Məhkəmə qərarları › İş №2(105)-2658/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2658/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2658/2021 26.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, qarşılıqlı iddiaçı Cavabdeh iştirakı ilə, İlkin İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(060)-2469/2021 saylı qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) İddiaçı Cavabdeh qarşı 3711,34 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə ilkin iddiası, Cavabdeh İddiaçı qarşı 12600 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıdan tutularaq ona verilməsi barədə qarşılıqlı iddiası təmin edilməməsi qət edilmişdir. İlkin İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası Sumqayıt şəhər məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsindən ilkin İddiaçı apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarına əlavə edilmiş xəbərnaməyə əsasən Sumqayıt şəhər məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsi ilkin İddiaçı tərəfindən 31.05.2021-ci il tarixdə şəxsən imza edilməklə qəbul edilmiş və məhkəmə aktından apellyasiya şikayəti isə 01 iyul 2021-ci il tarixdə məhkəməyə verilmişdir. Həmin şikayət poçt vasitəsilə daxil olsa da, lakin poçtun zərfində şikayətin poçta hansı tarixdə verilməsini müəyyən etmək mümkün deyil. Birinci instansiya məhkəməsi isə şikayət verən şəxsi dəvət edib prosessual müddətin ötürülməsi məsələsini aydınlaşdırmamışdır. Digər tərəfdən apellyasiya şikayətindən görünür ki, apellyator şikayətində birinci instansiya məhkəməsinin hansı tarixli qətnaməsini mübahisələndirdiyini, nə şikayətin əvvəlində və nə də ki nəticə hissəsində qeyd etmədiyini birinci instansiya məhkəməsi nəzərə almamış, şikayəti geri qaytarmaq əvəzinə, işə əlavə etməklə baxılması üçün Apellyasiya Məhkəməsinə göndərmişdir. Apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir (Mülki Prosessual Məcəllənin 361.1., 361.1.1., 361.1.2., 361.1.3., 361.1.4. və 361.1.5. maddələri). Mülki Prosessual Məcəllənin 363.1.3. maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən və apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən müzakirə edilmədən apellyasiya instansiya məhkəməsinə göndərilməsi, apellyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt şəhər məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sumqayıt şəhər məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Sumqayıt şəhər məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Sumqayıt şəhər məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar