Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2736/2024 12.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9.000 manat əsas pul və əldən çıxmış fayda olaraq 7.000 manat, 5000 manat mənəvi zərər və ödənilmiş 153 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə Cavabdeh2 Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozunda yerləşən etibanamə ilə ona həvalə olunmuş Cavabdeh1 məxsus 0.10 ha torpaq sahəsini ona göstərərək satmaq istədiyini bildirmişdir. Həmin torpaq sahəsini satmaq məqsədi ilə Cavabdeh2 ondan 9.000 manat almış və o, əlavə xərc çəkərək ərazini hasarlamışdır. Sonradan tanımadığı şəxslər əraziyə gələrək torpağın onlara məxsus olduğunu bildirmişlər. Əkrəm pulu geri qaytarmaq üçün ona başqa yerdən torpaq vermişdir. xx.xx.2019-cu ildə Binə qəsəbəsi, 31 saylı Notariat ofisində 6 sot torpaq sahəsi onun adına sənədləşmiş və bura onun şəxsi torpağı olduğunu bildirmişdir. O, sənədlərdə dövlət möhürünə inanaraq həmin ərazidən 10 sot əvəzinə 6 sot torpağın verilməsinə razılaşmışdır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 həmin torpaq sahəsi üzrə Əkrəmə etibarnamə vermiş və sonradan öz aralarında fikir ayrılığı yaranmışdır. Onun tərəfindən həmin əraziyə da hasar çəkilmiş, əl damı tikilmişdir. Yenə də başqa bir şəxs gələrək torpağın ona məxsus olmasını bildirmiş və Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinə şikayət etmişdir. Beləliklə o, dəfələrlə Cavabdeh2 və Cavabdeh1 tərəfindən süründürməçiliyə məruz qalmış, nə torpağını, nə də pulunu geri ala bilməmişdir. Hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 ondan alınmış pulu öz aralarında bölərək mənimsəmişlər. Məsələ ilə bağlı aidiyyəti üzrə Xəzər RPİ-nin 3-cü Polis şöbəsinə müraciət etmək məcburiyyətində qalmışdır. Araşdırmalar zamanı Əkrəm və Şahbaz həqiqəti gizlətməyə çalışmış, müxtəlif bəhanələrlə, vədlərlə məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin qərarı ilə cinayət işi rədd olunmuş, ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Bu səbəbdən də hal-hazırda o, Cavabdeh1 və Cavabdeh2 barəsində məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, məsələ məhkəmə müstəvisində öz ədalətli həllini tapmalıdır. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, 2007-ci il tarixdə sotu 500 manatdan olmaqla 10 sot torpaq sahəsinin pulu Cavadov Əkrəmə verilmişdir. Müəyyən zaman keçdikdən sonar həmin pul da öz əhəmiyyətini itirmişdir. 9000 manat pulun öz dəyərini itirməsi səbəbindən yazılmışdır. Birinci Əkrəmi tanımış, digər cavabdehi isə hadisədə görmüşdür. Lakin əvvəl telefon vasitəsi ilə əlaqə saxlamışlar. 2019-cu il 23 yanvar tarixində notarius vasitəsi ilə 6 sot torpağı alanda Əkrəm şəxsi torpağı olduğunu bildirmişdir. 14 sot torpaq sahəsi olmuş və həmin sahədən vermişdir. Onda Şahbazı tanımamışdır. Əkrəm öz torpağı kimi həmin ərazini vermişdir. 6 sot torpağı 2019-cu ilin 23 yanvar tarixində almışdır. 2007-ci il tarixdə ondan pulu almış, 2016-cı il tarixində sərəncam ilə birlikdə onun bacısının adına verilmiş, 8 sot torpaq sahəsi olmuşdur. 8 sot torpaq sahəsində bir Gürcüstanlı xanım gəlmiş və demişdir ki, torpaq sahəsi onundur və başqası ona satmışdır. Əkrəm də öz şəxsi torpağına getməyi təklif etmişdir ki, başqa torpaq sahəsi yoxdur. 14 sot torpaqdan 6 sot torpağı verəcəyini demişdir. Bu hadisə də 2019-cu ilin 23 yanvar tarixində olmuşdur. Torpaq sahəsini ona Əkrəm vermişdir. Yazılmışdır ki, Əkrəmin ixtiyarı vardır ki, həmin torpaq sahəsini satsın. Pulu Əkrəmdən tələb edir. 6 sot torpaq sahəsinin 3 sotunu satmışdır. Doqquz min manat üç sot torpağın puludur. Əslində isə 3500 manatdan çox pul edir. Əkrəm torpaq sahəsini notarius vasitəsi ilə verdiyi üçün onu qanuni sənəd bilmişlər. Lakin Cavabdeh1 torpaq sahəsini dağıtmışdır. Şahbaz isə 2023-cü ilin mart ayının 2-də traktor ilə sahəni şumlamışdır. Çəkdikləri xərclər isə itmişdir. Cavabdehlər arasında prinsip vardır. O isə araya düşmüşdür. Doqquz min manat 3 sot torpaq sahəsinin puludur. Həmin zamandan isə çox vaxt keçmişdir. Əkrəm isə torpaq sahələrini göstərə-göstərə indiki zamanda məhkəməyə müraciət edə bilmişdir. Şahbaz polisə gedən zaman özü ölçmüş və sahəni vermişdir. Digər oğlanı notariusa aparmış və 4 sot torpağı onun adına keçirmişlər. 2007-ci il tarixdə 10 sot torpaq sahəsinin əvəzinə 5000 manat pul verilmişdir. Hal-hazırda həmin torpaq sahəsi kimin istifadəsindədirsə bilmir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, hüquqi savadı olmadığı üçün nəyi nə zaman verəcəyini bilməmişdir. Göndərilmiş ərizəni etiraz ərizəsi kimi deyil, məlumat kimi nəzərə alınmasını xahiş etmişdir. 2020-ci ilin 8 yanvar tarixində Əkrəmin əməllərini üzə çıxarmışdır. Həmin zaman Asan xidmətdə etibarnaməni ləğv elətdirmişdir. Həmin zaman 61 nəfərə etibarnamə verdiyini müəyyən etmişdir. Aralarında pul haqqhesabı olduğu üçün etibar etmişdir. Etibarnamə mülkiyyət hüququ yaratmır. Onu inandırmaq üçün etibarnamə vermişdir. Əkrəmə 14 sot olan torpaq sənədini qalması üçün vermişdir. 4 min manat pulu qaytardıqda isə həmin sənədi götürəcəkdir. Onun Əkrəmə 4 min manat borcu olmuşdur. Həmin məbləği 2023-cü il tarixdə ödəmişdir. Həmin borc rəsmi şəkildə olmamışdır. Onun etibar etdiyi torpağı Əkrəm satmamışdır. O, başqa adamlara məxsus torpaqları satmışdır. O, torpaq sahəsini şumlamışdır. Belə ki, boş torpaq sahəsidir. Vaxtı ilə hasarları özü çəkmişdir. Xanım isə künc hissədə 2 metr əl damı qurmuşdur. O da onu uçurtmuşdur. Həmin vurulan ziyanı da ödəməyə hər zaman hazır olmuşdur. İddiaçıya dəymiş usta pulu, qum və sement pulu, hamısını ödəməyə hazırdır. Lakin iddiaçı düzgün yerdə tikməmişdir. Həmin 14 sot torpaq sahəsinin koordinatları tamam başqa ərazidir. Lakin onlar Ələkbərov Ramilə məxsus olan sahəni zəbt etmişlər. Onun Əkrəmə verdiyi etibarnamə xitam göstərilir. Mahirə xanım məhkəmə iclasında olan oğlana və bacısına onun verdiyi etibarnamə əsasında etibarnamə vermişdir. 2021-ci il tarixdə isə mümkün deyildir ki, yenidən etibarnmə verilsin. Mahirə xanıma verilən torpağın tarixini bilmir. Əkrəm oranı özü vermişdir. Əkrəm ilə aralarında torpaq sahəsini satmaq barədə söhbətlər olmamışdır. Heç oranı özünün də satmağa hüququ yoxdur. Belə ki, həmin sahə Ələkbərov Ramilin torpaq sahəsidir. Hal-hazırda onun Əkrəmə borcu yoxdur. Moskva şəhərinə gedərkən Əkrəmdən 4800 manat pul borc almışdır. Moskva şəhərində aldanıldığı üçün geri qayıtmışdır. Həmin hadisələrdən sonra torpaq sahəsinə dair etibarnaməni vermişdir. xx.xx.2018-ci il tarixdə Əkrəmə etibarnamə vermişdir. xx.xx.2020-ci il tarixdə isə xitam verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə Siyavuşa etibarnamə vermişdir. Digər Cavabdeh2 məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, İddiaçı və Cavabdeh1 izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan:
1. - xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Xəzər RPİ-nin müstəntiqi, polis mayoru X4 qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən material üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. - Həmin qərardan görünür ki, material üzrə izahatı alınmış Cavabdeh1 bildirmişdir ki, 2013-cü ildən Cavabdeh2 özünə məxsus 20 ha torpaq sahəsini satan vaxtdan tanımış, daha sonra aralarında dostluq münasibəti yaranmışdır. Bildirmişdir ki, Əkrəmlə 2017-ci ildə Əkrəmlə aralarında pul məsələsi olmuş, onun Əkrəmə 4800 manat borcu olmuşdur. 2018ci ildə borcu qaytarmaq məqsədi ilə adında olan 0,14 ha torpaq sahəsinin sənədlərini etibarnamə ilə Əkrəmə vermişdir ki, həmin torpaq sahəsinin bir hissəsini satıb 4800 manat borcunu götürsün. Lakin həmin torpaq sahəsinin yerini ona göstərməmişdir. 2019-cu ildə həmin torpaq sahəsinə gedən zaman ona məlum olmuşdur ki, həmin sənədə aid olmayan yerlər Nizam adlı makler tərəfindən digər şəxslərə satılmışdır. O torpaq sahəsini alan şəxsləri qovan zaman ona məlum olmuşdur ki, həmin torpaq sahələri onun Əkrəmə verdiyi etibarnamə əsasında ayrı-ayrı şəxslərə satılmışdır. Həmin gün o, Əkrəmə zəng edib etibarnaməni ləğv edəcəyini bildirmiş və ləğv etmişdir. Bundan sonra Əkrəmlə telefonla danışdığı zaman məlum olmuşdur ki, Əkrəm ona məxsus olmayan torpaq sahəsini Mahirə adlı qadına satmış və 4200 manat pul almışdır. Həmin torpaq sahəsini onun ləğv etdiyi etibarnamə əsasında satmışdır. Bildirmişdir ki, İddiaçı şikayət ərizəsi ilə bağlı onun heç bir təqsiri yoxdur. Həmin şəxsi tanımır və onun Əkrəmlə birgə apardıqları alqı-satqıda iştirakları olmamışdır. Araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş və sözügedən torpaq sahəsinin foto şəkilləri çəkilərək materiala əlavə edilmişdir. Materiala əlavə edilmiş Abşeron rayon Hövsan südçülük sovxozu üzrə, xx.xx.2000-ci il tarixli 01 saylı əmrin çıxarışdan görünür ki, sovxozda fəhlə işləyən, özünə məxsus evi və torpaq sahəsi olmayan, mənzil sahəsinə ciddi ehtiyacı olan, qəsəbə daxilində evlərarası boş və kənd təsərrüfatına yararsız olan yerlərdən ev tikmək üçün ərizə ilə müraciət edən X2 0,09 ha torpaq sahəsi ayrılmışdır. - Cavabdeh2 məhkəməyə məlumat ilə müraciət edərək göstərmişdir ki, o, 2017-ci ildə Cavabdeh1 ona tikinti sərəncamı almaq adı ilə dələduzluq edərək ondan pul almış və qarşılığında saxta sənəd vermişdir. Bunun nəticəsində ona qarşı cinayət işi açılmış və o, həbs olunmuşdur. Cavabdeh1 özü və yaxın qohumlarının xahişi ilə Abşeron Rayon Məhkəməsində keçirilən iclaslarda Şahbazın ona vurduğu ziyanı ödədiyini bildirmiş və o, onun azad olunmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh1 həbsdən azad olunduqdan sonra ona vurulan ziyanın ödənilməsi məqsədi ilə mülkiyyətində olan 0.1450 hektar torpaq sahəsini ona etibarnamə ilə vermişdir. Onlar razılaşmışdırlar ki, alqı-satqı İcra Hakimiyyətindən razılıq məktubu aldıqdan sonra həyata keçirilsin. 2019-cu ildə bu torpaq sahəsinin 0.06 ha hektar hissəsini İddiaçı eyni qaydada satmışdır. Daha sonrakı dövrdə ona məlum olmuşdur ki, Cavabdeh1 ona verilmiş etibarnaməni ləğv edərək torpağı başqa bir adama satmışdır. X7 xanımla görüşərək ondan birlikdə polisə şikayət etməyi və onu həbs etdirməyi təklif etmişdir. Bu hallar nəzərə alınaraq, onun tərəfindən Xəzər Rayon Polis İdarəsinə və Prokurorluğa müxtəlif vaxtlarda müraciətlər edilmişdir. Daha sonradan Mahirə xanımın şikayətinə uyğun olaraq, Xəzər rayonunun 3-cü bölməsinə dəvət olunmuşlar. Cavabdeh1 bu görüşdə ona borcu olduğunu və İddiaçı torpaq sahəsini verəcəyini bildirmişdir. Bundan sonra, 4.5 sot torpaq sahəsi Cavabdeh1 tərəfindən İddiaçı sonradan torpağı satdığı adama verilmiş və o, bu mübahisənin tərəfi olmamışdır. Yuxarıda qeyd edilənlərin nəzərə alınaraq, o, bu mübahisənin həqiqi tərəfi olmadığını bildirmişdir. Ondan asılı olmayan səbəblərə görə onun adı hallandırılmış və cavabdeh şəxs qismində iştirak etməyi tələb olunmuşdur. Hər hansı bir ziyan vurulması və ya qanunsuz hərəkətlərin icra olunmasında onun birbaşa əlaqəsi yoxdur. Buna görə də, bu işdə onun cavabdeh deyil, maraqlı şəxs kimi tanınmağının daha ədalətli və qanuni olduğunu əsaslandırmışdır. Ona görə də qeyd edilənlərin nəzərə alınaraq, onun bu işdə cavabdeh deyil, maraqlı şəxs kimi tanınmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. - “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə Cavabdeh2 torpaq sahəsi ilə bağlı səlahiyyətlərin digər şəxsə verilə bilməsi nəzərdə tutulmaqla etibar etmiş və həmin etibarnaməyə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatları, İddiaçı cinayət işinin başlanmasının rədd edilməsi barədə materiala əsasən müəyyən edilir ki, iddiaçı 10 sot torpaq sahəsini sotu 500 manat olmaqla 5000 manata Cavabdeh1 tərəfindən Cavabdeh2 torpaq sahəsi ilə bağlı səlahiyyətlərin digər şəxsə veriləməsinə dair etibarnaməyə əsasən almış, torpağın dəyəri ilə bağlı Cavabdeh2 5000 manat ödəniş etmişdir. Qeyd olunanlar tərəflərin izahatlarına əsasən cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərara əsasən mübahisə edilmir. Müəyyən edilir ki, torpaqla bağlı etibarnaməni Cavabdeh1 Cavabdeh2 məhkəmə iclasında verdiyi izahata əsasən 4800 manat borclu olduğu üçün vermiş (Polis İdarəsində məbləğlə bağlı fərqli izahat vermiş), aralarında olan münasibətlər pozulduqdan sonra iddiaçını torpaq sahəsindən çıxardaraq başqa torpaq sahəsi vermiş (6 sot), Cavabdeh1 iddiaçını ona ayrılmış torpaq sahəsindən çıxardaraq, torpaq sahəsində inşa edilmiş tikilini dağıtmış, məhkəmə iclasında Cavabdeh1 həmin halı inkar etməyərək bu halı etiraf edərək vurulmuş zərəri ödəməyə razı olduğunu bildirmiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə materiala əsasən vurulmuş zərərin məbləğinin 1500 manat olduğunu cavabdeh etiraf etmişdir. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi qismən əsaslıdır. Torpaq sahəsinin dəyəri ilə bağlı cavabdehlərə 5000 manat ödənilməsi işin mübahisə edilməyən halıdır. Ona görə də cavabdehlərdən müştərək qaydada 5000 manat pul alınaraq iddiaçıya ödənilməli, iddiaçının tikdiyi hasarın və digər söküntü işlərinin qanunsuz yerə apardığı üçün Cavabdeh1 vurulmuş ziyanla bağlı 1500 manat pul tutulmalıdır. Məhkəmə iddia tələbinin 7000 manat əldən çıxmış fayda hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən bunu sübut edən zəruri sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X8 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Qeyd edilməlidir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 17 sentyabr 2021-ci il qərarında qeyd edir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehlər hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişlər. Cavabdehlərin varlanmasına, yəni iddiaçıya satılmış torpaq sahəsinin, sonradan torpaq sahəsinin ondan geri alınaraq əldə etdikləri 5000 manat pulunu əldə etməsinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Bundan əlavə Cavabdeh1 da məhkəmə iclasında iddiaçıya vurulmuş zərərin ödənilməsinə razı olduğunu bildirmişdir. Odur ki, məhkəmə iddianı bu hissədə əsaslı sayır və belə qənaətə gəlir ki, əsassız varlanmış şəxs-cavabdehlər əldə etdiklərini məhrum olana-iddiaçıya geri qaytarmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində təmin edilə bilməz. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkətlər və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Lakin bu hallar hansısa mötəbər sübutlarla təsdiq edilmir. Buna görə də iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi də inandırıcı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehlərdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 153 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan, yəni müştərək qaydada tutulmuş 5000 manat iddia tələbinin qiymətinə uğun dövlət rüsumu, yəni 70 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, Cavabdeh1 dəymiş zərər görə ödənilməli olan 1500 manata uyğun 35 manat dövlət rüsumu ondan tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 manat pul və Cavabdeh1 1500 manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 70 manat dövlət rüsumu, Cavabdeh1 35 manat dövlət rüsumu məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova