Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2270/2025 09.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə yaşayış-istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh ünvan 1 ünvanına dair yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx xxxx 1976-cı il tarixdə Qubadlı rayonunda anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında passport qeydiyyatında olmaqla faktiki yaşayır. Hazırki iş üzrə Cavabdeh onun oğludur. Sözügedən mənzildə yaşamır. Ailə qurduqdan sonra mənzili tərk etmişdir. Heç bir münasibəti yoxdur. Bu səbəbdən də hesab edir ki, cavabdehin mənzilə yaşayış-istifadə hüququ yoxdur. Onun sözügedən mənzildə yaşamaması başqa yaşayış yerinin olmasına və həmin mənzilə ehtiyacının olmamasına dəlalət edir. Bildirmək istəyir ki, hazırda xüsusi mülkiyyətdə olan mənzil ilə bağlı satmaq, bağışlamaq və sair digər hərəkətlər etmək istəsə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh ünvan 1 ünvanına dair mənzilə istifadə hüququna xitam verilməli və həmin mənzildən passport qeydiyyatından çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək, onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, oğluna artıq güvənmir. Evləndikdən sonra getmiş və qayıtmamışdır. Evdə də qızı vardır. 2004-cü il tarixdə evi almışdır. Onda cavabdehin 9-10 yaşı olardı. Evi satıb digərini almışdır. 40 min manatlıq avtomobil də almışdır. Hal-hazırda qaynanasının evində yaşayır. Onu sataraq digər tərəfi seçmişdir. Uzun müddət özü Rusiya Federasiyasında yaşamışdır. Mənzildə qızı və oğlu qeydiyyatdadır. Nikahları pozulduqdan sonra almışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına tam payda ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2015-ci il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz Əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası DİN-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı 03 aprel 2015-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər Cavabdeh və X6r. - Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə İƏD-i üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş, X3, X4 və X5 tərəfindən tərtib edilmiş 08 yanvar 2025-ci il tarixli aktdan görünür ki, ünvan 2 fərdi yaşayış evi İddiaçı adınadır, qeydiyyatdadır və yaşayır. Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olsa da 30 oktyabr 2024-cü il tarixdən halhazırki vaxta kimi bu ünvanda yaşamır. - Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 08 yanvar 2025-ci il tarixli, 17 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 126 nömrəli evdə qeydiyyatdadır. Qızı – xx.xx.2005-ci il təvəllüdlü X9 və oğlu xx xxxxxx 1995-ci il təvəllüdlü Cavabdehdur. Oğlu 30 oktyabr 2024-cü il tarixdən yaşamır. - Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 18 nömrəli, 08 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, Corat qəsəbə, 2-ci məhəllə, 126 nömrəli evdə yaşayır. - Məhkəmə sorğusu əsasında alınaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X2 adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 106 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Məhkəmə sorğusu əsasında alınaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında X2 adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mənzil alqı-saqı müqaviləsinə əsasən iddiaçı tərəfindən X1 alınmış, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış əsasında ünvan 2 İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh həmin ünvanda yaşamır.İddia ərizəsini məhkəmədən rəsmi qaydada qəbul edib götürməsinə baxmayaraq, tələbə münasibətdə etiraz və mülhaizələrini məhkəməyə təqdim etməmişdir.Məhkəmə iclasında iddiaçı mənzildə cavabdehə münasibətdə hazırki mənzildə yaşamaması, bundan əlavə cavabdehin mənzilə olan hüququndan imtina etməsi üçün 39597.73 manat kredit götürərək avtomobil aldığını və buna dair bank çıxarışını məhkəməyə təqdim etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, ünvan 2 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh əvvəllər mübahisəli mənzildə yaşasa da, iş materialları ilə təsdiq edilir ki, Cavabdeh 30 oktyabr 2024-cü ildən etibarən həmin mənzildə yaşamamışdır. İşin araşdırılan hallarına əsasən cavabdehin uzun müddətdir yaşamaması səbəbindən onun mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ formal xarakter daşıdığından, cavabdeh artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşadığından və cavabdehin mübahisəli mənzilə istifadə hüququnun qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı cavabdehə görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən, iddia təmin olunmalı və Cavabdeh ünvan 2-ə olan istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin mübahisəli yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb olmadığından, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Bu Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 2-a istifadə hüququ itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2270/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2270/2025
09.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver