Məhkəmə qərarları › İş №2(060)-2325/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2325/2025

28.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2325/2025 28.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-28/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum edilmiş Cavabdeh cinayət nəticəsində vurulmuş maddi ziyana görə 1205 manat, mənəvi ziyana görə 1000 manat, dövlət rüsumu 33 manat, cəmi 2238 manat pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-28/2024 saylı xx.xx.2024-cii il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 6 ay azadlıqdan məhrumetmə cəzası və 8500 cərimə cəzasına məhkum edilmişdir. Cavabdeh barəsində olan cinayət işində zərərçəkən qismində iştirak edib. Mübarizi Nəsib vasitəsilə tanıyıb. Ona təqaüd düzəldilməsi üçün o, birinci dəfə 1000 manat daha sonra 205 manat məbləğində pulu Mübarizə kart hesabı vasitəsilə göndərib. Mübariz bunun qarşılığında təqaüdünün düzələcəyi vədini vermişdir. Dəfələrlə Mübarizdən maraqlananda o da yaxın günlərdə düzələcəyi bildirsə də, heç bir iş həll etməmiş, sonradan Mübariz tərəfindən aldadıldığını başa düşmüşdü. Təqsirləndirilən şəxs Cavabdeh törətdiyi cinayət nəticəsində vurulmuş maddi ziyanla yanaşı ona mənəvi ziyan da vurulmuşdur. Həmin cinayət nəticəsində maddi vəziyyəti pisləşmişdir. Həmin cinayət hadisəsi ona pis təsir etmişdir. Bir müddət həmin hadisənin psixoloji təsiri altında olub, sarsıntı keçirib və əzab çəkib. Həmin hadisə ilə bağlı bağlı vurulmuş mənəvi ziyanı ən azı 1000 manat miqdarında qiymətləndirir. Təqsirləndirilən şəxs Cavabdeh cinayət nəticəsində vurduğu ziyanı könüllü ödəmədiyindən, mülki mühakimə icraatı qaydasında iddia ərizəsi vermək məcburiyyətində qaldı. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən İddiaçı Rafıq qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehin barəsində başlanmış cinayət işində o, zərərçəkmiş kimi tanınmışdır. Məsələ ilə bağlı onun səhətində ciddi problemlər yaranıb. Şəkər xəstəliyindən əziyyət çəkməyə başlayıb. Əslində ona dəymiş maddi ziyan daha çoxdur. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir

5. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.İşdə olan Bakı şəhəri Qardağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(002)- 28/2024 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 04 (dörd) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş qalan 05 ay 05 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) ay 17 (on yeddi) gün azadlıqdan məhrumetmə cəzasına hesablanması və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən birləşdirilərək Cavabdeh qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 8500 (səkkiz min beş yüz) manat cərimə cəzası təyin edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, həbsetmənin əvvəlinin 06 may 2023-cü il tarixdən hesablanması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Cavabdeh təyin edilmiş cərimə cəzasının müstəqil icra edilməsi hökm edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Məhkəmə tərəfindən müəyəyn edilmişdir ki, Cavabdeh təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan “Nəsib” və “Bəhram” adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda İddiaçı, azyşalı övladı X1 ləğv edilmiş əlilliklə bağlı pensiyasını bərpa etdirəcəyinə dair yalandan vəd verib aldaraq, Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti 28 ünvanında quraşdırılmış ödəniş termninalı vasitəsi 22 oktyabr 2022-ci il tarixdə 1000 manat məbləğin və 25 oktyabr 2022-ci il tarixdə 205 manat məbləğin göndərilməsinə nail olub, zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 1205 manat pul ələ keçirərək dələduzluq etmişdir. Hazırda iddiaçı həmin pulun, həmçinin ona dəymiş məvəzi zərərin əvəzi olaraq 1000 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

8. Azərbaycan Respublikası CPM-nin 179.2-ci mаddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 9.Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. 10.Həmin Məcəllənin 181-ci maddəsinə əsasən: 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. 11.Azərbaycan Respublikası CPM-nin 179.3-cü mаddəsinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). 13.Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 14.Məcəllənin 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 15.İş materiallarına əlavə edilmiş hökmün məzmunundan görünür ki, Cavabdeh zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 1205 manat pul ələ keçirərək dələduzluq etmişdir. 16.Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 17.Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). 18.Məhkəmə qeyd edilənləri və məhkəmə hökmünün preyudisiallığını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddia tələbi 1205 manat maddi zərərin ödənilməsi hissəsində təmin edilməli, Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 1205 manat məbləğində pul tutulub İddiaçı ödənilməlidir. 19.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). 20.Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir.

21. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” 22.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər şəxsi qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər)” hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir.

23. Məhkəmə hesab edir ki, iddiaçının baş vermiş cinayət hadisəsi nəticəsində (qadın olmaqla vəd verilib aldadılması nəticəsində) stres, mənəvi sarsıntı və iztirab keçirməməsi mümkün deyil. Lakin məhkəmə hesab edir ki, mənəvi ziyana görə iddiaçının iddia etdiyi məbləğdə (1000 manat) pul ödənilməsi ağlabatan hesab oluna bilməz.

24. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, Cavabdeh iddiaçıya vurulmuş mənəvi ziyana görə 300 manat məbləğində pu tutularaq İddiaçı ödənilməlidir.

25. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Məhkəmə qeyd edilən maddəyə istinad edərək hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən ödənilmiş 33 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 27.Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Nəticə hissəsi: 28.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi olan 1205 (bir min iki yüz beş) manat, mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat olmaqla, cəmi 1505 (bir min beş yüz beş) manat və ödənilmiş 33 (otuz üç) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar