Məhkəmə qərarları › İş №2(060)-250/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-250/2024

08.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-250/2024 08.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər “Azərkimya” İstehsalat Birliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Cavabdeh2 qarşı “daşınmaz əmlaka dair protokolun və həmin protokol əsasında verilmiş orderin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh “Azərkimya” İstehsalat Birliyinə qarşı “daşınmaz əmlaka dair protokolun və həmin protokol əsasında verilmiş orderin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli ev Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 17, ev 5, mənzil 6-da yerləşməklə bu mənzil işlədiyi SAM istehsalat birliyinin xx.xx.1993-cü il tarixli Protokolu əsasında 530 saylı xx.xx.1994-cü il tarixli Orderə əsasən iddiaçıya və oğlu İsmayılov Ceyhuna ayrılmışdır. Bu otaq əvvəlcə həmin zavodun işçisi İ.Aşurovaya ayrılmış, lakin həmin şəxsə ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllədə 3 otaqlı mənzil verildiyi üçün bu otaq boş otaq kimi iddiaçıya verilmişdir. Lakin İ.Aşurovanın mənzilində məcburi köçkün ailəsi yaşadığı üçün o mənzildən çıxmamış və iddiaçı onun ailə üzvləri ilə birlikdə bu mənzildən çıxmaları ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, məhkəmənin 27 dekabr 2003-cü il tarixli qətnaməsi ilə İ.Aşurovaya ailə üzvləri ilə bu mənzildə həmin məcburi köçkün başqa yaşayış sahəsinə köçürülənə qədər yaşamaq üçün möhlət verilmişdir. Lakin bu mənzilə dair iddiaçının adına order olmasına baxmayaraq, bu mənzildə qeydiyyatda olmuş və başqa yerdən 3 otaqlı mənzilə dair orderdə adı olan Cavabdeh2 iddiaçının işlədiyi SAM istehsalat birliyinə müraciət edərək xx.xx.2009-cu il tarixdə 32 saylı Protokol əldə etmiş və həmin protokol əsasında bu otağa dair müvəqqəti yaşamaq hüququ verən sənədlərin ləğv edilməsi və Cavabdeh2 bu otaqda müvəqqəti yaşamaq hüququnun verilməsi qərara alınmışdır. Həmin protokol əsasında Cavabdeh2 xx.xx.2009-cu il 888 saylı order verilmiş və o həmin order əsasında bu mənzili öz adına özəlləşdirmiş və daha sonra Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddiaçını və uşaqlarını bu mənzildən qeydiyyatdan çıxarmışdır. Onlar bu barədə şəxsiyyət vəsiqələrinin sistemdə etibarsız hesab olunmasını bildikdən sonra məlumat əldə etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından apellyasiya şikayəti vermişlər. Həmin iclasın keçirilməsindən iddiaçının xəbəri və məlumatı olmamış və bu məsələ illər boyu iddiaçıdan gizlin saxlanılmış, iclası keçirən SAM Həmkarlar İttifaqı iddiaçını bu məsələnin müzakirəsi ilə bağlı dəvət etməmişdir. Halbuki,bu iclas keçirilən vaxt qeyd edilən otaq iddiaçıya verilməklə yanaşı, adına order də olmuş və həmin order ləğv edilməmiş, qüvvədədir. İddiaçının adına orderin olmasına və bu order əsasında ailə üzvləri ilə bu mənzilə qeydiyyata düşmələrinə baxmayaraq, bu qanunsuz protokol əsasında mənzil onlardan alınaraq həmin müəssisədə bir gün də olsun işləməyən başqa bir şəxsə verilmişdir. Halbuki, E.X6 olmaqla onun adına 3 otaqlı mənzilə dair verilmiş orderdə Cavabdeh2da adı vardır, yəni məhz bu şəxsin İ.Aşurovanın ailə üzvü olması nəzərə alınaraq həmin 3 otaqlı mənzil ona verilmişdir. Hüquq münasibətləri yaranan vaxt qüvvədə olan AR Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. Həmin Məcəllənin 49-cu maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Lakin iddiaçının adına order olduğu halda cavabdeh «Azərkimya» istehsalat birliyi SAM zavodunun HK-si qanunsuz protokol əsasında iddiaçının adına olan orderi ləğv edərək həmin zavodda işləməyən Cavabdeh2nın adına protokol əsasında bu mənzili ayırmış və order vermişdir. Cavabdeh2 da xx.xx.2012-ci il tarixdə bu mənzili özəlləşdirməklə adına çıxarış almışdır. İddiaçı bu barədə özünün və uşaqlarının şəxsiyyət vəsiqələrinin sistemdə etibarsız sayıldıqdan sonra bilmiş və ona məlum olmuşdur ki, Cavabdeh2 bu mənzili onlar qeydiyyatda olduqları halda özəlləşdirməklə çıxarış almış və bundan 11 sonra Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onların mənzildən qeydiyyatdan çıxarılmalarına nail olmuşdur. Göründüyü kimi bütün bu əməliyyatlar qanun tələblərinin ilə həyata keçirilmiş və hüquqlarının pozulduğu iddiaçıya xx.xx.2023-cü il tarixdə onların qeydiyyatdan çıxarılmaları barədə Sumqayıt İnzibati Məhkəməsinin qərarını aldıqdan sonra məlum olmuş və bu barədə sorğu əsasında müvafiq sənədləri əldə etməklə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən cavabdeh «Azərkimya» istehsalat birliyinin SAM zavodu tərəfindən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 17, ev 5, mənzil 6-nın Cavabdeh2 ayrılmasına dair xx.xx.2009-cu il tarixli 32 saylı protokolun və bu protokol əsasında verilmiş xx.xx.2009-cu il tarixli 888 saylı orderin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindın məhkəməyə ərizə təqdim edilərək, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Cavabdeh2 cavabdehlər kimi cəlb olunmasını məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə3 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, bildirmişdir ki, protokol tərtib olunmuş və protokol əsasında həm İradə xanımın, həm də iddiaçının adına verilmiş orderlər ləğv edilmişdir. İddiaçı onun adına verilmiş orderin ləğv edilməməli olduğunu bildirir. Təşkilat iddiaçının yaşayış yeri olduğu üçün orderi ləğv etmişdir. İddiaçının mənzil şəraiti yaxşılaşdırıldığı üçün order ləğv edilmişdir. Hətta 2003-cü il tarixində qətnamə də qəbul edilmişdir və iddiaçının təşkilata müraciət etməsi qeyd edilmişdir. İddiaçı təşkilata müraciət etməmiş və təşkilat iddiaçının mənzilə ehtiyacı olmadığını bildiyindən həmin orderlər protokola əsasən ləğv edilmişdir. Mənzil sadəcə iddiaçıya deyil, digər şəxslərə də verilmişdir və verilmə səbəbləri vardır. İddiaçının mənzil şəraiti yaxşılaşdırıldığı üçün təşkilat orderi ləğv etmişdir. Bundan əlavə 2003-cü il tarixində məhkəmənin qətnaməsi qəbul edilmişdir və qanuni qüvvəsini almışdır. Onlar həmin qətnaməni mübahisələndirmişlər. Hazırda zavod tərəfindən verilən mənzillər Sumqayıt Şəhər İcra Hakimiyyətinin balansındadır. Lakin, həmin dövrdə mənzillər zavodun balansında idi. Mənzillər zavodun balansında olduğu üçün həmin yataqxananın otaqları ilə bağlı order vermək hüququ təşkilata aid idi. Həmçinin bir nüansa da toxunaraq qeyd edir ki, hüquqdan istifadə etməmə bəzi hüquqlara birmənalı şəkildə toxunur. İddiaçı tərəf 2003cü il tarixindəki qətnaməyə istinad edir. Qətnamənin qət etdi hissəsi üç hissədən ibarətdir. Sonuncu hissədə qeyd edilmişdir ki, təşkilat iddiaçıya həmin sahədə otaq verməlidir. İddiaçı həmin vaxtdan bu günə qədər mənzil verilməsi üçün təşkilata yaxınlaşmamışdır. İddiaçı bu günə qədər hüququndan istifadə etməmişdir. O vaxtdan 21 il ötür. Həmin müddətdən bir neçə ilə əvvəl isə iddiaçı mənzildən çıxarılmışdır. İddiaçının həmin otağa heç vaxt ehtiyacı olmamışdır. Belə ki, iddiaçının mənzili var idi və yaşamaq şəraiti yaxşı idi. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh “Azərkimya” İstehsalat Birliyinin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iddia tələbinə etiraz edərək, bildirmişlər ki, 2010-cu ildə “Azərkimya” İB-də struktur dəyişikliyi səbəbilə təhvil-təslim olmuşdur. Bəzi sənədlər digər zavodlar tərəfindən Mənzil Kommunal İstismar sahələrinə verilmişdir və “Azərkimya” İB-nin Həmkarlar İttifaqı Komitəsində heç bir sənədləri yoxdur. 2010-cu ildə “Azərkimya” İB-nin balansında olan bütün yataqxanalar Sumqayıt şəhər İcra Hakimiyyətinin balansına verilmişdir.

7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, sözügedən yataqxana xüsusi təyinatlı yataqxanadır. Vətəndaşlara müəssisədə işlədiyi və təhsil aldığı müddətdə verilir və bu hər kəsə aiddir. Vətəndaş işdən çıxan zaman təhvil verilməlidir. Lakin vətəndaşın yaşayış yeri olmadığı üçün onlara müdaxilə etmirik. Vəfat edən şəxslər olduqda, yaşayış olmadıqda həmin mənzilləri alırlar. Order olan şəxslərin orderlərində müəssisədə işlədiyi müddətdə qüvvədə olması qeyd edilmişdir. Həmin mənzillər vətəndaşlara müvəqqəti mənzillə təmin olunmaq üçün verilmişdir. Hazırda vəfat etmiş şəxslər olduqda, yaşayış olmadıqda və mənzillər boş olduğu təqdirdə, həmin mənzilləri alınır. Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və s. şəxslər mənzillərlə təmin edilir. Mənzillər vətəndaşlara istifadə üçün verilir. Həmin mənzillərə mülkiyyət hüququ verilmir. Əvvəlcə həmin mənzillərin özəlləşdirilməsinə icazə verilirdi. Lakin daha sonra Nazirlər Kabinetinin Qərarı ilə yataqxana plana düşdüyü üçün mənzillərin hər biri söküləcəkdir. Bu səbəbdən də, artıq mənzillərin heç biri ilə bağlı özəlləşdirilmə aparılmır.

8. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

9. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

11. İş materiallarında olan “Kimyasənaye” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 2748 nömrəli orderə əsasən ünvan 1 , mənzil 6 X9 verilmişdir.

12. İş materiallarında olan “Kimyasənaye” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, 530 nömrəli orderə əsasən ünvan 1 , mənzil 6 İddiaçı verilmişdir.

13. İş materiallarında olan “X24” zavodu tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 888 nömrəli orderin təsdiq olunmuş surətindən görünür ki, 32 saylı protokol əsasında ünvan 1 , mənzil 6 Cavabdeh2 Haidayət oğluna verilmişdir.

14. İş materiallarında olan “X24” zavodunun direktoru İ.A.Balakişiyev tərəfindən təsdiq edilmiş, həmin zavodun Həmkarlar İttifaqı Komitəsinin sədri İ.H.Paşayev, MMK-nın sədri Ş.Əhmədova, MMK üzvləri İ.Rəhimov və S.S.Səfərov tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli, 32 nömrəli protokola əsasən “SAM” zavodunun 1 saylı yataqxanasının 13a saylı otağının müvəqqəti yaşamaq üçün mərhum X13 qızı X11 verilməsi və onun adına sənədləşdirilməsi, xx.xx.2009-cu il tarixə kimi 17 saylı yataqxananın 6 saylı otağında müvəqqət yaşamaq hüququ verən sənədlərin ləğv edilib, müvəqqəti yaşamaq üçün Cavabdeh2 adına sənədləşdirilməsi, MKT-nın rəisi X3 bu protokoldan irəli gələn bütün məsələlərin həll etməsinin tapşırıılması qərara alınmışdır.

15. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2010-cu il tarixli sərəncamına əsasən Sumqayıt şəhərində yerləşən və bu sərəncamın əlavəsində göstərilən bina və tikililər “Azərkimya” İstehsalat Birliyinin balansından çıxarılmışdır.

16. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2-1469/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsinə əsasən İddiaçı X9 qarşı “yaşayış sahəsindən çıxarılmaqla, onun həmin sahəyə köçürülməsi tələbinin əsaslı olduğundan təmin edilməsi, qətnamənin təsviri hissəsində şərh olunan obyektiv səbəblər üzrə bu qətnamənin icrasına İ.Aşurovaya məxsus mənzil boşaldılanadək möhlət verilməsi, iş üzrə əlavə cavabdeh müəssisə rəhbərliyinə bir vəzifə olaraq, cavabdehin mübahisəli mənzili qaçqın tərəfindən boşaldılanadək yaşayış hüququnun bərpa edilməsi üçün iddiaçı Nümayəndə3 onu verilmiş order üzrə eyni sahəli və şəraitli yaşayış sahəsi ilə təmin etməsi, mübahisəli mənzil cavabdeh tərəfindən boşaldıqda isə heç bir maneə olmadan onun həmin order üzrə nəzərdə tutulmuş mübahisəli otağa köçürülməsi qət edilmişdir.

17. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, MA № ******* saylı Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 17, ev 5, mənzil 6 Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 168 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyat aparılmışdır.

18. İş materiallarında olan Azərbaycan Neft və X21 Həmkarlar İttifaqı Respublika Komitəsi “Azərkimya” X5 İttifaqı Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, vətəndaş İddiaçı ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilinə “Kimyasənaye” İstehsalat Birliyinin “X24” zavodunun xx.xx.1993-cü il tarixli protokolu “Azərkimya” X1 İttifaqı Komitəsinə təhvil verilməmişdir.

19. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-832/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2- 1(118)-2867/2023 nömrəli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır.

20. Həmin qərardaddan görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(118)-2867/2023 nömrəli qərarına əsasən iddia təmin edilmiş, X4, X2 və İddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 17-ci yataqxana, 5 saylı evin 6 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

21. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2, X14, X10, İddiaçı, X8, X19, X12, X22 oğlu, Aşurov Hidayət Şaban oğlu ünvan 1, mənzil 6-da qeydiyyatdadırlar.

22. İş materiallarında olan “Azərkimya” İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh2 “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X24” zavodunda işləməsi barədə arxiv fondlarında araşdırmalar aparılmış, lakin onun qeyd olunan müəssisədə işləməsi barədə hər hansı bir arxiv sənədi aşkarlanmamışdır.

23. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil “X24” zavodunun Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 888 nömrəli order, Sumqayıt şəhər 1 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 365 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzil kommunal-məişət vəziyyəti barədə (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxsin mənzili özəlləşdirməyə razılığı barədə ərizəsi əsasında Cavabdeh2 adına qeydiyyata alınaraq dövlət reyestrində xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

24. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, “Kimyasənaye” İstehsalat Birliyi tərəfindən verilmiş 1994-cü il tarixli orderə əsasən İddiaçı işlədiyi dövrdə ünvan 1, mənzil 6 ayrılmışdır. Həmin mənzil daha əvvəl müvafiq order əsasında hazırki iş üzrə Cavabdeh2 anası X9 ayrılmış, daha sonra həmin order ləğv edilərək, ona başqa ünvandan mənzil verilsə də, sonuncu mübahisəli mənzili boşaldalaraq İddiaçı təhvil verməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2-1469/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsi ilə İ.A.Aşurovanın mənzildən çıxarılması, İddiaçı isə mənzilə istifadə hüquqları tanınaraq onun mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Sonradan “X24” zavodunun xx.xx.2009-cu il tarixli, 888 nömrəli orderinə əsasən ünvan 1, mənzil 6 Cavabdeh2 Haidayət oğluna verilmişdir. Hazırda iddiaçı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 17, ev 5, mənzil 6-nın Cavabdeh2 ayrılmasına dair xx.xx.2009-cu il tarixli 32 saylı protokolun və bu protokol əsasında verilmiş xx.xx.2009-cu il tarixli 888 saylı orderin etibarsız hesab olunması tələb edir, cavabdeh tərəf etiraz edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

25. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

26. Məhkəmə yuxarıda şərh olunan işin hallarına və ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır.

27. Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir.

28. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür.

29. Həmin Məcəllənin 33-cü maddəsinin 1-ci hissəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər.

30. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər.

31. Eyni Məcəllənin 107-ci maddəsinin 2-ci bəndinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir.

32. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli ünvan 1, mənzil 6-ya dair İddiaçı adına müəssisə tərəfindən order verilmiş, habelə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun həmin mənzilə istifadə hüquqları tanınmışdır. Hansı ki, bununla da onun yaşayış sahəsinə münasibətdə əmlak hüquqlarının mövcudluğu təsdiq edilir.

33. Göründüyü kimi Mənzil Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Lakin işdən görünür ki, mübahisəli mənzilə Cavabdeh2 adına order verilərkən həmin mənzil faktiki olaraq boş olmamışdır.

34. Yəni, qeyd edilən normada mənzilin boş olması deyilərkən, mənzilin zəbt olunması halları üçün deyil, mənzilin qanuni sahibi ola-ola ona orderin verilməsinin imkansız olmasını müəyyən edir.

35. Bundan əlavə, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49-cu maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər.

36. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsindən çıxarma hallarına yalnız qanunla müəyyən edilmiş əsaslar üzrə yol verilir. Yaşayış sahəsindən çıxarma məhkəmə qaydasında həyata keçirilir. Ancaq yaşayış sahəsini özbaşına tutmuş və ya uçmaq qorxusu olan evlərdə yaşayan şəxslərin prokurorun sanksiyası ilə inzibati qaydada çıxarılmasına yol verilir. Vətəndaşlar yaşayış sahəsindən çıxarılarkən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna edilməklə, eyni zamanda başqa yaşayış sahəsi verilir.

37. Göründüyü kimi mübahisəli əmlakla bağlı İddiaçı aid məhkəmə qaydasında ləğv edilməmiş order mövcud olduğu halda, eyni əmlakla bağlı Cavabdeh2 sonradan order verilmişdir.

38. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır.

39. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, 01 oktyabr 2009cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49-cu maddəsinin 2-ci hissəsinə əsasən orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər.

40. Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir və müvafiq ərizənin verilib-verilməməsindən asılı olmayaraq mübahisəyə tətbiq edilməlidir.

41. İş materiallarından göründüyü kimi sözügedən orderin verilməsindən 15 il keçsə də, iddiaçı həmin orderin mövcudluğundan Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023cü il tarixli, 2-1(118)-2867/2023 nömrəli qərarına əsasən onun və digərlərinin Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 17-ci yataqxana, 5 saylı evin 6 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları zamanı məlumatlı olmuşdur.

42. Göründüyü kimi iddiaçı tərəfindən hazırki iddia tələbinin irəli sürülməsi üçün müddət ötürülməmişdir.

43. Məhkəmə iddia tələbinin “Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 17, ev 5, mənzil 6-nın Cavabdeh2 ayrılmasına dair xx.xx.2009-cu il tarixli, 32 saylı protokolun etibarsız hesab edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək, sözügedən protokol Cavabdeh2 aid hissədə etibarsız hesab edilməlidir.

44. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh «Azərkimya» İstehsalat Birliyinin SAM zavodu tərəfindən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 17, ev 5, mənzil 6-nın Cavabdeh2 ayrılmasına dair xx.xx.2009-cu il tarixli, 32 saylı protokolun Cavabdeh2 aid olan hissəsi və bu protokol əsasında verilmiş xx.xx.2009-cu il tarixli, 888 saylı order etibarsız hesab olunmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

48. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

50. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh «Azərkimya» İstehsalat Birliyinin SAM zavodu tərəfindən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 17, ev 5, mənzil 6-nın Cavabdeh2 ayrılmasına dair xx.xx.2009-cu il tarixli, 32 saylı protokolun Cavabdeh2 aid olan hissəsi və bu protokol əsasında verilmiş xx.xx.2009-cu il tarixli, 888 saylı order etibarsız hesab olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar