Məhkəmə qərarları › İş №2(060)-2270/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2270/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2270/2020 04.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Amayakoviç və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh1 Amayakoviç oğluna qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia qaldıraraq, Cavabdeh1 Amayakoviç oğlundan subroqasiya qaydasında “Mercedes Benz” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı və “Toyota Avalon” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərə görə 2670 manat sığorta ödənişi məbləği və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 2700,40 manat pulun cavabdehlər Cavabdeh1 Amayakoviç və Cavabdeh2 tutularaq, İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Toyota Avalon” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2170 manat sığorta ödənişi məbləği və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 2200,40 manat pulun cavabdehlər Cavabdeh1 Amayakoviç və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh1 Amayakoviç xx.xx.2015-ci il tarixdə Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi “VAZ 2107” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yolun kənarında dayanmış “Mercedes Benz” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobili vurduqdan sonra “Toyota Avalon” markalı, ** AA *** avtomobillərlə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 Amayakoviç avtomobili idarə etmə hüququ, sürücülük vəsiqəsi olmadan və sərxoş halda idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 Amayakoviç oğlu avtomobili idarə etmək hüququ, sürücülük hüququ olmadan və sərxoş halda idarə etdiyi və Cavabdeh2 avtomobili idarə etmə hüququ olmadan Cavabdeh1 Amayakoviçə verdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 Amayakoviçin təqsirli olması Sumqayıt şəhər məhkəməsinin 3(060)-284/2015 saylı X6 İş üzrə Qərarında öz əksini tapmışdır. xx.xx.2015-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Toyota Avalon” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə 2480 (iki min dörd yüz səksən manat 0 qəpik) manat ziyan dəymişdir. xx.xx.2015-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Mercedes Benz” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilə 190 manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 015636 və 016059 saylı sığorta aktlarına əsasən İddiaçı Sığorta Şirkəti 2670 (iki min altı yüz yetmiş manat 0 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Nümayəndə əlavə olaraq bildirdi ki, Cavabdeh1 Amayakoviç tərəfindən xx.xx.2015-ci il tarixində 300 manat, xx.xx.2015-ci il tarixdə isə 200 manat olmaqla, cəmi 500 manat ödəniş həyata keçirilmişdir. Bu səbəbdən hazırda cavabdehlərin iddiaçı sığorta şirkətinə borcu 2170 manat təşkil edir. Göstərilənlərə əsasən, nümayəndə Cavabdeh1 Amayakoviç və Cavabdeh2 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə “Toyota Avalon” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2170 manat pulun tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Cavabdeh1 Amayakoviç onun keçmiş dostudur. xx.xx.2020-ci il tarixdə Samirgildə olanda birlikdə içki qəbul etmişlər. İçkili olduğundan evə maşını ilə getməmişdir. Həm də maşınının açarı yadından çıxıb Samirgildə qalmışdır. Samir onun xəbəri və razılığı olmadan maşınını idarə etmiş, sözügedən yol nəqliyyat hadisəsini törətmişdir. Onun həmin hadisədə heç bir təqsiri yoxdur. Ona görə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iştirak edən Cavabdeh1 Amayakoviç iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, digər Cavabdeh2 onun tanışıdır. xx.xx.2020-ci il tarixdə Elmanla onların evində içki qəbul etmişlər. Sonra Elman içki içdiyindən maşının açarını onlarda qoyub getmişdir. O isə həyətə düşüb onun maşınını dayanacağa aparmaq istəmiş, içkili olduğundan maşını idarə edə bilməmiş, yol nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə iki maşına maddi ziyan dəymişdir. Maşını dayanacağa aparacağından Elmanın xəbəri olmamışdır. Cavabdeh onu da bildirdi ki, o dəymiş ziyanla bağlı “İddiaçı Sığorta” ASC-yə Beynəlxaq Bank vasitəsi ilə 2015-ci ildə 500 manat pul ödəmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan Nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2015-ci il tarixli, 024798 saylı hesabatdan görünür ki, “Toyota Avalon” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi ümumilikdə 2480 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin xx.xx.2015-ci il tarixli X6 iş üzrə protokolunun surətindən görünür ki, Cavabdeh1 Amayakoviç oğlu Azərbaycan Respublikası İXM-nin 152-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli X6 iş üzrə qərarının surətindən görünür ki, Cavabdeh1 Amayakoviç oğlu Azərbaycan Respublikası İXM-nin 152-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” xx.xx.2015-ci il tarixli, 570 saylı arayışdan müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə, saat 23:00-da Sumqayıt şəhəri 45-ci məhəllə həyət yolunda yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh1 Amayakoviç oğlunun idarə etdiyi “VAZ 2107” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobil X2 idarə etdiyi “Mercedes Benz” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobillə və X3 idarə etdiyi “Toyota Avalon” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2015-ci il tarixli, 015636 saylı sığorta aktından görünür ki, “VAZ 2107” markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2014-cü il tarixdənxx.xx.2015-ci il tarixədək icbari sığorta növü üzrə sığortalanmışdır. Sığortalı avtomobil “Toyota Avalon” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq vurulmuş zərər 2480 manat qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 671 kassa məxaric orderindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən etibarnamə əsasında X4 2480 manat ödəniş edilmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh1 Amayakoviçə və Cavabdeh2 ünvanlanmış xx.xx.2020-ci il tarixli, P0446/20 və P0514/20 saylı pretenziya məktublarının surətindən görünür ki, şirkət tərəfindən həyata keçirilmiş 2670 manat sığorta ödənişinin 10 iş günü ərzində müvafiq sığorta şirkətinə ödənilməsi onlara təklif edilmiş, əks halda, bununla əlaqədar, həmin sığorta şirkətinin məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixdə Cavabdeh1 Amayakoviç idarə etdiyi “VAZ 2107” markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes Benz” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobili vurduqdan sonra “Toyota Avalon” markalı, ** AA *** avtomobillə toqquşmuşdur. Sonradan Cavabdeh1 tərəfindən dəymiş ziyanla bağlı 500 manat ödənildiyindən İddiaçı Sığorta Şirkəti ASC iddia tələbinin həcmini azaltmış, yalnız “Toyota Avalon” markalı, ** AA *** avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün ödənilmiş 2170 manat sığorta ödənişinin cavabdehlərdən tutulması barədə iddia qaldırmışdır. Mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi zərərçəkmişə dəymiş zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə ya mülkiyyət hüququ ilə sahiblik edən şəxsin, ya da nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2). Faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir (936.3). “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi “VAZ 2107” markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi Cavabdeh1 Amayakoviç tərəfindən xx.xx.2015-ci il tarixdə törədilmiş, hadisə törədilən vaxt sürücü sərxoş vəziyyətfdə olmuş və onun həmin avtomobili idarə etmək səlahiyyəti olmamışdır. Beləliklə yol-nəqliyyat hadisəsi Cavabdeh1 Amayakoviç tərəfindən törədildiyindən və həmin hadisədə onun təqsirli olması öz təsdiqini tapdığından iddia tələbi Cavabdeh1 Amayakoviçə münasibətdə təmin edilməli, Cavabdeh2 münasibətdə isə iddia təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hazırki iş üzrə yol-nəqliyyat hadisəsi törətmiş avtomobilin idarə edilməsi riskini Cavabdeh1 Amayakoviç daşımışdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 avtomobili idarə etməsində avtomobilin mülkiyyətçisi Cavabdeh2 hər hansı təqsiri olması iş materialları ilə müəyyən edilmir. Belə ki, Cavabdeh1 Amayakoviç sözügedən avtomobili Cavabdeh2 razılığı və xəbəri olmadan idarə etmişdir. Nəticədə hadisəni Cavabdeh1 törətmiş, avtomobil hadisə zamanı faktiki olaraq Cavabdeh1 istifadəsində olmuşdur. X6 protokol da Cavabdeh1 barəsində tərtib edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, vurulmuş zərərdə təqsiri olmayan Cavabdeh2 üzərinə zərərin əvəzini ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə məhkəmə hesab edir ki, zərərçəkənə dəymiş zərərin əvəzini ödədiyindən və tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçdiyindən sözügedən zərərin aradan qaldırılması üçün iddiaçı sığorta şirkəti ödədiyi 2170 manat sığorta ödənişini Cavabdeh1 Amayakoviçdan tələb etməkdə haqlıdır. Ona görə də iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə həmçinin AR MPM-nin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu da Cavabdeh1 alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh1 Amayakoviç oğlundan İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə 2170 (iki min yüz yetmiş) manat sığorta ödənişi məbləği və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, ümümilikdə 2200.40 (iki min iki yüz manat qırx qəpik) manat pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar