Məhkəmə qərarları › İş №2(060)-2299/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2299/2024

06.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2299/2024 06.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirlimiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, cavabdeh Abdullayevə Məsmə İsmayıl qızının ünvan 1-ə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 fərdi mülkiyyət hüququ üzrə ona məxsusdur. O, həmin mənzildə qeydiyyatdadır və orada daimi yaşayır. Lakin ondan başqa həmin mənzildə Cavabdeh da formal olaraq qeydiyyatı qalmışdır. Onun evində qeydiyyatda olsa da, uzun müddətdir ki, orada yaşamır. Hal-hazırda cavabdehin ona məxsus mənzildə hələ də formal olaraq qeydiyyatda qalması onun hüquqlarının pozulmasına, əlavə kommunal xərclər ödəməyinə səbəb olur. Bu səbəbdən o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək cavabdehin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etsə də, Azərbaycan Respublikası Daxili işlar Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ila ərizəsinin icrasından imtina olunaraq qeyd olunan şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının məqsədəuyğun olması bildirilmişdir. Sumqayıt İnzibati Məhkəməsinə müraciət etsə də, ona aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməli olduğu bildirilmişdir. Bu səbəbdən də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda cavabdehin harada yaşadığını bilmədiyi üçün mübahisənin məhkəmədən kanar qaydada həlli mümkün deyildir. Hesab edir ki, cavabdehin həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməlidir. Çünki cavabdehin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır va bu isə öz növbəsində onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. O, cavabdehə görə adambaşına hesaba alınan kommunal xidmət haqları ödəməli olur.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, ev xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Əvvəlcədən mənzilin mülkiyyətçisi iddiaçı olmuşdur. Həmin evi öz vəsaiti hesabına almışdır. Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Rəsmi nikah 2006-cı ildə bağlanmışdır. Cavabdeh həmin tarixdən mənzildə qeydiyyatdadır. Aralarındakı rəsmi nikah münasibəti pozulmuşdur. İş materiallarında akt da var, cavabdeh həmin mənzildə yaşamır. Tərəflər arasında qohumluq münasibəti də yoxdur. Cavabdeh məhkəmə iclasının nəticəsində maraqlı olmadığı üçün iştirak etmir. Şahidləri də var, lakin iş materiallarına akt əlavə olunduğu üçün şahid ifadəsinə ehtiyac olmadığını düşünürlər. Mənzilə payların müəyyən edilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuşdur. Qətnaməni məhkəməyə təqdim etmişdirlər. Cavabdeh 3 ildir ki, o mənzildə yaşamır. Hazırda yaşadığı ünvanı bilmirlər. Cavabdehin mənzilə dair heç bir hüququ olmadığı üçün istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı vəkilin dedikləri ilə razı olduğunu və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı və Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadırlar.

7. 12 saylı MKS-nin işçisi S.Bayramova, qonşular X.Rəcəbov, A.Abdullayev, V.Rufullayev tərəfindən tərtib olunmuş və 12 saylı MKS tərəfindən təsdq edilmiş xx.xx.2023-cü il tarixli aktda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında 2 nəfər qeydiyyatda olmasına baxmayaraq hal-hazırda Cavabdeh 2019-cu ildən göstərilən ünvanda yaşamır, İddiaçı 2019-cu ildən həmin ünvanda tək yaşayır.

8. 12 saylı MKS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 64 nömrəli arayışdan görünür ki, Cavabdeh 2006-cı ildən ünvan 1 ünvanında qeydiyyatdadır.

9. MH seriyalı, ******* saylı, 15 iyul 2006-cı il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, Sumqayıt şəhəri, 40-cı məhəllədə istifadədə olan 0,1 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 4 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 65,52 kv.m ümumi, 38.07 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 15 iyul 2006-cı ildə qeydiyyata alınmışdır.

10. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2439/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlak üzərində payların müəyyən olunmasına dair iddiası təmin edilməmişdir.

Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Konstitusiyasının:

-13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. -228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

14. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı;

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarı;

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçını, onun nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

17. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 3 saylı evin 13 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. İddiaçı həmin mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 15 iyul 2006-cı il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzildə İddiaçı ilə yanaşı onun keçmiş arvadı Cavabdeh da qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş məhkəmə qətnamələri ilə müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında nikah 06 may 2006-cı il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı Mənzil-Kommunal sahəsinin 23 noyabr 2023-cü il tarixli arayışında sonuncunun da həmin mənzilə 2006-cı il tarixdən qeydiyyata alındığı qeyd edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında 06 may 2006-cı ildə bağlanmış nikahın pozulması qət edilmişdir. Cavabdeh hazırki iş üzrə İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 3 saylı evin 13 saylı mənzili üzərində hər birinin ikidə bir hissədə paylarının müəyyən edilməsi ilə bağlı iddia ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Hal-hazırda İddiaçı Cavabdeh sözügedən mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.

18. Məhkəmə cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi məsələsinə qiymət verməzdən əvvəl, ümumiyyətlə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüququn itirilmiş hesab edilməsindən söhbət gedə bilməz.

19. Bu baxımdan məhkəmə hesab edir ki, ilk növbədə hazırki işə tətbiq edilməli olan hüquq norması müəyyən edilməlidir. Buna görə də tərəflər arasında sözügedən mənzilə dair hüquq münasibətinin hansı dövrdə yaranmasının müəyyən edilməsi zəruridir.

20. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 06 may 2006-cı il tarixdə nikah bağlanmış və sonuncu mübahisəli mənzilə 2006-cı il tarixdə qeydiyyata alınmışdır. Beləliklə tərəflər arasındakı mübahisəli hüquq münasibəti 2009-cu il tarixədək yaranmışdır.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

22. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə isə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

23. Beləliklə hazırki işdə mübahisəli mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2006-cı il tarixdən əmələ gəldiyindən məhkəmə hesab edir ki, həmin münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir.

24. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

25. Beləliklə Mülki Məcəllənin 228.5-ci maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun (yaşayış sahəsinin mülkiyyətçisinin) keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının keçmiş ailə üzvü olmaqla sözügedən mənzildən istifadə hüququ yaranmışdır.

26. İddiaçı hal hazırda həmin hüququn itirilmiş hesab edilməsini məhkəmədən xahiş edir. Məhkəmə idiaçının tələbinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarındakı mövqeyinə əsasən qiymət verməyi zəruri hesab edir.

27. Belə ki, qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz.”

28. Hazırki işdə iddiaçı cavabdehin qeyd edilən mənzildə yaşamamasına istinad edərək onun həmin mənzildə istifadə hüququnun itirilmiş hesab edilməsini məhkəmədən xahiş edir. Bunu təsdiq edən sənəd kimi 12 saylı MKS-nin sahə ustası X1 və iddiaçıya məxsus mənzilin yerləşdiyi binada yaşayan digər sakinlər (qonşular) tərəfindən tərtib edilmiş və 12 saylı MKS tərəfindən təsdiq edilmiş 23 noyabr 2023-cü il tarixli akta istinad edir. Həmin aktda Cavabdeh 40-cı məhəllə, ev 3, mənzil 13-də 2019-cu ildən yaşamadığı qeyd edilmişdir.

29. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilir ki, iş üzrə cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olsa da, uzun müddətdir ki, həmin ünvanda yaşamır və onun mübahisəli yaşayış sahəsinə qeydiyyatı formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmur. Bu isə onun mənzilə ehtiyacının aradan qalxdığı anlamına gəlir. Yuxarıda qeyd edilənlərə əsasən yaşayış sahəsinə ehtiyacın aradan qalxması həmin yaşayış sahəsi üzərində hüququn itirilmiş hesab edilməsi üçün əsasdır.

30. Bundan başqa məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması səbəbi ilə məhkəməyə geri qaytarılsa da, məhkəmə iclaslarının vaxtı və yeri barədə ona “sms bildiriş” vasitəsilə məlumat verilmiş, eyni zamanda cavabdehə məxsus telefon nömrəsi ilə əlaqə saxlanılaraq ona məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş və bu barədə telefonoqram tərtib edilərək iş materiallarına əlavə edilmişdir. Beləliklə cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş və göstərilən halları təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir və eyni zamanda iddia tələbinə yazılı da olsa münasibətini bildirməmişdir. Bu halı da məhkəmə cavabdehin qeyd edilən mənzilə marağının, ehiyacının olmaması kimi qiymətləndirir.

31. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 3 saylı evin 13 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməlidir.

Nəticə:

32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 3 saylı evin 13 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar