Məhkəmə qərarları › İş №2(060)-229/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-229/2023

19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-229/2023 19.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X17 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC (bundan sonra – iddiaçı) Cavabdeh1 və Cavabdeh2 MMC-yə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən “Hyundai Azera” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat və X1 vurulan yüngül xəsarətə görə 750 manat olmaqla, ümumilikdə 5750 manat pulun və ödənilmiş 77,90 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh2 MMCyə məxsus və Cavabdeh1 tərəfdən idarə olunan “Daewoo BS090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai Azera” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə X9 yüngül dərəcəli xəsarətlər almışdır. İddiaçı öz növbəsində “Hyundai Azera” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat və X1 vurulan yüngül xəsarətə görə 750 manat olmaqla, ümumilikdə 5750 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2018-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı Cavabdeh1 hadisə yerini tərk etdiyinə görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. 5750 manat pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2023-cü il tarixində iş üzrə ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 MMC məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə işə iddiaçının və həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, yol-nəqliyyat hadisəsi 2018-ci ildə olub. İdarə etdiyi “Daewoo BS090” markalı maşın onun şəxsi avtomobili deyil. Həmin avtomobili yol vərəqəsi əsasında idarə etmişdir. Avtomobil Cavabdeh2 MMC-yə məxsus olub. Sığorta aktında adı qeyd edilən "xxxx" MMC Xaliq Faiqoğlu MMC-yə tabe olan qurumdur. Hadisə baş verən vaxt o, hadisə yerindən yayınmamışdır. Belə ki, hadisə yerinə yaxın ərazidə MMC-nin əməkdaşları olan dispetçerlər dayanır. O, həmin dispetçerlərin yanına getmişdir. Polis əməkdaşları ilə birlikdə həmin yerdən polis idarəsinə gəlmişdir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, cavabdeh xx.xx.1992-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. AB seriyalı, 748713 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Daewoo BS090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 MMC-nin mülkiyyətindədir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə arayışın surətindən müəyyən olunur ki, mülkiyyətçisi Cavabdeh2 MMC, hadisə baş verən anda sürücüsü Cavabdeh1 olan “Daewoo BS090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi X15, hadisə baş verən anda sürücüsü X10 olan “Hyundai Azera” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində X10 yüngül bədən xəsarəti almışdır. İddiaçı tərəfindən tərtib edilmiş 049135 nömrəli sığorta aktına əsasən “Daewoo BS090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai Azera” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 5295 manat təşkil edir. “Daewoo BS090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə sığorta olunan kimi "xxxx" MMC göstərilmişdir. Sığorta aktında X11 5000 manat sığorta ödənişi həyata keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş 048907 nömrəli sığorta aktına əsasən “Daewoo BS090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai Azera” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Zərərlə bağlı “Daewoo BS090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə sığorta olunan kimi "xxxx" MMC göstərilmişdir. Sığorta aktında X7 750 manat sığorta ödənişi həyata keçirilməsi nəzərdə tutulmuşdur. 3050 və 2789 saylı ödəniş tapşırıqlarına əsasən iddiaçı tərəfindən X11 5000 manat, X8 isə 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X16- Təcrübi və Tədris Birliyinin 271 saylı rəyinə əsasən X5 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, burun sümüyünün yerdəyişməyən sınığı, sağ qaş və burun nahiyələrinin əzilmiş yaraları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2018-ci il tarixdə salonunda olduğu avtomaşının, digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Abşeron rayon Polis idaərsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2018-ci il tarixli qərara əsasən Cavabdeh1 yolnəqliyyat hadisəsi törətməsi barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 xx.xx.2018-ci il tarixli pretenziya məktubu göndərilərək borcun ödənilməsi tələb edilmişdir. “Nəqliyyat vasitlətinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabata əsasən, “Hyundai Azera” markalı, **- LD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi miqdarı 5295 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatda “Hyundai Azera” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 5295 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə məhəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/642 saylı ekspert rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2018-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Hyundai Azera” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4536 manat müəyyən edilir. İş materiallarına yol-nəqliyyat hadisəsi iştirakçılarının istintaq orqanına verdikləri yazılı izahatları və yol-nəqliyyat hadisəsinin sxemi əlavə edilmişdir. İş materialına yol nəqliyyat hadisəsinin sxemi əlavə edilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 77,90 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). Göründüyü kimi Cavabdeh2 MMC-nin mülkiyyətində olan “Daewoo BS090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən mülki məsuliyyətin icbari sığortası qaydasında sığortalanmışdır. Sığorta aktında isə sığortalı kimi "xxxx" MMC göstərilmişdir. Mülki Məcəlləyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (936.5.). Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir (936.6.). Göründüyü kimi subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Eyni zamanda Mülki Məcəllədə göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1.). “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır (25.1.). Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır (63.1.). Abşeron rayon Polis idaərsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2018-ci il tarixli qərarda göstərilmişdir ki, “Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə saat 10 radələrində Cavabdeh1 idarə etdiyi “Daewoo BS090” markalı, **-TG-*** nömrə nişanlı avtobusla Masazır dairəsində olarkən işıqforun qırmızı işığı yanan zaman dayanmadan yolu keçərək hərəkətinə davam etmiş, bu zaman Masazır qəsəbəsindən hərəkətdə olan X4 idarə etdiyi “HYUNDAİ AZERA” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Elvin Türbəndəyev yüngül dərəcəli xəsarət almış, hadisəni törətmiş Cavabdeh1 hadisədən sonra hadisə yerindən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin (bundan sonra MPM) 82.4cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi Cavabdeh1 yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınması cinayət təqibi üzrə qüvvəyə minmiş qərarla öz təsdiqini tapır. Bu səbəbdən iddiaçının qanunun tələbinə əsasən Cavabdeh1 qarşı subroqasiya hüququ yaranır. “Hyundai Azera” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş ziyan ekspert rəyi ilə 4536 manat məbləğində müəyyən edilmişdir. X2 dəymiş ziyanla bağlı ödənişə gəldikdə qeyd edilməlidir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər haldır (14.1.1). Yüngül xəsarət alma ilə bağlı sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin 15 faizi nisbətində ödənilir (14.2.4.). Sığorta müqaviləsində sığorta məbləğinin 5000 manat olması nəzərə alınarsa, X7 düzgün olaraq həmin məbləğin 15 faizi həcmində, yəni 750 manat sığorta ödənişi həyata keçirilmişdir. Bu səbəbdən “Hyundai Azera” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş ziyan qismində 4536 manat, X3 dəymiş ziyana görə ödənilmiş 750 manat sığorta ödənişi subroqasiya qaydasında Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin Cavabdeh2 MMC-yə aid hissəsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı bağlanmış sığorta müqaviləsində sığortalı kimi Cavabdeh2 MMC deyil, "xxxx" MMC göstərilmişdir. Eyni zamanda “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsində sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı subroqasiya hüququnun yarandığı qeyd edilmişdir. Bu səbəbdən iddia Cavabdeh2 MMC-yə aid hissədə təmin edilə bilməz. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 77,90 manat dövlət rüsumunun 50 manatı Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 40 manatı Cavabdeh1, 10 manatı isə iddiaçıdan dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Hyundai Azera” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan qismində ödənilmiş 4536 manat və X8 ödənilmiş 750 manat sığorta ödənişi olmaqla, ümumilikdə 5286 (beş min iki yüz səksən altı) manat məbləğində pul və 50 (əlli) manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 40 (qırx) manatı Cavabdeh1, 10 (on) manatı isə İddiaçı Sığorta Şirkəti ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar