Məhkəmə qərarları › İş №2(060)-2604/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2604/2024

16.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2604/2024 16.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Açıq Səhmdar Cəmiyyətini cəlb etməklə cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X2 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən sənədlər üzrə ünvan 1 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Vöen:**********, xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı BPM**********32 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 7466 manat 93 qəpik məbləğində pulun tutulması barədə icra qeyd vermişdir. Həmin icra qeydinə əsasən borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 7491 manat 93 qəpik pul tutulması müəyyən edilmişdir. Cavabdeh Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X2 bu icra qeydi ilə iddiaçının hüquqlarını pozmuşdur. Bundan başqa hazırda işsiz qalmağı ilə əlaqədar ödəniş etmək qabiliyyətsizliyi tələbkar tərəfindən nəzərə alınmamışdır. Bununla əlaqədar dəfələrlə “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinə müraciətləri olmuşdur ki, yeni ödəniş cədvəli tərtib eləsinlər aylıq məbləği aşağı salsınlar. Hər ay ay 376 manat ödəniş etmək iqtidarında deyildir. Tələbkar tərəfindən ödənişləri düzgün hesablanmamış, borc məbləği düzgün müəyyənləşdirilməmişdir. İddiaçı ödənişləri ödəməkdən yayınmır. Lakin bu icra qeydini əsassız və qanunsuz sayır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdehin verdiyi icra qeydi ləğv edilməli və iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir. Göstərilənlərə əsasən, cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı BPM**********32 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş cəmi 7491 manat 93 qəpik məbləğində pulun tutulması barədə xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, iddiaçı ilə bank arasında 2021-ci il tarixdə müqavilə imzalanmışdır. Müqavilə 4 il müddətində bağlanmışdır və 2025-ci il tarixdə müqavilənin müddəti başa çatacaq. İddiaçıdan tutulmalı olan ümumi məbləğ 7466,53 manat təşkil edir. Bildirir ki, iddiaçının ödənişlə bağlı və yaxud digər problemi olan zaman iş artıq icra mərhələsində idi. İddiaçı ödəniş etmək istəyirsə, yenə də ödənişləri etməyə davam edə bilər.

5. Cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat ofisi tərəfindən məhkəməyə məktub göndərilərək, işə onların nümayəndələrinin iştirakları olmadan baxılması məhkəmədən xahiş edilmişdir.

6. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 18 dekabr 2021-ci il tarixli, BPM**********32 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 48 ay müddətinə, illik 20 % faiz ödəmək şərtilə 7000 manat məbləğində kredit verilmişdir.

9. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı 18 dekabr 2021-ci il tarixli, BPM**********32 nömrəli müqaviləyə əsasən Banka 6072,81 manat əsas borcu, 1393,72 manat faiz borcu, cəmi 7466,53 manat məbləğində borcu vardır.

10. İş materiallarında olan "xxxx" ASC tərəfindən cavabdeh İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, bank borcalana kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün xəbərdarlıq edilmişdir.

11. İş materiallarında olan Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli, № 8İ/16538 saylı icra qeydindən görünür ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə ünvan 1 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Vöen:**********, xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı BPM**********32 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 7466 manat 93 qəpik tutulmalıdır. Bundan əlavə, İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla, cəmi 7491 manat 93qəpik pul tutulmalıdır.

12. İş materiallarında olan “İcra qeydinin aparıldığı barədə tələbkar tərəfindən borcluya göndərilən” bildirişdən görünür ki, borclu İddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün 20 gün vaxt verilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında 2021ci il tarixli, BPM**********32 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 48 ay müddətinə, illik 20% faiz ödəmək şərtilə 7000 manat məbləğində kredit vermiş, borcalan krediti borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqavilə əsasında ödənilməyən məbləğlə bağlı Sumqayıt şəhər 4 saylı Notariat ofisinin icra qeydi vardır. Hazırda iddiaçı icra qeydinin ləğv olunmasını tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Hazırki tələblə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

16. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.

17. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

18. Yuxarıda qeyd olunduğu kimi iddiaçı kredit müqaviləsi bağlanarkən göstərilən şərtlərlə razılaşaraq "xxxx" ASC ilə həmin müqaviləni bağlamışdır.

19. İddiaçı icra qeydinin aparılması üçün 20 gün əvvəl sifarişli poçt vasitəsilə məlumat verilməli olduğunu, lakin bu qaydaya əməl edilmədiyini bildirsə də, məhkəmə araşdırması zamanı bankın xx.xx.2023-cü il tarixli məktubuna, habelə xx.xx.2023-cü il tarixli qaiməyə əsasən borclu İddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün 20 gün vaxt verildiyi müəyyən olunmuşdur.

20. Bundan əlavə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 45ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər.

21. Həmçinin, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin əvvəlki redaksiyasında göstərilmişdir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

22. Bundan əlavə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 77ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkarın adı və ünvanı; 3) borclunun adı və ünvanı; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə; 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü.

23. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat kontoruna daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir.

24. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci bəndində qeyd edilmişdir ki, icra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.

25. Göründüyü kimi 8İ-16538 saylı, xx.xx.2023-cü il tarixli icra qeydi qanunvercilikdə göstərilən qaydada tərtib edildiyindən onun ləğv edilməsinə əsas yoxdur.

26. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Açıq Səhmdar Cəmiyyətini cəlb etməklə cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

33. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Açıq Səhmdar Cəmiyyətini cəlb etməklə cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar