Məhkəmə qərarları › İş №2(060)-2371/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2371/2025

18.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2371/2025 18.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, habelə Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilkin və qarşılıqlı iddiaları üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq bioloji atası olmadığı uşağın saxlanması, müayinə və müalicəsi üçün xərclədiyi 4250 manat, uşağın saxlanması üçün ödədiyi 3212 manat 50 qəpik aliment pulu, məhkəmə tibbi-bioloji ekspertizası üçün ödənmiş 1180 manat, mediasiya və vəkil xidmətinə ödədiyi 1225 manat, eləcə də mənəvi ziyana görə 50000 manat olmaqla, ümumilikdə 59767 manat 50 qəpik məbləğində pulun alınaraq ona verilməsi və bioloji atası olmadığı X12 oğluna təyin edilmiş alimentin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi bununla əsaslandırılmışdır ki, o, 04 dekabr 2018-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X12 oğlu adlı uşaqlar doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət mehriban yaşasa da, sonradan ailə daxili münasibətlər pisləşmiş, aralarında söz-söhbət yaranmışdır. Cavabdeh ona xəyanət etdiyinə görə, artıq ərarvad münasibəti pozulmuş, o, idarə olunmaz vəziyyətə düşmüş və bir müddət gərgin mənəvi-psixoloji gərginlik keçirdiyinə və qohum-əqraba içərisində biabır olacağına görə qapalı həyat keçirməyə məcbur olmuşdur. O, ikinci uşağın, yəni Ayxanın onun övladı olmasına şübhə ilə yanaşdığına görə, Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək nikahın pozulması və qızı Şəkərin anasından alınaraq ona verilməsi barədə qətnamə qəbul etməsini, bundan sonra isə atalığın müəyyən edilməsi ilə bağlı məhkəmə-bioloji ekspertiza təyin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6 ” X9 xx.xx.2024-cü il tarixli, 836\2023-MTBŞ saylı ekspert rəyi ilə İddiaçı ekspertizaya təqdim olunmuş X12 oğlu adlı uşağın bioloji atası olması faktı inkar olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6 ” X9 Sumqayıt Şəhər Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 9/127 nömrəli məlumatda qeyd edilmişdir ki, ekspertizanın keçirilməsi üçün lazım olan reaktivlərin alınmasını (2330 manat) İddiaçı təmin etmişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-198\2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2020-ci il təvəllüdlü X12 oğlunun atasının İddiaçı olmaması müəyyən edilmiş, Cavabdeh 1150 manat pulun (ekspertiza xərcinin yarısı) tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bundan başqa, “nikahın pozulması və uşağın himayədə saxlanması tələbinə dair” və Cavabdeh ona qarşı “nikah dövründə əldə edilmiş ümumi birgə mülkiyyətin bölünməsi tələbi” barədə qarşılıqlı iddiasına xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsində baxılaraq, ilkin iddia qismən təmin edilərək, tərəflər arasınadkı nikah qeydi pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3 anası Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Birgə nikah dövründə birgə vəsaitlə əldə edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167, “AAAF Park” yaşayış massivinin 1 saylı küçəsində, bina 3, mərtəbə 1, ümumi sahəsi 36,3 kv.metrdən ibarət 1 otaqlı 1 nömrəli mənzildə tərəflərin paylarının bərabər şəkildə Cavabdeh payının 1/2, İddiaçı payının 1/2 hissədə müəyyən edilməsi və xx.xx.2022-ci il tarixdə birgə vəsaitlə əldə edilmiş “Hundai Tucson” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərinin tərəflər arasında bərabər şəkildə bölünməsi, eləcə də vəkil xidmətindən istifadə etməyə görə, mediasiya prosesində iştirakla bağlı və dövlət rüsumu olaraq ödədiyi pul vəsaitlərinin cavabdehdən alınaraq ona ödənilməsi qət edilmişdir. Cavabdeh birgə yaşadıqları evdə, hər an ata və ya ananın, eləcə də onun evə gələ biləcəyini belə nəzərə almayaraq ona qarşı xəyanət edərək, şərəf və ləyaqətini alçaltmışdır. Nəyinki onun, hətta bütün ailə üzvlərinin və yaxın qohumlarının hamısını biabır edərək onları çox sarsıtmışdır. O, bu xəbəri eşidəndə bərk psixoloji gərginlik keçirmişdir. Keçirdiyi psixoloji gərginliyin əlamətləri bu gün də qalmaqdadır. Bir müddət utandığından evdən bayıra belə çıxa bilməmişdir. Həyat yoldaşının ona qarşı bu hərəkəti ona çox dəhşətli şəkildə pis təsir etmiş, mənəvi cəhətdən çökdürmüş, yaşamağa həvəsini öldürmüşdür. O, sonradan ikinci uşağın bioloji atası olmasından şübhələnmişdir. Bu barədə Fatimədən soruşsa da, ilk öncə o, hər şeydən imtina edərək xəyanət etmədiyini bildirdi. Lakin sonradan əldə olunmuş təkzib olunmaz sübutlar qarşısında aciz qalaraq dolayı yolla etdiyi xəyanəti etiraf etdi. Fatmanın yaşadıqları evdə xəyanət etməsindən ailə üzvləri də dərin sarsıntı keçirmiş, cəmiyyətdə utanc hissləri keçirmişlər, daim yaşadıqları və əmək fəaliyyəti göstərdiyi kollektivdə böyük hörmət və nüfuz sahibi olmuş ailədə bu kimi xəyanətin baş verdiyi ailənin, özünün və yaxın qohumlarının keçirdikləri hiss-həyəcan və dərin sarsıntıların əvəzini heç nə verə bilməz. İş üzrə təyin edilmiş və hər üç instansiya məhkəməsində öz təsdiqini tapmış məhkəmə-bioloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, birgə nikah dövründə doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X12 oğlunun bioloji atası o deyil. Bu fakt öz təsdiqini tapandan sonra təkrar mənəvi-psixoloji sarsıntı keçirmişdir. Lakin sonradan özünü ələ almış, azyaşlı qızı Şəkərin belə əxlaq sahibinin yanında qalmaması üçün məhkəməyə müraciət etmiş, lakin sanki bu kimi hərəkətlərin yolverilən olduğunu nəzərə alan məhkəmələr Azərbaycan mentalitetini (adətləri) nəzərə almayaraq uşağın anasının himayəsində qalmasını məqsədəuyğun hesab edərək onun anasının himayəsində qalması barədə qərar qəbul etmişlər. Bundan başqa, o, hazırkı vaxta kimi bioloji atası olmadığı X12 oğlunun saxlanması üçün 2023-cü ilin oktyabr ayından başlayaraq hər ay 200 manat olmaqla, 31 yanvar 2025-ci il tarixədək 3212,50 manat aliment ödəmişdir. Hazırkı vaxta kimi əmək haqqından müəyyən edilmiş aliment cavabdehin xeyirinə tutulur. Bununla yanaşı, uşağın ana bətnində olduğu vaxta kimi və uşaq doğulduqdan sonra 4 ay müddətində uşağın saxlanması, müayinə və müalicəsi üçün 4250 manat xərc çəkmişdir. Odur ki həmin pullar, yəni 7462,50 manat cavabdehdən tutularaq ona qaytarılmalıdır. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı iki ilə yaxındır ki, məhkəmə çəkişmələrindədir, mediasiya və vəkil xidmətləri üçün 1125 manat pul xərcləməyə məcbur olmuş, normal əmək fəaliyyəti ilə məşğul ola bilmədiyindən əldə edə biləcəyi gəlirlər də azalmışdır. Mövcud qanunvericiliyin tələblərinə görə məhkəmə-bioloji ekspertizanın keçirilməsi ilə bağlı çəkilmiş xərc cavabdeh tərəfdən tutulub ona verilməli olduğu halda, məhkəmə həmin məbləğin də yarısının, yəni 1150 manatının ondan tutulması barədə qərar qəbul etmişlər. Cavabdeh özünün qanunsuz hərəkətləri ilə bağlı vurduğu maddi və mənəvi zərərə görə kompensasiya ödəməlidir. Cavabdehin ailəsinə qarşı xəyanətindən dərin sarsıntılar keçirən ailə üzvləri, bununla bərabər cəmiyyətdə utanc hissləri keçirmişlər, bu kimi xəyanətlə üzləşmiş insanın ailəsinin özünün və yaxın qohumlarının keçirdikləri hiss-həyəcan və dərin sarsıntıların əvəzini heç nə verə bilməz. Qeyd olunanlarla bərabər Cavabdeh ona qarşı etdiyi xəyanətlə kifayətlənməyərək, guya ona qarşı fiziki, cinsi və məişət zorakılığı ilə bağlı aidiyyəti orqanlara çoxsaylı şikayət ərizələri yazaraq ona qarşı şər-böhtan ataraq ləkələməyə çalışmış və əsəbləri ilə oynamaqla əlavə iztirablar yaşatmışdır. Lakin araşdırma zamanı onun yazdıqları öz təsdiqini tapmamışdır. Cavabdehin xəyanəti (qanunsuz hərəkətləri) və sui-istifadəsi ona və ailəsinə ağır mənəvi ziyan vurmuşdur. Cavabdehin ona qarşı xəyanət etməsi onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olduğundan, fəal ictimai həyat tərzindən mərhum olmuş, ailə sirrinin açıqlanması, şərəf-ləyaqət və işgüzar nüfuzun ləkələnməsi kimi hallardan iztirab keçirərək yuxusuzluqdan əziyyət çəkir, əsəbləri korlanıb, tez özündən çıxmaqla idarəolıınmaz vəziyyətə düşmüşdür. Ona dəymiş mənəvi zərərin məbləği 50000 manatdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Bundan sonra, İddiaçı məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin nəticə hissəsinin Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq bioloji atası olmadığı uşağın saxlanması, müayinə və müalicəsi üçün xərclədiyi 4250 manat, uşağın saxlanması üçün ödədiyi 4012 manat 50 qəpik aliment pulu, məhkəmə tibbi-bioloji ekspertizası üçün ödənilmiş 1180 manat, mediasiya və vəkil xidmətinə ödədiyi 1225 manat, birgə nikah dövründə götürülmüş kreditin faizi ilə birlikdə 9541,78 manat, eləcə də mənəvi ziyana görə 50000 manat olmaqla, ümumilikdə 70108,78 manat məbləğində pulun alınaraq ona verilməsi və bioloji atası olmadığı X12 oğluna təyin edilmiş alimentin dayandırılması, habelə indiyə qədər ödədiyi alimentin onun xeyrinə tutulması” kimi oxunmasını xahiş etmişdir. Məhkəmə gedişatında Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-xx.xx.2023-cü illər ərzində əmək haqqı kartından çıxarılmış 5796,71 manat pul vəsaitinin, 26 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə ödədiyi 3111,85 manat kredit məbləğinin, vəkil xidmətinə ödədiyi 1500 manat pul vəsaitinin, ona vurulmuş mənəvi ziyana görə 50000 manat məbləğində pulun və məhkəməyə ödədiyi 272 manat dövlət rüsumunun, ümumilikdə 60680,56 manat məbləğində pulun ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlundan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi bununla əsaslandırılmışdır ki, onu əxlaqsızlıqda ittiham edən şəxsin özü sosial şəbəkələrdə əxlaqa zidd hərəkətlər etmişdir. Bu barədə o, öz subutlarını məhkəməyə təqdim etmişdir. O, öz ərizəsində qeyd etmişdir ki, cavabdehin məqsədi nikah dövründə ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını verməmək idi. Bunun böhtan olduğu elə məhkəmə prosesinin gedişatında üzə çıxmışdır. Belə ki, o, cehiz əmlakın və qızıl-zinət əşyalarının qaytarılması ilə bağlı cavabdehə qarşı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə zalında “gedəndə oğurlayıb özu ilə aparıb” deyərək şər atdıqları qızıl-zinət əşyalarını cavabdeh gətirib bir-bir təhvil vermişdir.Hətta ailə qurarkən atası tərəfindən təxminən 50000 manat dəyərində alınmış olan cehizlik əşyaları da məhkəmə yolu ilə cavabdehdən almışdır. Onu döyub evdən qovduqdan beş ay sonra aldığı cehiz əşyalarını pis vəziyyətdə qaytarmışlar. Bundan başqa, təhsil sistemindəki güclü əlaqələrindən istifadə edərək, cavabdeh onu işlədiyi 1 saylı Uşaq və X2 qeyri-qanuni olaraq işdən çıxartdırmışdır. Bu müəssisədə işlədiyi 4 il müddətində nə qədər maaş aldığını belə bilməmişdir. Maaş kartını qaynatası elə ilk gündən alıb cibinə qoymuş və aldığı maaşı istədiyi şəkildə xərcləmişdir. Bankdan maaş kartı ilə bağlı hesabdan çıxarış almış və nə qədər vəsaiti mənimsədikləri ona məlum olmuşdur. Cavabdeh avtomobilini dəyişdirmək uçun "xxxx" ASC-nin Qubadlı filialından onun adına kredit götürmüş və onu evdən qovandan sonra götürdüyü həmin krediti ödəmədiyi üçün krediti atası ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh hazırda da onun şərəf və ləyaqətini alçaltmağa davam edir. Bütün qohum-əqrabaya və dost-tanışlara onun barəsində hər cür böhtan və yalan danışırlar. Məhkəmədə uşaqlara aliment təyin olunarkən iki uşağa alimentin ödənilməli olduğu nəzərə alınmış və cavabdehin əmək haqqının uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini ödəməyə imkan vermədiyi diqqətə alınaraq hər uşağa cəmi 200 manat aliment təyin olunmuşdur. Əgər ikinci uşağın alimenti ləğv olunaraq geri qaytarılırsa, onda ikinci uşağa görə birinci uşağa təyin oluna bilməyən minimum həddin kompensasiyası tələb edilməlidir. Eyni zamanda, cavabdeh aliment məbləğini az miqdarda ödəmək üçün məhkəməni aldatmışdır ki, maaşdan başqa gəliri yoxdur. Lakin başqa məhkəmə işində maşın alveri ilə məşğul olduğunu və evlilik müddətində 55-60 maşın alıb-satdığını özü etiraf etmişdir. Bu səbəbdən də o, hər satılmış maşindan əldə edilmiş və gizələdilmiş gəlirdən 100 manat ödənilməsini tələb edir. Onun maaş kartı vasitəsilə əldə olunmuş pulların, atası tərəfindən kredit borcunun ödənilməsinə sərf edilmiş vəsaitin, işdən çıxardılması və əşyalarının verilməsi ilə bağlı çəkdiyi məhkəmə xərclərinin qaytarlmasını da tələb edir. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin olunmalıdır. Sonradan Cavabdeh MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən xx.xx.2021-xx.xx.2023-cü illər ərzində əmək haqqı kartından çıxarılmış 5796,71 manat pul vəsaitinin, 27 iyun 2018-ci il tarixdə "xxxx" ASC-dən götürülmüş kreditin ödənilmiş pulunun yarısının, yəni 1065 manat pulun, 26 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə ödədiyi 3111,85 manat kredit məbləğinin, vəkil xidmətinə ödədiyi 1500 manat pul vəsaitinin, birgə nikah dövründə birgə vəsaitlə əldə edilmiş və üzərində 1/2 hissədə payı müəyyən edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167, "AAAF Park” yaşayış massivinin 1 saylı küçəsində, bina 3, mərtəbə 1, ümumi sahəsi 36,3 kvadrat metrdən ibarət 1 otaqlı 1 nömrəli mənzilin 01 iyun 2023-cü ildən hesablanmaqla kirayəyə verilməsindən əldə edilmiş pul vəsaitinin yarısının (25 ay x 110 manat=2750 manat), ümumilikdə 2750 manat pul vəsaitinin, birgə nikah dövründə avtomobillərin satışından əldə edilmiş gəlirin yarısının, yəni 5000 manat pul vəsaitinin, vurulmuş mənəvi zyana görə 50000 manat məbləğində pulun və məhkəməyə ödədiyi 296 manat dövlət rüsumunun, ümumilikdə 68 519,56 məbləğində pulun İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı, habelə onun nümayəndəsi və vəkili Vəkil1 ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdilər. İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2, həmçinin ilkin iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ilkin iddiaya etiraz edərək onun rədd olunmasını, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdilər. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd olunmalıdır. Məhkəmənin eyni tarixli qərarddadı ilə İddiaçı Cavabdeh qarşı qaldırdığı ilkin iddia kredit müqaviləsi üzrə 9541,78 manat pulun tutulması və xx.xx.2023-cü il təvəllüdlü X12 oğluna təyin edilmiş alimentin dayandırılması hissəsində, eləcə də Cavabdeh İddiaçı qarşı qaldırdığı qarşılıqlı iddia 27 iyun 2018-ci il tarixdə "xxxx" ASC-dən götürülmüş kreditin ödənilmiş pulunun yarısının, yəni 1065 manat pulun tutulması, 26 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə ödədiyi 3111,85 manat kredit məbləğinin qaytarılması, birgə nikah dövründə birgə vəsaitlə əldə edilmiş və üzərində 1/2 hissədə payı müəyyən edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167, "AAAF Park” yaşayış massivinin 1 saylı küçəsində, bina 3, mərtəbə 1, ümumi sahəsi 36,3 kvadrat metrdən ibarət 1 otaqlı 1 nömrəli mənzilin 01 iyun 2023-cü ildən hesablanmaqla kirayəyə verilməsindən əldə edilmiş pul vəsaitinin yarısının (25 ay x 110 manat=2750 manat), ümumilikdə 2750 manat pul vəsaitinin ödənilməsi və birgə nikah dövründə avtomobillərin satışından əldə edilmiş gəlirin yarısının, yəni 5000 manat pul vəsaitinin tutulması hissəsində baxılmamış saxlanılması, Cavabdeh xx.xx.2025-ci il tarixdə müvafiq ödəmə sistemi vasitəsi ilə ********** nömrəli qəbzlə ödəmiş olduğu 272 manat dövlət rüsumunun 196 manat hissəsinin Dövlət Büdcəsindən ona geri qaytarılması nəzərə alınmalıdır. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırda İddiaçı tələbi dəymiş maddi ziyanın əvəzi olaraq bioloji atası olmadığı uşağın saxlanması, müayinə və müalicəsi üçün xərclədiyi 4250 manatın, uşağın saxlanması üçün ödədiyi 4012 manat 50 qəpik aliment pulunun, məhkəmə tibbi-bioloji ekspertizası üçün ödənilmiş 1180 manatın, mediasiya və vəkil xidmətinə ödədiyi 1225 manatın, eləcə də mənəvi ziyana görə 50000 manatın Cavabdeh tutulmasından, Cavabdeh tələbi isə xx.xx.2021-xx.xx.2023-cü illər ərzində əmək haqqı kartından çıxarılmış 5796,71 manat pul vəsaitinin, vəkil xidmətinə ödədiyi 1500 manat pul vəsaitinin, vurulmuş mənəvi zyana görə 50000 manat məbləğində pulun İddiaçı alınaraq ona ödənilməsindən ibarətdir və bu tələblərə hüquqi qiymət verilməlidir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü ilil tarixli 2(060)-5198/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 13 may 2020-ci il təvəllüdlü X5 və 06 mart 2023-cü il təvəllüdlü X12 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün 2023-cü ilin oktyabr ayından başlayaraq cavabdeh İddiaçı hər ay hər uşağa 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində alimentin və ödənilmiş 25 manat mediasiya xərcinin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-198/2024 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2023-cü il təvəllüdlü X12 oğlunun atasının İddiaçı olmaması müəyyən edilmiş, cavabdeh X1 1150 manat pulun (ekspertizanın keçirilməsi üçün lazım olan reaktivlərin alınmasına çəkilmiş xərcin yarısı) tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bu qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1203/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, həmin qətnamə isə Ali Məhkəmənin 2(102)-4119/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X9 836/2023-MTBŞ saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, genetik test nəticəsində testə uğradılan güman olunan ata (F) ilə uşaq (C) arasında tam şəkildə uyğunluq aşkarlanmamışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olmadığını göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, İddiaçı ekspertizaya təqdim olunmuş X12 oğlu adlı uşağın bioloji atası olması inkar olunmuşdur. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-93/2024 saylı qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında olan Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində 04 dekabr 2018-ci il tarixdə bağlanmış və 3367 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulmuş, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X4 anası Cavabdeh himayəsinə verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh nikah dövründə birgə vəsaitlə əldə edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167, "AAAF Park” yaşayış massivinin 1 saylı küçəsində, bina 3, mərtəbə 1, ümumi sahəsi 36,3 kvadrat metrdən ibarət 1 otaqlı 1 nömrəli mənzildə tərəflərin paylarının bərabər şəkildə Cavabdeh payının ½, İddiaçı payının 1/2 hissədə müəyyən edilməsi, İddiaçı 11 iyun 2022-ci il tarixdə birgə vəsaitlə əldə edilmiş “Hyundai Tucson” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərinin yarısı 9050 manat pul vəsaitinin İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1493/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-93/2024 saylı qətnaməsi avtomobilin dəyərinin yarısının tutulması hissəsində dəyişdirilmiş, İddiaçı 11 iyun 2022-ci il tarixdə birgə vəsaitlə əldə edilmiş “Hyundai Tucson” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərinin yarısı kimi 7850 manat pul vəsaitinin İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Cavabdeh 1225 manat aliment təyinatlı ödəniş etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Sumqayıt Regional Vəkil Bürosunun hesabına 99 manat ödəniş etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Sumqayıt Regional Vəkil Bürosunun hesabına 325 manat ödəniş etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Sumqayıt Regional Vəkil Bürosunun hesabına 325 manat ödəniş etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Sumqayıt Regional Vəkil Bürosunun hesabına 325 manat ödəniş etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin bir neçə (8 ədəd) ödəmə qəbzindən görünür ki, Cavabdeh müayinə və müalicəsi üçün cəmi 1364 manat pul ödənilmişdir. Məhkəmə ilk öncə İddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq bioloji atası olmadığı uşağın saxlanması, müayinə və müalicəsi üçün xərclədiyi 4250 manatın qaytarılması barədə tələbinə münasibət bildirməyi zəruri hesab edir. İş materiallarında xx.xx.2023-cü il təvəllüdlü X12 oğlunun saxlanması, müayinə və müalicəsi üçün vəsaitin xərclənməsi barədə yazılı sübut (qəbz, qaimə-faktura və s.) yoxdur. Təqdim edilmiş 1364 manatlıq ödəmə qəbzləri Ayxanın deyil, Cavabdeh müayinə və müalicəsi üçün xərclənmişdir. Bu dövrdə isə tərəflər birgə nikahda idilər və bu hal xərcin məhz azyaşlı Ayxan üçün çəkilməsini istisna edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 109-cu maddəsinə görə aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. Aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. Bu Məcəllənin 109.2.1—109.2.3-cü maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur. İşdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü ilil tarixli 2(060)- 5198/2023 saylı qətnaməsi ilə 06 mart 2023-cü il təvəllüdlü X12 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün 2023-cü ilin oktyabr ayından başlayaraq İddiaçı hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Alimentin ödənilməsi barədə işdə ödəmə qəbzi mövcuddur. Məhkəmə iclasında proses iştirakçıları da etiraf etdilər ki, İddiaçı azyaşlı Ayxanın saxlanılması üçün hələ də aliment ödəməkdə davam edir. Alimentin tutulma vaxtından (2023-cü ilin oktyabr ayı) keçən müddət ərzində 4012,50 manat alimentin iddiaçı tərəfindən ödənilməsi real görünür. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-198/2024 saylı qətnaməsi ilə xx.xx.2023-cü il təvəllüdlü X12 oğlunun atasının İddiaçı olmaması müəyyən edilmişdir. Belə olan halda isə, məhkəmə hesab edir ki, həmin məbləğ Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən qətnamə ilə həmçinin X1 1150 manat pulun (ekspertizanın keçirilməsi üçün lazım olan reaktivlərin alınmasına çəkilmiş xərcin yarısı) tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı həmin iş üzrə keçirilmiş məhkəmə tibbi-bioloji ekspertizası üçün ödənilmiş 1180 manatın cavabdehdən tutulmasını tələb edir. Halbuki, bu məsələyə, yəni ekspertiza üçün çəkilmiş xərcin tutulması məsələsinə əvvəlki işə baxan məhkəmə tərəfindən qiymət verilmiş və bu xərcin tərəflər arasında bölünməsi nəticəsinə gəlmişdir. Bu səbəbdən də məhkəmə iddianın bu hissədə əsassız olması qənaətinə gəlir. Bundan başqa, ilkin iddianın mediasiya və vəkil xidmətinə görə ödənilmiş 1225 manatın qaytarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, yalnız hazırki iş üzrə çəkilmiş məsrəflər həll edilməlidir. Mövcud prosessual qanunvericiliyə görə, əvvəlki mübahisələr üzrə İddiaçı ödədiyi məhkəmə məsrəflərinə bu iş üzrə qiymət verilməsi mümkün deyildir. Təqdim edilmiş ödəmə qəbzlərindən görünür ki, hazırki mübahisə üzrə İddiaçı Sumqayıt Regional Vəkil Bürosunun hesabına 325 manat vəsait ödəmişdir. İlkin iddia qismən təmin edildiyindən məhkəmə bu xərcin 200 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı qaytarılması nəticəsinə gəlir. Bundan başqa, işdən görünür ki, tərəflər bir-birilərinə qarşı dəymiş 50000 manat mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələblər irəli sürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenumun qərarında məhkəmələrə izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İş materialları ilə müəyyən olunur ki, Ayxan anadan olandan təqribən 1 il sonra onun atasının İddiaçı olmaması Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-198/2024 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Bu fakt İddiaçı dərin mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb kimi qiymətləndirilməlidir. İş materiallarından görünür ki, onun mənəvi sarsıntılar keçirməsi Cavabdeh ailə və mental dəyərlərə, əxlaqi prinsiplərə uymayan hərəkətləri nəticəsində baş vermişdir. Məhkəmə bu hallara qiymət verərək hesab edir ki, vurulmuş mənəvi zərərin əvəzi Cavabdeh tərəfindən ödənilməlidir. Lakin bu zərəri məhkəmə 3000 manat məbləğində dəyərləndirir və bu məbləği ağlabatan hesab edir. İddiaçı tərəfindən Cavabdeh hansı məzmunda mənəvi zərər vurulması barədə isə iş mateiallarında hər hansı mötəbər sübut və əsas mövcud deyildir. İşdən görünür ki, tərəflər ayrıldıqdan sonra onlar arasındakı münasibətlər olduqca gərgindir və qadırılmış iddiaların mahiyyətindən görünür ki, tərəflər hazırda qisas zəminidə bir-birilərinə qarşı tələblər irəli sürürlər. Qarşılıqlı iddidan görünür ki, Cavabdeh xx.xx.2021-xx.xx.2023-cü illər ərzində əmək haqqı kartından çıxarılmış 5796,71 manat pul vəsaitinin İddiaçı onun xeyrinə tutulmasını da tələb edir. İşdə Cavabdeh əmək haqqı ödəmələri barədə çıxarış olsa da, bu kartdan vəsaitin məhz İddiaçı tərəfindən çıxarılmasını təsdiq edən mötəbər və legitim sübut yoxdur. Bu isə tələbin həmin hissədə əsassız olması mənasına gəlir və məhkəmənin qənaətinə görə təmin oluna bilməz. Baxılan iş üzrə Cavabdeh qarşılıqlı iddiası tamamilə rədd olunduğundan onun vəkil xidmətinə ödədiyi 1500 manat pul vəsaitinin tutulması tələbi də təmin olunmamalıdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırki halda ilkin iddia üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirsə də, qarşılıqlı iddia üzrə iddiaçı bunu edə bilməmişdir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-ci, 81-ci və 88-ci maddələri). Beləliklə, hər iki tələbə qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, Ayxan adlı uşağın saxlanması üçün aliment kimi ödənilmiş 4012,50 manat pul, vəkil xidmətinə görə ödənilmiş 200 manat və dəymiş mənəvi zərərə görə 3000 manat Cavabdeh tutularaq İddiaçı ödənilməli, ilkin iddianın baxılan qalan hissəsi və qarşılıqlı iddianın baxılan hissəsi təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İlkin iddia qismən təmin edilsin. Cavabdeh 06 mart 2023-cü il təvəllüdlü X12 oğlunun saxlanılması üçün aliment kimi ödənilmiş 4012.50 manat, vəkil xidmətinə görə ödənilmiş 200 manat və dəymiş mənəvi zərərə görə 3000 manat tutularaq İddiaçı ödənilsin. İlkin iddia qətnamə ilə baxılan digər hissələrdə, habelə qarşılıqlı iddia qətnamə ilə baxılan bütün hissələrdə təmin olunmasın. Məhkəmənin ilkin və qarşılıqlı iddiaların qismən baxılmamış saxlanılması barədə eyni tarixli qərardadı nəzərə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar