Məhkəmə qərarları › İş №2(060)-2675/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2675/2021

18.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2675/2021 18.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 11000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehləri 4 ildən artıq müddətdir ki tanıyır. Tanışlıqlarının səbəbi ailəvi dostluqlardan irəli gəlir. 2018-ci il fevral ayında Cavabdeh1 iddiaçıdan Cavabdeh2 2000 manat pul verməyi xahiş etmişdir. Həmin məbləği verdikdə cavabdeh 5-6 ay ərzində pulu qaytaracağını vəd etmişdir. Daha sonra Cavabdeh1 5000 manat, 3800 manat da əlavə olaraq borc istəmişdir. Bu hal bir neçə dəfə təkrarlandıqdan sonra idiaçı aldadıldığını anlamışdır. Sonra avtomobilini banka girov qoyaraq cavabdehlərə vermək üçün üçüncü şəxsdən faiz ödəməklə götürdüyü borcu geri qaytarmışdır. Cavabdehlərlə xx xxxxxx 2021-ci il tarixədək borcların qaytarılması barədə razılığa gəlsələr də, cavabdehlər yenə vədlərinə əməl etməmişlər. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizəsində iddia həcminin azaldılaraq Cavabdeh2 cavabdehlər sırasından çıxarılaraq, yalnız Cavabdeh1 11000 manat borc və 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixində məhkəməyə daxil olmuş teleqramda iddianı qəbul etdiyini, iddiaçıdan qaytarmaq şərti ilə 11000 manat pul alıdığını bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1990-cı ildə, Qazaxıstan Respublikası, Qazaxıstan vilayətində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1965-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 46/1, mənzil 5 ünvanında qeydiyyatdadır. İşə əlavə edilmiş yazılı iltizamlarda Cavabdeh1 və Cavabdeh2 iddiaçıdan 3800 və 2000 manat pul aldığı öz əksini tapmışdır. İltizamlar Cavabdeh1 və Cavabdeh2 adından yazılmış və imzalanmışdır. MPM-də göstərilmişdir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (52.2.). İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (52.5.). Göründüyü kimi cavabdeh məhkəməyə ünvanladığı teleqramda iddianı etiraf etdiyini bildirmişdir. İddianın etiraf edilməsi qanuna zidd deyil və hər hansı şəxsin hüquqlarını pozmur. Bu isə iddianın təmin edilməsi üçün əsasdır. Mübahisənin mahiyyətinə gəldikdə isə qeyd edilməlidir ki, iş materiallarında olan yazılı qəbzlərdə cavabdeh və onun oğlu Cavabdeh2 iddiaçıya borclu olduqlarını etiraf etdikləri üçün həmin qəbzlərə borcun etirafı haqqında müqavilə kimi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcu olduğunu yazılı şəkildə etiraf etmişdir. Bu səbəbdən cavabdehin iddiaçıya həmin borcun qaytarmaq öhdəliyi yaranmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi iddiaçı cavabdehə 11000 manat pul vermiş, lakin cavabdeh öhdəliklərini yerinə yetirməyərək, həmin pulu iddiaçıya qaytarmamışdır. Buna görə də iddia təmin edilməli, 11000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 11000 (on bir min) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar