Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2268/2022 29.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 15 fevral 2021-ci ildə yazılı qəbzə əsasən verilmiş 18000 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6106/2021 saylı, 26.08.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh qiyabi qətnamənin ləğvi barədə ərizə təqdim etdiyindən Sumqayıt Şəhər Məhkəməsinin 01.03.2022-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının iş yoldaşıdır. O, iddiaçıdan 15 fevral 2021-ci ildə yazılı qəbzə əsasən 18000 manat borc pul almışdır. Cavabdeh bankdan 1 aya pul götürüb borcu qaytaracağını bildirmişdir. Cavabdeh tərəfindən 15 fevral 2021-ci ildə imzalanan qəbzə əsasən cavabdeh aldığı pulu bir ay müddətinə qaytarmağa söz versə də,bu günə qədər aldığı borcu qaytarmamışdır. Cavabdehə iddiaçı tərəfindən dəfələrlə borcun ödənilməsi barədə müraciət edilsə də o, 5 aydan artıqdır ki, borcu ödəməkdən əsassız olaraq boyun qaçırır. Ona görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh onun iş yoldaşıdır. O, iddiaçıdan ucuz qiymətə ev tapdığını söyləyərək 18000 manat məbləğində borc istəyib. Cavabdeh 2000 manatdan çox maaş alır, iddiaçı buna görə də tez bir zamanda onun borcu qaytaracağını düşünmüşdür. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışna və şəxsiyyət vəsiqəsinin surətinə əsasən cavabdeh 06.06.1978-ci ildə, Neftçala rayonunda anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına cavabdeh tərəfindən yazılmış iltizam əlavə edilmişdir. Həmin iltizamda qeyd edilmişdir ki, “mən Cavabdeh iş yoldaşım İddiaçı Mehdi qızından 18000 manat borc pul aldım. Bir aya qaytarmaq şərti ilə qaytaracam”. Məhkəmə hesab edir ki, iş materiallarında olan yazılı qəbzdə cavabdeh iddiaçıya borcu olduğunu etiraf etdiyi üçün həmin qəbzə borcun etirafı haqqında müqavilə kimi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcu olduğunu yazılı şəkildə etiraf etmişdir. Bu səbəbdən cavabdehin iddiaçıya həmin borcun qaytarmaq öhdəliyi yaranmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi iddiaçı cavabdehə 18000 manat pul vermiş, lakin cavabdeh öhdəliklərini yerinə yetirməyərək, həmin pulu iddiaçıya qaytarmamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iddiaçının dəlillərini təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia təmin edilməli, 18000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 18000 (on səkkiz min) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2268/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2268/2022
29.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver