Məhkəmə qərarları › İş №2(060)-2283/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2283/2022

03.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2283/2022 03.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı ərizəsini nəzərdən keçirib, müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, keçmiş gəlini Eganə Rüstəmzadə tərəfindən oğurlanmış pulların geri qaytarılmasına köməklik göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərməlidir. Lakin, iddiaçı nə özünün, nə də cavabdehin yuxarıda qeyd edilən məlumatlarını ərizəsində göstərməmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində pulun qaytarılmasını xahiş etsə də, iddia ərizəsinin xahiş hissəsində kimdən və hansı məbləğdə pul tutulmasını qeyd etməmişdir. Halbuki, iddia ərizəsində iddiaçının tələbi konkret olmalıdır. Lakin hazırki halda isə iddia tələbi aydın olmamaqla yanaşı, konkret deyildir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda məhkəmə işlərə məhkəmədə baxılmasının tezliyinin təmin olunması, yəni iddiaçı mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun məhkəməyə müraciət edəcəyi təqdirdə digər əsaslara görə yenidən iddia ərizəsinin geri qaytarılmasının qarşısının alınması məqsədilə onu da qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 150.0.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsinə dair qəbz və ya dövlət rüsumu ödənilməsindən azad edilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar