Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2280/2022 10.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh, Maraqlı tərəfin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh və maraqlı tərəf X5 Kreditlər Şöbəsinə qarşı binanın qəzalı vəziyyətinin aradan qaldırılması, bərpası və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh və maraqlı tərəf X5 Kreditlər Şöbəsinə qarşı binanın qəzalı vəziyyətinin aradan qaldırılması, bərpası və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun doğma bibisi oğludur. Sözügedən bina yəni 1995-ci ildən mərhum atasının təsisçisi olduğu Tello müəssisəsinin inzibati binası 42-ci məhəllə, Koroğlu prospekti, ev 10 ünvanında yerləşən bu gün isə onun təsisçisi olduğu Tello MMCnin rəsmi ünvanıdır. Sumqayıt şəhər məhkəməsi 1999-cu il tarixdə həmin binaya dair birgə mülkiyyətdən pay bölgüsü aparmış və həmin qərardaddan narazı olmuşdur. Buna görə 2009-cu il tarixdə işdən apelyasiya məhkəməsinə şikayət etmişdir. Bugünədək mübahisə açıq qalmaqdadır. Bu günkü işin yaranmasına səbəb isə cavabdehin sözügedən binada istismar normativlərini kobud pozması üzündən 300 kv metrlik sahənin dağılması və çökməsi səbəbindən yaranan həyatı təhlükəli vəziyyətin qalmasıdır. Başqa yaşayış yeri olmadığına görə ailəsi ilə yaşadığı 156 kv metr sahədə bütün narahatlıqlara baxmayaraq yaşamağa məcbur olarkən cavabdeh özü kapital bankın pulu ilə aldığı Bakıdakı elit mənzilində yaşayır. Bununla belə ondan əl çəkmir. Müxtəlif orqanlara şikayət edərək sənədlər toplayır. Məkirli niyyətinə çatmaq üçün vəzifəli şəxsləri aldatmaqdan əl çəkmir. Xəstəliyi barədə düzəltdiyi saxta sənədləri daim üzərində gəzdirir. Özü ailə üzvlərini qanunsuz hərəkətlərə sövq edir, müxtəlif vəzifələrdə işləmiş qardaşlarından təzyiq vasitəsi kimi istifadə edir. Binaya yerləşdirdiyi müxtəlif insanların təhdidinə məruz qalırlar. Bir müddət cavabdeh binada kafe gecəqondu fəaliyyəti də qurmuş, polisin müdaxiləsi ilə bu iş dayandırılmışdır. Neçə müddətdir ki, qəzalı vəziyyət öz pik həddinə çatmışdır. Hər külək əsəndə dam hissə titrəyir. Yer titrəyişində, yağış mövsümündə binada yeni çatlar yaranır. Cavabdehin istismar normaların pozması deyərkən onun yağış novlarını təmizlətəməsi, çirkab boruların yenilənməməsi, yanğın və digər təhlükəsizlik qaydalarını əməl etməməsi də nəzərdə tutulur. Bununla da kifayətlənməyən cavabdeh 2009-cu il tarixdən binanı ondan xəbərsiz (hərbi xidmətdə ikən) Kapital banka girov qoyub pul götürmüş, bu günədək banka ödəniş etməmişdir. Elə həmin ərəfələrdə cavabdeh binanı sığortalatdığını və binaya etinasız yanaşmasını onun digər niyyətinin süni qəza yaratma nəticəsində sığorta haqqından yararlanmaq olduğunu ortaya qoyur. Binada qəzaya digər səbəb cavabdehin qazanc əldə etmək məqsədi ilə binada rekanstruksiya işləri aparması və icarədarlar tərəfindən əlavə yüklənməsidir. Qəzaya başqa səbəb isə binanın inşası zamanı tikinti normativlərinə düzgün əməl edilməməsi, tikinti materiallarına qənaət edilməsi, düzgün tətbiq edilməməsi, keyfiyyətsiz materialdan istifadə edilməsidir. Hansı ki binanın tikintisinə nəzarət cavabdeh və qardaşları olmuşdur. Bu haqda rəsmi yazışma vardır. Qəzaya əsas səbəblərdən biri də cavabdehin icarəyə verdiyi 2-ci mərtəbədə bu gün dağılmış 300 kv metr sahədə idman zalının fəaliyyət göstərməsi və 45 idmançının qaçması, məşq etməsi olub. Binada hüquqi şəxs olaraq o, daim cavabdehə bu barədə iradını bildirmişdir. Lakin cavabdeh onu eşitməmiş, əvəzində binada onun işıq, su, qaz, çirkab borusu, ümumi girişdən istifadə etməsinə məhrumiyyətlər qoymuş nəticədə ziyan vurmuşdur. Cavabdehin valideynlərinin vaxtsız ölümündə belə günah payı vardır. Belə ki, cavabdehin əməlləri rahat yaşamağına imkan verəmişdir. Öz əmlakında rahat yaşaya bilmir, lakin cavabdehin vurmuş olduğu maddi və mənəvi ziyan məsələsi öz həllini gözləyən başqa predmetin mövzusudur. Cavabdeh və onun əlaltıları yerli-yersiz dava dalaş salır, polisə, prokurorluğa, məhkəmə orqanlarına işləri düşür. Cavabdehin bu qanunsuz hərəkətlərinə və özbaşınalığına son qoyulmasını istədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə cavabdeh bilərəkdən mülki mübahisə gedə-gedə binanın qurtaracağında onunla razılaşmamış təxminən 237 kv metr sahəli binanın yan istinad tikilisini qanunsuz söküb daşın satmışdır. Qəzaya səbəblərdən biri məhz bu tikilinin sökülməsidir. Belə vəziyyət davam etdikcə mülkündə çatlar böyüyür, sürüşmə nəticəsində panelləri düşməsi bədbəxt hadisəyə səbəb ola bilər. Binanın yağış turbaları da sökülüb satılmışdır. Kərpic döşəməsi həmçinin sökülüb satılmışdır. Qeyd olunanlara əsasən məhkəmədən 42-ci məhəllə, Koroğlu prospekti ev 10 ünvanında binanın qurtaracağında Cavabdeh tərəfindən qanunsuz özbaşına sökülmüş binanın 237 kv metr sahəli yan istinad tikilisinin bərpa olunması, həmin ünvanda Cavabdeh qanunsuz söküntü aparması və istismar normaların pozması nəticəsində dağılmış qəzalı 300 kv metr sahəli binanın 2 mərtəbəli mərkəzi hissəsinin Cavabdeh tərəfindən yerinə bərpa olunması, 200 nömrəli kredit müqaviləsinə əsasən yaranmış borcun Cavabdeh digər əmlakları satışı və şəxsi vəsaiti hesabına "xxxx" Açıq Səhmdar Cəmiyyətinə tam ödənilməsi, Cavabdeh qanunsuz hərəkətlərinə son qoyması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, məhkəmə iclasında olduğu kimi yenə də cavabdehə məsələnin sülh yolu ilə həll olunmasını təklif edir. Bildirdi ki, Kapital Bank istənilən vaxt ona qarşı iddia qaldırıb mülkünü müsadirə edə bilər. Pul götürülən zaman mülkiyyətçi o deyildi. Həmin vaxt mülkə görə məhkəmə prosesi gedirdi. Cavabdeh biri 237, digəri 300-ə yaxın kv.metr olan sahələri mübahisələndirir. Ona məxsus olan 237 kv.metr sahədir. Həmin sahə cavabdeh tərəfindən qəsdən dağıdılmışdır. Cavabdeh ona məxsus sahəni 2010-cu ildə dağıdan zaman şikayət etməmişdir. Lakin 2019-cu il tarixdə dağıdılan sahə ilə bağlı cavabdeh birbaşa günahkardır. 1995-ci ildən bəri köməkçi sahə onun ixtiyarında olmuş, 2010-cu ildə oranı kosmetik təmir etdirmişdir. Şahidi də vardır ki, 237 kv. Metr sahəni dağıtdığına görə binada çatlar yaranmışdır. Binanın ortasında yaşıllıq tikilmişdir. Sanitar qovşaqlar nasaz vəziyyətdədir. Bu məsələ ilə bağlı 2010-cu ildə prokurorluğa müraciət etmişdir. Cavabdehi qohum olduğuna görə, həm də hüquqlarını bilmədiyi üçün şikayət etməmişdir. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə qeyri-yaşayış sahəsinin 10%-i ona, 90%-i isə Qəhrəmana verilmişdir. Şahidi də vardır ki, 11 ildir həmin qeyri-yaşayış sahəsini təmənnasız iddiaçıya vermiş, iddiaçı orada oğlu ilə birgə yaşamışdır. Özü orada yaşamamış, heç nə tikməmişdir. Bank tərəfindən həbs qoyulduğuna görə 10 ildir ki, kirayəyə verməmişdir. Əgər orada dağıntı olsa idi, bu barədə texniki paportda qeyd olunardı. 2019-cu ildə iddiaçı orada çardaq tikən zaman bina uçmuşdur. On məxsus sahənin 170 kv. metrində qanunsuz olaraq çardaq tikilmişdir. İddiaçı 1886 kv.metr podvalı deşib çıxardaraq çardaqdan mansar tikib kirayəyə vermişdir. 2014-cü ildən o həmin qeyri-yaşayış sahəsində heç bir iş görməmişdir. Digər hakimin icraatında bankla onun arasında olan mübahisə ilə bağlı mülki iş üzrə icraat məhkəmə tərəfindən ekspertiza təyin olunduğu üçün dayandırılmışdır. Ümumiyyətlə bankla onun arasında olan mübahisənin iddiaçıya heç bir aidiyyatı yoxdur. Barışığa gəldikdə isə uçan yerin düzəldiləcəyi təqdirdə barışmağa razıdır. Məhkəmə iclasında iştirak edən maraqlı tərəf X5 Kreditlər Şöbəsinin nümayəndəsi X3 izahatında bildirdi ki, onda olan məlumata görə mübahisəli qeyri-yaşayış sahəsinin 1086 kv. metri bankın balasındadır.Qiymətləndirilmədən şikayət verildiyinə görə Apellyasiya Məhkəməsi tərəfindən təkrar ekspertiza təyin olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan qeyri-yaşayış binasının texniki pasportu və qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 10, Koroğlu küçəsində yerləşən “Tello kiçik müəssisəsinin adına mülkiyyət hüququ bütöv pay əsasında 05 fevral 1997-ci il tarixdə 19 №-li reyestr kitabının 2-ci səhifəsində 06 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospektində icarədə olan 0.1220 ha torpaq sahəsində yerləşən binanın 1-ci və 2-ci mərtəbəsində 1086.56 kv.m ümumi, 1034.26 kv.m əsas, 52.3 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 140 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 292, 2 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın texniki pasportundan görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 292-2 ünvanında yerləşən 45 inventar nömrəli qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. İş materiallarında olan Tello MMC-nin Nizamnaməsindən görünür ki, bu cəmiyyət AR ƏN tərəfindən xx.xx.1994-cü il tarixdə 17090 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış tello kiçik müəsisəsinin hüquqi varisidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 4/2- 292 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh X2 qarşı birgə mülkiyyətdə pay bölgüsü və binadan çıxarılma tələbinə dair iddiası qismən təmin edilmiş və Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu küçəsi, 10 saylı binada yerləşən “Tello” kiçik müəssisəsinə məxsus qeyriyaşayış binasının 90%-nin iddiaçıya, 10%-nin isə cavabdehə verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 29 sentyabr 2009-cu il tarixli, 2(105)-1032/2009 saylı qətnaməsi ilə müəyyən edilir ki, Cavabdeh X2 qarşı birgə mülkiyyətdə pay bölgüsü və binadan çıxarılma barədə iddiasına dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərardadından cavabdehlərin verdikləri apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)- 1800/2020 saylı qərardadı ilə iddiaçı Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 qeyri-yaşayış sahəsinə cavabdeh İddiaçı tərəfindən vurulmuş zərərin məbləğini müəyyən etmək üçün mülki iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan fotoşəkillərdən qeyri-yaşayış sahəsinin qəzalı vəziyyətdə olması müəyyən edilir. Məhkəmə mülki iş üzrə iş materiallarını araşdıraraq qənaətə gəlir ki, verilmiş tələbin hüquqi əsası sübut olunmadığı üçün iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Məhkəmənin iddianın təmin edilməməsi qənaətinə gəlməsinə əsas, işin məhkəmə araşdırması zamanı müəyyən edilən hallar və aşağıda qeyd olunan qanunvericilikdə nəzərdə tutulmuş normalardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, əşyaya mülkiyyət hüququnun başqa şəxsə keçdiyi hallarda, mülkiyyətçinin dəyişməsinə baxmayaraq əşya öz yüklülüyünü saxlayır və özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququ olan şəxs həmin hüquqdan istifadə etməkdə davam edir. Bunun hüquqi əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsi təşkil edir. Həmin maddəyə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququnun mülkiyyət hüququ ilə eyni üsulla müdafiə olunmasını da həmin hüquqa aid səciyyəvi xüsusiyyət kimi qeyd etmək olar. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 140-cı maddəsindən görünür ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin mülkiyyət hüququ iş materiallarında olan məhkəmə aktları və rəsmi resyestdən qeydiyyatdan keçmiş sənədlərə əsasən müəyyən edilir ki, iddia tələbi əsassız olmaqla iş materialları, tərəflərin izahatları ilə öz təsdiqini tapmır. Belə ki, İddiaçı mübahisə etdiyi binanın qəzalı vəziyyətə düşməsi Cavabdeh qanunsuz hərəkətləri nəticəsində əmələ gəlməsi məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmamışdır. Bundan əlavə maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı eyni tərəflərin başqa məhkəmə müstəvisində həll olunduğu məsləyə məhkəmə tərəfindən baxılıb qiymət verilməsi qanunvericiliyin tələbinə ziddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Posessual Məcəllənin 180.4-cü maddəsi). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.3-cü maddəsinə əsasən isə torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına sökülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddanın təmin edilməməsi nəticəsinə gələrkən işin məhkəmə araşdırılması zamanı iş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən etmişdir ki, iş üzrə əhəmiyətli olan halların sübuta yetirilməsi üçün tərəflərə sübutların təqdim olunması üçün şərait yaradılmışdır. Məhkəmə bu qənaətə gəlir ki, verilmiş iddia tələbinin əsası sübuta yetirilmədiyindən iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. İddiaçı mühüm əhəmiyyət kəsb edən hallar iş materiallarına əlavə edilmiş sənədlərlə, həmçinin sübut olunması zəruri olan hallarla bağlı “binanın qəzalı vəziyyətinin aradan qaldırılması, bərpası və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması” cavabdehin hansı qanunsuz əməllərinə son qoyulması iş materialları ilə müəyyən edilməyərək əsaslandırmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” işi üzrə Böyük Palatanın 19 fevral 2009-cu il tarixli qərarında qeyd olunur ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh və maraqlı tərəf X5 Kreditlər Şöbəsinə qarşı binanın qəzalı vəziyyətinin aradan qaldırılması, bərpası və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2280/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2280/2022
10.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver