kimi 2 saylı Sumqayıt Ərazi Vergilər Departamentində dövlət reyestrinə daxil edilməsindən xəbəri olmamış və icra orqanının rəhbəri olmağa icazə verməmişdir. Adları çəkilən Cəmiyyətlərdə rəhbər təyin edilməsi təsisçinin rəsmi sənədləri saxtalaşdırması nəticəsində baş vermişdir. O, həmin Cəmiyyətlərin təsisçisi olan Cavabdeh1 tanımır və qeyd edilən Cəmiyyətlərdə icra orqanının rəhbəri kimi təyin olunmağı üçün müraciət etməmişdir. Məhz Cavabdeh1 sənədləri saxtalaşdıraraq yalan məlumat verməklə onu Cəmiyyətin rəhbəri kimi dövlət qeydiyyatından keçirməyə nail olmuşdur. Hesab edir ki, onun “Tansen" MMC-də Cəmiyyətin rəhbəri kimi təyin edilməyi barədə təsisçinin qərarı etibarsız hesab edilməlidir. Yuxarıda qeyd etdiklərinə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə dair izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Kristal Abşeronda ev aldıqdan 1-2 ay sonra onun belə bir problemi yaranmışdır. O, 1988-ci ildən dənizdə işləyir. Cavabdeh1 tanımır, onu heç vaxt görməmişdir, iddia ərizəsində adlarını qeyd etdikləri şirkətlərlə heç bir əlaqəsi yoxdur. Bu məsələlərə görə işləyə bilmir. O, heç vaxt şirkət sahibi olmamışdır. Onun xəbəri olmadan onu 5 şirkətə rəhbər təyin ediblər. Hazırda onun adına 4000 manatdan çox borc yığılıb. Bundan başqa özünün də 6000 manat borcu var. Məsələ ilə əlaqədar hətta onun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, o, heç bir hüquqi sənədə imza atmamışdır. Məsələ ilə əlaqədar Vergilər İdarəsinə müraciət etdikdə onun imzasının olduğu sənədi tapıb göstərə bilməmişdirlər. Ona Fikrətin şəklini kompyuterdə göstərmişdilər, onu tapmaq üçün şəklini çəkmək istədikdə isə buna icazə verməmişdirlər. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SS843617083AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən), cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-nin, "xxxx" MMC-nin, "Beran” MMC-nin, "Apatin-S” MMC-nin, Cavabdeh6 MMC-nin və maraqlı tərəf AR Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestrləri haqqında əldə edilmiş elektron çıxarışlardan görünür ki, Cavabdeh2 MMC-nin, "xxxx" MMC-nin, "Beran” MMC-nin, "Apatin-S” MMC-nin, ”Amedora” MMC-nin qanuni təmsilçisi İddiaçıdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmiş Cavabdeh3 (VÖEN **********), Cavabdeh2 (VÖEN **********), Cavabdeh4 (VÖEN **********), Cavabdeh5 (VÖEN **********) və Cavabdeh6 (VÖEN **********) adlı müəssisələrin rəhbəri qismində dövlət reyestrinə daxil edilmişdir. İşdə olan Azərbaycan Respublikasinin Vergilər Nazirliyinin 2 Sayli Ərazi Vergilər Departamentinin İddiaçı ünvanladığı 04 yanvar 2019-cu il tarixli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdə hüquqi ünvanı AZ5002, ünvan 2iş “TANSEN" (VöEN: **********) adlı məhdud məsuliyyətli cəmiyyətinin rəhbəri qismində dövlət reyestrinə daxil edilmişdir. Eyni zamanda bildirilmişdir ki, qanunvericiliyə əsasən Cəmiyyətin rəhbərinin dəyişdirilməsi üçün təsisçinin qərarı, yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti müvafiq ərizə forması ilə birlikdə qeydiyyat orqanına təqdim olunmalıdır. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan R.espublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyın qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Yuxarıda adları qeyd olunmuş Cəmiyyətlərin rəhbərinin dəyişdirilməsi ilə bağlı hal-hazıradək qeydiyyat orqanına müraciət olunmadığı və qanunvericiliklə Vergilər Nazirliyinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün onun barəsində dövlət reyestrində qeydə alınmış faktların dəyişdirilməsi mümkün olmamışdır. Odur ki, məsələ ilə bağlı yaranmış mübahisənin həll olunması üçün məhkəməyə müraiət edə biləcəyi bildirilmişdir. İşdə olan Azərbaycan Respublikasinin Vergilər Nazirliyinin 2 Sayli Ərazi Vergilər Departamentinin İddiaçı ünvanladığı 29 yanvar 2019-cu il tarixli məktubundan görünür ki, qanunvericiliyə əsasən Cəmiyyətin rəhbərinin dəyişdirilməsi üçün təsisçinin yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti müvafiq ərizə forması ilə birlikdə qeydiyyat orqanına təqdim olunmalıdır. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyın qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Hüquqi şəxslərin dövlət reyestrində hazırki tarixə cəmiyyətlərin rəhbərinin İddiaçı olması barədə məlumat mövcuddur və rəhbərin dəyişdirilməsi ilə bağlı hal- hazıradək qeydiyyat orqanına müraciət olunmamışdır. Eyni zamanda bildirilmişdir ki, qanunvericiliklə Vergilər Nazirliyinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilməmişdir. Odur ki, hüquqi şəxs ilə arasında yaranmış mübahisənin həll olunması üçün məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Eyni zamanda Qanunun 5-1.1-ci maddəsinə əsasən təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adi (yəni bu Qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata keçirilir. Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan keçməklə elektron ərizə formasını doldurur. Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. Göründüyü kimi hazırda qüvvədə olan qanunvericiliyə görə hüquqi şəxs statusu almaq istəyən qurumun istər birbaşa, istərsə də elektron qaydada dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilməli olan ərizə həm təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs) tərəfindən imzalanmalıdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.2 və 5-1.1ci maddələrinə hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün verilən ərizənin təsisçi ilə yanaşı qanuni təmsilçi (icra orqanının rəhbəri) tərəfindən də imzalanmalı olması barədə qanunun göstərişi qanuna edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliklə qüvvəyə minmişdir. Həmin vaxtadək qanunda ərizənin qanuni təmsilçi tərəfindən imzalanmalı olması barədə göstəriş olmamış, hüquqi şəxsin qanuni təmsilçisinin yalnız təsisçi tərəfindən təqdim edilmiş ərizə əsasında hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi mümkün olmuşdur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən Cavabdeh3 (VÖEN **********), Cavabdeh2 (VÖEN **********), Cavabdeh4 (VÖEN **********), Cavabdeh5 (VÖEN **********) və Cavabdeh6 (VÖEN **********) adlı müəssisələr qanuna müvafiq dəyişiklik edilənədək - xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmiş və iddiaçı həmin müəssisələrin rəhbəri qismində dövlət reyestrinə müəssisələrin təsisçisi Cavabdeh1 ərizəsi əsasında daxil edilmişdir. İddiaçı iddia tələbini mübahisəli müəssisələrin təsisçisi Cavabdeh1 tanımaması, bu müəssisələrlə heç bir əlaqəsinin olmadığı və öz razılığı olmadan həmin müəssisələrə rəhbər təyin edilməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar əsaslıdır. Belə ki, vergi orqanı tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən iddiaçının sözügedən müəssisələrə rəhbər təyin edilməsinə hər hansı formada razılıq verməsi müəyyən edilmir. AR Mülki Məcəlləsinin 560-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (560.1). Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (560.2). Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən analoji müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.1, 337.3, 337.4). Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir (340.1). Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, İddiaçı "Tansen” MMC, "xxxx" MMC, "Beran” MMC, "Apatin-S” MMC və ”Amedora” MMC-də qanuni təmsilçi (icra orqanının rəhbəri) olması onun həqiqi iradəsini ifadə etmədiyindən, iddia təmin edilməli, İddiaçı Cavabdeh2 MMC, “Vevis" MMC, "Beran” MMC, "Apatin-S” MMC və ”Amedora” MMC-də icra orqanının rəhbəri (qanuni təmsilçi) olması barədə vergi orqanında olan qeydlər etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı "Tansen” MMC, "xxxx" MMC, "Beran” MMC, "Apatin-S” MMC və ”Amedora” MMC-də icra orqanının rəhbəri (qanuni təmsilçi) olması barədə vergi orqanında olan qeydlər etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2191/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2191/2023
05.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver