Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2499/2022 16.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Sumqayıt Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı ərizənin ləğvi tələbinə dair mülki işə 16 iyun 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzinin notariat ofisində 8İ-35259 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli ərizənin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzinin notariat ofisində 8İ- 35259 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli ərizənin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X14 xx.xx.2021-ci ıl tarixdə vəfat etişdir. Onun vərəsələrinə paylı mülkiyyətdə olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 25-də yerləşən 2 otaqlı 63 saylı mənzilin 1 otağı miras qalmışdır. X1 xx.xx.2021-ci il tarixdə mirası qəbul etməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə ilə cavabdeh Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzinin notariat ofisinə müraciət etmişdir. Atasının vərəsəsi kimi xx.xx.2021-ci il tarixdə o da notariat ofisinə çağırılmışdır. Ona verilmiş hazır vərəqə imza etmişdir. Notarius tərəfindən ərizənin nəticəsi və qanunun tələbləri ona izah edilməmişdir. Həmin gün axşam evdə söhbət zamanı bacısı notariusda eşitdikləri barədə bəzi sözlər danışmışdır. Ertəsi gün notariat ofısinə gələrək nəyə imza etməyi ilə maraqlanmış, atasından ona qalmış mirasdan məhrum olunduğunu anladıqda ona qanunun tələbləri izah edilmədiyi və nəyə imza etdiyini bilmədiyindən ərizəni ləğv etməyi və yeni ərizə qəbul etməyi xahiş etmişdir. Lakin notarius ərizənin qeydiyyatdan keçdiyini və ləğv etməyin qeyri-mümkün olduğunu ona bildirmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçının atası dünyasını dəyişmişdir. Sözügedən mənzil paylı mülkiyyətdədir. Bir otaq iddiaçının əmisinə məxsusdur. Qapını bağlayaraq istifadəyə icazə vermir. Mənzil ½ olmaqla iddiaçının əmisi ilə atasının mülkiyyətində olmuşdur. İddiaçının atası vəfat etdikdən sonra anası və bacısı notariusa gedərək miras əmlakın qəbul edilməsi barədə ərizə vermişdir. Səbuhi isə 18 yaşı tamam olduqdan sonra notariusa getmiş və miras əmlakdan imtina ərizəsini imzalamışdır. Notariusda iddiaçıya mirasdan imtina edəcəyi təqdirdə əmlakın tam mülkiyyətə keçəcəyi bildirilmişdir. Notariusda imtina ərizəsinin hüquqi nəticəsi iddiaçıya lazimi qaydada izah edilməmişdir. İddiaçı isə miras əmlakdan imtina edəcəyi təqdirdə əmlakın tam şəkildə anasına qalacağını düşünmüşdür. Əgər notariusda məslənin mahiyyəti tam şəkildə iddiaçıya izah olunsaydı, o, ona çatan paydan anasının xeyrinə imtina edərdi. İddiaçı imtina edilmiş payın digər vərəsələr arasında bölünəcəyini anlamamışdır. Vəkil əlavə olaraq qeyd etdi ki, iddiaçının mərhum atasının başqa nikahdan da övladları var. Qeyd edilənlərə əsasən vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, Səbuhi onun oğludur. Notariusda oğluna məsələnin mahiyyəti tam və düzgün izah olunmadığına görə oğlu miras əmlakdan imtina ərizəsini imzalamışdır. Qeyd edir ki, məsələ ilə əlaqədar, o, özü də notariusa getmiş və notarius onlara heç nə izah etməmiş, müəyyən sənədləri ona göstərmiş və oğlu da həmin sənədləri imzalamışdır. Qeyd edir ki, o və uşaqları hazırda mübahisəli evdə yaşayır. Oğlu ilə heç bir mübahisəsi yoxdur. Cavabdeh Sumqayıt “Asan xidmət” Mərkəzinin Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1004/2022 saylı, xx.xx.2022 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı 8İ- 35259 N ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli ərizənin ləğv edilməsi və mərhum atası X9 qalmış mirası qəbul etməsi barədə yeni ərizənin iddiaçıdan alınması vəzifəsinin cavabdeh Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisinə həvalə edilməsi” barədə iddiası mümkün sayılmamışdır. İşdə olan AZ İİ-196848 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 09 iyul 2021-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbindən Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 775 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X6, İddiaçı, X10 və digər şəxslər Sumqayıt şəhəri, 17-ci mkr, ev 25, 63 saylı mənzildə qeydiyyatdadırlar. İşdə olan xx.xx.2021-ci il tarixli, **********170 nömrəli ərizədən görünür ki, X2 Sumqayıt şəhəri, 17-ci mkr, ev 25, 63 saylı mənzildə yaşamış əri X14 09 iyul 2021-ci il tarixdə ölmüş və A.Mehdiyeva ondan irs qalmış əmlakı qəbul etmişdir. Ondan başqa mərhumun vərəsələri oğlu İddiaçı və qızı X7r. İşdə olan xx.xx.2021-ci il tarixli, **********171 nömrəli ərizədən görünür ki, X6 azyaşlı qızı X4 miras əmlakın qəbul ərizəsinə imza etməyinə etiraz etməmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, **********169 nömrəli ərizədən görünür ki, X4 Sumqayıt şəhəri, 17-ci mkr, ev 25, 63 saylı mənzildə yaşamış atası X14 09 iyul 2021-ci il tarixdə ölmüş və İddiaçıa ondan irs qalmış əmlakı qəbul etmişdir. Ondan başqa mərhumun vərəsələri oğlu İddiaçı və arvadı X3r. İşdə olan RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 17-ci mkr, ev 25, 63 saylı mənzilin 2/3 hissəsi xüsusi mülkiyyət hüququ üzrə X11 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X5 14 noyabr 2003-cü il tarixdə nikaha girərək ailə qurmuşlar və bu nikah 1103 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Mehdiyeva soyadı verilmişdir. İşdə olan AZ İ 804178 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2004-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur, atası X14, anası isə X3r. İşdə olan AZ İ 452173 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur, atası X14, anası isə X3r. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********259 nömrəli ərizədən görünür ki, İddiaçı 09 iyul 2021-ci il tarixdə ölmüş atası X8 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahəsindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən imtina etmişdir. İşdə olan Sumqayıt Regional ASAN xidmət mərkəzi notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsənin mirası qəbul etməkdən imtina barədə ərizəsini geri götürə bilmədiyi izah edilmiş və ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iddiaçını və onun vəkilini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı ərizəsi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının atası X14 09 iyul 2021-ci il tarixdə vəfat etmiş, ondan Sumqayıt şəhəri, 17-ci mkr, ev 25, 63 saylı mənzilin bir hissəsi miras qalmışdır. Onun vərəsələri qızı X10 və arvadı X6 miras qalmış əmlakı qəbul etmiş, oğlu İddiaçı miras əmlakdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasdan imtina ilə əlaqədar münasibətləri tənzimləyən normalarına əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir (1256). Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər (1261). Vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir (1267). Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz (1268.1). Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər (1272). Məhkəmə qeyd edir ki, qanunverici mirasın qəbulu və ondan imtina edilməsi ilə bağlı konkret kəsici müddətlər müəyyənləşdirmişdir. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda isə məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. İşin mübahisəsiz hallarından göründüyü kimi, miras qoyan X14 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, xx.xx.2021-ci il tarixdə, yəni miras qoyanın ölümündən 5 aydan çox müddət sonra iddiaçının miras payından imtina ərizəsi notariat ofisində 8İ-35259 reyestr ilə qeydə alınaraq təsdiq edilmişdir. Eyni zamanda Mülki Məcəllənin 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı anası və bacısı ilə birlikdə miras əmlak olan Sumqayıt şəhəri, 17-ci mkr, ev 25, 63 saylı mənzildə yaşayır. Beləliklə o miras açıldığı gündən (miras qoyanın öldüyü vaxtdan) miras əmlakı faktiki olaraq qəbul etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı yalnız mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində (3 ay) mirasın qəbulundan imtina edə bilərdi. Digər tərəfdən məhkəmə hesab edir ki, iddiaçı atası X8 irs qalmış mirasın ona çatası hissəsindən imtinaya dair ərizənin mahiyyətini tam başa düşmədən, imtinanın nəticələri ona izah olunmadan miras əmlakdan imtina etmişdir. Bu halı iddiaçının onunla birlikdə yaşayan anası və bacısının xeyrinə deyil, ümumilikdə mirasdan imtina etməsi, o cümlədən mirasdan imtina barədə ərizə verdikdən dərhal sonra notariat orqanına və məhkəməyə (iddiaçı ilk növbədə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir) müriacət etməsi də təsdiq edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilikdə mirası qəbul etməkdən imtina barədə ərizənin geri götürülə bilmədiyi (1268.1-ci maddə) qeyd olunsa da, eyni zamanda mirasdan imtina barədə ərizə ilə əlaqədar mübahisə açılmasının müddəti də (1272-ci maddə) müəyyən edilmişdir. Bu isə onu göstərir ki, mirasdan imtina edən şəxs bu və ya digər əsaslara istinad etməklə mirasdan imtina barədə ərizəsinin ləğvi və ya etibarsızlığı barədə məhkəmədə iddia qaldıra bilər. Məhkəmə qeyd olunanları və hazırki halda iddiaçının mirasdan imtina barədə ərizəsinin ləğvinin hər hansı üçüncü şəxsin hüquqlarını pozmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzinin notariat ofisində 8İ-35259 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli ərizə ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı tərəfindən verilmiş Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzinin notariat ofisində 8İ-35259 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli ərizə ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2499/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2499/2022
16.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver