Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2321/2021 06.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia ərizəsinə düzəliş edilməsi haqqında ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 28553,99 manat icbari sığorta toplamından maksimum 20000 manat, minimum 18000 manatın, icbari sığorta ödənişinin 851 gün gecikdirildiyinə görə hər gün üçün 28553,99 manat məbləğində pulun 3%-i həcmində 5805,80 manat məbləğində təzminatın, 230000 manat məbləğində əmlak payından 23000 manatın, 230 aylıq 23 manatdan 529 manat dividendin, həyat yoldaşına evdə ona qulluğa görə 375 manatın, əlillik pulunun gecikdirilməsinə görə 1000 manatın, mənəvi zərərə görə 2000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 24.08.1973-cü il tarixindən Cavabdeh ASC-nin əvvəl marten sexində 225/50/16 tonluq tökmə kranlarında maşinist, 2006-cı il tarixindən isə yenə bu zavodun “Su və Qaz təminatı” sexində təmirçi, 05.08.2015-ci il tarixinə kimi çilingər işləmişdir. 14.10.2014-cü il tarixində sex rəisinin göstərişi ilə onların 4 nəfərlik briqadası marten sexində vəzifələrinə aid olmayan işi yerinə yetirərkən, уəni atılmış bufetin asma tavanını sökərkən, briqadirin gözü qabağında nərdivan sürüşmüş və o, 3,56 metr hündürlükdən arxası üstə bufetin beton döşəməsinə, dəmir nərdivanın üstünə düşüb, huşunu itirmişdir. İddiaçı xəsarət alan vaxtı ona tibbi yardım göstərilməmiş, onu iş gününün sonuna kimi bu halda sexdə saxlamışlar. 15.10.2014-cü il tarixdə yaxınları tərəfindən Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılmış, müayinə zamanı müəyyən edilmişdir ki, sol qolu və ombasının sağ tərəfi əzilib. 21.10.2014-cü il tarixdə tomoqrafik müayinə zamanı belinin L-3 fəqərəsində sınıq və çatlar olduğu müəyyən edilmiş və 21.10.2014-cü ildən 05.11.2014-cü il tarixinə kimi STTYX-da müalicədə olmuşdur. 12.01.2015-ci il tarixdə kinici tomoqrafiya müayinəsi nəticəsində belindəki sınığın düzgün birləşmədiyi L-4, L-5, L-5, S-1 fəqərəarası disklərdə sınıq ətrafında və boynunda duzlaşma, sümüklərdə deformasiya olduğu, 6-7 mm ölçüdə yırtıq aşkar edilmişdir. 21.10.2014-dən 05.11.2014-cü il tarixədək STTYX-nin nevroloji şöbəsində müalicədə və bundan sonra həkim Rasim Cəfərovun nəzarəti altında üç ay evdə yataqda, belində tibbi kəmər (karset), tərpənməz halda müalicə olunmuşdur. Nəticədə 05.07.2015-ci ildə iddiaçıya 3-cü dərəcəli əlillik təyin edilmişdir. “xxxx” Sığorta Şirkəti ASC tərəfindən ona heç bir yardım göstərilməmişdir. İddiaçı hesab edir ki, ona evdə qulluğa görə, həyat yoldaşına üç aylıq əmək haqqının 50% qədər ödəniş ödənilməlidir. 05.07.2015-ci il tarixinədək cavabdeh ilə “xxxx” Sığorta Şirkəti ASC arasında “İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” haqqında 05.06.2013-cü i tarixli, ATE 13016372 saylı icbari sığorta müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə sığortalının qanunvericiliklə müəyyən edilmiş müvafiq sığorta tarifləri hesablanıb, hüquqi müqavilə əsasında işlər və xidməti həyata keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlillik pulu təyin edilib tam ödənilməlidir. Əlillik pulunu gecikdirdiyinə görə cavabdeh təşkilat tərəfindən hər gecikən günə görə aylıq maaşının üç faizi həcmində ona təzminat ödənilməlidir Əmək qabiliyyətinin itirilməsi hallarında dəyən zərərlə əlaqədar, peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada icbari sığorta ödənişinin verilməsi öhdəliyi götürülür. ”İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” 05.06.2013-cü tarixli, ATE 13016372 saylı İcbari sığorta müqaviləsinə 16.10.2014-cü il tarixli 01000 saylı əlavə də hadisədən 2 gün sonra bağlanmışdır. Sağlamlığının pozulması nəticəsində iddiaçı əlil olmuş, əmək fəaliyyəti məhdudlaşmış, sağlam insanlar kimi işləyə bilmədiyinə, müalicə və ağrılara görə sarsıntı və iztirab keçirmiş, əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. O, ağac üzərində heykəltəraşlıq işləri düzəldib satır, bir əl işinə görə minimum 10 manat əlavə gəlir əldə edirdi. Onun illik brutto əmək haqqı fondu 12888 manat, əmək qabiliyyətinin itirilmə dərəcəsi 60%, xəsarət alan vaxtı yaşı 61 il 1 ay 9 gün olmuşdur. Onun başına gələn hadisələrdən xəbər tutanda anası xiffətdən 05.01.2015-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra cavabdeh iddiaçıya heç bir köməklik göstərməmişdir. Beləki, icbari sığortanın toplam məbləği 28553,99 manat oldu halda, məhkəmə cəmi 12911 manat pulun verilməsini qət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 06.02.2018-ci il tarixli, 2(105)-505/2018 saylı qətnaməsi ilə Cavabdeh ASC-nin 24.06.2019-cu il tarixli 36-D nömrəli əmri ilə 05.07.2015-ci il tarixindən hər ay 131,86 manat məbləğində aylıq ödənc ödənilməsi qərara alınmışdır. 05.07.2015-ci ildən 08.08.2019-cu il tarixinədək aylıq əlillik pulu almamış, buna görə də ona gecikdirilməyə görə təzminat verilməlidir. Məhkəmənin nə məbləğ (ödənc) təyin etməsindən asılı olmayaraq, iddiaçı ödəncin zavodun maliyyə çətinliyini nəzərə alaraq, ödənc veriləcəyi halda, hissə-hissə, ayda 500 manat və ya 1000 manat verilməsinə razıdır. Zavod ona əlillik pulunu, ödənməmiş aylıqlarını yalnız 08.08.2019-cu tarixindən ödəməyə başlamışdır. 05.07.2015-ci ildən 08.08.2019-cu il tarixinədək əlillik pulunu hər gecikən günə görə (131.86) bu məbləğin 3%-i həcmində gecikmə pulu ödənilməsini, cavabdeh tərəfindən iddiaçıya 28553,99 manat toplanmış icbari sığorta vəsaitindən maksimum 20000 manat, minimum 18000 manat ödənilməsini, divident hər aya görə 10 manat icbari sığortanın gecikmə pulu hesablanılmasını, əmlak payı və onun aylıq dividendinin ödənilməsi barədə qərar verilməsini tələb edir. İddiaçıya əmlak payı və onun aylıq dividendi ödənilməlidir. İddiaçı zavoda 04.12.2011-ci ildə 8 özəl çek vermişdir (8 özəl çek=23 səhm, bir səhm=10000 manat). Bu, cəmdə 230000 manat edir. Tələbi ən azı 23000 manat, əlavə də 1080 dividend pulu məbləğindədir. Dəbbə pulunun da hesablanılması zəruridir. İşin məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, CavabdehSC-nin Texniki Xidmət və Təmir Departamentinin Su və Qaz Təminatı sexində təmirçi-çilingər peşəsində işləyən iddiaçı 14 oktyabr 2014-cü il tarixində istehsalatda baş verən bədbəxt hadisə nəticəsində xəsarət almış, alınmış xəsarətin bərpası ilə əlaqədar xəstəxanada müalicə aldığı dövrdə ilkin maddi yardımlar, reseptlərdə göstərilən dərmanların alınması və müalicə xərcləri sexin rəhbərliyi və zavod həmkarlar ittifaqı komitəsi tərəfindən ödənilmişdir. Xəstəliyi ilə əlaqədar 12 saylı Tibbi Sosial Ekspert Komissiyasında 23 iyul 2015-ci il tarixdə, 646 saylı müayinə aktına əsasən ona 3-cü qrup əmək əlili kimi 60% əmək qabiliyyətini itirilməsi müəyyən olunmuşdur. Cavabdehlə “xxxx” Sığorta şirkəti ASC (bundan sonra – Sığorta Şirkəti) arasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından” 05.06.2013-cü il tarixdə ATE 13016372 saylı icbari sığorta müqaviləsi bağlanılmışdır. Bu müqaviləyə əsasən iddiaçıya vurulmuş ziyana görə ödəncin verilməsi Sığorta Şirkəti tərəfindən həyata keçirilməlidir. Bununla əlaqədar, Sığorta Şirkəti tərəfindən sənədlərin tələb olunmasına dair 06 avqust 2015-ci il tarixli H1082p saylı məktub 11.08.2015-ci il tarixdə müəssisəyə daxil olmuşdur. Bu məktuba əsasən tələb olunan sənədlər 01.09.2015-ci il tarixdə AZB-01/233 saylı məktub ilə Sığorta Şirkətinə göndərilmiş və sığorta şirkəti tərəfindən ona 05.07.2015-ci il tarixindən 05.07.2016-cı il tarixinədək olan dövr üçün aylıq 131,82 manat olmaqla, ümumilikdə bütün dövr üçün 1581,84 manat məbləğində sığorta ödənişi verilməsi nəzərdə tutulmuşdur. Lakin, sığorta şirkəti cavabdeh tərəfindən sığorta haqqının tam ödənilmədiyini əsas gətirərək sığorta ödənişdən imtina etmişdir. İddiaçı 13.05.2016-cı il tarixdə təkrar müayinədən keçmiş və ona əmək qabiliyyətinin 60% itirilməsi müəyyən olunmaqla müddətsiz İİİ qrup əlillik dərəcəsi verilmişdir. Sığorta şirkəti tərəfindən ona 11 328,95 manat məbləğində sığorta ödənişi verilməsi nəzərdə tutulmuşdur. Sığorta şirkəti yenə eyni əsasla sığorta ödənişdən imtina etmişdir. İddiaçı 03.07.2017-ci il tarixində Sumqayıt Şəhər Məhkəməsində Sığorta şirkətinə qarşı sığorta pulunun ödənilməsi barədə iddia qaldırmışdır. Lakin Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, Ali Məhkəmənin Mülkü Kollegiyasının Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən Sığorta şirkəti tərəfindən sığorta ödənişinin həyata keçiriİməməsi qət edildiyinə görə, cavabdeh tərəfindən iddiaçıya 05.07.2015-ci il tarixdən, yəni əlillik təyin edildiyi gündən ömürlük aylıq 131,86 manat məbləğində aylıq ödənc ödənilməsi barədə 36-D saylı, 24.06.2019-cu il tarixli əmr verilmişdir və hal-hazırda da həmin ödənişlər davam etdirilir. İddiaçının CavabdehSC-yə qoyduğu 8 özəlləşdirmə çeki ilə bağlı qeydm olunur ki, iddiaçı istənilən vaxt məxsus olan səhmlər üzərində sərəncam verə bilər. Müəssisə gəlirlə işləmədiyinə görə bu vaxtadək səhmdarlara divident ödənilməmişdir. Həmçinin, bu barədə iddiaçı 03.07.2017-ci il tarixində cavabdehə qarşı iddia qaldırmış, lakin Sumqatıt şəhər Məhkəməsinin qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Zərərçəkənin, kənar şəxsin qulluğuna ehtiyacı olduğu halda, təqsirkar müəssisə tərəfindən zərərçəkənə göstərilən xidmətə görə aylıq xərcin məbləği rayon, şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sosial işçisinin aylıq vəzifə maaşının 50 faizindən az olmayaraq ödənilir. Göründüyü kimi, bu cür yalnız Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən müəyyən edilir və onun qərarı əsasında həyata keçirilir. İddiaçı 26.08.2015-ci il tarixdə cavabdehə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi barədə” iddia qaldırmışdır. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə 5000 manat məbləğində mənəvi ziyan və 191,87 manat məbləğində maddi ziyanın ödənilməsi qət edilmişdir. Tərəflərindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 01.12.2020-ci il tarixli, 8(105)-160/2020 saylı qərardadı ilə qətnamənin hissə-hissə, ayda 1000 manat olmaqla icra edilməsi barədə ərizə təmin edilmiş, buna uyğun olaraq tələbkara hər ay 1000 manat olmaqla ödənişlər həyata keçirilmiş və bu barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, birinci dəfə cavabdehə qarşı aylıq ödəncin verilməsi ilə bağlı iddia qaldırmışdır. Hal-hazırda isə icbarı sığotanın ödənilməsini və sığorta məbləğinin gecikdirilməsinə görə təzminatın verilməsini xahiş edir. O, zavodun payçısı olmaqla əmlak payını tələb edir. Eyni zamanda zavodun payçısı kimi hüquqi şəxsin gəlirlərindən ona divident ödənilməlidir. İstehsalatda bədbəxt hadisə nəticəsində xəsarət aldığlı üçün o, evdə xəstə yatmış və cavabdeh tərəfindən ona heç bir kömək göstərilməmişdir. Bu səbəbdən ona qulluq etdiyinə görə həyat yoldaşına ödənilməli olan məbləğ də cavabdehdən tutulmalıdır. Əlilliyə görə ödənilməli olan məbləğ də cavabdeh tərəfindən gecikdirildiyi üçün cavabdehdən 1000 manat pul tutulmalıdır. Həmçinin o, ona dəymiş maddi və mənəvi ziyana görə cavabdehdən 2000 manat pul tələb edir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə yazılı etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, əmək qanunvericiliyində icbari sığorta olunmuş şəxslərə işə götürən tərəfindən istehsalatda bədbəxt hadisə nəticəsində sağlamlığın poulması ilə bağlı müavinət verilməsi nəzərdə tutulmamışdır. Belə ki bu müavinətin əvəzinə sığorta şirkəti tərəfindən sağlamlığı pozulmuş işçiyə sığorta ödənişi həyata keçirilməlidir. İddiaçı sığorta olunduğu üçün cavabdeh hesab etmişdir ki, sığorta ödənişi sığorta şirkəti tərəfindən həyata keçirilməlidir. Lakin, sığorta şirkəti sığorta ödənişini həyata keçirməkdən imtina etmişdir. Bununla bağlı iddiaçı cavabdeh və sığorta şirkəti arasında məhkəmə mübahsəsi olmuş və nəticədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının tələbi təmin edilməmişdir. Bundan sonra isə iddiaçının əlil olduğu gündən ona aylıq müavinət hesablanıb ödənilmişdir. Lakin, iddiaçı hesab edir ki, ona sığorta pulu da ödənilməlidir. Lakin, bu səhvdir. Əmlak payına gəldikdə isə iddiaçının müəssisənin nizamnamə kapitalında sahib olduğu səhmlərin hər birinin qiyməti yeni azərbaycan manatı ilə 2 manat təşkil edir. İddiaçı onların köhnə pulla dəyərini tələb edir. Həmçinin müəssisə gəlirlə işləmədiyinə görə iddiaçıya hər hansı divident ödənilə bilməz. Əlillik pulu və maddi-mənəvi ziyanla bağlkı isə iddiaçı öz mövqeyini əsaslandıra bilməmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1952-ci ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. 12 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilən 05.07.2015-ci il tarixli elektron məlumatda iddiaçıya üçüncü dərəcəli əlillik təyin edildiyi göstərilmişdir.. “İstehsalatda bədbəxt hadisə haqqında” 08.12.2014-cü il tarixli, 01 saylı aktda göstərilmişdir ki, Su və Qaz Təminatı sexinin təmirçi-çilingəri işləyən iddiaçı 14.10.2014-cü il tarixdə nahar fasiləsindən sonra saat 14:30-da cavabdeh müəssisənin ərazisindəki keçmiş “Marten” sexində nərdivan ilə tavana çıxarkən nərdivanın sürüşməsi nəticəsində yıxılaraq xəsarət almışdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdehə və Sığorta Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona məzuniyyət pulunun, səkkiz özəlləşmə çekinin dəyəri olaraq 23000 manatın, 365,08 manat sosial sığorta haqqının, Sığorta Şirkəti tərəfindən ona 28553,99 manat icbari sığorta pulunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 04.10.2017-ci il tarixli, 2(060)-11588/17 saylı qətnaməsi iddia qismən təmin edilmiş, cavabdehdən 365,08 manat vəsaitin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.10.2018-ci il tarixli, 2(105)- 3397/2018 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 04.10.2017-ci il tarixli qətnaməsi iddiaçının Sığorta Şirkətinə qarşı iddiasının təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15.03.2019-cu il tarixli, 2(102)- 1668/2019 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.10.2018-ci il tarixli qətnaməsi kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş 4000 manat maddi və 10000 manat mənəvi cəmi 14000 manat məbləğində ziyanın cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli, 2(060)-9622/2015 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 26.05.2016-cı il tarixli, 2(105)-570/2016 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli, qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15.11,2016-cı il tarixli, 2(102)-5276/2016 saylı qərarı iddiaçı və üçüncü şəxs “xxxx” Sığorta Şirkəti ASC-nin kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.05.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1066/2017 saylı, 02 may 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli, 2(060)-9622/2015 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13.07.2017-ci il tarixli 2(102)-5287/2017 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-46/2019 saylı, 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia qismən təmin edilərək cavabdehdən maddi zərərə görə 191,87 manat və mənəvi zərərə görə 5000 manat pulun alınıb iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.11.2019-cu il tarixli, 2(102)-7062/2019 saylı qərarı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdeh ASC-nin 24.06.2019-cu il tarixli, 36-D saylı əmri ilə iddiaçıya 05.07.2015-ci il tarixindən ömürlük hər ay 131,86 manat məbləğində aylıq ödənc təyin edilmişdir. Respublika Auksion Mərkəzinin ******* saylı bildirişindən görünür ki, iddiaçı cavabdehin səhmlərinin satışında iştirak edərək 8 ədəd özəlləşdirmə çeki təqdim etmiş və hər birinin dəyəri olan 10000 manat olan 23 ədəd səhm əldə etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra – Əmək Məcəlləsi) əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir (239.1) . İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir (239.2). İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir (239.3). İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır (239.4). Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur (239.5). Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyi nəticəsində işçinin həyat və sağlamlığına dəymiş ziyan işə götürən tərəfindən ödənilməlidir. Lakin, əgər işçi işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuşsa işə götürən həmin ziyanın ödənilməsindən azad edilir. Belə olan halda işçinin həyat və sağlamlığına dəymiş ziyanla bağlı ödənişlər sığorta edən tərəfindən sığorta ödənişləri kimi işçiyə ödənilir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı cavabdeh müəssisədə çalışarkən 14.10.2014-cü il tarixdə baş vermiş bədbəxt hadisə nəticəsində onun sağlamlığına ziyan dəymiş və iddiaçıya əlillik qrupu təyin edilmişdir. Lakin, iddiaçı cavabdeh tərəfindən icbari sığorta olunduğundan iddiaçı və cavabdeh hesab etmişlər ki, həmin ödənişlər Sığorta Şirkəti tərəfindən həyata keçirilməlidir. Lakin, Sığorta Şirkəti ödənişlərin verilməsindən imtina etmiş və iddiaçı Sığorta Şirkətinə qarşı icbari sığorta ödənişlərinin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ididaçının tələbi təmin edilməmişdir. Bundan sonra isə cavabdeh tərəfindən iddiaçıya əlillik dərəcəsi təyin edildiyi tarixdən sağlamlığın pozulmasına görə müavinət hesablanmış və ödənilmişdir. Qeyd edilən ödənişlərin gecikdirilməsinə gəldikdə isə məhkəmə hesab edir ki, ödənişlərin gecikdirilməsi cavabdehin təqsiri ucbatından baş verməmişdir. Belə ki, iddiaçı həmin ödənişləri Sığorta Şirkətindən tələb etmiş və ödənişlərin gecikməsinə səbəb uzun sürən məhkəmə mübahisələri olmuşdur. Əmlak payı və dividentlərlə bağlı iddia tələbinə gəldikdə aşağıdakılar qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır (98.1.). Səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir (106-1.1.). Səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir (106-3.1.). Adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir (106-3.3.). İddiaçı cavabdehin özəlləşdirilməsi zamanı hər birinin dəyəri 10000 manat olan 8 ədəd özəlləşmə çeki təqdim etdiyi üçün 23000 manat əmlak payı tələb edir. Qeyd edilməlidir ki, həmin çeklər ölkədə valyuta dəyişikliyindən əvvəlki qiymətə uyğun olaraq 10000 manat qiymətləndirilmişdir ki, hal-hazırda bu 2 Yeni Azərbaycan manatına bərabərdir. Eyni zamanda iddiaçı səhmlər üzrə divident tələb etmək üçün cavabdehin həqiqətən xalis mənfəət əldə etdiyini sübut etməlidir. Lakin, iddiaçı ötən dövr ərzində cavabdehin hansı məbləğdə xalis mənfətt əldə etdiyi, ümumiyyətlə xalis mənfəət əldə edib- etmədiyi barədə sübut təqdim etməmişdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilə bilməz. Digər tələblərə gəldikdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Yuxarıda qeyd edildiyi kimi istehsalat qəzası nəticəsində iddiaçıya dəymiş ziyan məbləği cavabdeh tərəfindən müavinət şəklində ona ödənilmiş, cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi qalmamışdır. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya hər hansı maddi və ya mənəvi ziyanın ödənilməsindən söhbət gedə bilməz. Məhkəmə mübahisələri ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçı tələbini cavabdehə qarşı deyil ilk öncə Sığorta Şirkətinə qarşı yönəltmişdir ki, cavabdehin üzərinə bununla bağlı öhdəlik qoyula bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı cavabdehdən 28553,99 manat icbari sığorta toplamından maksimum 20000 manat, minimum 18000 manatın, icbari sığorta ödənişinin 851 gün gecikdirildiyinə görə hər gün üçün 28553,99 manat məbləğində pulun 3%-i həcmində 5805,80 manat məbləğində təzminatın, 230000 manat məbləğində əmlak payından 23000 manatın, 230 aylıq 23 manatdan 529 manat dividentin, həyat yoldaşına evdə ona qulluğa görə 375 manatın, əlillik pulunun gecikdirilməsinə görə 1000 manatın, mənəvi zərərə görə 2000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2321/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2321/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver