Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2469/2021 05.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 3711,34 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 18-ci mikrorayon, ev 1-də yerləşən 32 saylı mənzil 30.01.2013-cü il tarixli alqı-satqı müqaviləsinə və ipoteka müqaviləsinə cavabdeh tərəfindən alınmışdır. Həmin mülkiyyətin ilkin sahibi iddiaçının əri Şəmsəddin Paşayev olmuşdur. Həmin mənzilin alınması məqsədi ilə «xxxx» ASC-dən 300 ay müddətinə illik 8 faiz olmaqla 32000 manat kredit alınmışdır. Müxtəlif tarixlərdə cavabdehin «xxxx» ASC qarşısında öhdəliyinin icrası məqsədi ilə onun yerinə banka 3711,34 manat pul ödənilmişdir. Belə ki, cavabdeh onun keçmiş kürəkəni olub, sonradan münasibətləri pozulduğundan həmin şəxs məhkəməyə müraciət edərək onun və ailə üzvlərinin Sumqayıt şəhəri 18-ci mikrorayon, ev 1, mənzil 32-yə olan istifadə hüququna xitam verilməsi və onların əmlakları ilə birlikdə həmin mənzildən çıxarılmaları barədə iddia qaldırmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2018-ci il tarixli, 2(060)-5105/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İddiaçı cavabdehə «xxxx» ASC ilə kredit müqaviləsi üzrə 10 ay aylıq 246,98 manat olmaqla, 2469,8 manat və müxtəlif aylarda 247,09 manat, 247,64 manat, 250 manat və 496,81 manat ödəniş etmişdir. Ümumilikdə cavabdehə borclu olduğu məbləğin 3711,34 məbləğində borcu iddiaçı tərəfindən ödənilmişdir. Hazırda həmin pulu cavabdehdən tələb etsə də, cavabdeh könüllü surətdə pulu qaytarmadığına görə məhkəməyə müraciət etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək iddiaçıdan 12600 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 30.01.2013-cü il tarixli alqı-satqı müqaviləsinə və ipoteka müqaviləsinə əsasən Sumqayıt şəhəri. 18-ci mikrorayon, ev 1-də yerləşən 32 saylı mənzili almışdır. Buna baxmayaraq həmin mənzildə yaşamamışdır. Hər ay 150 manat kirayə haqqı ödəmişdir. 2013-cü ilin aprel ayından mənzilə köçüb yaşamalı idi. Həmin dövrdən ödədiyi kirayə haqqı 12600 manat təşkil edir. Alqı-satqı və ipoteka müqaviləsini Paşayev Şəmsəddin Ənvər oğlu ilə bağlamışdır. İddia Şəmsəddin Paşayev tərəfindən qaldırılmalı idi. İddiaçı tərəfindən 16.04.2021-ci il tarixdə qarşılıqlı iddia ərizəsinə yazılı etiraz ərizəsi daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh qarşılıqlı iddia ərizəsində iddianın Şəmsəddin Paşayev tərəfindən qaldırılmalı olduğunu bildirmiş, lakin özü də qarşılıqlı iddia ilə Şəmsəddin Paşayevə yox məhz ona qarşı çıxış etmişdir. Bundan əlavə aylıq 150 manat kirayə haqqı ödədiyini qeyd etməsinə baxmayaraq, bununla bağlı heç bir sübut təqdim etməmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabadeh məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, Şəmsəddin Paşayev onun qayınatası olmuşdur. Keçmiş həyat yoldaşı ilə nikahları pozulduqdan sonra yenə qayınatası və qayınanası ilə normal münasibətləri olmuşdur. O, qayınatasının mənzili satmaq istədiyini eşitmiş və mənzili almaq istədiyini bildirmişdir. Onlar arasında alqı-satqı müqaviləsi bağlandıqdan sonra qayınatası və onun ailə üzvləri vəd etdiklərinin əksinə olaraq mənzili ona təhvil verməmişlər. Bununla bağlı onlar arasında məhkəmə mübahisələri getmiş və sonra iddiaçının və ailə üzvlərinin mənzildən çıxarılmaları barədə yekun məhkəmə aktı qanuni qüvvəyə minmişdir. İddiaçı kredit borcundan ödənişlər etmiş olsa belə bu ödənişləri ondan tələb edə bilməz. Belə ki, iddiaçı onun öz mənzilindən istifadə etməsinə imkan verməmişdir. Bu səbəbdən də o, uzun müddət kirayədə yaşamağa və kirayə haqqı ödəməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1965-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1984-cü ildə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. “xxxx” ASC, Paşayev Şəmsəddin Ənvər oğlu və cavabdeh arasında bağlanmış 30.01.2013-cü il tarixli, 318 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən ünvan 2 Paşayev Şəmsəddin Ənvər oğlu tərəfindən cavabdehgə satılmış və “xxxx” ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlakın Dövlət reyestri xidmətindən verilən 14/455 saylı arayışda ünvan 2-nin 10.09.2004-cü ildə Paşayev Şəmsəddin Ənvər oğlunun adına tam mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən “xxxx” ASC-yə müxtəlif vaxtlarda ipoteka krediti üzrə ödənişlər edmişdir. Birinci ödəniş əvvəli 30.12.2014-cü il tarixdən başlamış, sonuncusu isə 01.02.2016-cı il tarixində edilmişdir. 178014 saylı nikahın pozulması haqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh ilə X3 arasında nikahın pozulması 28.06.2012-ci ildə 325 saylı akt ilə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 14.07.2016-cı il tarixli, 2(060)-7831/2016 saylı qətnaməsi ilə ünvan 2-yə dair “xxxx” ASC, cavabdeh və Paşayev Şəmsəddin Ənvər oğlu arasında bağlanmış 30.01.2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.12.2016-cı il tarixli, 2(105)-2535/2016 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 14.07.2016-cı il tarixli, 2(060)-7831/2016 saylı qətnaməsi ləğv edilmiş, Paşayev Şəmsəddin Ənvər oğlunun cavabdehə və “xxxx” ASC-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02.05.2017-ci il tarixli, 2(102)-2513/17 saylı Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.12.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 03.12.2013-cü il tarixli, 2(060)-4640/2013 saylı qətnaməsi ilə Paşayev Şəmsəddin Ənvər oğlunun cavabdehə qarşı 20000 manat pulun alınıb ona verilməsi, ünvan 2 ünvanında yerləşən mənzilin 30.01.2013-cü il tarixli alqısatqı və ipoteka müqaviləsinin, 29.01.2013-cü il tarixli, 393AİK saylı kredit müqaviləsinin həmin mənzilə məxsus RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv olunması, 29.01.2013-cü iltarixli, 393 AİK saylı kredit müqaviləsi əsasında bank qarşısında borclu kimi cavabdehin əvəzinə Paşayev Şəmsəddin Ənvər oğlunun tanınması və ya 23000 manat pulun cavabdehdən alınıb Paşayev Şəmsəddin Ənvər oğluna verilməsi, həmin pulun ödəndiyi tarixdən etibarən tərəflərin birgə vəsaiti hesabına tikilmiş fərdi yaşayış evinin cavabdehin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılması, həmçinin cavabdehin əməllərində cinayət tərkibi olub-olmadığının araşdırılaraq hüquqi qiymət verilməsi barədə xüsusi qərardad çıxarılması tələbinə dair ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, hazırkı iş üzrə iddiaçının və digərlərinin Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1, 32 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.10.2015-ci il tarixli, 2(105)-1536/2015 saylı qətnaməsi ilə Paşayev Şəmsəddin Ənvər oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 03.12.2013-cü il tarixli, 2(060)-4640/2013 saylı qətnaməsi ilə ilkin iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24.12.2018-ci il tarixli qərarı ilə Pa.ayev Şəmsəddin Ənvər oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.10.2015-ci il tarixli, 2(105)-1536/2015 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 24.07.2018-ci il tarixli, 2(060)-5105/2018 saylı qətnaməsi ilə iddiaçının, X4, X1, X2 və Paşayev Şəmsəddin Ənvər oğlunun ünvan 2-yə olan istifadə hüququna xitam verilməsi və onların əmlakları ilə birlikdə həmin mənzildən çıxarılmaları qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 26.11.2019-cu il tarixli, 2(105)-3834/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 24.07.2018-ci il tarixli, 2(060)-5105/2018 saylı qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19.06.2020ci il tarixli, 2(102)-2363/2020 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.11.2019-cu il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2(060)-655/2021 saylı qətnaməsi ilə iddiaçının Paşayev Şəmsəddin Ənvər oğluna, Cavabdeh və “xxxx” ASC-yə qarşı özəlləşdirilmənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, həmin çıxarış əsasında həyata keçirilmiş alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və alqı-satqı və ipoteka müqaviləsinin əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia təmin edilməmişdir. İş materialları ilə iddiaçının 30 manat dövlət rüsumu ödəməsi müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən (bundan sonra – Mülki Məcəllə) borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur (431.1.). Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər (431.2.). İddiaçı öz tələbində cavabdehin əvəzində onun banka olan kredit borcundan ödənişlər etdiyini bildirir və həmin ödənişlərin cavabdehdən tutulmasını xahiş edir. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). Göründüyü kimi iddiaçının həyat yoldaşı Şəmsəddin Paşayevlə cavabdeh və “xxxx” ASC arasında bağlanmış alqı-satqı və ipoteka müqaviləsinə əsasən Şəmsəddin Paşayev Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1, 32 saylı mənzili cavabdehə satmış və mənzil cavabdehin kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İddiaçı cavabdehin kredit borcundan müəyyən ödənişlər etmiş olsa belə onunla cavabdeh arasında bununla bağlı hər hansı müqavilə olmamışdır. Yəni, mülki qanunvericilikdə öhdəliyin üçüncü şəxs tərəfindən icrası halında həmin şəxsin icra etdiyi öhdəlik üzrə borcluya qarşı hər hansı tələb hüququnun yaranması nəzərdə tutulmamışdır. Eyni zamanda Mülki Məcəllədə göstərilmişdir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Satıcı alğısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur (568.1.). Əgər alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur (568.2.). İş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, alqı-satqı və ipoteka müqaviləsinin 2.2.5-ci bəndində bu müqavilə üzrə pul vəsaitini qəbul etdikdən sonra 20 gün ərzində ipoteka predmetini yardımçı vasitələri ilə birlikdə alıcı-ipoteka qoyana təhvil vermək satıcının vəzifəsi kimi təsbit edilsə də, satıcı həmin vəzifəni yerinə yetirməmişdir. Tərəflər arasında həmin mənzillə bağlı uzun müddətli məhkəmə mübahisələri davam etmiş və cavabdeh mülkiyyətində olan mənzildən istifadə edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab ilkin iddia əsaslı sayıla və təmin edilə bilməz. Qarşılıqlı iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.).Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1.). Cavabdeh qarşılıqlı iddia ərizəsində iddiaçının onun mülkiyyətində olan mənzildən istifadəsində imkan verməməsi səbəbindən onun kirayədə yaşamağa məcbur olduğunu və 12600 manat məbləğində kirayə haqqı ödədiyini bildirir və həmin məbləğin iddiaçıdan tutulmasını məhkəmədən xahiş edir. Lakin, cavabdeh həqiqətən həmin məbləğdə kirayə haqqı ödədiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia da təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 3711,34 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə ilkin iddiası, Cavabdeh İddiaçı qarşı 12600 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıdan tutularaq ona verilməsi barədə qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2469/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2469/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver