Məhkəmə qərarları › İş №2(060)-2631/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2631/2025

03.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2631/2025 03.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 16 ünvanında yerləşən ümumi sahəsi 80,7 kvadrat metr olan 4 otaqlı 105 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzil atası X4 tərəfindən notarial qaydasında bağlanılmış 19 aprel 2013-cü il tarixli, “mənzilin bağışlama müqaviləsi” əsasında mənzilin əvvəlki mülkiyyətçisi olmuş atası tərəfindən ona bağışlanmış və 24 aprel 2013-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” əsasında onun mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilmişdir. Həmin mənzildə digər şəxslərlə yanaşı qardaşı Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2, yetkinlik yaşına çatmış qızları Cavabdeh3 və yetkinlik yaşına çatmamış övladları X10 və X6 da qeydiyyatdadırlar. Halbuki, qardaşı və onun ailəsi 2005ci ildən qeyd edilən mənzildən çıxaraq daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşlər. Cavabdehlərin 2005-ci ildən etibarən hazırda mülkiyyətində olan mənzildə yaşamamaları qonşuların tərtib etdiyi və Sumqayıt şəhər 11 saylı mənzil-kommunal sahəsi tərəfindən təsdiq edilmiş 28 fevral 2025-ci il tarixli aktla da sübuta yetirilir. Hal-hazırda yaranmış vəziyyətdə o, qardaşı Cavabdeh1, onun həyat yoldaşının, yetkinlik yaşına çatmış qızının və yetkinlik yaşına çatmamış uşaqlarının mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən pasport qeydiyyatından çıxarılmalarını zəruri hesab edir. Belə ki, cavabdehlər 2005-ci ildən etibarən qeyd edilən mənzili tərk edib daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməklə mənzilə olan istifadə hüququnu itirmişlər. Onda olan məlumatlara görə cavabdehlər hal-hazırda Cavabdeh2 mülkiyyətində olan mənzildə yaşayırlar. Göstərdiyi səbəblərdən hesab edir ki, cavabdehlərin mülkiyyətlərində olan mənzilə istifadə hüququ üçün əsaslar qalmadığından, artıq onların mənzilə istifadə hüquqları itirilmiş sayılmaqla yaşayış sahəsinə olan pasport qeydiyyatlarının da ləğv edilməsini zəruri sayır. Bu səbəbdən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin, o cümlədən yetkinlik yaşına çatmamış övladları ilə birlikdə onun mülkiyyətində olan mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsinin tanınmasını tələb etmək məcburiyyətində qalmışdır. İddiaçı göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2 və onların yetkinlik yaşına çatmamış övladları – X5 və X2, eləcə də cavbadeh Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 16 ünvanında yerləşən 105 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmənin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı "yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə" iddia ərizəsinin "xahiş edirəm" hissəsində yazı səhvi olaraq "mənzilə istifadə hüquqlarının itirimiş hesab barədə" şəklində yazılmış sözlərin "mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə" şəklində oxunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, cavabdehin və onun ailə üzvlərinin də xəbəri vardır. Mənzil tərəflərin atası X1 məxsus olmuşdur. 2013-cü il tarixdə bağışlanma müqaviləsi ilə iddiaçının mülkiyyətinə keçirilmişdir. Bağışlama zamanı cavabdehin və onun həyat yoldaşının razılığı alınmışdır. 2005-ci il tarixdən cavabdehlər həmin mənzildə yaşamırlar. Heç bir narazılıq olmamış və əvəzində Yaşma bağları massivində ev olan bir bağ sahəsi vermişdir. O evi də qızına bağışlamışdır. Cavabdeh öz razılığı ilə evdən çıxmaq istəmir. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmədən üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, məhkəmənin başqa tarixə keçirilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 27 fevral 2025-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı 16 may 2003-cü il tarixdən Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 16, mənzil 105 ünvanında qeydiyyatdadır. Cavabdeh2, X3, Cavabdeh3, X7, X11, X10, X8, X12, Cavabdeh1 və X6 qeydiyyatda olan digər şəxslər kimi göstərilmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş mənzilə aid texniki pasportun surətindən görünür ki, reyestr nömrəsi **********14-05101-093097 olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 16 ünvanında yerləşən 105 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 19 aprel 2013-cü il tarixli mənzilin bağışlama müqaviləsinin surətindən görünür ki, o, X3, Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, reyestr nömrəsi: **********14-05101-093097, qeydiyyat nömrəsi: **********, MA ******* saylı çıxarışa əsasən 17-ci mikrorayonda yerləşən, ümumi sahəsi 80,7 kv.m yaşayış sahəsi: 53.2 kv.m, yardımçı sahəsi: 27.5 kv.m olan iki otaqdan ibarət 16 saylı evin 105 nömrəli mənzilini qızı – İddiaçı bağışlayır. Tərəflər bağışlanılan mənzili 40.000 manata qiymətləndirirlər. Bağışlanılan mənzil Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsinin 10 aprel 2013-cü il tarixli, 14/1917 saylı arayışına əsasən girov qoyulmamış və həbs altında deyildir. Onun barəsində məhkəmə mübahisəsi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 16, mənzil 105 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına tam payda ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 120 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi 11 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş qonşuların iştirakı ilə tərtib edilmiş 23 nömrəli 28 fevral 2025-ci il tarixli aktdan görünür ki, Cavabdeh1, Cavabdeh2, X13, X14, X9 göstərilən ünvanda, yəni ünvan 1iyyatda var, lakin yaşamırlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 16, 105 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 24 aprel 2013-cü il tarixdə qeydiyyata alınmışdır. Cavabdehlər əvvəllər mübahisəli mənzildə yaşasalar da, iş materialları ilə təsdiq edilir ki, cavabdehlər 2005-ci ildən etibarən həmin mənzildə yaşamamışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin və yetkinlik yaşına çatmayan uşaqlarının mübahisəli mənzilə istifadə hüququ formal xarakter daşıdığından, cavabdehlər artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşadığından və cavabdehin mübahisəli mənzilə istifadə hüququnun qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı cavabdehə görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən, iddia təmin olunmalı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, xx.xx.2007-ci il təvəllüdlü X10 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2018-ci il təvəllüdlü X2 Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 16, 105 saylı mənzildə yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun tutulması ilə bağlı hər hansı tələb olmadığından ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, xx.xx.2007-ci il təvəllüdlü X10 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2018ci il təvəllüdlü X2 Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 16, 105 saylı mənzildə yerləşən yaşayış sahəsinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar