Məhkəmə qərarları › İş №2(060)-2576/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2576/2024

29.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2576/2024 29.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsindən avtomobilin çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, GAZ 21 Volqa markalı avtomobilin cavabdehin hesabına mülkiyyətində olan ona məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********21 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,13 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsini mövcud iş üzrə cavabdeh olan Cavabdeh xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın alqı-satqısı müqaviləsi əsasında satın almışdır. Mülkiyyətində olan torpaq sahəsini aldığı zaman həmin ərazidə köhnə nasaz vəziyyətdə olan Gaz 21 markalı volqa avtomobili olmuşdur. Torpaq sahəsini alqı-satqı etdiyi zaman cavabdeh həmin köhnə avtomobili ərazidən götürüb aparacağına dair ona söz vermişdir. Lakin alqı-satqı müqaviləsindən bir ilə yaxın müddət keçməsinə baxmayaraq sözügedən köhnə avtomobil onun torpaq sahəsindən götürülməmişdir. Bu günədək orada qalmaqdadır. O, dəfələrlə cavabdehə həmin avtomobilin mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını tələb etsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək tələbinə məhəl qoymamışdır. Bu günədək həmin avtomobili həmin ərazidən götürüb aparmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. 17 aprel 2024-cü il tarixdə məhkəmənin hazırlıq icasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Torpağı satarkən cavabdehlə şifahi razılıq olmuşdur ki, avtomobili götürəcəkdir. Hər dəfə cavabdehə telefon müraciəti etmişdir. Tək olması, oğlunun Qarabağ bölgəsində olması, səhhəti ilə bağlı bəhanələr gətirərək, avtomobili həmin torpaq sahəsindən götürməmişdir. Həmin ərazidə tikinti mövcud deyildir. O, orada yaşamır. Bir ildir ki, torpaq sahəsini almışdır. Böyük maşın həyətin ortasında qalmışdır. Ona görə də torpaq sahəsindən istifadə edə bilmir. Cavabdeh iddia tələbinə etiraz etmir. Lakin torpaq sahəsindən avtomobili götürmür. Cavabdeh hüquq və vəzifələrinin izahı qaydada bildiriş və məhkəmə iclasları barədə SMS bildiriş göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, iş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, hüquq və vəzifələrin izahı qaydada bildirişi almış, eyni zamanda da SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən də müəyyən edilir ki, onun istifadəsində olan telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilmiş və məlumatlandırılmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış məlumatdan görülür ki, iddiaçı tərəfindən Volqa maşınının ona məxsus torpaq sahəsindən çıxarılması barədə cavabdehə müraciət ünvanlanmışdır. Dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün qiymətləndirilməyən iddialar üçün nəzərdə tutulmuş 100 manat məbləğində dövlət rüsumunu Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.13 ha torpaq sahəsi xüsusi müllkiyyət hüququ əsasında İddiaçı adına tam payda ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmişdir. AN-İ seriyalı, ******* nömrəli, 19 aprel 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Cavabdeh Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.13 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən ona məxsus 0.13 ha hissəni, yəni tam hissəni alıcı İddiaçı mülkiyyətinə vermişdir. Satılan daşınmaz əmlak ƏMDK-nin yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh verilmiş **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə, 0.13 ha üzrə satıcıya məxsusdur. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********XT30102 olan arayışa əsasən müqavilə bağlananadək Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı daşınmaz əmlakı 25000 manat qiymətinə satmış, alıcı isə ondan 25000 manat qiymətinə almışdır. İş materiallarında olan 6 ədəd rəngli fotoşəkildən müəyyən olunur ki, torpaq sahəsində istifadəyə yararsız “GAZ 21 Volqa” markalı avtomobil yerləşir. Cavabdehin torpaq sahəsinə dair hər-hansı sənədi mövcud deyildir. Hazırda iddiaçı mülkiyyətdə olan torpaq sahəsindən cavabdehdən avtomobilin çıxarılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67- ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68- ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsində avtomobil yerləşdiyindən, AN-İ seriyalı, ******* nömrəli, 19 aprel 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.13 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən ona məxsus 0.13 ha hissəni, yəni tam hissəni İddiaçı mülkiyyətinə verdiyindən, həmin avtomobilin də cavabdehə məxsus olması ehtimal edildiyindən iddiaçı haqlı olaraq öz torpağından ona məxsus olmayan əmlakın çıxarılmasını cavabdehdən tələb etmişdir. Ona görə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-253, 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh hesabına “GAZ 21 Volqa” markalı avtomobil İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.13 ha torpaq sahəsindən çıxarılsın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar